AXTAR

Dünyanın ikili terrorizm siyasəti

elmar memmedyarov

 

Bu yanaşma Qarabağ münaqişəsinin həllini əngəlləyən əsas faktorlar sırasındadır

Bu günlərdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransanın “La lettre Diplomatique” jurnalına müsahibə verib. Jurnalistin müvafiq sualına cavabda o, bir daha bildirib ki, Azərbaycan etnik separatizmdən, terrorizmdən əziyyət çəkir. Təbii ki, buraya dünyanın müxtəlif bölgələrində baş verən qanlı toqquşmalar, müharibələr nəticəsində yüz minlərlə insanın həlak olması, milyonlarla qaçqının və məcburi köçkünün acı taleyi də aiddir. Humanitar böhranlar, iqtisadi tənəzzül, radikalizmin güclənməsi, Avropanın miqrant və antimiqrany problemi və sairə problemlər qarşısında bütün dünya sanki aciz qalıb. Lakin bundan da təhlükəli olan dünya üçün böyük təhdidə çevrilmiş problemlərin aradan qalxmasında beynəlxalq birliyin hələ də lazımi addımların atmamasıdır. Niyə? İndi bəlkə də bəşər cəmiyyətini həyəcanlandıran sual elə budur.
Problem bəşər cəmiyyəti üçün təhlükəlidir, bu həqiqətdir. Ancaq başqa bir danılmaz həqiqət də problemin elə insanlar tərəfindən yaradılması və törədilməsidir. Yaxın Şərqdə “İraq Şam İslam Dövləti” adlandırılan terrorçu qrupu kimlər və hansı məqsədlə təşkil edib. Tarixi təcrübədən bilirik ki, dövlət adətən kompakt yaşayan bir xalqın təşəkkül tapdığı ərazidə həmin xalqın adı ilə yaradılır. Bu proses beş-üç ilin yox, bir neçə yüz ilin söhbətidir və prosesin özü sınaqlardan keçməlidir ki, dövlətin yaranmasında tarixilik bilinsin. Lakin indi iqtisadi gücü və siyasi təcrübəsi olan bəzi dövlətlər malik olduqları imkanlardan istifadə edərək daha çox qazanmaq üçün ayrı-ayrı regionlarda sabitliyi pozmaqla öz istəklərinə çatmağa çalışırlar. İŞİD təşkilatı da belə bir məqsədə xidmət edən terror qrupudur. Çox güman, Qərbin dəstəyi ilə meydana atılmış və təcrübə toplamış İŞİD sonradan nəzarətdən çıxıb və bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib. İndi Yaxın Şərq regionu ilə yanaşı, əksər bölgələrdə bu qruplaşmanın “filialları” əhaliyə qan uddurur. Bir çox dövlətlərsə siyasi üstünlüyü ələ almaq və nəzarət olunmayan neftlə zəngin bölgələrdə İŞİD adında yaratdığı quldur dəstələrinin fəaliyyətilə məqsədlərinə çatmağa çalışırlar. Ancaq üzdə hamı bu terror qrupunun guya məhvinə çalışmasından bəhs edir. Əlaltdan isə ona hərtərəfli yardım göstərir. Arada qırılan isə sadə və avam insanlardır.
Eynilə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bölgəsində də təsvir etdiyimiz ssenari üzrə qondarma dövlət yaradılıb və fəaliyyət göstərir. Burada da terrorçular milliyyətcə ermənilər olsa da onların arxasında böyük dövlətlər və transkontinental cinayətkar qruplar durur. Məqsəd zəngin təbii resurslara və Qərblə Şərqin birləşdiyi mühüm strateji əraziyə nəzarəti əldə saxlamaqdır. Qarabağın işğalda olan hissəsində qeyri-qanuni əməllər baş alıb gedir. Bir çox terrorçu qruplar üçün ehtiyat dəstələr məhz bu ərazidə təlimatlandırılır və yerli mafiozlar bundan külli-miqdarda pul əldə edirlər. Yenə də sülhdən, nizamlanmadan dəm vuran xarici qüvvələr haqsızlıq və ədalətsizlik yolunu tutur, işğalçının cinayətkar əməllərini unudaraq özlərinin icad etdikləri hüquq və demokratiyadan mənasız yerə danışırlar. Siyasi terminlə bu ikili standart, danışıq dilində isə ikiüzlülük adlanır. Bəla da bundadır. Fransız mətbuatında Elmar Məmmədyarovun sadaladığı siyasi, iqtisadi və mənəvi pozuntuların arxasında bütün bu ikili standartlar durur. Amma təəssüf ki, hər iki rolu eyni qüvvələr oynadığından bəlaların kökünü hələlik kəsmək mümkün olmur. Təsəlli ondadır ki, haqq üçün çalışan qüvvələr və zərərçəkən xalqlar sözün həqiqi mənasında bu bəlalara qarşı vuruşur və ədaləti bərpa etməyə çalışırlar. Ümid də ədalətin zəfər çalacağı günə olan inamdadır.

IKSmedia.az

Oxşar məqalələr