AXTAR

Sarkisyan ölkəsini kriminal metodlarla idarə edir

sarkisyan

 

Ermənistan rəhbəri və hakimiyyətinin zəngin cinayətkar keçmişi var

Ermənistanı idarə edən hazırkı klanın bu dərəcədə cinayətkar olması həmişə əsaslı suallar doğurub: Axı, prezident seçilərkən xalqa xoş vədlər verən, xoşbəxt gələcək arzulayan bir şəxs necə ola bilər ki, cinayət törətsin? Çünki, siyasi azadlıqdan, insanlar arasında haqq-ədalətdən, cəmiyyətlərin evolusion inkişafından danışa-danışa məşhurlaşan insanlar adətən humanist olur, səmimiyyətləri və yüksək mədəniyyətləri ilə seçilirlər. Amma Ermənistanda hakimiyyəti ələ keçirmiş klanın Xocalıda soyqırım törətməkləri, Qarabağın azərbaycanlı əhalisinə qarşı millətçi nifrət bəsləməkləri siyasi hakimiyyətləri ilə bir araya sığmır. Amma indi-indi məlum olur ki, bu adamların keçmişi bizim bildiyimizdən daha qaranlıq və çirkli olub. Bu günlərdə internet şəbəkəsində yayılmış video bir sıra mətləblərin üzərinə işıq salır.
Həmin videoda 1993-cü ildə bir toy şənliyindən kadrlar göstərilir. Toyda iştirak edən qonaqlar arasında keçmiş SSRİ zamanından cinayətkar aləmin tanınmış simaları görünür. Ded Xasan ayaması ilə oğrubaşı olmuş Aslan Usoyan, Çako ləqəbli Razmik Amoyan və başqalarının sırasında Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyanın da olması onun haqqında daha aydın təsəvvürlər yaranmasına kömək edir. Demək, Serj hələ gənclik illərindən kriminal aləminin əhatəsində böyüyüb, dünyagörüşü və vətənpərvərliyi oğrular mühitində formalaşıb.
Heç kimə sirr deyil ki, hələ SSRİ dönəmindən xalqlar dostluğundan dəm vurulsa da imperiya xislətindən doğan “parçala və hökm et” prinsipi tətbiq olunurdu. Dövlət Təhlükəsizliyi Komitəsinin Moskvadan aldığı tapşırıqlar və planlar yero gələndə millətlər arasında ədavəti qızışdırmaq üzərində qurulurdu. Təbii ki, belə vəziyyətlərdə kriminal aləmin metodlarından və əlaqələrindən geniş istifadə ediblər. Demək, komsomol məktəbinin yetirməsi olan Serj Sarkisyan da lap gənclik illərindən cinayətkar qrupların və DTK-nın təsiri altında olub. Millətçilik meyillərinin intişarında ondan bir agent kimi uğurla istifadə ediblər.
Sözügedən videoda Serj oğru mentalitetinə uyğun şəkildə qara eynəkdə görünür. Onun sonrakı fəaliyyətində də kriminal aləmlə sıx əlaqədə olması şübhə doğurmur və bu xüsusda elə erməni mediasında da xeyli materiala rast gəlmək mümkündür. Bu faktlar sübut edir ki, Sarkisyan ölkəni kriminal qaydalarla idarə edir, ona qarşı çıxanları cinayət aləminin qanunlarına əsasən cəzalandırmaqdan həzz alır. Belə bir şəxsin ölkəsinə uğur gətirməsi hüç cür mümkün görünmür. Bu mənada Ermənistanın getdikcə daha rəzil duruma düşməsində Sarkisyanın kriminal idarəçiliyinin də rol oynaması danılmazdır.

İKSmedia.az

Oxşar məqalələr