Əksinqilabın yeni inqilab planı

ermenistan

Daşnaklar Ermənistanda hakimiyyəti ələ almaq fikrinə düşüblər

Ötənilki erməni inqilabının bəhrəsi olmamış süqutu başlayır. Bu ölkə əhalisinin bədbəxtliyi ondadır ki, minlərlə insanın mitinqləri, hakimiyyətə qarşı yönəlmiş çağırışları hesabına hakimiyyəti ələ keçirənlər bir il ərzində prinsipcə heç nəyə nail olmayıblar. Ölkənin iqtisadi vəziyyəti ağır olaraq qalır və perspektivdə heç nə görünmür. Siyasi situasiya da xoşagələn deyil və yaxşılığa doğru ortada vəd-filan yoxdur.
Qarabağ münaqişəsinin həlli istiqamətində ortada söz olsa da, konkret fəaliyyət planı yoxdur. Halbuki, Ermənistanın taleyi, demək olar ki, bu münaqişənin necə həll olunmasından asılıdır. Yəni, əvvələn, yerli şəraitə və tarixi mənbələrə əsaslanaraq ədalətli mövqe nümayiş etdirib, həmçinin beynəlxalq hüquq və normalar daxilində qəbul edilmiş qərar və qətnamələri yerinə yetirməklə haqqı bərpa etmək olar və sülh yaranar. Ancaq Paşinyan hökumətinin bu istiqamətdə nə təklifi, nə də fəaliyyəti görünmür. Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında hansısa görüşlərin keçirilməsi isə məsələnin həllinə yox, uzadılmasına yönəlib. Bunu indi sadədən aliyə doğru hamı anlayır.
Daxili siyasətdə korrupsiyaya qarşı mübarizə və dövlət qulluqçuları sferasının optimallaşdırılmış heyətinin formalaşdırılması üçün ixtisarların aparılması da erməni cəmiyyətinin indiki halına uyğun gəlmir. Çünki, vəziyyəti onsuz da çətin olan əhalinin müəyyən hissəsi və onların himayəsində olanların dolanışıqları çətinləşir. İş olmayan bir ölkədə ixtisara düşən işçi nə etməlidir? Bu konteksdə mənəvi-psixoloji vəziyyətin gərginləşməsi insanları ümidsizliyə yönəldir və son nəticədə intihara aparır.
Vəziyyətin belə böhranlı həddə çatması digər siyasi və terrorçu qüvvələri Paşinyanı devirmək fikri ilə hərəkətə gətirib. İlk olaraq qatı millətçi və adı terrorla bağlı olan Daşnaksütyun Partiyası Ermənistan hökumətinə qarşı etimadsızlıq elan edilməsi prosesini başlatmaq niyyətindədir. Bu haqda məlumatı “Qraparak” qəzeti yayıb.
“Partiya cari ilin may-iyun aylarında hökumətdən ictimai narazılığın pik həddə çatacağını güman edir. Buna əsas səbəb isə dövlət aparatının optimallaşdırılması siyasəti, “Qazprom Ermənistan”, “Ermənistan Elektrik Şəbəkələri” və “Araratsement”də başlayacaq ixtisarları görürlər. Qəzetin yazdığına görə, Daşnaksütyun həmçinin İşıqlı Ermənistan və Çiçəklənən Ermənistan partiyaları ilə eyni anda deputat mandatlarından imtina vasitəsilə böhranın yaradılması variantlarını da müzakirə edir.
Ümumiyyətlə, indi Paşinyanın tənqidi cəmiyyətdə adi hala çevrilib. Çünki, həqiqətən ondan gözlənilən ümidlərin heç biri doğrulmayıb. Tevos Arşakyan adlı müəllif yazır ki, biz tez-tez deyirik ki, Ermənistanın iqtisadi, nəqliyyat və energetik blokadada olması bizim qarşılaşdığımız bədbəxtliklərin əsas səbəbidir. O, bir il əvvələ işarə ilə bildirir ki, o vaxt Paşinyan söz vermişdi ki, blokadaya qarşı mübarizə aparacaq.
Bu fikirlər həqiqəti əks etdirir. Lakin ermənilər etiraf edə bilmirlər ki, bütün bunların əsl səbəbi onların işğalçılıq siyasətindədir. Blokada da bu siyasətin nəticəsidir. İndi Paşinyanı tənqid etməklə heç nə dəyişmir, blokadanı aradan götürmək mümkün deyil. Çünki, bu blokadanı torpaqları işğal altında olan Azərbaycan yaradıb və o da aradan qaldıra bilər. Üstəlik, Azərbaycan regionun lider dövlətidir və bu yerlərin taleyi Rusiya, ABŞ və ya erməni lobbisinin güclü oloduğu Avropanın yox, Azərbaycanın əlindədir. Baş naziri tənqid etmək və ya onu devirməkdənsə, hakimiyyəti işğalçılıq siyasətindən əl çəkməyə çağırmaq gərəkdir. Əgər Qarabağ münaqişəsi ədalətli həllini tapsa, yenə də Azərbaycan Ermənistanın əlindən tutub ayağa qaldırar, bir qonşu kimi ona nəfəs verər. Təbii ki, erməmnilərin bu həqiqəti dərk edib əməli fəaliyyət göstərə bilsələr.
N.NOVRUZ

43 -dən səhifə 135

Oxşar məqalələr