AXTAR

“Duzlu göl”də duzsuz ab-hava

D5


Xəzərin qulağının dibində, Bakının Zığ qəsəbəsində mənən gözəl, felən qəlbi ağrıdan bir göl var. Adına “Düzlu göl” deyirlər. Sahəsi təqribən 12-13 min kvadrat metr olar. Sahilə yaxın ərazilər dayazdır, yalnız gölün orta hissəsinin dərinliyi 2-3 metrə çatır. Suyu həddən ziyadə duzludur. İsti aylarda burada qələbəlik olur. Daha çox yaşlı adamlar, bədənində duz yığınları olanlar, beli-buxunu ağrıyanlar gəlir. Gələnlərin əksəriyyəti müalicə almaq ümidilə bura üz tutur. Bu səbəbdən gələnlər əsasən yaşlılardır. Yaxud arvadlar yığışıpb, nəvələrini də götürüb gəlirlər gölə. Amma gölün suyunun konkret hansı xəstəliyə əlac olduğu barədə kimsədə səhih məlumat yoxdur. Burada tanış olanların bir-birlərinə ilk sualı isə bu olur: “Bu suyun müalicə əhəmiyyəti var?” Ənənəvi cavab “bilmirəm”dir.
Həqiqətən gölə gələnlər çoxdur və bir balaca sorğu-sual edəndə məlum olur ki, istirahətə gələnlər də çoxdur. Şəhərə yaxın, suyun hərarəti yüksək, duzluluğu qatı olduğundan batmaq təhlükəsi demək olar ki, yoxdur. Ucuz və əlverişli. Bu göl haqda mətbuatda dəfələrlə yazılıb, gah tənqid edilib, gah sadəcə informasiya verilib, gah da xəstəlik mənbəyi olması ilə bağlı “SOS” qaldırılıb. Lakin bu yazıların göldəki vəziyyətə heç bir təsiri olmayıb...
Yəni, gölə baxan yoxdur. Sahil sellofan torbalar və plastik su butulkaları, yemiş-qarpız qabıqları, qarğıdalı cecəyi, kağız-kuğuz ilə doludur. Sahil boyu şüşə qırıntılarından ayaq basmağa yer tapılmır. Nə kiminsə qamışdan quraşdırıb dincələnlərə icarəyə verdiyi 3-4 dənə söhbətgah, nə “çirkindən cin hürkən” kafe-daxmalar könül oxşayır, nə də... Ümumi panoram yalnız zövqü korlamağa nail olur. Düzdür, camaat həmin kafelərdə yemək yeyir, pivə içir, söhbətgahlardan istifadə edir. Təbii ki, bundan ötrü pul ödəyir.

 

D11


Göldən çıxarılan iki cür palçığa da camaatın meyli yüksəkdir. Adambaşına 50 qəpik ödəməklə bütün bədənini qapqara və ya yod rəngli palçığa bürümək olar. Belə kütləvi həvəs palçıqların müalicəvi əhəmiyyətli olmasına inamdan irəli gəlir. Kafelərdə xərclənən, kiminsə bişirib satdığı qarğıdalıya yaxud dondurmaya verilən pullara görə dincələnlərin heç biri narazılıq etmir. Çünki, insafən, qiymətlər baha deyil. Amma gölün sahilinə maşınlarırın bir manat müqabilində buraxılması çox tez-tez ciddi narazılıq yaradır. Bu da bir neçə “quldur” qiyafəli şəxsin bir “fistirinqa” darvaza düzəldib ağzını kəsdirərək manatları qamarlamasına görədir. Gün ərzində əraziyə azı 2000-2500 avtomobil daxil olur. Bu, heç bir əziyyət çəkmədən, xidmət göstərmədən 2500 manat gündəlik gəlir deməkdir. Vaxtilə buna quldurluq deyərdilər, indi reketçilik deyirlər. Manatı ödəməyənlərlə quldurlar az qala əlbəyaxa davaya çıxırlar. Hətta bəzi vətəndaşlar halallıq olsun deyə onlardan çek tələb edir və təbii ki, ala bilmirlər. Yığılan bu qədər pulun müqabilində isə Hövsana gedən rahat yoldan gölə qədər olan 5-6 yüz metrlik yola “əl gəzdirmək” belə yada düşmür. Çünki, gölun başı üzərində özbaşınalıqdır.
“Duzlu göl” köhnə neft quyusunun yerində yaranıb. Ətrafda neft hasilatının bitməsinə görə ağzı betonlanmış onlarla buruq yerləri durur. Onlardan kükürdlü su sızır. Birindən isə əməlli-başlı kükürdlü su çıxır və ətrafda gölməçə yaradır. İnanan insanlar dərinliyi yarım metr, sahəsi təxminən 20-25 kvadrat metr olan bu gölməçədə, bilmirəm necə ifadə edim, kənd-kəsəkdə adətən ... bu cür gölməçələrə girirlər, saatlarla uzanıb, guya müalicə alırlar. Olsun! Kasıb-kusubun halına uyğundur, çünki pulsuzdur. Amma, başqa cür də ola bilərdi və olmalıdır.

 

D14


Camaatın dediyinə görə bu yeri iki nəfər vaxtilə şərikli alıb və hasarlayıb. İndi o hasarların bir tərəfi dursa da, digər tərəfləri uçub dağılıb. Bildirildiyinə görə, şərik-sahibkarlar rəhmətə gedib və göl qalıb taleyin ümidinə. Nəticədə reketçilər meydana daxil olublar. Dərindən diqqət edəndə aydın görünür ki, bu göl gözəl turizm mərkəzinə çevrilmək üçün “alışıb-yanır”. Dövlət, ola bilsin hansısa həmkarlar təşkilatı yaxud fantaziyası və qabiliyyəti olan adi bir sahibkar burada innovasiyalı biznes layihəsi həyata keçirsə, paytaxtımızda yeni bir müalicəvi istirahət mərkəzi yaranar. İnkişaf etmiş ölkələrdə bu cür termal sular üzərində rahat istirahət və müalicə mərkəzləri yaradılıb. Elə bizim ölkədə də, məsələn, Siyəzəndə, Masallıda və digər yerlərdə belə mərkəzlər var. Təki, istək, yaxud göstəriş olsun. Hətta bu təşəbbüs Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İDEA ictimai birliyi üçün əla İDEYADIR!
Yeri gəlmişkən, gölə gələnlər arasında tutulan barmaqlarının açıldığı, bədəninə çıxan artıq ətin (ziyilin) yox olduğu insanlar var. Hətta Rusiyadan da gələnlər çoxdur. Bakılı rus “babuşkaları” isə gölün daimi sakinləridir. Bir sözlə, “Duzlu göl”ün ab-havasına duz qatıb ləzzətli eləmək turizmin inkişafına yeni bir töhfə verər.
N.QAYA
İksmedia.az

Oxşar məqalələr