Daha bir təhsil ili arxada qaldı. Azərbaycanın gənc nəsli bir boy da yüksəldi. Müəllimli-şagirdli öyrənmək qədər şərəfli bir vəzifənin növbətiu ilinə hazırlaşmaq üçün təhsil kollektivləri istirahətə yollandı. Bakıdakı Atatürk liseyinin Türkiyədən gəlmiş ibtidai sinif müəllimi Süleyman Altun öz işinə məhəbbəti və şagirdlərinə qayğısı, öyrətmək həvəsi ilə onu tanıyanların rəğbətini qazanıb. Gənc öyrətmən daim yaradıcı fəaliyyəti ilə seçilir. Bu il Süleyman bəy ikinci sinfi bitirən şagirdlərinin ilboyu fəaliyyətini, arzu və istəklərini, habelə bacarıqlarını əks etdirən "Öykü denizi" adlı kitab nəşr etdirib. Kitabın xərcini də özü çəkib. Şagirdlərin və valideynlərin, habelə məktəb ictimaiyyətinin həyacanla gözlədiyi kitabın təqdimatı dərs ilinin sonuncu günündə baş tutub. Kitabda iki ilin nəticələri, şagirdlərin məktəb həyatı ilə bağlı düşüncələıri öz dilləri ilə əks olunub.
Öz işi barədə saytımıza danışan S.Altun bildirdi ki, Türk liseyində azərbaycanlı balaların mükəmməl bilik almasını həm müəllimlik, həm də qardaşlıq borcu sanır: “Məqsədimiz Azərbaycan daxil bütün Türk dünyasının gələcəyini quran savadlı kadrları yetişdirməkdir. Şagirdlərimiz arasında istedadlı və bacarıqlı, eyni zamanda məsuliyyətli olanlar çoxdur. Mən də onların özlərini yaxşı cəhətdən göstərmələri üçün əlimdən gələni edirəm”.