Bu pomidor konservinin və qiymət qəbzinin şəkilləri fevralın 12-də “Bazarstor” supermarketlər şəbəkəsinin Nəsimi rayonundakı M.Mirqasımov küçəsində yerləşən filialında çəkilib. Rəfdəki malın qiyməti 1,64 azn göstərilib. 1-2 il əvvələ qədər bu məhsul 1,28 azn-ə satılırdı. İndi bahalaşıb. Malı alıb, kassada pulunu ödəyəndə qiymət çönüb olur 1,88 azn.
Bu supermarketlər (ümumiyyətlə, bütün mağazalarda) şəbəkəsində bu cür halla birinci dəfə deyil ki, rastlaşıram. Bir neçə dəfə şifahi olaraq ya narazılığımı bildirmişəm, ya da irad tutmuşam ki, bəsdirin, camaatın başını aldatdınız. Kimə deyirsən? Bu qulaqlarından alıb o birindən verirlər yelə. Amma, bir məsələ də var ki, satıcılara deyilən sözlərin əhəmiyyəti olmur, çünki, çətin ki, “sahibkar-bosslar” adi işçilərin sözlərini və ya müştərilərin iradlarını eyinlərinə alalar. Bu da aksiomadır ki, sahibkarı (xozeyni) tapıb sözünü demək də mümkün olan məsələ deyil.
Kassada bunu belə izah etdilər ki, guya kimdə kart varsa, bu məhsul ona 1,64 azn-ə satılır, kartı olmayanlara 1,88 azn-ə. Bəs, demə, bunların alver strategiyası belədir. Strategiya.., haa.., işə bax! Kart özü də kələkbazlığa xidmət edir: gərək bazarlığını yaknız bu mağazada edəsən ki, kartda bonus yığıla, məsələn, il ərzində bazarlığın səviyyəsindən asılı olaraq 5-10 manat “irəli” düşə bilərsən. “İrəli” dedim Leninin “bir addım irəli, iki addım geri” kəlamı yadıma düşdü. Bunların bonusun qazanmaq o deməkdir ki, aldanıb od qiymətinə çoxlu mal almaqla guya bonus qazanırsan, amma hesaba vuranda görürsən ki, bonus adı ilə sənin cibini boşaldıb əvəzində qəpik-quruş qaytarırlar.
Xülasə, deməklə qurtaran deyil, amma hər halda camaatın diqqətinə ərz elədim ki, çalışsınlar aldanmasınlar. Təbii ki, əgər, bacarsalar...
Alıcı
İKSmedia.az