AXTAR

“Keşikçidağ” ətrafında suyu bulandıranlar

Bu abidə azərbaycanlıların tarixinin canlı şahididir

 

keçikçidag

 

Son günlər Azərbaycanın Gürcüstanla sərhədində, məsələni dəqiqləşdirsək, sərhəd üzərində yerləşmiş “Keşikçidağ” (“David Qareci”-gürcülər monastırı belə adlandırır) monastır kompleksində baş verənlər sağlam düşüncəli insanların təəccübünə səbəb olub. Təəccüblənənlər əsasən azərbaycanlılardır. Çünki, məlum bir həqiqətin üstündən xətt çıəkilərək tamamilə başqa tərəfə yönləndirilməsi hazırda möhkəm yerli və beynəlxalq iqtisadi və siyasi tellərlə bir-birinə bağlı ölkələrdə yersiz ajiotaj yaradır.
Müstəqillik qazandıqdan sonra uzun illər ərzində bu iki ölkə hökumətlərarası komissiya yaradaraq dəfələrlə saxtalaşdırılmış sərhəd xəttinin müəyyən ediblər. Sadəcə, adıçəkilən monastır əslində azərbaycanlıların qədim xristian əcdadlarına mənsub olduğundan, amma sonradan azərbaycanlılar İslamı qəbul etdikdən sonra monastıra xristian gürcülərin marağının güclənməsi fonunda saxtakarlıq baş verib. Yəni, gürcülər məbədi özlərinin ibadət yeri sayıblar. Məsələ burasındadır ki, söhbət tək monastırdan getmir. İş burasındadır ki, əvvələn tikilinin yerləşdiyi ərazi var, ikincisi, bu tarixi abidə azərbaycanlıların tarixinin canlı şahididir. Tarixi-mənəvi irsi başqasına vermək işğal faktı qədər alçaldıcıdır.
Çar Rusiyasının, sonralar isə sovetlər imperiyasının hakimiyyətləri dövründə bu məsələ problem doğurmaması üçün çox da qabardılmayıb. Ancaq indi müstəqillik dövrüdür, Azərbaycan tarixən məruz qaldığı soyqırım və işğal faktları hesabına ərazilərinin xeyli hissəsini itirib. Üstəlik, regionda gözü olan dağıdıcı qüvvələr buralarda ağalıqlarını bərpa etmək üçün hər xırda insidentdən istifadə edərək suyu bulandırmağa çalışırlar. Belə bir məqamda gürcü tərəfinin monastıra iddialarını gücləndirməsi anlaşılan deyil. Hesabla Gürcüstan hakimiyyəti də bu işdə maraqlı olmamalıdır. Ən azından bu ölkənin ən çətin günlərində Azərbaycanın ona yardım əlini uzatması, Azərbaycanın təbii sərvətləri hesabına Tiflisin xəzinəsinə milyardlar daxil olması görünməmiş xeyirxahlıqdır və yalnız nankorlar bunu unutmağı bacararlar.
Qarşı tərəfin fəallığı ilə iş getdikcə böyüyür. Azərbaycan öz sanbalına, abidənin ona məxsus olması faktlarına əsaslanaraq təmkinli davranır və gürcü ictimai fəalların canlı sipərdən zəncir çəkmək və digər gülünc hoqqalarına tamaşaçı qalırlar. Azərbaycanlı sərhədçilər monastıra gələn və aksiya keçirən gürcülərin işinə qarışmayaraq asayişi qoruyurlar. Təbii ki, onların davranışı ali hakimiyyətdən verilən göstərişlərə əsaslanır. Əks halda kimliyindən asılı olmayaraq, sərhəd qanunlarını pozmağa heç kimin ixtiyarı yoxdur və sərhədçilərimiz də buna imkan verməzlər.
Belə bir hal nədən qaynaqlana bilər? Bütün hallarda iki versiya daha inandırıcı görünür. Birincisi, ABŞ-ın son vaxtlar regionda fəallığını artırmaq istəyinə bağlı ola bilər. Gürcüstan onun sözü ilə oturub-durur, Ermənistanda məхməri inqilabı həyata keçirib Soros uşaqlarını hakimiyyətə gətirib, Azərbaycanda isə... amerikalıların “şəltəsi” işləmir. Azərbaycanın iqtisadi gücü və balanslı beynəlxalq siyasəti onun müstəqilliyinin zəmanətidir. Lakin bu, siyasi nöqteyi-nəzərdən heç də supergüclərin marağında deyil. Regionda fəallığı artırmaq üçün nifaq ocaqları gərginləşməlidir. Bu, siyasətin qaydasıdır.
İkinci versiya, Fransadakı erməni lobbisinin fikri Qarabağ münaqişəsinin həllindən yayındırmaq üçün Azərbaycanın başını “qatmaq” oyunudur. İndi pul hər şeyi həll edir. Bir az “maya” buraxanda çətinliklə yaşayan kütləni fəallaşdırmaqla siyasi alətə çevirmək asandır. Çox ola bilsin ki, indiki Gürcüstanın rəhbərliyinin Fransa ilə sıx əlaqələrə malik olması da bu işdə müəyyən rol oynayır.
Məsələnin pis tərəfi odur ki, Gürcüstandakı bəzi təşkilatlar, partiyalar, qüvvələr və birliklər münaqişə zəmini yaratmaqda təşəbbüskarlıq edir, kütləni ayağa qaldırmağa çalışırlar. Halbuki, bir neçə ildir “Keşikçidağ” məbədi Azərbaycan üçün qədim alban məbədi, Gürcüstan üçün isə xristian monastırı kimi ziyarətçiləri qəbul edir. Əslində sivil dünyaya inteqrasiya yolunu tutmuş bu ölkələr üçün bu birləşdirici amil nadir dinc yanaşı yaşamaq nümunəsidir. Baxmayaraq ki, tarixi sənədlər tikilinin alban kilsəsi olduğunu təsdiqləyir və sübut edir, Azərbaycan abidənin şəriklilik statusuna razılıq verib. Bəs, əgər buna razılıq verilməsəydi qarşı tərəf nə edəcəkdi?! Uzaqbaşı Azərbaycan qazından imtina edə bilərdi ki, bu da onlara yox, bizə sərfəlidir. Çünki, qonşularımızın iqtisadi vəziyyətinə görə onları qazı bazar qiymətindən ucuz satırıq. Digər aspektlərdə də eyni vəziyyət hökm sürür. Buna görə də düşünürük ki, Gürcüstan hakimiyyəti ambisiyaların girovuna düşməyərək sağlam təfəkkür əsasında bu problemin aradan qalxmasına yardımçı olacaq.
Xatırladaq ki, Azərbaycanın daş yaddaşı hesab edilən "Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, Gürcüstanla sərhəd zolağı boyunca ucalan Qatardağ silsiləsində yerləşir. O, dəniz səviyyəsindən 750-950 metr hündürlükdə, sıldırım qayalıqlar boyunca, üzü cənuba doğru 25 kilometrdək uzanır.Ərazidə dövrümüzədək gəlib çatan 100-ə yaxın təbii və süni mağara, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli qala və üzü cənuba baxan, bir-birindən 1500 metr aralıda yerləşən, yerli daş materiallardan inşa olunmuş iki alban məbədi mövcuddur. Buradakı təbii mağaraların yaşı 2 min il bundan əvvələ gedir.
N.NOVRUZ

Oxşar məqalələr