AXTAR

Ermənistanın təzə xarici işlər naziri hələ də köhnə yuxusundan ayılmayıb


“Münaqişə”, “öz müqəddəratını təyinetmə” kimi korroziyaya uğramış ifadələr tezliklə Ara Ayvazyanın da dilini yara edəcək

ara ayvazyan və lavrov
Ermənilərin siyasi hakimiyyətinin ən böyük bəlalarından biri başlarına gələn hadisələrdən nəticə çıxara bilməmək bacarıqsızlığıdır. Bu hakimiyyət qonşularına qarşı nankorluğu ilə dünyada “məşhurlaşıb”, Azərbaycanın güclü diplomatiyası onun bütün xalqların nifrət etdiyi işğalçı simasını ifşa edib, daha sonra əməllərinə görə regionda siyasi və iqtisadi blokadaya salınıb, amma baş verənlərin real mahiyyətini və Ermənistanı hara aparacağını bu vaxtadək anlaya bilməyib. Nəhayət, Azərbaycan işğalçının törətdiyi bütün cinayətləri toplayaraq onun ağırlığından bir neçə dəfə artıq səviyyədə güclü zərbə ilə, boks idmanının lüğəti çərçivəsində desək, nokauta salıb. İndi bu ölkə özündə hünər tapıb ayağa qalxmağı bacarmır, bu bir, ikincisi isə düşdüyü vəziyyətin nəticəsini anlamır. Bu məsələ ondan aydın olur ki, Ermənistanın köhnə təxəyyüllü yeni xarici işlər naziri Ara Ayvazyan Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib ki, “Ermənistan Arsaxda xalqların öz müqəddəratını təyinetmə hüququ mövqeyindən çıxış etməkdə israrlıdır”. Onun dedikləri haqda “aysor.am” erməni saytı məlumat verib. Bu sözlərin ardınca da Ayvazyan qayıdır ki, Dağlıq Qarabağ münaqişəsinin əsasında Arsax xalqının özünütəyinetmə məsələsi durur. Hələ bunu da qeyd edir ki, Qarabağ münaqişəsinin uzunmüddətli nizamlama prosesi Minsk qrupunun himayəsi altında danışıqlar yolu ilə həll olunmalıdır.
Erməni nazirin əksinə olaraq Sergey Lavrov öz açıqlamasında real vəziyyətdən çıxış edərək bildirib: “Biz indi-indi Dağlıq Qarabağ münaqişəsinin qaynar mərhələsindən çıxırıq. Qeyd etmək lazımdır ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı və müharibəni dayandırmış 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir”.
Təbii ki, məcburiyyət sindromu A.Ayvazyana da aiddir. Lakin o, məcburən yönləndirildiyi düzgün istiqamətdə getmək istəmir. Düzdür, istisna deyil ki, erməni nazir öz ölkəsinin auditoriyası üçün bu ifadələrdən istiofadə edir. Lakin prosesə başqa bir prizmadan yanaşanda məsələnin əksini də görməmək mümkün deyil.
Ayvazyan Mockvada bəyan edir ki, Dağlıq Qarabağda situasiya sabitləşəndən sonra İrəvan və Bakı danışıqlar stolu arxasında əyləşə bilər. Onun bu sözlərindən sonra Fransanın Azərbaycandakı səfiri Zakari Qross bəyanat verərək bildirir ki, sülhə hazırlaşmağın, nifrətə son qoymağın və regionda etimadı, tərəqqini və sabitliyi möhkəmləndirməyin vaxtıdır: “2020-ci ildə Azərbaycan və Ermənistan arasında iki dəfə - iyulda və payızda hərbi qarşıdurma baş verib. Azərbaycan Dağlıq Qarabağa bitişik yeddi rayon və Şuşa şəhərini qaytarıb. Hər iki tərəfdən çox sayda insan həlak olub. Birgə yaşamanın yeni formaları tapılmalıdır. Çağırışlar və perspektivlər olacaq”. Bəyanatın ruhundan belə məntiqi nəticə çıxır ki, Azərbaycanın döyüşlə yox, hərbi-diplomatik səylərlə azad etdiyi ərazilər hələ də ermənilərə məxsusdur. Bu cür ikibaşlı yanaşmanın sayəsində Ermənistanın XİN rəhbəri köhnə xülyalar müstəvisində çıxış edir. Baxmayaraq ki, onun fəallığı “özü çalıb, özü oynayır” hökmündən o yana keçmir.
Görünür, Fransa tərəfdən eyhamlı bəyanatların verilməsi Ayvazyanı ürəkləndirir və o, Türkiyə silahlı qüvvələrinin regiondan uzaqlaşdırılmasını tələb edir. Və bildirir ki, ATƏT MQ həmsədrləri regiona səfər edəcəklər. Maraqlıdır ki, Ayvazyanın açıqlamaları fonunda Lavrov “nədənsə” bildirib ki, Fransa Minsk qrupu həmsədrliyinə öz xahişi ilə sonradan qoşulub. Əslində bu atmaca Fransanın “suyu bulandırmaq” fəaliyyətinə təpki kimi anlaşılmalıdır. Çünki, KİV-də yayılmış məlumata görə Ayvazyan Moskvadan sonra Parisə gedəcək və sözsüz ki, o, “böyük bacısı”ndan məsləhətlər alacaq. Son vaxtlar Fransa tərəfdən atılan addımlar göstərir ki, bu məsləhət heç də Cənubi Qafqazda dincliyə yönəlmiş addımlarla həmahəng olmayacaq. Nədəndir ki, öz sözü, siyasəti və yol xəritəsi olmayan Ermənistan hakimiyyətinə “can-can” deyəndə onları həyəcanlanıb yoldan çıxırlar. Ara Ayvazyanın bu cür stres içində Parisə səfər etməsi regionda gərginliyin artmasına xidmət edə bilər.
N.NOVRUZ

Oxşar məqalələr