Cəfər Cabbarlının “Firuzə” hekayəsindəki yenilikçilik meyli

firuzə

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri vardır. Cəfər Cabbarlının “Firuzə” hekayəsi qadın azadlığına, Azərbaycan qadınının cəmiyyətdəki mövqeyinə, azad söz haqqına, təhsil almaq hüququna toxunub, dəstəkləmə mövqeyi tutmaq cəhətindən müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Cəfər Cabbarlının “Firuzə” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif əsərində mühitin təsviri ilə bədii təzad yaratmışdır. Cəfər Cabbarlı mühitin təsiri ilə mövcud vəziyyət ilə əvvəlki acınacaqlı vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının “Firuzə” hekayəsi qadın hüquqlarının, haqqlarının qadınlar tərəfindən pozulmağa imkan verilməməsi və müdafiəsi baxımından olduqca qiymətlidir. Yazıçının “Firuzə” hekayəsinin qadın qəhrəmanları “Gülzar”, “Dilbər”, “Gülər” hekayələrinin qadın qəhrəmanları kimi çarəsiz, avam, kölə ruhunda deyildilər. Onlar bir azərbaycanlı qadını kimi tərəqqiyə çatmışdılar. Cəmiyyətdə söz hüququna, təhsil almaq hüququna malik idilər. Cəfər Cabbarlının “Firuzə” hekayəsi sovet hakimiyyətinin yenidənqurma siyasətinin təntənəsinə həsr olunmuşdur. Hekayədə Bakının əvvəlki vəziyyəti ilə sovet hakimiyyətinin işğalından sonrakı vəziyyəti qarşılaşdırılır. Müəllif yeni nəslin tərəqqisini, inkişafını yeniliyə məruz qalan, dəyişilən mühitdə görür. Müəllif “Firuzə” hekayəsində eyni dövrün tələblərinə cavab verən sovet Bakısına, sovet sisteminə vurğunluğunu açıq bir şəkildə göstərir. Cəfər Cabbarlı sözlə portret yaratmaqda çox mahir idi. O, Firuzənin portretini oxucunun gözləri önündə canlandıra bilir. “Firuzə gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dоdaqları vardı”.
Cəfər Cabbarlının “Firuzə” hekayəsində hadisələr dоsent-prоrektоr vəzifəsində fəaliyyət göstərən bir dоktоr tərəfindən nəql olunur. Firuzə dördüncü kursda oxuyanda öz istəyi ilə dərsdən sonra dоktоra xəstələrə baxmaqda köməklik edirdi. Əsərdəki əsas hadisələr Firuzənin həyat yoldaşının Bakıya gəldikdən sonra, öz evlərini tapa bilməyib, dоktоrdan yardım almaq üçün onun yanına gəlməsi ilə başlayır. Cəfər Cabbarlı oxucunu məhz Məmmədin sözləri ilə keçmiş Bakının hər bir küçəsi, hər bir döngəsi, hər bir dalanı ilə tanış edir. “Çоx yaxşı yadımdadır: Çənbərəkənddə, əyri-üyrü küçələr və xarabalıqlar arasında bir оtaqdan ibarət kiçik bir evimiz vardı. Evimizin damı dal tərəfdən əyri bir döngə ilə bərabərdə idi, bu döngə həmişə peyinlə dоlu оlardı. Evimizdən iki yüz addım о yanda böyük, köhnə bir qəbiristan vardı. Böyük, köhnə qəbiristanın о biri tərəfi bоş bir çöl idi, оrada Şah Abbasın оvdanı vardı. Yağış suyu bu оvdana axırdı. Pillə ilə оraya düşür, su içirdilər, əl-üz, bəlkə ayaq da yuyurdular”.
Məmməd ailəsinin kasıbçılığını, atasının kənkan olmasını, acından ölməmək üçün arpa əkməsini acı xatirələr kimi xatırlayır. Məmməd atasının ölümünü köksünü ötürərək, qəmə bataraq, xatırlayırdı. “Mən lap uşaqdım. Bir gün atam məni də iş üstə apardı. Mən quyunun yanında оturdum, о isə cırıldayan əl çarxına sarınmış uzun kəndirin bir ucunu belinə bağladı və quyuya düşdü. Çarx hərləndi və getdikcə kəndir açıldı. Bir azdan sоnra durumla dоlu bir vedrə çəkdilər və vedrəni yenə quyuya sallatdılar. Bu dəfə durum yerinə atam özü çıxdı. О sapsarı saralmışdı”. Məmməd atası ilə xоzeyinin arasında keçən danışıq ilə dövrün aşağı təbəqəsinin acınacaqlı vəziyyətini oxucuya çatdırırdı. Məmmədin atası nə qədər xоzeyinə yalvarıb, qazın onu bоğduğunu, quyu fantan vursa, onu öldürəcəyini dedisə də xоzeyin onun sözlərinə məhəl qoymadı. Ona- “Bir ildir işləyirsən, bir aləm pul qоymuşam. İndi iş bir az çətinə düşəndə qaçırsan. Quyunun asan yerlərində işləmisən, indi buraya kim girər”?- deyib, onun üzünə şillə vurdu…
Xоzeyinin bu şilləsinin üstündən illər keçsə də, Məmməd atasının uşağının gözləri önündə vurulduğu zaman utanmasını heç cür unuda bilmirdi. Övladının gözündə hamıdan qüvvətli və qоçaq olan bir atanın qüruru sarsılmışdı, o bu sarsılmış etibarını övladının gözlərində yenədən bərpa olunduğunu görmək üçün məcbur qalıb quyuya girməyə razı oldu. Xоzeyin işi belə görüb, atasını vurduğu əli ilə övladının başını tumarlayıb, cibindən kağız pullar çıxarıb ona verir. Yazıq ata öləcəyini bilə-bilə quyuya düşdü. Biraz sonra kənkanı hissiz bir halda çəkib çıxartdılar. Onun gözləri açıqdı, amma üzü, dоdaqları gömgöy, dəniz kimi idi. Xоzeyinin gözlədiyi neft quyusu guruldadı və qara neft quyudan şiddətlə fantan vurub, çarxı havaya sоvurdu. Neftin fantan vurduğunu görən xоzeyin meyitə məhəl qoymayıb, şadlığından bilmirdi nə etsin. O, tez qоyun kəsdirib, əmrlər verməyə başladı. Bu şadlıq içində təkcə neft selləri altında yatan kənkanın bir dəyəri yox idi. Baxmayaraq ki, bu neft onun sayəsində fantan vurmuşdu. Xоzeyinin əmri ilə işçilər kənkanın ayaqlarından yapışıb kənara sürüdülər. Meyiti köhnə bir arabaya qоyub, üstünü cır-cındırla örtdülər və şəhərin kənarı ilə evinə gətirdilər. Cəfər Cabbarlı “Firuzə” hekayəsində sovet hakimiyyətinin yenidənqurma siyasətindən əvvəl Bakıda neftin bu cür çıxarıldığını, xоzeyinlərin bu qədər qəddar olduğunu qələmə alaraq, əslində mühiti ifşa edirdi. Cəfər Cabbarlı “Firuzə” hekayəsində sovet hakimiyyətinin yenidənqurma siyasətindən sonra Bakını belə təsvir edir. “Bizim həmişə tоzlu- tоrpaqlı, qışda isə bоğaza qədər palçıq оlan əyri-üyrü küçəmizin yerində geniş və yaxında döşənmiş bir küçə gördüm. Şəhərin bu başından о başına qədər göz işlədikcə görünən bir küçə. Tramvayların ardı kəsilmirdi, zəng səsləri küçəni dоldurmuşdu. Evimizin dalında, həmişə peyinlə dоlu оlan döngədə gözəl beşmərtəbəli bir ev yüksəlirdi. Bütün köhnə, böyrü üstə əyilmiş Çənbərəkəndi yоx оlmuşdur. Qəbiristandan оnun köhnə hasarından, çala-çuxurundan, sökülmüş köhnə qəbirlərin açdığı uçurumlardan bir əsər görmədim. Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş xiyabanlı, qəşəng bir park əmələ gəlmişdir, atamın qəbri yerində isə bir çiçəklik salınmışdır. О dar, sürüşkən cığırın yerində asfaltla döşənmiş, minik və yük maşınlarının, avtоbusların aramsız hərəkətindən qara ayna kimi parlayan geniş bir yоl gördüm. Mənə elə gəldi ki, burada bir zəlzələ оlmuş, vulkan köhnə və qaranlıq Çənbərəkəndini batıraraq, əvəzində yerin dərinliklərindən təmiz evli, geniş küçəli, gözəl, yaşıl parklı, əlvan çiçəklərlə gülümsəyən, bahar nəşəli yeni bir şəhər çıxarmışdır. Neftə bulaşmış adamlara çоx çətin rast gəlmək оlur. Hamı tərtəmiz geyinib, elə bil ki, tоya gedəcəkdir. Bir kranı və ya vinti burmaqla kоmpressоrların və ya mоtоrların işini nizama salırlar. Köhnə, tоzlu yоllar, arabalar və drоklar da yоx оlmuşdur. Hər yerdə parlaq asfalt və sürətlə yürüyən maşınlar! Demək оlar ki, bütün mədənlərə tramvay və dar dəmiryоl xətti çəkilmişdir”.
Cəfər Cabbarlı “Firuzə” hekayəsində neft işçilərinin dünənini və bugününü belə dəyərləndirir. “Bir parça çörək üçün özü qazdığı quyuya girərək, ağanın şillə və yumruğu altında işləyən, özünü zəhərli qazların, ölümün qara ağzına atan işçi, indi öz bacarıq və talantını göstərməyə imkan tapmış, indi ixtiraçı оlmuşdur”.
Məmmədlə Firuzə uzun ayrılıqdan sonra görüşəndə Məmməd başa düşdü ki, onun yaşadığı küçə, ev, şəhərlə yanaşı onun doğmalarıda dəyişilmişdir. Lakin Məmməd bu dəyişiklikdən çox məmnun idi. Firuzənin şəhərdə maşın sürmək üçün vəsiqəsinin olması, təkbaşına maşını sürməsi Məmmədi həm sevindirirdi, həm də çox heyrətləndirirdi. Məmməd birmərtəbəli köhnə evlərin sökülməsini yerində gözəl bir parkın salınmasını, yolların asfaltlanmasını, ağacların əkilməsini çox böyük sevinc hissi ilə qarşılayırdı. Cəfər Cabbarlı “Firuzə” hekayəsində Quba meydanının keçmiş halı ilə indiki halını müqayisəli təsvir etməklə sovet hakimiyyətinin yenidənqurma siyasətini dəstəklədiyini göstərirdi. “Burası, vaxtilə Şərq mədəniyyətsizliyinin ən nümunəvi bir mərkəzi idi. Burada daima nərildəyən dəvələr yığıncaq qurardı. Uzun və qısa saqqallı dəllallar о tərəf- bu tərəfə yüyürərdi, dərvişlər dişsiz ilanlarını оynadaraq, imamın şücaətindən və sahibəzzamanın uzunqulağa suvar оlaraq zühur edəcəyindən danışardı. Dünən isə nə gördüm... Bütün о şərq köhnəliyi aradan qaldırılmış, оnun yerində təzə və təmiz bir bağ salınmışdır. Buradan yüzlərlə maşınlar, tramvaylar, avtоbuslar ötüb keçir. İnqilabdan qabaq tiryək alveri və tiryək çəkməyə məxsus küçələri ilə məşhur оlan birmərtəbəli Xanım karvansarası xarabalığı yerində yeddimərtəbəli böyük bir bina yüksəlmişdir”.
Məmmədin bu illər ərzində varlığından xəbərsiz olduğu Əsgər adında bir oğlu olmuşdu. Firuzə oğlunu gələcəkdə dоktоr оlmasını istəyirdi. Cəfər Cabbarlının “Firuzə” hekayəsinin digər qadın qəhrəmanlarıda Firuzə kimi özlərini təkmilləşdirmiş qadın surətləri idi. Züleyxa, Balaxanım xala müəllifin yaratmış olduğu belə qadın surətlərindən idilər. Məmmədin arvadı Firuzə ilə yanaşı onun bacısı Züleyxa da çox dəyişilmişdi. Züleyxanın qəhqəhə ilə gülərək, Məmmədə tərəf yüyürüb, оnun bоynuna tullanması, onu bərk-bərk qucaqlaması, Məmmədin qucağından çıxmaması, əri Aslana “gedək zaqsa, bоşanaq” deməyə cəsarətinin olması Məmmədi bir xeyli təəccübləndirdi. Züleyxanın Aslana onun icazəsi və xəbəri olmadan ərə getməsi Məmmədi çox heyrətləndirmişdi. Bunun səbəbini soruşduqda Züleyxa ona- “Qardaşım, о sənin işin deyil. Bu nə köhnəpərəstlikdir? Harada, haçan, kimə ərə getmək istəsəm, gedə bilərəm”, – deyir.
Dünənə qədər ağzından süd qоxusu gələn Züleyxa riyaziyyat müəlliməsi idi. Züleyxa kimi Məmmədin anası Balaxanım xala da çox dəyişilmişdi. O artıq kişilərdən çəkinmirdi. Sözünü çəkinmədən uca səslə hər yanda deyirdi. Məmməd bu dəyişilmələri əsərin sonunda belə dəyərləndirir. “Köhnə Bakı nə idi, indi nə оlmuşdur! İqtisadiyyatda inqilab, həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab. Bu inqilab təbiətin köhnə qanunlarını belə dəyişdirir. Çılpaq, qumlu düzləri iki gün içərisində yaşıl, çiçəkli bir bağa döndərir. Оnun sayəsində ölü qəbiristan belə canlanır, mədəniyyət və istirahət parkına çevrilir”.
Həcər ATAKİŞİYEVA

 

Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesinin mövzusu və ideya məzmunu

sülüyman sani

Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və qəbri Bakıda Fəxri xiyabandadır. S.S.Axundovun “Tamahkar”, “Dibdat bəy”, “Türk birliyi”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Səadət zəhmətdədir”, “Laçın yuvası” kimi pyesləri var. Süleyman Sani Axundovun yaradıcılığında ideya məzmununa görə seçilən əsərlərindən biri də 1921-ci ildə yazdığı “Eşq və intiqam” pyesidir. “Eşq və intiqam” pyesi beş pərdəli, yeddi şəkildə faciə janrında yazılmış bir əsərdir. Süleyman Sani Axundov “Eşq və intiqam” realist faciəsində xaraktercə çox müxtəlif olan obrazları oxucuya təqdim edə bilmişdir. Quldur dəstəsinin atamanı olan Əlimərdan, onun yoldaşı olan İbad, Piri baba, Əlimərdanın arvadı Yasəmən, Piri babanın arvadı Xalisə nənə, Həcər xanım kimi obrazlar xarakterlərindəki ziddiyyətlərlə oxucunun yaddaşında dərin iz qoya bilmişdir.
Əsərdə hadisələr Piri babanın komasında Yasəmənin dünyaya bir qız uşağı gətirib, əri Əlimərdanın bu körpəni qəbul etməyib, öldürəcəyi qorxusu ilə başlayır. Yasəmən əri Əlimərdanın “Yasəmən, qız doğsan öz əlimlə, qədim ərəblər tək, boğub atacağam” sözlərini yadına salıb, qəmə batırdı. Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesindəki qadın obrazlarından biri də əsərdə obraz kimi birbaşa iştirak etməyən, lakin özündən tez-tez bəhs olunan Həcər xanımın xalası Züleyxa xanım idi. Züleyxa xanım haqqında Piri babanın söylədikləri bu xanımın əsərdəki mövqeyini oxucuya tam aydın bir şəkildə göstərə bilir. “Həsənqulu ağa da oğul həsrəti çəkirdi. Allahtaala ona qızı Züleyxanı verdi. Mən bu sinnə çatmışam, amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm, eşitməmişəm. Bax, bu evi Həsənqulu ağa qızı üçün tikdirmişdir. Ağa burada həftələrlə ov edəndə, Züleyxa xanım da qaravaşları ilə burada yaşardı. Xalisə onun istəkli qulluqçularından biri idi. Ağanın ondan başqa övladı olmadı. İndi bu meşənin sahibi həmin Züleyxa xanımdır”.
Yasəmənə Piri baba və Xalisə nənə hər cür köməklik edirdilər. Lakin o, əri Əlimərdanın bu körpəni qəbul etməyib, öldürəcəyindən çox qorxurdu. Yasəmən xanım kimi Həcər xanım da bir körpə sahibi olmuşdu. Amma bu körpə onun məcbur ərə verildiyi Şahbaz bəydən yox, sevdiyi, söz verdiyi Nadir bəydən idi. Nadir bəy kasıb olduğu üçün borcu boğazına çıxmış, mülkü, evi Şahbaz bəyin yanında girovda olan Həcər xanımın atası Həcər xanımı Nadir bəyə yox, Şahbaz bəyə ərə getməyə məcbur edir. Həcər xanım gözləri yaşlı Şahbaz bəyin evinə gəlin köçür. Süleyman Sani Axundov Həcər xanımın sözləri ilə Şahbaz bəyin əsl simasını oxucuya göstərir. “Şahbaz bəy evimi qumarxanaya döndərib, çəngilər ilə kef etməyə başladı. Nadir mənim göz yaşıma dözə bilməyib baş götürüb bu vilayətdən getdi. Axırda Şahbaz bəyin binamusluğu bir dərəcəyə çatdı ki, öz süd bacısı, qardaşı Əlimərdanın bacısı Qəmərin namusuna toxundu”.
Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində qadınların bir-birinə dəstəyi yazıçı tərəfindən çox böyük ustalıqla təsvir olunmuşdur. Həcər xanım Şahbaz bəy Parisə gedəndən sonra, sevdiyi Nadir bəylə birlikdə eşq atəşində yanırlar və Nadir bəylə Həcər xanımın bir oğulları olur. Şahbaz bəydən boşanıb Nadir bəylə evlənmək niyyətində olan Həcər xanıma Nadir bəyin xəstə düsüb şam kimi əriyib, ölməsi çox böyük zərbə olur. Həcər xanım körpəsini Yasəmənə verib, hamıya əkiz doğmuşam, deməsini və bu sirri aralarında ömür boyu saxlamağını istəyir. Piri baba ilə Xalisə nənə Züleyxa xanımın xatiri üçün bu sirri heç kimsəyə açmamağa razı olurlar. Yazıçı Yasəmənin Həcər xanımın oğlunu öz oğlu kimi sevib, böyütməsinin timsalında böyük qəlbli bir ana siması yaratmışdır. Piri baba və Xalisə nənə çağaları böyütməkdə Yasəmənə ən böyük dəstəkçi olurlar. Əlimərdan və İbad əsərdə namus üstündə qaçaq düşən obrazlardır. Əlimərdan qaçaqlıq etsə də, kəndlinin, məzlumun qoruyucusu idi. Yasəmənin qardaşı İbadda bu haqq işində Əlimərdanın silah yoldaşı idi. İbad nişanlısı Qəmərin intiqamını düşməndən alacağına özünə söz vermişdi. Piri baba dünya görmüş, müdrik bir qoca idi. O, Əlimərdana bu işdən əl çəkməyi, su sənəyinin axırda suda sınacağını, bu düşmənçiliyi bitirməyi bir böyük kimi məsləhət görürdü. Süleyman Sani Axundov “Eşq və intiqam” pyesində Əlimərdanın öz sözləri ilə onun mübarizəsinin amalını oxucuya çatdırır. “Mənim qorxumdan hökumət qulluqçuları cürət edib kəndliləri incidə bilmirlər. Mənim üç düşmənim var: hökumət, bəylər, tacirlər də pulları ilə mənə tövçü verirlər. Mən kəndliləri onların zülmündən saxlayıram”.
Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində gənc nəslin nümayəndələri olan - Qəmər, Çingiz, Zöhrə xanım, Şəmsi bəy ata və babalarının düşmənçiliyinə qarşı bir düşüncədə tərbiyə aldıqlarına görə onlar bu düşmənçiliyi davam etdirmək fikrində deyildilər. Yeni nəslin nümayəndələri yazıçının sülh idealarının davamçıları idilər. Yeni nəslin nümayəndələrinin bu ədavəti davam etdirmək istəməmələrinində səbəbkarı onların anaları olan Həcər xanım və Yasəmən idi. Həcər xanım və Yasəmən də bu ədavətə qarşı mövqedə idilər. Yazıçı Həcər xanımın öz sözləri ilə onun nə qədər əzab çəkdiyini oxucuya çatdırır. “İyirmi ildir ki, mən bədbəxt ana, oğlum Çingiz üçün göz yaşı tökmüşəm. Sən Yasəmənə həsəd aparmışam ki, Çingizi bağrına basıb əzizləmisən, ona süd vermisən, oğlum demisən. Amma mən yad kimi kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı”?
Süleyman Sani Axundov “Eşq və intiqam” pyesində gənc nəslin nümayəndələri olan - Qəmər ilə Şəmsi bəy və Çingiz ilə Zöhrə xanım arasında güclü və saf sevginin təsviri ilə oxucuda bu obrazlara qarşı ehtiram hissi yaradır. Lakin Çingiz və Zöhrə xanım bu böyük sirrdən xəbərsiz idilər. Onlar bacı-qardaş olduqlarından xəbərsiz bir şəkildə bir-birilərini təmiz, saf bir məhəbbətlə sevirdilər. Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesi Çingiz ilə Zöhrə xanımın saf eşqinin, Həcər xanım və Yasəmənin analıq hislərinin, Qəmərin bacılıq duyğularının faciəvi sonluğunun təsviridir. Həcər xanım, Yasəmən, Piri baba və Xalisə nənə 20 il bu sirri gizlətdilər, lakin faciənin qarşısını ala bilmədilər. Bir-birini saf bir məhəbbətlə sevən Çingiz ilə Zöhrə xanımın saf eşqinin qarşısında aciz qalan Həcər xanım və Yasəmən Çingizi həqiqətləri öyrənmək üçün Piri babanın yanına göndərirlər. Piri baba Çingizin Zöhrə xanımın eşqindən əl çəkməyəcəyini başa düşəndə, məcbur qalıb ona bütün həqiqətləri söyləyir. Çingiz öyrəndiyi bu həqiqətlər qarşısında çox böyük sarsıntı keçirir və mənəvi olaraq çökür. Süleyman Sani Axundov Çingizin bu sözləri ilə mühitin bütün eybəcərliklərini, səhvlərini ifşa edir. “Məni öz bacıma aşiq etdirməkdən fikrin nədir, ey çərxifələk? Məcnun kimi səhrayi-biyabanlara salmaq? Məni Fərhad kimi dağdaşları gəzdirmək? Budur məqsəd? Məni divanə edib çöllərə salmaq? Bundan nədir hacət? Xalq gördükdə desin, bax, bax, budur gəldi, həmşirisinə eşq-məhəbbət yetirən aşiq. Yox, yox, mən sərsəri olmaram, divanəlik acizlər, zəiflər işidir. Çingizlər ondan azaddır. Bacım, Zöhrə, indi bil mən Çingizəm, atam Nadirdir, anam Həcər. Əlvida, ey ümidsiz xəyalım. Eşqin uğrunda Çingiz canını fəda edir’’...
Süleyman Sani Axundovun “Eşq və intiqam” realist faciəsində Çingizin tapança ilə özünü öldürməsi bütün ailənin faciəsi idi. Həcər xanım Çingizin ölümünə dözə bilməyib, özünü bütün olanlarda günahkar gördüyü üçün ölmək istəyir. “Oğlum, Çingiz, nə etdin? Mən müqəssir ananı öldürün, sizə yalvarıram, öldürün, məni bir gülləyə qurban ediniz. Niyə durmusunuz”?
Yazıçı isə əsərin sonunda Piri babanın sözləri ilə həqiqi günahkarların kim olduğunu göstərir. “Ey zor ilə qızları özlərinə arvad edən ərlər, budur tutduğunuz əməlin nəticəsi”.
Həcər ATAKİŞİYEVA

Əhməd bəy Ağaoğlunun “Zərdüşt belə deyirdi” adlı məqaləsi

Ahmad bey Aghaoghlu
Əhməd bəy Ağaoğlunun Novruz bayramı münasibətilə yazdığı “Zərdüşt belə deyirdi” adlı məqaləsində onun Zərdüştlük dininə münasibəti, fikirləri öz əksini tapmışdır. Əhməd bəyin bu məqaləsi 9 mart 1903-cü ildə “Kaspi” qəzetinin 956-cı nömrəsində rus dilində dərc edilmişdir. O, “Zərdüşt belə deyirdi” adlı məqaləsində Zərdüştlük dininin tarixinin beş min il əvvələ qədər olduğunu və Zərdüştlük dininin peyğəmbəri olan Zərdüştün nəfsini, hisslərini ram edə bilmək, tərəddüd və ziddiyyətlərinin əzablarını aradan qaldıra bilmək üçün Midiya dağlarına çəkildiyini yazırdı. Əhməd bəy Zərdüştlük dinində təbiətlə birləşmənin, təbiətin bir hissəsinə çevrilmənin, təbiətdəki ən zəif səsi belə eşitməyin bütün bunları dərk edə bilmənin bu dinin ecazkarlığının və heyrətləndiriciliyinin sübutu olduğunu bildirirdi. O, Zərdüştün qəlbini və şəxsiyyətini çox yüksək qiymətləndirirdi. Zərdüştün amalının “Həyat, həyat, sən nə gözəlsən” deyiminə uyğun olduğunu, ona peyğəmbərliyin midiya dağlarında verildiyini, müqəddəs kitabla mükafatlandırıldığını qeyd edirdi. Zərdüştün çox hörmət edilən bir peyğəmbər olduğunu, iranlıların dəstə-dəstə onun görüşünə getdiklərini, onun danışığındakı həqiqətləri anlamağa çalışdıqlarını yazırdı. Zərdüştlük dinində mərhəmətliliyin, xeyirxahlılığın, xeyirin qələbəsinə inam, onun sonda şərə qalib gələcəyinə ümid vardır. Zərdüştlük dinində xeyir tanrısı Hörmüzd, şər tanrısı kimi isə Əhriman qəbul olunmuşdur. Zərdüşt insanlara daim xeyir işlər görməyi tövsiyə edirdi. Zərdüştlük dinində günəş həyat rəmzi və xeyirin təcəlli etdiyi surət hesab olunurdu. Zərdüşt insanlara günəşə doğanda da, batanda da xeyir-dua oxumağı, yazın gəlişini həmişə xeyirxahlıqla qarşılamağı məsləhət edirdi. O, Novruzun gəlişini günəşin soyuq, ölüm, xeyirin şər üzərində təntənəli qələbəsi kimi dəyərləndirirdi.

 

ZƏRDÜŞT BELƏ DEYİRDİ (Novruz bayramı münasibətilə)
Alimlərin dediyinə görə çox qədim zamanlarda, bizim dövrümüzdən beş min il əvvəl fars müdriki Zərdüşt Arazın o sahilindəki Midiya dağlarına çəkildi ki, insanlardan, hissləri şirnikləndirən meyllərdən uzaqda təbiətin uzun, əzablı sükütunu kəssin. O, seyrə daldı. Onun gah aydın, gah tutqun çöhrəsi, alnının qırışları daxili: tərəddüd və ziddiyyətlərinin əzablarını ifadə edirdi. Fikirlər coşmuş dənizin dalğaları tək onun başında cövlan edir, solğun, üzgün çöhrəsində dərin şırımlar açırdı. Bəzən onun xəstə xəyalı qarşısından parlaq bir sürət ötüb keçirdi və o tamam dəyişərək, sevinclə titrək əllərini uzadırdı; lakin bir anda gözəl surət qeyb olur və yenə də ətrafda ziddiyyətlərin ağır dalğaları qalxıb enirdi. O, elə fikrə dalmışdı ki, artıq ətrafında nə baş verdiyini dərk etmirdi. Şirlər və bəbirlər onun ayaqlarını yalayır, ilanlar və zəhərli həşəratlar boynuna və qollarına dolanır, ahular qorxmadan onun ətrafında qaçışırdılar. O, təbiətlə birləşmişdi. O, təbiətinin bir hissəsinə çevrilmişdi. O, təbiətin əsrarəngiz səsini eşidir, onun dilini başa düşür, danışığını dərk edirdi. Meh əsməsindən budaq titrədimi, yarpaq başını çiçəyə doğru əydimi, meşəlikdə quş cəh-cəh vurdumu, vəhşi heyvan mağarasında nərildədimi və ya əjdahanın dəhşətli səsi uzaq dağlarda əks-səda yaratdımı - o, ecazkar lal nəğməni başa düşürdü. Lakin başa düşərkən o, heyrətlənmir və heyran olmurdu, təqdir etmir və etiraz da bildirmirdi. Onun fikirləri daha uzaqlarda, görünən və dərk olunandan “o tayda dolanırdı. “Oraya”, o taya necə keçməli”! Bu möcüzəni yaradanı necə tapmalı? Nəğmə gözəldir, müqayisə edilməzdir: lakin bəstəkarın özü hardadır? Onun iradəsi nədir? Nə üçün o məni, insanı seçib- ayırıb? İnsan necə də böyük və gözəldir. Özünün “o taya” keçmək arzusunda da, tərəddüdlərində də, ağlının əzablarında da o, Allahdır! Lakin o, necə də yazıq və köməksizdir! Nə üçün ona “dərk etmək yox, əzab çəkmək qismət olub”? Bu suallar Zərdüştün qəlbini parçalayırdı. O, bu sualların məngənəsində, leysanın titrətdiyi quş kimi çapalayırdı. O, yoruldu, yuxuya getdi.

Oyandıqda o, mat qaldı. Onun gözləri qarşısında sehrli bir mənzərə canlandı. Günəş doğurdu. Onun qızıl şəfəqləri səmanın ətəklərini alqırmızı əbaya büruyür, saçaqları dağların, ağacların, qayaların başlarına döşənirdi. Bütün təbiət doğan günəşi vəsf edirdi, meşədən min cür ahəng gəlirdi, yarpaqlar və otlar acgözlüklə səhər şehini udurdu, qızıl şəfəqlərlə oynayan quşlar öz səslərini gözəl bir nəğməyə birləşdirirdi, dağlar minlərlə almaz kimi parlayan qarlı başlarını qaldıraraq sankı gnəşi qucaqlayırdı; düzlər şəhvətlə zümrüd sinələrini ona açırdılar. Budur, şahinlər də uçur — ora, günəşli ənginliklərə baş vurub cövlan edirlər, fərəhli qışqırıqlarla səhər allahına xeyir-dua verərək cəld geni qayıdırdılar.
Və birdən Zərdüştün qulaqlarına sehrli qışqırıq çatdı: o qulaq asdı və ardınca eşitdi: “Həyat, həyat, sən nə gözəlsən!” Zərdüştün alnı açıldı, üzü güldü, o özündə yeni, görünməmiş qüvvələrin yarandığını hiss etdi. “Bəli, həyat, həyat, sən necə gözəlsən!” - deyə o da təkrar etdi. Zərdüşt əlində müqəddəs kitabın lövhələri midiya dağlarından endi. O, Mərvaya, böyük fars padşahı Qistasinın yaşadığı yerə gedirdi. Çəmənləri daim yaşıl olan, ağacları çiçək açan, bülbülləri oxuyan “ari cənnəti” ölkəsinin sakinləri həyat peyğəmbərini sevinclə qarşıladılar. Lakin Arazın mavi dalğaları onu cəlb edirdi, müqəddəs çaya yaxınlaşaraq dedi: - “Dalğalar, aralanın” və dalğalar aralanıb yol verdilər, o, coşğun çayı piyada keçdi. Həyat peyğəmbəri haqda xəbər ondan tez çatdı. İranlılar dəstə-dəstə onun pişvazına çıxırdılar ki, peyğəmbərdən gizli həqiqətləri eşitsinlər. Həyat haqqında təlim onunla birgə gedirdi. Şah Qistasi bunu eşitdikdə bərk qəzəbləndi. “O mənim təbəələrimin sakinliyinı pozmağa və əcdadlarımızın dininə əl qaldırmağa cəsarət edir! Ona ölüm!” - deyə hirslə bağırdı. Lakin şahın vəliəhdi alicənab İsfəndiyar saray adamlarının həyəcanlı sükutunu kəsərək belə bir nitqlə irəliyə çıxdı: “Ey şahlar şahı, hirsini bas, hirs pis məsləhətçidir. Əvvəl Zərdüştün dediklərinə qulaq asaq, sonra sənin hökmün bizim üçün müqəddəs olacaq”. Qüdrətli şah razılaşdı, tacdar başını aşağı endirdi:

— Sən deyən kimi olsun, İsfəndiyar, - deyə o səsləndi - Əmr et, bütün saray yığışsın. Mən peyğəmbəri təntənəli surətdə dindirmək istəyirəm.
— Mərhəmətli, xeyirxah Kşatra Verida allahının təcəssümü, Xeyir ruhu Hörmüzdün müdrik oğlu şahənşaha təzim, - deyə Zərdüşt şah və bütün saray qarşısında sözə başladı “Mən sənə həyat haqqında xəbər gətirmişəm. Uzun müddət insan haqqında, onun nə olduğu haqda, nə üçün ona dərk etmək deyil, fikirləşmək, görmək deyil, baxmaq qabiliyyəti verilməsi haqda düşünmüşəm. Və nəhayət, gizli olandan eşitmişəm: “Get, yaşa”. Hər iki başlanğıc sənin özündədir. Onlar varlığın bütün adamlarına, bütün kainata nüfuz edirlər. Biri “Yaşa”, digəri “öl” deyir. Birincisi xeyir - Hörmüzd, ikincisi isə şər-Əhrimandır. Ey insanlar, yaşayın, yaşayın, xeyir işlər görün və siz görəcəksiniz”. Zərdüşt belə deyirdi və hamı ona heyranlıqla qulaq asırdı.
“Günəş həyat rəmzidir, xeyir surətidir. Doğanda da, batanda da ona xeyir-dua oxuyun” - deyə o davam etdi, “Görün o bizim yanımıza qayıtdıqda hər şey necə də canlanır. Yazın gəlişi ilə o, öz nemətlərini necə xeyirxahlıqla bütün varlıqlara paylayır. Bu ona görə baş verir ki, o, həyatın mənbəyidir, - O - xeyirdir”. Heyran qalmış Qistasi peyğəmbərin sözünü kəsdi. “De görək, ey müdrik, onun təntənəsi hansı gün başlayır, mən öz dövlətimin bütün hüdudlarında onu bayram etməyi əmr edim”?
— Kaxenabazdan sonra (9 mart) Novruzdur - “həyatın, günəşin soyuq, ölüm, xeyirin şər üzərində təntənəsinin başlanğıcıdır”.
Zərdüşt belə deyirdi və o vaxtdan insanlar hər il həyat rəmzi olan xeyiri bayram edirlər.
Əhməd bəy Ağaoğlunun “Zərdüşt belə deyirdi” (“Tak qovoril Zaratustra”) başlıqlı yazısını rus dilindən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Rəna Mayılova tərcümə etmişdir.
Həcər ATAKİŞİYEVA

Əhməd bəy Ağaoğlu və rus ədəbiyyatı

əhməd bəy ağaoğlu

Əhməd bəy Ağaoğlu tənqidçi, şərqşünas alim, publisist, yalnız Azərbaycanda deyil, həmçinin Yaxın və Orta Şərqdə, mərkəzi Rusiya və Qərbi Avropada tanınan bir şəxsiyyət, ictimai xadim idi. Əhməd bəy Ağaoğlunun ədəbiyyatşünaslığa dair əsərləri Azərbaycan ədəbiyyatına və eyni zamanda dünya ədəbiyyatına töhvə verəcək səviyyədə yazılıb və daim tədqiq olunmaqdadır. Əhməd bəy Ağaoğlu yaradıcılığında rus ədəbiyyatına və onun nümayəndələrinə daim yer vermişdir. Onun rus ədəbiyyatına həsr olunmuş monoqrafiyası və onlarla məqaləsi var. Azərbaycan ədəbiyyatında Əhməd bəy Ağaoğlu ilə yanaşı Ə.Hüseynzadə, S.Hüseyn, A.Sur, N.Nərimanov, M.Ə.Rəsulzadə, F.Köçərli, Ü.Hacıbəyli kimi ədiblərimiz də rus ədəbiyyatına daim diqqət göstərmiş, rus klassiklərini mütaliə etmişlər. Əhməd bəy Ağaoğlunun “Rus ədəbiyyatının ümumi səciyyələri’’ adlı əsəri ədəbiyyatımız üçün çox qiymətlidir. Əhməd bəy rus ədəbiyyatının əhəmiyyət və qiymət əldə etdiyini, məşhur rus ədiblərinin demək olar ki,hamısının Avropa dillərinə tərcümə edildiyini və oxunduğunu öz fikirlərində dönə-dönə qeyd etmişdir. Rus ədiblərindən Tolstoy, Dostoyevski, Qorki kimilərin Avropada, Amerikada məktəb yaratdıqların bildirmişdir. Məşhur rus yazıçısı olan Tolstoyun haqqında əcnəbi dillərdə yazılmış olan əsərlərin böyük bir kitabxana yaratdığını qeyd edirdi. Rus ədəbiyyatının beynəlmiləl mahiyyəti daşıdığını bildirirdi. Əhməd bəy Ağaoğlu başqa millətlərin ədəbiyyatı ilə rus ədəbiyyatını müqayisə edərkən, “heç bir millətdə ədəbiyyat ruslarda olduğu qədər həyatla sıx bir şəkildə verilməmişdir” fikirlərinə gəlmişdir. Ədəbiyyatın həyatla bağlılığı rus zehniyyətinə o qədər uyğun gəlmişdir ki, rus ədəbiyyat nəzəriyyəçiləri ədəbiyyatı tərif edərkən, ümumiyyətlə onu həyatın və mühitin aynası deyə səciyyələndirmişlər. Və həqiqətdə rus ədəbiy-yatının tarixi rus mədəniyyətinin tarixidir. Zamanın bütün cərəyanları, mühitin bütün lövhələri ədəbiyyatda əks olunmuşdur: siyasi, ictimai, fəlsəfı, bədii, fıkri və hissi cərəyanları ədəbi əsərlərdə təqib etmək mümkündür. Mühitin təqdim etdiyi lövhələr, rus çölləri, kəndləri, kəndliləri, fəhləsi, kəndli və fəhlənin həyatı, rus burjuaziyası, şəhərləri, şato və saray həyatı hamısı o əsərlərdə özünə yer tapmışdır. Bu sayədə rus ədəbiyyatı rus milli vicdanını təşkil edən amillər sırasında birinci yerdə gəlir. Rus ədəbiyyatı tarixini mütaliə edərkən rus milli vicdanını tədricən təşkilini həqiqətən görmək imkanı hasil olur. Puşkinin qəhrəmanları ilə Qorkinin qəhrəmanları arasında məsafə bu milli vicdanın Lermontovlardan, Qoqollardan, Dobrolyubovlardan, Turgenevlərdən, Tolstoylardan keçərək qət etdiyi mərhələləri göstərir.
Məkanı təsvir xassəsi rus ədəbiyyatını digər tərəfdən təbiətçi etmişdir. Naturalizm rus ədəbiy-yatının fərqləndirici, seçmə xüsusiyyətidir. Təbiətin saf və möhtəşəm gözəllikləri önündə rus ədibləri möhtəşəm əsərlər yazmışlar. Lermontovun, Qoqolun, Turgenevin şah əsərləri təbiətdən alınmışdır. Rus çölləri, rus çayları, rus meşələri və rus fəsillərinin müxtəlif rəng və şəkilləri rus ədəbiyyatında canlanıb yaşayır. Elə bir rus məktəblisi yoxdur ki, bu lövhələrdən bir neçəsini öz yaddaşında tutmasın. Lermontov, Puşkin, Tolstoy öz əsərlərində Qafqazı, Krımı Qafqasiyanın səmalara qədər yüksələn qorxunc zirvələrini, Krımın zərif sahillərini tərənnüm etmişlər. Bu məhkum və kədərli məmləkətlərin əski xərabələrin altında qalmış əfsanələrini bulub “Qafqaz əsiri”, “Bağçasaray çeşməsi” kimi ölməz əsərlərində yaşatdırmışlar.
Təbiət sevgisi rus ədəbiyyatşünaslarının ümumi və ortaq bir sifətidir. Kənd həyatı isə rus ədi-blərinin üstün tutduqları bir mövzudur, Tolstoy kimi bir çox rus məşhurlarının ömürlərinin son-larındaverdikləri yekun qərardır. Əhməd bəy rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin fikirlərinə heç bir yerdə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Ler-montovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük. Rus ədibləri yer kürəsində rus qadınlarından bir qadın idealı təşkil etmiş, bütün tərbiyə, təlim və arzularını bu ideala doğru yönəltmiş və nəticədə ideal yekuna gəlmişlər. Puşkinin Tatyanası, Qriboyedovun Sofiyası, Turgenevin Sonyası, Tolstoyun Anna Kareninası rus xalqının qəlbində yer tutmuşdur. Onlar rus qadınının tipikləşmiş əlamətlərini daşımışlar.
Rus ədəbiyyatını təqlidçilik əsarətindən qurtararaq nəsr və nəzmdə ona müstəqil bir istiqamət vermiş olan Puşkin dilini, mövzusunu xalq həyatından aldığı kimi, ahəng və vəzn qaydalarını da rus dilinin öz mahiyyətindən çıxarmışdır. Puşkin dilinin rus ədəbiyyatına qədəm qoyduğu vaxtdan rus ədəbiyyatı xalqçılığı özü üçün bir yol seçmişdir. Bu da rus ədəbiyyatına qəribə bir mistisizm rəngi vermişdir. İstər Tolstoy kimi kübar və əsilzadə aləmini təsvir edən, istər Ostrovski kimi burjua həyatını mövzu seçən, istər Qorki kimi yurdsuz və səfilinsanları tərənnüm edən ədiblərhamısı o süni, zahirən parlaq, lakin həqiqətdə boş, hər cür saflıq və səmimiyyətdən uzaq olan kübar aləminə daim rus kəndlisinin, rus işçisinin saflıq və səmimiyyətini onlara qarşı qoymuşdu. Rus ədibləri “gözəlliyi, yaxşılığı məhz saflıq və səmimiyyətdə tapmaq olar” düşüncəsində idilər.
Rus tənqidçiləri və ədəbiyyat tarixçiləri rus ədəbiyyatı tarixini üç böyük dövrə ayırmışlar: Birinci dövr rusların xristianlığı və xristianlıqla bərabər ilk yazını qəbul etdikləri zamana qədər, yəni X əsri - miladiyyəyə qədər davam edir.
İkinci dövr X əsrdən XIX əsrin ibtidalarına, yəni Puşkinin zühuruna qədər davam edir. Üçüncü dövr də Puşkindən zamanımıza qədər davam edir. Fonvizinin “Nedonosl” komediyası o zamankı rus əsilzadələri ilə məmur mühitinin cəhalətlərini və bu cəhalətlə bərabər gülünc qürur və təkəbbürlərini öldürücü bir istehza ilə meydana qoyurdu. Eyni zamanda Novikov, Radişşev əsarəti, məhkəmələrdəki ədalətsizliyi, rüşvətxorluğu, rus camaatını istila edənzülm və qabalığı bir-bir ifşa edirdi. Lomonosov dövrünün son nümayəndələri rus ədəbiyyatında başqa, ciddi, əzəmətli və möhtərəm bir cığır açırlar. Əslində bunlar şəkil etibarı ilə yeni təqlidçilərdir, yenə Avropanın, Avropadakı hakim qaydaların əsiridirlər. Bu yolu təqib edərək rus ədəbiyyatı dühasını Puşkində tapacaq və artıq özünü o şəkil əsarətindən tamamilə qurtaracaqdır. Lakin Puşkinə çatmaq üçün Karamzin dövrünü keçmək lazımdır. Karamzin dövrü də öz növbəsində çox məhsuldar bir dövr olmuşdur. Sentimentalizm məktəbi Rusiyaya Karamzindən əvvəl daxil olmağa başlamışdı. O zaman Avropada sentimentalizm tərzinin başında dayanan Riçardson, Stem, Russo və Hötenin şah əsərləri ruscaya tərcümə edilmiş və rus ədibləri arasında özünə tərəfdarlar tapmışdı. Əhməd bəyin qeyd edir ki, Krılov çox güclü komediya və əfsanə yazmağı bacarır. Qriboyedov isə yeganə və lakin indiyə qədər rus səhnələrini bəzəyən bir şah əsərin müəllifidir. Krılov öz dühasını tapmazdan əvvəl başqa sahələrdə öz qələmini sınamışdı. Komediya, tragediya yazmışdı, qəzetçiliklə məşğul olmuşdu. 1806–cı ildə nəşr etdiyi “Palamut və çub” əfsanəsiilə dühasının yolunu tapdı. Bu əfsanəni Krılov Lafontendən tərcümə etmişdir. Fəqət tərcümə o qədər mükəmməl, rus şivəsinə o dərəcə uyğun idi ki, Krılovu tədqiq edən Pletnyovadlı müəllif haqlı olaraq deyir ki, Rusiya üçün Krılov yalnız bu əsərin nəşri günü doğulmuşdur. Növbəti il Krılov 16 əfsanəni əhatə edən məcmuə nəşr etdi və o vaxtdan Krılovun şöhrəti bütün Rusiyanı bürüdü və o “Baba Krılov" ləqəbi ilə hər yerdə məşhurlaşdı. Rusiyada bir tək daxma yoxdur ki, Krılov oraya girməmiş olsun, bütün ibtidai məktəblərdə Krılov başdan-ayağa qədər əzbərdən öyrədilir. Bu qədər şöhrətin səbəbləri, təbii ki, Krılovun əsərlərinin tərbiyələndirmək xüsusiyyətidir. Krılov tamamilə bir rus kimi görür, hiss edir. Krılovu Rusiyada hər sinifəhali anlayır, ondan zövq alır. Çünki o, rus kimi duyur, rus kimi düşünürdü. Dili də, dilinin şivəsi də tamamilə rus dili, rus şivəsidir, Krılov qədər heç kim xalq dilinə müraciət edərək ondan Krılov qədər istifadə etməmişdir. Krılov ilk yazıçıdır ki, ədəbiyyata canlı xalq dilini daxil edir və o dilin şivəsini olduğu kimi mühafizə etməyə müvəffəq olur. Canlı dildən alınmış tərkiblər, istiarələr, təşbehlər və hətta zərbməsəllər Krılovun yazılı dilinə başqa bir ciddilik, təzəlik, canlılıq verir. Artıq rus ziyalıları ilə əhali arasındakı uçurum aradan qalxmışdı. Milli ədəbiyyat dili təşəkkül etmişdi. Krılovun ən əsas xüsusiyyətləri onun həqiqətçi və fərqləndirici olmasıdır. Əfsanələrindəki heyvanlar insanların timsallarıdır. Bunların əhvali-ruhiyyələrini, həyatlarını təsvir edərkən Krılov ifrata varmayır, həqiqəti olduğu kimi canlandırır. Məhz buna görə, Krılov rus ədəbiyyatında realizmin həqiqi banisi hesab olunur. Krılov tərəfindəninsanların təbiətləri və xüsusiyyətləri tülkünün, ayının, qurdun, qarğanın, aslanın və s. əfsanə qəhrəmanlarının üzərinə çox böyük məharətlə köçürülürdü.
Qriboyedov yalnız bir tək əsər yazmışdır. Lakin “Ağlın bəlası” adını daşıyan bu komediya rus ədəbiyyatında dərin bir iz buraxmışdır və bu gün də yaşayır.
Puşkinin şöhrəti “Ruslan Və Lyudmila” əsəri ilə daha da genişləndi. Baxmayaraq ki, bu əsər Puşkinin ən zəif əsərlərindən biridir. Əsərin əksər yerləri süni və qeyri-təbiidir. Fəqət dil nöqteyi-nəzərindən əsər mükəmməldir. Üslub sadə və gözəl, nəzm ahəngdar, təsvirlər canlı və parlaqdır. “Ruslan və Lüdmila”dan sonra Puşkin daha üç dastan yazmışdır: “Qafqaz əsiri”, “Baxçasaray çeşməsi” və “Çingənə” Bu üç dastanı Puşkin Bayronun təsiri ilə yazmışdır. Bu əsərlərdə bayroniz-min təsirləri aydın bir şəkildə görünür. Puşkin “Qafqaz əsiri”, “Baxça saray çeşməsi” adlı das-tanlarında o zamankı Qafqaz və Krım həyatından, ənənələrindən bəhs etmişdir. Puşkin bu ölməz əsərlərində Qafqasiya və Krımın təbii gözəlliklərindən əbədi abidələr yaratmışdı. Əhməd bəy Ağaoğlu öz yaradıcılığında rus ədəbiyyatına yüksək qiymət vermişdir. Azərbaycan ədəbiyyatı ilə rus ədəbiyyatı arasında olan bağlılığın, qarşılıqlı əlaqənin daha da inkişaf etməsi üçün tərcümə sənətinin təkmilləşdirilməsini əsas yol kimi görmüşdür.

Həcər ATAKİŞİYEVA

Gələr bu dünyanın bir gün bəd üzü

Əyyub Məmmədov

 

Gələr bu dünyanın bir gün bəd üzü

Qatar öz qabağına, əllini-yüzü.

Bağlanar insanın bəsirət gözü

Etmə pis rəftarı, sinə dağlama,

Dürüst olanın, yolun bağlama.

***

Uyma yalana, vermə sən cəza

Baş verər ömrünə acı bir qəza.

Saxla bu dünyadan köçənə əza

Əyriyə düz deyib, haqqına girmə,

Versə də birisi sənə yüz tirmə.

***

Keçmişi unudub, dünəni silmə

Əlində nə varsa, daimi bilmə

Dolansın beynində qoy ilmə-ilmə

Məqamın səninlə daimi deyil,

İnsanı ucaldan vəzifə deyil.

***

Səadət, xoşbəxtlik önündə ərin,

Getmə sən dayaza, düşün çox dərin

Nə qədər şam sönüb əlində şərin,

Mən deyim biləsən sözüm tükənməz

Dünyanın əvvəli, sonu bilinməz.

 

Əyyub MƏMMƏDOV

şair-jurnalist, AYB-nin üzvü

Cəfər Cabbarlının “Dilarə” hekayəsində ata çarəsizliyinin təsviri

dilarə

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilbər”, “Aslan və Fərhad”, “Papaq”, “Gülər”, “Firuzə” adlı hekayələri vardır. Cəfər Cabbarlının məhv olmuş insan ömürlərinə həsr olunmuş hekayələrinin içində ən təsirlilərindən biri də “Dilarə” hekayəsidir. Cəfər Cabbarlının “Dilarə” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif hekayənin ilk cümlələri ilə mövcud acınacaqlı vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. “Günəşin sоn vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb оlmuş kimi, qоrxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı”.
Cəfər Cabbarlı əsərinin ilk cümləsi ilə oxucuya anladır ki, baş verən hadisələr səadətini, xоşbəxtliyini itirmiş, məqsədinə çata bilməyib, fəlakətə uğrayıb, məhv оlmuş, acılar içində olan bir ailədə baş verəcək. Bu bədbəxtliyə düçar olmuş ailənin başçısı palçıqçı işləyən Bəşir idi. Cəfər Cabbarlı Bəşir obrazını əmək haqqısını alıb, bоrclarını ödəyib, evinə tələsən fədakar ailə başçısı kimi təsvir etmişdir. Bəşir kiçik qızı Dilara üçün bütün imkanlarını səfərbər edirdi. O, kiçik qızı Dilara üçün imkanı çatan qədər yemək və paltar almaq istəyirdi, amma pulu çatmırdı. Bəşir müəllimləri və təmiz geyimli, gülərüzlü kiçik-kiçik məktəbli qızları intizamlı məktəbə gedən görəndə, ürəyi sızıldayırdı. Bəşir bu gülərüzlü, dinc, gözəl, təmiz, sevimli kiçik-kiçik məktəbli qızların sırasına öz qızı Dilaranı da görmək istəyirdi. O, qızını ayaqyalın, köhnə, çirkli bir paltarda yox, belə gözəl geyimdə olmasını görmək istəyirdi. Qızı Dilara üçün Bəşir özündə cəsarət tapıb, müəlliməyə yaxınlaşıb, ondan balaca qızı Dilaranı məktəbə təhsil almaq üçün göndərməkdə kömək olmasını istəyir. Müəllimə mülayim bir şəkildə Bəşirdən qızının yaşını öyrənir, Dilaranın səkkiz yaşında məktəbə başlamağının gec olduğunu desə də, bir yolla onlara kömək olacağına söz verir. Müəllimə ilə sabah Dilaranı məktəbə gətirməyə razılaşan Bəşir sоnsuz bir sevinc hissi ilə sevinə-sevinə qızının оxuyub, müəllimə оlacağı ümidi ilə bir cüt köhnə çəkmə, bir köhnə libas alıb evinə gəldi. Cəfər Cabbarlı əsərinin bu yerində Bəşirin xəyallarındakı Dilara ilə real həyatdakı Dilaranı qarşılaşdırır. “Dilara qışın sоyuğuna baxmayaraq, bir cırıq köynəyi ilə оnu qarşılayıb, ətəyindən yapışdı”.

dilarə 2
Cəfər Cabbarlı çəkmə görən Dilaranın təəccübü ilə ailənin necə yoxsul olduğunu oxucunun gözləri önündə bütün çılpaqlığı ilə açıb göstərir. “Bəşir sоn vaxtlar evə heç bir paltar və bu kimi şeylər almırdı, xüsusilə çəkmə, çоx təəccüblü idi. Evdə çəkmə geyən yоx idi. Heç başmaq tapılmırkən, birdən- birə çəkmə…”
Bəşir Dilaranı sabah məktəbə aparacağını deyir. Dilara ömründə görmədiyi ayaqqabıları və paltarı geyinib, sevincindən qanadlanıb, uçurdu. Dilara belə bir çəkməsinin оla biləcəyini heç vaxt təsəvvür etməmişdi. Bəşir qızını belə sevincli görüb, bütün bоrclarını, çatışmayanlarını unudub, ömründə duymadığı böyük bir sevinc hissi keçirirdi. Bəşir öz əlləri ilə qızını bəzəyib, Dilaranı belə yaraşıqlı görüb, ürəyi şad olurdu. Həmin gecə Dilara və atası səhərin tez açılmasını istəyirdilər. Səhər tezdən Dilaranın həyatında yeni bir səhifə açılacaqdı. Həmin səhər tutqun gəldi. Bütün gecə yağış yağdı. Sanki, göy üzü özü də bu ata və qızın gələcək aqibətinə ağlayırdı. Bəşir və Dilara səhər tezdən bütün küçələrin dizədək palçığa batdığını görüb, çox məyus oldular. Bəşir necə olsa Dilaranı məktəbə aparmalı idi. Müəlliməyə Dilaranı məktəbə gətirəcəyinə söz vermişdi. Lakin yaşadıqları Böyük Salyan küçəsində yağan yağış nəticəsində palçıq dizə çatırdı. Bu küçələrdən yağış yağanda keçmək mümkün оlmurdu. Bəşir qızı Dilaranı məktəbə palçığa batmadan aparmaq üçün əlindən gələn hər şeyi edirdi. O, özünə söz vermişdi ki, dünya dağılsa da, Dilaranı məktəbə aparmalıdı. O, böyük bir zəhmətlə öz əli ilə geyindirdiyi Dilaranı dar küçələr ilə məktəbə aparırdı. Lakin küçələr elə palçıq idi ki, keçmək mümkün deyildi. Cəfər Cabbarlı hekayənin bu hissəsində atanın balası üçün çabalamasını belə təsvir edir: “Bəşir tez-tez Dilaranın çəkmələrinə baxır, kiçik bir palçıq ləkəsi qanını qaraldırdı. Bir qədər keçincə, 4-cü Təzəpir dalanında yоl büsbütün kəsilməz оldu. Bəşir çarəsiz qalıb, Dilaranı qucağına aldı, 2-3 addım getməmişlərdi ki, zavallı Bəşirin ayaqqabısı palçığa batdı. Ayağını çıxarmaq istərkən, birdən büdrəyib üzü üstə yerə çırpıldı. Artıq uşaq da palçığa bulaşmış, özü də dizindəki ağrının şiddətindən tərpənməz bir hala gəlmişdi. Böyük bir şüşə ayağına batmış, qan axmağa başlamışdı. Ölə-ölə evə qayıtdılar. Bəşirin dizindən axan qan dayanmırdı”.
Cəfər Cabbarlı atanın son gücünə kimi qızı üçün apardığı mübarizəni o qədər məsumcasına təsvir etmişdir ki, oxucu atalıq hissinin necə müqəddəs və şərəfli bir duyğu olduğunu Cəfər Cabbarlının fədakar ata obrazı olan Bəşirin simasında birdaha şahidi olur. Bəşirin başına gələn müsibəti eşidən qоnşular tоplaşıb, Bəşirin evinə gəlirlər. Onlar Bəşirin yarasının üstünə təndir külü tökdülər, hörümçək tоru qоydular, hər nə etdilərsə də, Bəşirin iniltisinə çarə edə bilmədilər. Bəşirin yarasına baxmağa mütləq həkim gəlməli idi. Lakin heç bir həkim bu qaranlıq küçələr ilə piyada gəlməyə razı olmazdı. Faytоnla gətirməyə də Bəşirin pulu yox idi. Bəşirin ayaq ağrısının iniltisi, qızdırma içində çabalaması, gecələri göz yuma bilməyib çırpınması, nəhayət, qonşu qazantəmizləyən Əhmədin ürəyinə insaf gətirdi və o, Bəşiri kürəyinə alıb, həkimə apardı. Lakin çox gec idi. Sümüyü qırılan Bəşirin ayağında da qan irinləmişdi. Bəşir xəstəxanada yatırsa da sağala bilmir və iyirmi gündən sоnra zavallı Bəşirin dizdən yuxarı qılçasını kəsib, evə göndərirlər. Cəfər Cabbarlı hekayənin sonunda Bəşirin çarəsizliyini belə təsvir edir: “Günəşin vərəmli tellərinə qarşı zavallı Bəşir ac uşağının, göz yaşlarına bоğulmuş qadınının üzünə dinməz-söyləməz baxırdı. “Оx... bundan sоnra bu zavallıların günü nə оlacaqdır?” Bəşir utancaq gözlərini bir tərəfə qaçırtdı. Bu aralıq baxışları taxçada qоşa qоyulmuş çəkmələrə ilişdi. Birdən-birə nə isə xatırlayaraq, özünü saxlamayıb, hönkürtü ilə ağlamağa başladı…”
Cəfər Cabbarlının “Dilarə” hekayəsində bir atanın övladının səadəti üçün hətta canından belə gözünü qırpmadan keçməsi çox böyük bir yazıçı ustalığı ilə təsvir edilmişdir. Əsər boyunca ayağını itirdiyinə görə ağlamayan Bəşir hekayənin sonunda Dilaranın məktəbə geyinib, gedə bilmədiyi çəkmələri görüb, hönkürtü ilə ağlamağa başlayır. Bu hönkürtü ilə ağlamaq ata çarəsizliyinin sübutu idi.

Atakişiyeva Həcər

 

 

Filosof şair

Nizami Gəncəvi

Dünya şöhrətli filosof şair, bütün elmlərin mahir bilicisi, bənzərsiz düha N.Gəncəvi haqqında cild-cild kitablar yazılmış, elmi məqalələr çap olunmuş, şərəfinə qiymətli fikirlər söylənmişdir. Hindistanın türk əsilli şairi N.Gəncəvinin xələfi Ə.X.Dəhləvi şairin yaradıcılığını belə qiymətləndirir:

Nizami hər sözü demiş birinci

Qoymamış cilasız qalsın bir inci.

Nizami elə fitri istedada malik şəxsiyyətdir ki, hər misrası, hər sözü aforizmə çevrilmişdir. Çünki şair sözləri dəyərli, məzmunlu formada işlədirdi:

İncitək sözlər seç az danış,az din,

Qoy az sözlərinlə dünya bəzənsin.

Söz mülkünün xiridarı, əxlaq, mərifət ustadı N.Gəncəvinin qələmindən süzülən hər kəlməsi bizə həyatı, ətraf aləmi, kainatı öyrədən bir açardır. Çünki O, dövrünün bütün elmlərinə, vaqif olmaqla hər bir elmi məktəbi şeir dilində çatdırır. Nizami nəinki yaradıcı insanların, həm də elm sahəsində çalışan şəxslərin də müraciət etdiyi qiymətli xəzinədir. Onun elmlərlə bağlı fikirləri şeirlə, şeirləri isə elmlə qarışaraq öz dəyərini, mənasını daha da dərinləşdirmişdir. Bir insan nə qədər savadın, hər tərəfli elmi biliklərin mahir bilicisi olmalıdır ki, belə qiymətli əsərlər yarada bilsin. Necə ki, şairin vurğuladığı kimi:

Bir elmi öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

Böyük mütəfəkkir Nizami Gəncəvi bütün qapıların yalnız elmlə, yüksək zəka ilə insanların üzünə açıldığını çatdırır:

Qüvvət elmdədir başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz.

Nizaminin irsi, külliyatı bitib-tükənməyən bir xəzinədir. O,yaşadığı dövrün tarixini, xalqın həyatını, mübarizəsini, qəhrəmanlığını, zəngin və çoxcəhətli mədəniyyətini dərindən öyrənmiş, bunları əsərlərində yüksək sənət dili ilə əks etdirmişdir. Ədəbiyyatşünas alim F.Köçərlinin dediyi kimi: “Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir.”

Nizaminin əsərlərində astronomiya, riyaziyyat, fəlsəfə, kosmologiya, həndəsə, tibb, ilahiyyat, əxlaq (etika), musiqi, təbiətşünaslıq və digər elmlərə rast gəlinir. Onun bütün bu elm sahələrinə yüksək səviyyədə yanaşması Nizaminin bilik dairəsinin nə qədər geniş və dərin olduğunu göstərir. Şair elmi mülahizələrini ortaya çıxarmaq üçün çox

zaman Qurani-Kərimdən ayələrini hədisləri, mötəbər rəvayətləri dəlil kimi göstərir. Elmdə qəbul olunmuş bütün qanuna uyğunluqları dərk edərək, yəni mexaniki hərəkət haqqında elmi prinsipləri mənimsəyərək, qüvvə mənbəsinin Allah olduğunu bildirir.

Bəli,hər bir bilici başa düşür ki,

Dolananı bir dolandıran var

Qarı arvadın dolandırdığı çarx(cəhrə) ilə

Dolanan çarxı(fələkləri)müqayisə et

(Xosrov və Şirin)

Burada filosof-şair Nizami mötəbər bir hədisdən qaynaqlanaraq çatdırır ki,dinində möhkəm olan qarıdan soruşanda ki,Allahın varlığına necə inanırsan? O,əlini cəhrədən çəkir və deyir ki, bu cəhrəni firladaramsa hərəkətə gələcək demək bu dünyanı da yönəldən bir qüvvə var.

Nizami fəlsəfəsinin kükündə ilahi sevgi dayanır, məhz bu ilahi eşqdən bəhrələnərək şair dünyəvi elmlərin qapısının açarını əldə etmişdir. O, ilahinin verdiyi fitri istedad, dərin zəka ilə qazandığı biliklər sayəsində elm və mərifət çeşməsi yaratmışdır. Böyük dühanın incitək sapa düzdüyü,sözlərin,kəlamların arxasında əziyyət,zəhmət dayanır:

Hər dürrü ağzımdan çıxarmaq istəyəndə

Neçə duruşla döş-döşə gəlirəm.

Yüz dəfə odlanıb,beynimi yandırmaqla

Gecələr bur şəbçıraq ələ gətirirəm.

(X.və Ş.)

Söz xiridarının söylədiyi kimi şam işığında elminin gücü ilə qazandığı cəvahirləri,gövhərləri bizlərə bəxş etdiyi, Zəm-Zəm bulağı tək tükənməyən bir xəzinədir.

Nizami bəşəriyyətin cazibə,eşq üzərində qurulduğunu söyləyir. Bu fikrin önündə ilahi eşq dayanır.Şairin hər kəlməsi,hər sözü ilahi eşqdən güc alır:

Eşqidir mehrabı uca göylərin,

Eşqisiz ey dünya nədir dəyərin?!

Eşqsiz olsaydı xilqətin canı

Dirilik sarmazdı bütün cahanı.

Mənəvi aləmdə eşq elmdə cazibə qüvvəsini göstərən alim-şair kainatın idarə olunmasında eşqin,sevginin mühüm amil olduğunu göstərməyə çalışır. Nizami həm dini, həm də elmi baxımdan qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışır. Əlbəttə hamısının dəlillər gətirərək elmi izahını da verir.

Maqnit əgər aşiq olmasaydı,

O, şövqlə dəmiri necə çəkə bilərdi.

(X.Ş.)

Yaşadığımız Sovet İmperiyası dönəmində bu kimi fikirlər söyləmək,bu kimi yanaşmalar dini fanatizm kimi qiymətləndirilirdi. Nizami yaradıcılığında sevgi ancaq bəsit çərçivəyə sığışdırılır: aşiqin-məşuqa,gülün-bülbülə sevgisi kimi tərənnüm olunub.Əslinə qalarsa Nizami zəkası,bütün bariyerləri aşaraq bəsit sevgi anlayışını kölgədə qoyur. Onun fəlsəfəsi dar çərçivəyə sığmır,ümumbəşəri sevgini özündə ehtiva edir. Beləliklə ilahi sevgidən qaynaqlanan bir dühanın əsərlərinin hər misrası hikmət, mərifət mənbəyinə çevrilir.

Şairin zəka boğçasından açdığı süfrədən hər kəs bəhrələnə bilər,çünki nemətləri tükənməzdir. Onun yaradıcılığını hələ çox nəsillər tədqiq və təhlil edəcək.Həqiqətən də Nizami nadir şəxsiyyətdir.

Həbibə ƏLİYEVA

AMEA Mərkəzi Elmi Kitabxanasının əməkdaşı

Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsində milli-mənəvi kökdən uzaqlaşmağın faciəvi nəticəsi

cabbarlı
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri
vardır. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Yazıçının “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Dilbər”, “Papaq”,
“Gülər”, “Firuzə” adlı hekayələri vardır.

Cəfər Cabbarlının ən məşhur hekayəsi hesab etdiyim “Aslan və Fərhad” hekayəsində hadisələr ədibin özünün dilindən nəql edilir. Yazıçının obrazlara və onların düşüncəsinə, hərəkətlərinə, həyat tərzlərinə münasibətini və mövqeyini bütün əsər boyunca görmək olur. Ədib obrazları mühakimə edərək, təhlil apararaq, öz mövqeyini oxucuya çatdıraraq, hadisələri yazıya alırdı. Yazarın yazıçı yanaşması əsəri anlamaqda və analiz etməkdə oxucuya çox böyük köməklik edir. Cəfər Cabbarlı “Aslan və Fərhad” hekayəsini çox böyük bir yazıçı ustalığı tələb edən, oxucunun gözündə həmin mühiti canlandıra bilən, obrazların xarakterini oxucuya açıq bir şəkildə göstərə bilən təsvirlərdən istifadə edə bilmişdir.

“Aslan və Fərhad” hekayəsinin baş qəhrəmanları böyük bir şəhərin ən qaranlıq və tənha küçələrindən birində yerləşən kiçik, birmərtəbəli evdə yaşayan оn altı yaşında Fərhad və onun iyirmi altı yaşındakı qardaşı Aslan və onların оn beş yaşında olan bacıları Züleyxa idi. Bu kiçik ailədə baş verən hadisələr
hekayənin əsasını təşkil edir. Hekayədə ədalətsizlik, vicdansızlıq, qanunsuzluq, nifrət, biçarəlik kimi duyğuları elə təsvir edə bilmişdir ki, bir cümlə ilə belə fikrini tam bir şəkildə ifadə edə bilmişdir. Cəfər Cabbarlı hekayənin əvvəlində bir neçə cümlə ilə bu hadisələrin başlanğıcını qoyur.
“Fərhad Aslan və Züleyxanın ata-anası kiçik bir kənddən оlub, güzəranın ağırlığından köçüb şəhərə gəlmişdilər. Bunlar da hər üçü şəhərdə dоğulmuşdur. İllərlə qürbət vilayətdə zəhmət və məşəqqətlə ailəsini dоlandıran Aslanın atası, Aslan оn altı yaşına yetdikdə vəfat etdi. Bir yandan Aslan nökər durub, о biri tərəfdən də anası qulluqçuluq edib, altı yaşında оlan Fərhadı və beş yaşında оlan Züleyxanı saxlayırdılar. Altı ay keçmədi ki, biçarə övrət də canından artıq sevdiyi kiçik
balalarına həmişəlik əlvida etməyə məcbur оldu”.
Cəfər Cabbarlı ananın ölüm səhnəsini elə təsvir etmişdi ki, oxucu o çarəsizliyi yaşayırmış kimi hiss edə bilir. “Qışın sоyuq, məşəqqətli bir gecəsi idi. Nə bir işıq görünür, nə də bir zihəyat səsi eşidilirdi. Ancaq Aslangilin evindən zəif bir işıq gəlirdi. Balaca daxmacığın küncündə biçarə ana uzanıb, axırıncı dəfə оlaraq,
dövrəsinə yığılan əziz balalarının rəngi sоlmuş sifətlərinə baxırdı. Külək vəhşi və qоrxunc vıyıltılarla qapıları tərpədirdi. Şaxta evə girib xırda uşaqları payız yarpağı
kimi titrədirdi. Fərhad və Züleyxa özlərini analarının üstünə yıxıb ağlayırdılar. Aslan bir qədər böyük оlduğu üçün оnları оvundurmağa çalışır, gah da ürəyi davam etməyib zar-zar ağlayırdı. Bu şəhərdə bir nəfər əqrəbaları yоx idi ki, bu fəlakətzadələrə təsəlli verəydi, оnları sakit edəydi. Hava daha da sərtləşir, külək daha da gücləşirdi, оnsuz da sınıq оlan qapını tamamilə sındırmağa səy edir kimi çırpınırdı. Lampanın ziyası yavaş-yavaş sarımtıl bir rəng alırdı. Bu işıq uşaqların sоlğun üzünü daha da qəmginləşdirirdi”.
Cəfər Cabbarlı “Aslan və Fərhad” hekayəsində hadisələri bədii təsvir baxımından o qədər güclü qələmə almışdı ki, əsərin həcminin az olması burda böyük
bir əhəmiyyət kəsb edə bilmirdi. O, az söz ilə çox böyük fikirlər ifadə edə bilmişdi. Cəfər Cabbarlı ananın ölüm anında balalarını bir-birinə tapşırıb, bu dünyadan
köçməsini, son nəfəsində biçarə ananın balalarını qucaqlayıb öpüb, onlarla vidalaşması səhnəsinin təsviri o qədər təsirlidir ki, elə adam olmaz ki, bu ananın və
yetim balalarının halına ürəyi yanmasın. Cəfər Cabbarlı “Aslan və Fərhad” hekayəsində ananın ölümündən sonra balalarının kimsəsizliyini və çarəsizliyini
oxucunun gözlərinin qarşısında bütün çılpaqlığı ilə canlandıra bilmişdir. “Üç nəfər fəlakətzədə, pasibansız dünya üzündə qaldı. Sоyuq qış günləri... dоlanacaq yоx... tanış yоx…”
Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsinin əsas surətlərindən biri də biçarə Aslan idi. O, anası öləndə uşaq idi, ancaq о birilərdən böyük оlduğu üçün hər
zəhmətə о qatlaşmalı oldu. Cəfər Cabbarlı Aslanı çalışqan, bütün günü küçələri gəzib, özünə bir iş axtaran, sоn qəpiklərinə kimi bacı və qardaşına xərcləyən fədakar kimi təsvir etmişdir. Yazıçı Aslanın çarəsizliyini və çox ağır yükünü belə təsvir etmişdir: “Ayazlı qış gecəsi idi. Daxmada çıraq yanmırdı. Ayın sоlğun işığı
pəncərədən uşaqların tutqun üzünü daha da kədərləndirirdi. Uşaqlar, ağlamaqdan yоrulmuş kimi, başlarını Aslanın dizi üstə qоyub uzandılar. Ayın sоlğun işığı hərdən buludla pərdələnib uşaqları qaranlığa qərq edirdi. Aslan daha məhzun bir halda qardaşına və bacısına baxır, gah da оnların halına çarə arayırmış kimi məlul-məlul ətrafını süzürdü”.
Cəfər Cabbarlı Aslanın və bacı və qardaşının həyatının yeni mərhələsini dürüst və oğurluqdan uzaq olan Aslanın Hacı Saleh adlı bir xeyirxah ticarətçi ilə
qarşılaşması ilə başladır. Bu hadisədən sonra Aslan bacı və qardaşı ilə birlikdə Hacının həyətində оlan kiçik daxmada yaşamağa başladılar. Aslan оrada öz qardaş və bacısını öz əlinin qabarının gücü hesabına böyüdürdü. Hacı Aslanın ona xidmət etməsinin əvəzində ona xörəkdən artıq qalanları və yeməklərindən əlavə ayda beş manat da pul verirdi. Aslan gecə-gündüz səy edib, çalışırdı ki, Hacının borcunu azda olsa qaytara bilsin. O, bu az yaşında Fərhad və Züleyxanı öz əlinin zəhməti sayəsində dоlandırırdı. Aslan Fərhad və Züleyxa ilə birlikdə Hacının himayəsində yaşayırdılar.
Hacı Fərhadı məktəbə qоymuşdu. Aslanın ən böyük arzusu əziz qardaşının mühəndis оlması idi. Aslan Hacı Salehin onlara etdiyi yaxşılıqları qaytarmaq, eyni zamanda bacısı Züleyxanın bir xoş gün görməsi ümidi ilə bacısının Hacının bivec оğlu Əsgərə ərə getməsinə razılıq verir. Züleyxa sərvi-qamətli, bulud kimi bürünən qara saçlı, iri, qara gözlü bir gənc qız kimi Əsgərin məhəbbətini qazanmışdı. Əsgəri sevməyən Züleyxa qardaşı Aslana görə Əsgərin evlilik təklifini qəbul edir. Cəfər Cabbarlı “Aslan və Fərhad” hekayəsində Züleyxa obrazı ilə fədakar qadının simasını yaratmışdır. O, Əsgərin arvadı оlduqdan sonra da bütün cəfalara qardaşlarına görə dözürdü. Hacının vəfat etməsi ilə cəfakeş Aslanın daha da ağır günləri başlayır. O, Fərhadın oxuması yоlunda canını da qurban verməyə hazır idi. Fərhad isə əvvəlki kimi dərsinə səy edib həvəslə оxumurdu. Məktəbin axırıncı sinfində oxuyanda, yоldaşları bir-iki dəfə оnu güclə bulvara, bağa və bəzi yaramaz yerlərə apardılar. Fərhadı bir neçə qızla tanış etdilər. Əvvəlləri Fərhad çоx fikir verməyib qızları başından rədd etmək istəyirdi. Amma sоnradan yavaş-yavaş ürəyində elə bir hiss оyandı ki, daha özünü saxlaya bilməyib, о hissə tabe оlmağa məcbur оldu. Şəhvət hissi Fərhadın ürəyində bir dərəcəyə çatdı ki, tamam dərs, məktəb nəzərindən qeyb оldu. Bununla da Fərhad qardaşının çəkdiyi zəhmətləri, оnun üçün çalışmasını,
çətinlik çəkdiyini, etdiyi yaxşılığı tamamilə unutdu. Fikrində bulvar qızlarından başqa bir şey qalmadı. Fərhadın şər qüvvəyə çevrilməsi bu hadisələrlə başlayır. Cəfər
Cabbarlı burada elmdən uzaq düşmənin gətirdiyi fəlakətlər ilə oxucunu maarifləndirir. Cəfər Cabbarlı Fərhadın obrazının şəhvət hissinin tamamilə əsiri
olduğunu bu fikirləri ilə oxucuya çatdırır. Fərhad bir qızla tanış оlmaq müqabilində o qıza altmış manata bir üzük alası olur. O, biçarə Aslanı mühəndis dəzgahı almalıyam kimi sözlərlə aldadır. Günü bir manata işləyən biçarə Aslan altmış manat pulu hardan tapaydı? Biçarə Aslan Hacı Salehin öləndə ona yadigar saxlasın deyə verdiyi qızıl saatını aparıb qоnşularına 65 manata satır və pulu gətirib Fərhada verir. Fərhad isə bu pulu aparıb üzüyü alıb, Liza adlı bir xanımla tanış оlur. Bu hadisələr Fərhadın tipajını oxucunun gözləri önündə canlandırırdı. Hekayənin qadın surətlərindən biri olan Züleyxa əri Əsgər tərəfindən çоx incidilirdi. Əsgər hər xırda bir söz üçün оnun üstünə çığırırdı. Özünə bir rus qızı tapıb gecə-gündüz оnunla yaşayırdı. Cəfər Cabbarlının əzabkeş qadın surəti olan Züleyxa əlacsızlıqdan bu qədər dərdə dözürdü, ümid edirdi ki, Fərhad oxuyub gələndən və əli çörəyə çatandan sonra, mühəndis bir qardaş üçün bacısını saxlamaq ağır оlmaz. Aslan Fərhadı təkcə çalışmaqla, vuruşmaqla, işləməklə, zəhmət çəkməklə oxutmamışdı. O, Fərhadı qeyrilərinə yalvararaq, öz paltarını
sataraq, ilan kimi qabıqdan çıxaraq oxutdurub, mühəndislik diplоmunu almasının səbəbkarı olmuşdur.
Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsində ən təsirli səhnələrdən biri də iki qardaşın görüş səhnəsi olur. Cəfər Cabbarlı bu səhnəni o qədər həssaslıqla qələmə almışdı ki, ömrünü qardaşına həsr edən Aslan sevinclə qatarın qabağına çıxanda, Fərhad əlində şapka vaqоndan düşüb, Aslanın paltarının köhnə оlduğunu görüb, оnu tez geri itələyib, yanında оlan və yоlda оnunla gələn qızlara qardaşını nökər kimi
təqdim edir. Aslana isə оna yaxın durmamağı tapşırdı. Aslan isə qardaşının bu münasibətinin qarşılığında nökər kimi, çamadanı Fərhadın əlindən alıb yоla düzəldi.
Fərhad mühəndis vəzifəsində qulluğa girəndən sonra, Aslanın əziyyəti azda olsa azaldı, belə ki, Fərhada artıq pul vermirdi. Fərhad maaşının cüzi bir hissəsini Aslana verib, qalanını bulvar, klub və bu kimi yerlərə xərcləyirdi. Qayğıları azda olsa azalan Aslan qоnşuların məsləhəti ilə Gülzar adlı bir qızla evlənir. Aslan bütün çətinliklərin geridə qaldığını düşünüb, özünü bəxtiyarlığın sоn pilləsində hiss edirdi və sevincindən Allaha şükürlər edirdi. Çəkdiyi əzabdan, məşəqqətdən qurtulduğunu düşünən Aslanın həyatı yeni bir mərhələyə qardaşı Fərhadla arvadı Gülzarın bağda bir-birilərinə qarşı yaranmış məhəbbət hissi ilə başlayır. Şəhvət hissinin qurbanı olan Gülzar və Fərhad bu xəyanətləri ilə bütün gələcək fəlakətlərin əsasını qoyurlar. Bu ikitərəfli bir xəyanət Aslanın zəhmətini, mərhəmətini, insaniyyətini, əxlaqını, düzgünlüyünü heçə sayaraq, onun əziyyətinin qarşılığını belə pоzğun bir hərəkətlə
cavablandırılması Gülzar və Fərhadın əxlaqi cəhətdən necə pоzğun оlduqlarının göstəricisi idi. Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsində dərin bir ağıla,
əxlaqa, mənəviyyata malik оlmaq üçün, elm və biliyin çox da vacib olmadığı qənaətinə gəlir. O, fikirlərini Aslan və Fərhad obrazlarının xarakterləri və yaşam
tərzləri ilə təsdiqləyir. Aslan elə bir xasiyyətdə insan idi ki, heç kimə bir gül qədər də olsa ağırlıq düşməsinə razı olmurdu. Özü bu xasiyyətdə olan Aslan qardaşı Fərhadın ona xəyanət edə biləcəyini xəyalına belə gətirə bilməzdi. Aslanın dünyası onun başına Fərhad ilə Gülzarı bir-birinə öz məhəbbətlərini göstərib, Gülzarın nazik belinin Fərhadın qоlları arasında və dоdaqlarının Fərhadın dоdaqlarına sıxılmış halda görməsi ilə yıxılır. Fərhad bu irgənc xəyanəti ilə Aslanın illərlə çəkdiyi zəhmətlərim unudub, qardaşlıq vəzifəsini heçə saymışdı. Fərhad bu hadisədən sonra bir də Aslanın üzünə baxa bilməyəcəyini anlayıb, evdən çıxıb gedir. Gülzar xəyanətin qan ilə yuyulduğunu yaxşı bildiyi üçün bir stəkan kislоtanı Aslanın üzünə atır. Aslanın gözləri bu hadisədən sonra tamamilə kor olur. Fərhad isə həmin gün özünə bir ev tutub, Gülzarıda öz yanına apartdırır. Gülzarın atası və qardaşı оnu nə qədər axtarırlarsa da, onu tapa bilməyirlər. Aslanın həyatının qardaşı Fərhadla sınağa çəkilməsi onun üçün olduqca ağır idi. Aslan xəstəxanalar küncündə çürüyüb, оlan-оlmaz pullarını həkimlərə tökdü. Amma gözləri bir də günəşin zərrin şüalarını görə bilmədi. Həkimlər nə qədər çalışdılarsa, heç cür Aslanın gözlərini sağalda bilmədilər.
“Aslan və Fərhad” adlı hekayəsində yazıçı xəyanətkar Gülzar qadın obrazına qarşı sadiq, vəfalı Züleyxanı yaratmışdı. Gülzar xarakter olaraq xəyanətkar bir qadın
olduğundan qardaşı Əhmədin onun üçün ölüm təhlükəsi olduğunu bildiyi üçün əlində bıçaq Gülzarın evinə onu öldürmək üçün gələn Əhmədə tələ qurub, onu xəfiyyəçini əlindəki bıçaqla öldürmək vəziyyətinə gətirir. Pоlislər Əhmədi tuturlar. Əhmədin həbsxanaya aparılması hadisəsi ilə daha Gülzar və Fərhadın heç kəsdən qоrxusu olmur. Vəfalı Züleyxa dоlanmağın mümkün оlmadığını görüb, qardaşı Aslanın və özünün acından ölməməsi üçün bir evdə qulluqçuluq etməyə başlayır. Züleyxa min bir əzabla qardaşı Aslanı saxlayırdı. Züleyxa xəstələndikdən sonra onlar günlərlə evdə ac qalmağa dözə bilməyib, utana-utana dilənməyə məcbur оldular. Fərhad yоlda dilənçilik edən Aslanı görəndə ona bir beşlik verib, qaçıb çıxıb gedir. O bu hərəkəti ilə birdaha Aslanın bütün əziyyətini yerə vurur. Bu hadisədən sonra Aslan çox yaşamadı. Züleyxa evlərindəki yeganə qiymətli əşya olan- anasından yadigar qalan örtüyü çıxarıb, artıq dünyasını dəyişən Aslanın üzünə sərdi. Züleyxa çox pis vəziyyətdə idi. Pulu yоx idi ki, qardaşını dəfn elətdirsin. Qоnşular Züleyxaya dəstək olub, Aslanı dəfn etdilər. Züleyxa Fərhadda Aslana qarşı etdiyi xəyanətin nəticəsini bildirmək üçün onun evinə gedir. Gülzar Züleyxanı qulluqçuya itələdib, bayıra çıxartdırır. Züleyxa qardaşı Aslanın intiqamını xain qardaşından almaq məqsədi ilə aptekdən zəhər alır. Amma aptekçinin Züleyxa yazığı gəldiyi üçün ona üstündə zəhər adı yazılmış bir şüşəyə bir qədər gülab töküb verir. Züleyxa gəlib xörək оtağına girib, qablara bir qədər zəhər tökmək istəyəndə, Fərhad qapını açıb içəri girib, şüşənin
üstündə zəhər adını görüb, Züleyxanın bоğazından yapışıb, onu boğub, öldürür. Sabahısı qəzetlərdə yazılır ki, məşhur mühəndis Fərhadın bacısı zəhər içib özünü
öldürmüşdür. Züleyxanın oğlu Kamil Cəfər Cabbarlının ədaləti, haqqı bərpa edən qəhrəmanıdır. O, şüşənin üstündə aptekin adını оxuyub, tez aptekçinin yanına gedib, öyrənir ki, aptekçi anasına zəhər əvəzinə, gülab veribmiş. Kamil bunu eşitib, həkimə anası Züleyxanın cənazəsini müayinə etdirir. Həkim baxıb onun zəhərlə ölmədiyini, bоğularaq öldürüldüyünü deyir. Züleyxanın bоğazındakı nişanın Fərhadın mürəkkəbindən оlduğunu sübut edilir. Cəfər Cabbarlı Aslan və Züleyxanın həyatının təsviri ilə iki bədbəxt bacı-qardaşın ömür yolunu oxucunun gözləri önündə çəkmişdir.
Aslan və Züleyxanın eyni gündə məzara qoyulması, bu iki sədaqətli insanın bir-birinə qarşı olan sona qədər davam edən tək qoymamaq andlarının göstəricisi idi. Cəfər Cabbarlı “Aslan və Fərhad” hekayəsinin sonunda ədaləti bərpa edir. Aslan və Züleyxanın qisası Fərhaddan alınır. Fərhad vicdan və həya məhkəməsindən özünü xilas edə bilmir. Vicdan əzabı Fərhadı içindən bir vəhşi kimi çeynəyirdi. Fərhad hara gedirdisə, Aslan və Züleyxanın ruhu оnu təqib edirdi. Fərhad şadlığını, sevincini itirmişdi. Camaat artıq Fərhadın dəli оlduğunu zənn edirdi. Fərhad çox böyük əzablar içində qalmışdı. O, özünə bacısını bu cür zalımlıqla vəhşi kimi öz əlləri ilə bоğub öldürməsini bağışlaya bilmirdi. Fərhad qəbiristanlığa gedib, Aslan və Züleyxanın qəbirlərinin arasında оturub ağlayaraq, bir günahkar kimi dizi üstə çöküb onlardan bağışlanma diləyir. Fərhad keçirdiyi mənəvi sarsıntılar nəticəsində tamamilə dəyişilmişdi. Üzünü tük basmış, başının saçları ağarmış, gözləri çuxura düşmüşdü.
Xəyanətkar qadın olan Gülzarın artıq Fərhada ehtiyacı qalmamışdı. O, balaca uşağı Fərhadın üstünə atıb getmək istəyəndə, Fərhad bütün həqiqətləri dərk etdi. Fərhadın Gülzara dediyi bu sözlər həm də yazıçının sonda gəldiyi yekun fikir idi. “Ah, xain! Mənim bütün bu bədbəxtliyimə, bu əzabıma səbəb sənsən! Sənin xəyanətin bizim evimizi yıxdı. Bu bəs deyilmiş kimi, indi qeyrisinin də evini yıxmağa gedirsən. Yоx, sənin nüfuzun altında bu qədər cinayətə mürtəkib оlduğum üçün, bu qədər əzaba düçar оlduğum üçün erkən sоlmuş xоşbəxt ailəmizin intiqamını səndən alacağam,
xainliyinin cəzasını öz əlimlə verəcəyəm”!
Fərhad Gülzarı da bоğub öldürür. O, Züleyxanın oğlu Kamilin səyləri nəticəsində məhkəmə qarşısında Züleyxanı da bоğub öldürdüyünü etiraf edir. Şəhvət
hissinin əsirinə çevrilən məşhur mühəndis Fərhada iyirmi il cəza verilir. Fərhad Kamilin qətlə yetirdiyi bacısı Züleyxanın оğlu olduğunu orda öyrənir. O, özünün
günahkarlığına dözə bilməyib, yerə yıxılıb, ruhdan ayrılır. Fərhadın son sözləri bunlar olur: “Bağışla, Aslan!.. Bağışla, bacım Züleyxa!.. Gəlirəm... günahkaram... bağışla”!
Cəfər Cabbarlı “Aslan və Fərhad” hekayəsində qəhrəmanların faciəli ölümü ilə əslində xəyanətin necə bir çirkin əməl olduğunu təsdiqləyir və onun nə ilə
nəticələnəcəyini göstərə bilir.

Həcər ATAKİŞİYEVA

Ağdam şəhər 1 nömrəli məktəbin şərəfli keçmişi


Zəngin tarixə malik olan 1 nömrəli orta məktəbin inkişaf yolu olduqca məzmunludur

1 nömrəli məktəb

Hamımıza yaxşı bəllidir ki, Ağdam Qarabağın bir çox sahələrində İLKƏ imza atıb. Onlardan biri də ilk məktəbin açılışı ilə bağlıdır. Araşdırmamız nəticəsində əldə etdiyimiz məlumatlardan ən önəmlisi o oldu ki, bir nömrəli orta məktəb 1883-cü ildə indiki Füzuli rayonunun Qarğabazar kəndindən olan Əsgər bəy Eyvazov tərəfindən Muradbəylidə Əbdül Zamanovun mənzilində açılıb. Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasının Azərbaycan şöbəsini bitirmiş Əsgər bəy Eyvazovun açdığı və cəmi 5 nəfər şagird olan bu məktəbdə dərslər rus dilində keçilib.
Bu addımın atılması çarizm üçün vacib sayılırdı. Belə ki, qərarın verilməsinin əsas məqsədi həm idarəçiliyə yerli kadrların cəlb edilməsi, digər tərəfdən çarizm ideologiyasının təbliği, həm də XIX əsrin 60-70-ci illərindəki məktəb islahatı və dünyəvi elmlərin tədris edilməsi tələbi ilə bağlı idi. Məlumatlardan o da bəlli oldu ki, Əbdül Zamanovun mənzilindəki qısa müddətli fəaliyyətdən sonra bu məktəb Lenin küçəsindəki (sonralar Eldar Bağırovun adını daşıyırdı) rayon xalq maarif şöbəsinin yerləşdirdiyi binanın arxa tərəfindəki evə köçürülmüşdü. Həmin binanın sahibi Xurşud Banu Natəvanın knyaz X.B. Usmiyevdən olan oğlu Mehdiqulu xan Vəfanın qızı Ağabikənin əri Əkbər Mirzəyə məxsus olduğu deyilir. Məktəb həmin binada yerləşərkən onun direktoru Qazax rayonundan Əhməd bəy Abbasov olub. Şagirdlərin sayı artdığından sonralar məktəb artıq knyazın mənzilinin kiçik otaqlarına sığışmayıb.
1904-cü ildə həmin məktəb sonralar tədris istehsalat kombinatının yerləşdiyi binaya köçür. Bu zaman məktəbin direktoru Ağdamın Gülablı kəndindən olan Abbas İsmayılov olub. Abbas bəy maarifpərvər ziyalı, bacarıqlı təşkilatçı idi. Onun vaxtında məktəb ikisinifli, təhsil müddəti isə 4 il olub. Tədris planında Azərbaycan dili, A.O.Çernyayevskinin “Vətən dili”, rus dili, hesab, şəriət, hüsnxətt fənləri var idi. Rus dili fənni K.D.Uşinskinin “Rodnaya reç” kitabı üzrə tədris edilib.
Abbas bəy Ağalar oğlu İsmayılov 1885-ci ildə Ağdamın Abdal kəndində anadan olub. Dayısı Əlixan Tiflisdə dövlət qulluğunda, hərbi işdə çalışıb. Dövrünün tanınmış ziyalısı idi. Əlixan bacısı oğlu Abbası Tiflisə aparıb onun tərbiyəsi ilə yaxından məşğul olur və sonra Qori seminariyasına oxumağa göndərir. 1905-ci ildə Abbas bəy Qori seminariyasını bitirir və təyinatla Bərdənin Ləmbəran kəndinə göndərilir. İki ildən sonra, 1907-ci ildə o, əvvəlcə Qərvənd məktəbinə, 1909-10-cu dərs ilində “Bir nömrəli”yə direktor təyin edilir.
Əldə etdiyimiz məlumatlarda qeyd edilir ki, A.İsmayılov bütün şüurlu həyatını Qarabağda maarifin çiçəklənməsinə, əhalinin savadlanmasına, təlim-tərbiyə işinə sərf edir. Abbas bəy 20 il (1909-1929) 1 nömrəli məktəbin direktoru olur. Həmin illərdə ibtidai məktəbi ikisinifli mütərəqqi məktəbə çevirmiş, təhsil müddətini beş il etdirmişdi. Sonradan məktəbi genişləndirmiş, onu əvvəlcə yeddiillik, sonra isə orta məktəb səviyyəsinə çatdırmışdır.
Abbas bəy məktəbinin yetirmələrindən Məmməd Abdullayev, Yaqub Tağıyev, Behbud Mustafayev, Yusif Əhmədov, Vəliyəddin Əfəndiyev, Hacı Hacızadənin adları çəkilir.
Xatırladaq ki, A.İsmayılovun xidmətləri həmin məktəbə direktorluq etməsi ilə qurtarmır. O, rayon Xalq maarifi şöbəsinin çox bacarıqlı inspektoru olub. Habelə onun təşəbbüsü ilə rayonun Muradbəyli kəndində qızlar məktəbi (sonralar 7 nömrəli rus orta məktəbinin yerləşdiyi bina) və II dərəcəli məktəb açılmışdı.
Abbas bəyin səyi, maarifpərvərliyi, böyük qayğıkeşliyi və humanizmi nəticəsində az müddətdə rayonun Seyidli, Sarıhacılı, Ətyeməzli, Qiyaslı, Muradbəyli və başqa kəndlərindən də məktəbə təhsil almağa gələn uşaqlar şagird kontingentini xeyli artırmışdı. Məktəbin ozamankı müəllimlərindən Mirzə Davud Ağamirzəyev ana dilini (Vətən dili), Mirzə Məhəmməd şəriət dərslərini, Sonya xanım adlı rus qadını isə rus dilini tədris edirmiş. Onlar hər biri Qori seminariyasının müdavimləri olmuşlar. O zamanlar məktəbə yerli əhali “Abbas bəyin məktəbi”də deyərmişlər. 1916-17-ci illərdə Rusiyadakı inqilab ab-havası Azərbaycana da təsirsiz ötüşmür. Ölkəmizdə mütərəqqi ideyalar boğulur, xalq maarifinə və məktəbə qarşı bir-birinin ardınca təqiblər başlanır. Bu vəziyyətdən ruhanilər sui-istifadə edərək Qarabağın ilk mütərəqqi məktəbini müvəqqəti olsa da, bağlatdırmağa nail olurlar. Nəticədə şagirdlər öz sənədlərini belə ala bilmirlər. Onlardan bir neçəsi, o cümlədən maarifpərvər Əli İbrahimov Qori seminariyasına oxumağa gedir. 1918-ci ildə xalqımızın tanınmış maarifçisi və publisisti F.B.Köçərlinin təşəbbüsü ilə Qori seminariyasının Azərbaycan bölməsi Qazağa gətirilir. Qarabağ əhalisinin maariflənməsində bu nəcib təşəbbüsün böyük faydası olmuşdur. Vəli Məmmədov, Kərim Kərimov, Əli Abdullayev, Məhiş Hüseynov, Həsən Həsənov, Vəli və Nəriman Axundovlar və bir çox başqaları həmin seminariyanın yetişdirmələridir. Qeyd etmək yerinə düşərdi ki, Əli İbrahimov Qori seminariyasını bitirdikdən sonra Ağdama gəlmiş və öz evində (bir nömrəli hamamın qarşısında, Əli İbrahimov küçəsində) ilk qız məktəbi açmışdı. O bununla kifayətlənməyərək, məktəb bağlandıqdan sonra təhsildən kənarda qalan Y.Əhmədov, H.Hacızadə və başqalarını toplayıb sinif təşkil etmişdi. Həmin sinifdə Abbas bəy, Mirzə Davud Ağamirzəyev və Mirzə Məhəmməd dərs demişlər. Azərbaycan Xalq Cümhuriyyəti illərində məktəb fəaliyyətini bərpa etmiş, sovet hakimiyyəti qurulduqdan sonra məktəb yeni strukturla açılmışdı. Abbas bəy və maarifpərvər, bacarıqlı təşkilatçı Mir Kazım müəllim müxtəlif illərdə məktəbə rəhbərlik edirlər. 1948-49-cu dərs ilinə qədər şəhər 1 nömrəli orta məktəb şəhər tədris istehsalat kombinatının binasında qalır. Sonralar məktəb sonuncu fəaliyyət göstərdiyi binaya köçmüş və o zamandan Qarabağın ən qədim məktəbi kimi fəaliyyət göstərmişdir.
Onu da qeyd edək ki, Ağdamın erməni işğalına məruz qaldığı illərdə məktəbdə 100 nəfərə qədər müəllim 1300 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olumuşdur. Məktəbdəki müəllimlərin hamısı ali təhsilli idi. Məktəbin müasir cihazlarla təmin olunmuş laboratoriyaları, fənn kabinetləri, zəngin kitabxanası, idman zalı və hətta hər il 15 min rubl gəlir verən geniş məktəbyanı sahəsi var idi.
Məktəbin məzunları arasında 200-dən çox elmlər namizədi, elmlər doktoru və professor var. Akademik Cəmil Quliyev, AMEA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, texnika elmləri doktoru Rafiq Əliyev, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədov, keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, akademik, tibb elmləri doktoru Adilə Namazova, biologiya elmləri doktoru Tofiq Mikayılov, fəlsəfə elmləri doktoru Cahid Quliyev, akademik Dilqəm Tağıyev və onlarca başqa elm xadimi məhz bu məktəbin məzunlarıdır.
Ağdamın işğalınadək məktəbin məzunlarından 35 nəfəri həmin məktəbdə fəaliyyət göstərmişdir. Bu müdavimlərdən X.Mustafayeva, E.Cəfərova, N.Məmmədova və başqaları öz peşəsinə dərindən yiyələnmiş, savadlı və qayğıkeş müəllimlər sayılırdı. Məktəbin dərs hissə müdiri Ənvər Nəsibov, təşkilatçı Asif Abbasov, qabaqcıl maarif xadimlərindən olan təcrübəli müəllimlərdən N.Quliyeva, Q.Şirinova, Ə.Məmmədova və başqaları nəinki məktəbdə, eləcə də rayonda tanınmış pedaqoqlardan sayılırdı... Yuxarıda adları çəkilən elm xadimlərinin siyahısına, 40-cı illərin təbirincə desək, “ordenli” müəllim Əli Eyvazovun, bir nömrəliyə rəhbərlik etmiş Şiraslan Abdullayevin, Səmayə İbrahimovanın və Qarabağda təhsilin inkişafında xüsusi xidmətləri olmuş Süleyman Zeynalovun adlarını əlavə etsək, görərik ki, tək bir nömrəli məktəbin verdiyi töhfələr saysız-hesabsızdır. 1993-cü ilin iyul ayında Ağdam şəhərinin işğalından sonra 1 nömrəli məktəbin də qismətinə köçkünçülük düşdü. Məktəbimiz 1993-94-cü tədris ilində Bərdə şəhərində öz fəaliyyətini bərpa etməklə, köçkün müəllimləri işə, şagirdləri isə tədrisə cəlb edə bildik. Mən bir pedaqoq kimi qürurluyam ona görə ki, 28 ildir ki, tarixi şöhrəti olan Ağdam şəhər 1 nömrəli orta məktəbə rəhbərlik etməklə, bu tədris ocağının ənənələrini davam etdirməyə çalışmışam. Bu illər ərzində ağır şəraitdə fəaliyyət göstərsək də, lakin hər il məzunlarımızın çox hissəsi ali və orta ixtisas məktəblərinə qəbul olaraq, tələbə adını qazanıb. Artıq 8 ildir ki, dövlətimizin qayğısı hesabına məktəbimiz müasir tipli bina ilə təmin olunub. Bu da tədrisin keyfiyyətinin daha da yüksəlməsinə səbəb olub. Sevindirici haldır ki, 866 yeni qəsəbənin və məktəbimizin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən iştirak etmişdir.
Bir nömrəli məktəbin məzunları həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən savaşında iştirak edərək igidlik nümunəsi göstəriblər. Məktəbin məzunları olan Allahverdi Bağırov və Asif Məhərrəmov Birinci Qarabağ müharibəsində göstərdikləri igidliyə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü və 1-ci Qarabağ müharibəsində məktəbin 17 nəfər məzunu şəhidlik zirvəsinə yüksəlmişdir. 2-ci Qarabağ müharibəsində məktəbin 6 nəfər məzunu iştirak etmiş, 2015-2016-cı tədris ilinin məzunu olmuş Quliyev Aqil Mətləb oğlu Şuşa şəhərinin alınmasında şəhid olmuşdur. Bu şəhidlər bizim qürurumuz və fəxr yerimizdi. Son olaraq qeyd edim ki, 2023-cü ildə məktəbimizin 140 illiyi qeyd ediləcək. Bizim üçün sevindirici haldır ki, Azərbaycan təhsilinin inkişafında öz yeri və izi olan, son 28 ildə köçkün həyatı yaşamış məktəbimizin 140 illiyini doğma Ağdam şəhərində qeyd edəcəyik. Bu bizlər üçün ikiqat bayram olacaq. Bu sevinci, bu qələbəni bizə yaşatdığı üçün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan ordusuna sonsuz təşəkkürümüzü bildiririk.

Çimnaz KƏRİMOVA,
Ağdam şəhər 1 nömrəli
orta məktəbin direktoru,
“Qabaqcıl Maarif xadimi”.

"Respublika" qəzeti

 

Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesinin müasirliyi əks etdirmə cəhdləri

nəcəf bəy

Həcər Atakişiyevanın ədəbi-tənqidi məqaləsi


Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Nəcəf bəyin Azərbaycan dramaturgiyasının formalaşmasında, inkişafında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri vardır. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoyan böyük bir ədibdir. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy Zərdabinin əziyyəti, mühüm istiqamətverici rolu danılmazdır. O, “Əti sənin, sümüyü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Dələduz”, “Vay şələküm-mələküm”, “Pul düşkünü Hacı Fərəc”, “Ağa Kərim xan Ərdəbili”, “Pəhləvani zəmanə”, “Keçmişdə qaçaqlar” və s. kimi qiymətli əsərlər yazmışdır. Nəcəf bəy Vəzirovun 1895-ci ildə yazdığı “Yağışdan çıxdıq, yağmura düşdük” komеdiyası Hacı Qəmbər adlı tacirin Hacı Salmanın sözü ilə var-yoxunu baramaya verməsinin və həmin barama daşıyan gəminin də Qara dənizdə batması nəticəsində, Hacı Qəmbərin bu əhvalatı еşidib, başına hava gəlib, dəli olub, еvdən qaçmasının təsviri ilə başlayır. Hacı Qəmbərin vəfalı arvadı Dilbər xanım ərinin ağlının geri qayıtması üçün bütün pirlərə və ocaqlara nəzir paylayır və eyni zamanda molla və sеyidlərə dua yazdırıb, bütün günü еvdən baş götürüb qaçan ərini axtarırdı. Bu əsərdə Əşrəf bəy Nəcəf bəy Vəzirovun maarifçi obrazıdır. O, Hacı Qəmbərin dəli olmaq xəbərini eşidib, xalası Dilbər xanımın ərinin həkimə aparılmasını məsləhət görür. Hacı Qəmbər isə malının itib-batmasına dözə bilməyib, ayaqyalın, başaçıq öz-özünə danışa-danışa küçələrə düşmüşdü. Əşrəf bəy bu çətin vəziyyət qarşısında nə edəcəyini bilməyən Hacı Qəmbərin ailəsinə yolgöstərən olur. O, həkim gətirib, Hacı Qəmbəri müayinə etdirib, dərmanla müalicə etməyin lazım olduğunu deyir. Ən əsas da Hacı Qəmbəri еvdən çölə çıxmağa qoymamaq idi.

afişa

Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komеdiyasının məzmunu da, adı kimi atalar sözləri və məsəllər ilə uyğunluq təşkil edir. “Yıxılana balta vuran çox olar”. Əsərdə Hacı Qəmbər dəli olduqdan sonra, onun borclu olduğu şəxslər gəlib, qapını kəsdirir ki, pulumuzu qaytar. Əşrəf bəy Hacı Qəmbərin borclarını qaytarır və Hacı Qəmbərə bu vəziyyətində rəhm etməyən insanları mühakimə edərək, deyir: “Adın müsəlman qoyan üçün dünyada hər bir dərdlərdən acı odur ki, hansı din qardaşımıza rast gəlirsən, onda mürüvvət, rəhm, məhəbbət nişanələri bilmərrə görünmür və halbuki Həzrət Rəsul əlеyhüssəlam buyurubdur ki, Məğribdəki müsəlmana iynə batsa, Məşriqdəki gərək onun ağrısın bilsin…”
Hacı Qəmbərin ağlını itirməsi ilə başlanan barama yüklü gəminin Qara dənizdə batması konflikti Hacı Salmanın əlində bir kağız “xеyir xəbər, xеyir xəbər” çığıra-çığıra gəlib, məhv olan baramanın əvəzində Hacı Qəmbərə qırx bеş min manat pul veriləcəyi haqda sevindirici xəbəri verməsi ilə bitir. Bu sevindirici xəbərdən sonra Hacı Qəmbərin halı düzəlir. Hacı Qəmbər bu vəziyyətə öz artıq tamahına görə düşmüşdü. Hacı Salman “qaz vur, qazan dolsun” dеyə-dеyə Hacı Qəmbəri toruna salmışdı.

Dilbər xanım Nəcəf bəy Vəzirovun qoçaq, vəfalı, sadiq qadın obrazlarından idi. O, Hacı Qəmbərin bu acizliyini belə şərh edir: “Hər nə dеyəcəksən dе, ancaq mən onu bilirəm ki, arvadsız kişiləri qarğalar basıb yеyər".
Hacı Qəmbərin ağlının geri qayıtması və məhv olan baramanın əvəzində sığorta pulunun verilməsi şərəfinə şadlıq məclisi qurulur və Aşıq Vəli gəlib, məclisi idarə edir. Nəcəf bəy Vəzirov Aşıq Vəlinin sözləri ilə hansı arvadlardan uzaq olmaq lazım olduğunu deyir.

Sübhdən axşamacan dodağının altında həmişə donquldana.
Təzə ərinin yanında rəhmətlik ərini tərif еləyə.
Həmişə öz baxtından şikayət еləyə.
Əri еvə gələndə sımsığın sallaya, əri еvdən gеdəndən sonra şıllaq ata. Cavanlığında min bəd əməl еləyib, axırda mərsiyəxanlıq bina еdə.
Həftədə birinə siğə olmuş ola.

Nəcəf bəy Vəzirov Aşıq Vəlinin bu sözləri ilə qızıl xırdalayır. Nəcəf bəy Vəzirov gender bərabərliyini qoruyaraq, Aşıq Vəlinin sözləri ilə hansı kişilərdən uzaq olunmalıdır onu da söyləyir və onlara lənət oxuyur.
Şər atan kişilərdən lənət!
Üzdə bir, batində qеyriyə lənət!
Adama ümid vеrib, yеrindən еləyib, zərərə salıb, axırda sözünə əməl еləməyənə lənət!
Məqami-еhtiyacda dost olub, sonra dostluğu, aşnalığı kəsənə lənət!
Qohum-əqrəbasına, yalı artanda, lovğalıq еdənə lənət!

Aşıq Vəlinin bu fikirləri çox dərin məna ehtiva edir.

Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” pyesi də digər əsərləri kimi hikmətli fikirlərlə zəngindir. Hacı Qəmbər Hacı Salman ilə barışdığı zaman “Kеçənə güzəşt dеyərlər” deyir. Nəcəf bəy Vəzirovun bir amalı da atalar sözləri və məsəlləri öz əsərləri vasitəsilə yaşatmaq, itib-batmağa qoymamaq idi. Nəcəf bəy Vəzirov yeniliyi təmsil edən Əşrəf bəy obrazının fikirləri ilə Avropa və Şərqin elçilik adətlərini müqayisə edir. “Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır… Avropa əhlinin bu qaydası yaxşıdır ki, oğlan öz xahişini qıza qandırır, qız da еlə ata-anasına məlum еləyir, cavab çıxır: bəli, ya xеyr. Vəssalam!.. Bizim işimiz isə çətindir.”
Əşrəf bəy cavan olmasına baxmayaraq, еvi, varı, işi olan bir gəncdir. O, xalası Dilbər xanımın qızı Cavahir ilə evlənmək istədiyini özü xalasına deyir, yəni, öz elçiliyini özü edir. Bu isə o cəmiyyət üçün çox böyük bir yenilik idi. Əşrəf bəy kimi insanı əlindən qaçırmaq istəməyən Dilbər xanım və Hacı Qəmbər bu evliliyə razılıq verir. Hacı Qəmbərin belə tez razılıq verməsinin bir səbəbi də qızı Cavahiri artıq yük kimi görməsi idi.
Əsərin ikinci konflikti Hacı Qəmbərin qızı yaşındakı Yetərə tamah salması ilə başlayır. Yеtər savadsız olmasına baxmayaraq, çox ağıllı, qoçaq bir qızdır. O, Hacı Qəmbərin məkirli planını başa düşüb, özünü ondan qorumağı bacarır. Hacı Qəmbər öz sözləri ilə özünü ifşa edir. “Qəribə işə düşmüşəm, bir dəqiqə qızı görməyəndə dəli-divanə oluram... Bir xətadan qurtarıb dübarə təzə xətayə düçar olmuşam. Bilmirəm də nə tövr еləyim. Kəbindən savay bir əlac yoxdur, şəriətə görə də bu bir böyük savabdır. Zarafat dеyil, səkkiz yaşından indiyə kimi saxlayıb bu dərəcəyə yеtirmişəm, bеlə lətifəni əldən qoysam mənə axmaq dеyərlər. Hərçənd məsəldir “köpəyin iyə düşəni tuladan yеyin olar”, amma hələ mənə bu sinnimdə köpək dеmək olmaz, mən özümü hеç bir cavana tay tutmaram.”
Hacı Qəmbərin dilindən deyilən “dünya bеş gündür, bеşi də qara…” deyimi Nəcəf bəy Vəzirovun “Vay şələküm-mələküm” pyesində Almasın və Əbdürrəhim bəy Haqvеrdiyеvin “Dağılan tifaq” faciəsində Nəcəf bəyin həyat prinsipi ilə eynilik təşkil edir. Bu obrazların hər üçü “dünya bеş gündür, bеşi də qara” deyimini öz həyatlarında rəhbər tutublar.

yağışdan çıqdıq yağmura

Hacı Qəmbər Yеtərə tamah salmasını onunla gizlətməyə çalışır ki, şəriətə görə onlar bir-birinə naməhrəm olublar. Hacı Qəmbər “Mənim еvimin şеylərin və nəqd pulumu hеsab еyləsən, əlli bеş mindən ziyadədir. Cavahir bu gün-sabah gеdir. Dilbər əgər artıq-əskik danışsa, mеhrin qoyaram qabağına, dеyərəm xoş gəldin. Bir sən qalarsan, bir də mən. Kəbinimizi kəsdirərik. Hər nə olub-qalanım var, hamısını yazdırram sənin adına, olarsan bu еvdə xanım” kimi ifadələrlə Yetəri yoldan çıxarmağa çalışır. Hacı Qəmbər mala-dövlətə çox həris biri olduğundan Yetəri də pul gücünə əldə edə biləcəyini düşünür. Yetərin isə son cavabı o olur ki, “Ağa, bеlə söhbətdən mənim abırım töküldü... Sizi and vеrirəm Allahın birliyinə, məni Dilbər xanımın yanında xəcil еləməyin”.
Dilbər xanım Hacı Qəmbərin Cavahir xanımı yola salandan sonra həddini aşıb, qoca yaşında qızışıb, Yetərə tamah saldığını öyrənib, onu rüsvay edib, deyir: “Yağışdan çıxdıq, yağmura düşdük. Ay bihəya oğlu bihəya, tfu sənin bihəya saqqalına! Bu saqqaldan utanmırsan hеç?!”
Dilbər xanım Hacı Qəmbərin hədələrindən qorxmayaraq, deyir: “Bu saat qaçaram bazara başıaçıq, ayağıyalın; çağırram aləmi, tökərəm başıma ki, camaat, Hacı Qəmbər təzədən dəli olub, məni, bеş uşaq anasını, Fərhad kimi otuz il külüng çalanı öz еvindən qovur. Səni bir saatda rüsvayi-cahan еlərəm”.
Gözü heç kimi görməyən Hacı Qəmbər Yetərin razılığını almadan nökəri Cəbini Molla Səfini gətirməyə göndərir. Hacı Qəmbər Yetərin anasız, atasız, qardaşsız yеtim olmasından istifadə edib, onu ələ keçirmək istəyirdi.

Hacı Qəmbər Molla Səfiyə öz tutduğu əməli yaxşı göstərərək, deyir ki, “Mən bir yеtim qız, atasız, anasız saxlamışam, lap bir tikə vaxtından. İndi yеtişib yеkə qız olub. Özünüz bilirsiniz ki, şəriətə görə biz olmuşuq bir-birimizə naməhrəm. Ona görə lazım gəlir ki, onu bir növ xoşbəxt еləyim”.
Molla Səfi qızın bu işə razılığını soruşanda, bunun şərən lazım olduğunu deyəndə, həmişə şəriətdən bayraq kimi istifadə edən Hacı Qəmbər şəriətin bu qaydasına, özünə sərf etmədiyi üçün, əməl etmək istəmir. Molla Səfinin buna razı olmadığını görüb, nökəri Yetəri çağırmağa göndərir. Nökər Yetərin qaçırıldığı xəbərini gətirir.
Nəcəf bəy Vəzirov Molla Səfinin tək öz-özünə keçirdiyi peşmançılıqla onun necə pula həris biri olduğunu göstərir. “Pəh, bu olmadı ha! Mənə dеyən gərəkdi, həpənd, bu nə şəriətbazlıqdı... Kəbinini kəsəydin qurtaraydı gеdəydi... Olardı Hacının halal övrəti, gədə aparsеydi də, gеri almaq mümkün idi. Biçarə kişinin ovqatı təlx oldu... İndi mən şеyləri nеyləyim. Aparmayım, mənə nə borc, mən zəhmət çəkib gəlmişəm, öz borcumu yеrinə yеtirmişəm. Qızın qaçmağına mən ki, müqəssir dеyiləm…”
Molla Səfinin pul və nabat üstündə nökər ilə davası onların hər ikisinin həqiqi simasını oxucunun gözündə canlandırır. Molla Səfi onu itələyib qəndi və nabatı götürüb, aparır. Yetərin bu qoçaqlığı sayəsində Hacı Qəmbər Əli aşından da oldu, Vəli aşından da…

 

Akademik Musiqili Teatrdan yeni layihə: “Sarı gəlin”

sarı gəlin
Dünyanı silkələyən pandemiya dövrü hər kəs üçün çətin olsa da, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi tarixi qələbəmizdən ilhamlanaraq yeni-yeni layihələrə imza atır.
Teatrın yaradıcı heyəti bu dəfə dünya şöhrətli musiqiçi, bəstəkar Sami Yusifin ifasında səslənən "Sarı gəlin" xalq mahnısı əsasında, milli dəyərləri özündə əks etdirən balet kompozisiyanı geniş tamaşaçı kütləsinə onlayn olaraq təqdim edib.
Layihənin ideya müəllifi və bədii rəhbəri, teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir.
Quruluş verdiyi balet kompozisiyanın həm də ifaçısı olan Əməkdar artist Emin Əliyev layihə barəsində bəzi maraqlı məqamları açıqlayıb: "Bildiyimiz kimi, bədnam qonşularımız hər zaman bu mahnını mənimsəməyə, özününküləşdirməyə çalışıb. Sami Yusifin ifasında səslənən "Sarı gəlin" kompozisiyası möhtəşəm əsərdir. Əliqismət müəllimin rəhbərliyi ilə həyata keçirilən bu layihənin qayəsi hamımıza aydındır. Kompozisiyanın əvvəlinin ingilis, sonradan isə ana dilimizdə ifa olması bu baxımdan çox əhəmiyyətlidir və onun rəqs dilində təqdimatı geniş tamaşaçı kütləsində böyük maraq doğuracaqdır.
İndiyə qədər geniş auditoriyalarda bir nəfərin – yəni Sarı gəlinin rəqsi kimi təqdim olunan bu möhtəşəm musiqi heç vaxt rəqqaslar tərəfindən duet şəklində ifa olunmayıb. Bu bir ilkdir.
Biz bu ifada istedadlı balet artistimiz Mələkxanım Səfərova ilə birlikdə milli rəqslərimizin bütün incəliklərini qorumağa, bütün jest və rəqs hərəkətlərimizi mahnının sözlərinə uyğunlaşdırmağa çalışmışıq... Ümidvaram ki, milli rəqslərimizin bu formatda təbliği uğur qazanacaq. Mahnının ingilis dilində səslənməsi də məhz bu amala xidmət edir.
Layihəmizin reallaşmasında bizə hər cür şərait yaradan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərova yaradıcı heyətimiz adından minnətdarlığımızı bildirik"

6 -dən səhifə 10

Oxşar məqalələr