Real hadisələr fonunda möhtəşəm və iztirablı talelər toplusu
Jurnalist-tədqiqatçı Vasif Quliyevin yeni kitabı Azərbaycanın Qarabağ bölgəsinin şan-şöhrətli Mehmandarovlar ailəsinin keşməkeşli, amma tariximiz və millətimiz üçün nümunəvi həyatının təsvirinə, təhlilinə və tərənnümünə həsr olunub. Bəli, faktlar həyatda baş vermiş hadisələri əks etdirir. Amma yazarın təhkiyəsində və ifadə üslubunda bir ailənin qələmə alınan 150 illik yaşam tərzi dramatik roman təsiri bağışlayır. Şuşaya, Qarabağın mədəni həyatına və bu diyarda maarifin, incəsənətin inkişafına dair indiyədək onlarla kitab yazmış təcrübəli jurnalist Vasif Quliyev bu sonuncu əsərində də Azərbaycan oxucusunun Qarabağ sarıdan yaralı qəlbinə məlhəm olan, xarici oxucuya isə zəngin təəssürat bəxş edən gözəl salnamə yaradıb.
Azərbaycanın Qarabağ diyarının və eyni zamanda millətimizin və xalqımızın formalaşıb tarix səhnəsinə çıxmasında Cavanşirlər nəslinin xidmətləri danılmazdır. Mehmandarovlar ailəsi bu nəslin ən görkəmli qollarından biridir. Kitabın “Mehmandarovlar” adlandırılması da bu təkzibolunmaz tarixi fakta söykənir. Azərbaycan tarixinin XVII-XVIII əsrlər dövrü millətlərin təmərküşləşməsi fonunda feodal dövlətlərin yaranmasını ehtiva edir. Həmin dövrdə Cavanşirlərin ən qüdrətli nümayəndəsi Pənahəli xanın yaratdığı Qarabağ feodal dövlətinin çiçəklənməsi siyasətin, iqtisadiyyatın, incəsənətin və kübar ailə sülalələrinin intibahına rəvac verir. Mehmandarovlar sülaləsi məhz bu oyanmanın meyvəsidir.
Tarixçilər göstərir ki, Qarabağ xanlığı dövlətçilik strukturunun qurulması baxımından xeyli irəli getmişdi. Xan sarayının işçi kontingenti əhalinin idarə edilməsi, regional və beynəlxalq münasibətlərin təşəkkülü sahəsində xüsusi qaydaların mənimsənilməsi sayəsində öz ədəb-ərkanı, məsuliyyəti, intizamlılığı və nəzakətliliyi ilə seçilirdi. Xanlığın qonaqlarının, gələn elçilərin qarşılanaraq yerləşdirilməsi, Xanın qəbuluna hazırlanması və icrası ilə məşğul olan Mirzə Əli bəy adlı şəxsin işgüzarlığı ilə Qarabağ feodal dövlətinin mehmannəvazlıq etiketi xüsusi mərtəbəyə qalxmışdı. Bu şəxsin sənəti “mehmandar” adlanırdı. Mehmandarov soyadı da bu sənətdən qaynaqlanır. Kitabda ailənin təşəkkül tarixi bütün cizgiləri ilə aydın şəkildə sadalanır və oxucuya maraqlı təhkiyə ilə söylənilir.
Müəllif həqiqətən olduqca böyük iş həcmini yerinə yetirib. Amma kitabın vərəqlərini oxuyub başa çatdıqca aydın olur ki, onun çəkdiyi zəhmət hədər getməyib. Vasif Quliyevin zəhməti sayəsində biz təkcə Mehmandarovlar ailəsinin yox, bu ailənin simasında Qarabağın, Xanlığın paytaxtı Şuşa şəhərinin, eyni zamanda müstəqillik uğrunda xalqımızın apardığı mübarizənin ən qanlı-qadalı və şanlı səhifələrinin yeni sətirləri ilə tanış oluruq.
Mehmandarovlar arasında ömrünü xalqın maariflənməsinə, yurdumuzun abadlaşmasına, əhalinin sağlamlığının qorunmasına, mədəni irsimizin inkişafına, dünyanın hərb sənətinə zəngin töhfələr bəxş edən onlarla görkəmli şəxsiyyət yetişib. Kitabda Mirzə Həsən bəy, Sadıq bəy, Qasım bəy, Əbdülkərim bəy, Səməd bəy Mehmandarovların və digərlərinin bu gün də hər kəsə örnək ola biləcək ömür yolları, ictimai-siyasi və əmək fəaliyyətləri ən kiçik nüanslardan tutmuş böyük həqiqətlərə qədər ardıcıllıqla oxucuya çatdırılır.
Kitabın ən güclü məziyyəti odur ki, sənədlərlə isbat olunan tarixi faktlara əsaslanır və bizə yalnız və yalnız həqiqətləri açıb göstərir. Məsələn, Azərbaycanın müstəqilliyi və erməni terrorundan müdafiə tarixində 100 il əvvəl qısa müddətdə yaranıb vuruşan “Difai” partiyası haqda bir çox publisistlər məqalələr yazıb. Təbii ki, həmin yazılarda canını azadlıq yolunda fəda edənlərin qəhrəmanlıq yolu böyük niyyətlərlə tərənnüm olunub. Lakin həmin məqalələrin müəllifləri dərin tədqiqat aparmadan “Difai” təşkilatının Əhməd bəy Ağayev tərəfindən Gəncə şəhərində yarandığını bildiriblər. Tarixi həqiqət isə ondan ibarətdir ki, “Difai” Şuşada yaranıb və ilk şöbələri də Qarabağ bölgəsinin yaşayış məskənlərində təşkil olunub. Qarabağdan kənarda isə ilk dəfə Gəncədə təşkilatın şöbəsi fəaliyyətə başlayıb.
Kitabda bugünümüzlə səsləşən kifayət qədər tarixi faktlara rast gəlirik. 1905-1907-ci illərdə erməni-müsəlman davasını təşkil edən Rusiya imperiyası erməniləri hər cəhətdən dəstəkləyirdi. Buna görə də istibdada və erməni terroruna qarşı vuruşmağı bacaran bir təşkilata zərurət yaranmışdı. Bu ehtiyacı ödəmək üçün həyatını millətinin istiqlalına həsr edən Əhməd bəy Ağayev özündə böyük cəsarət taparaq işə başlayır. 1906-cı ilin avqustunda o, Şuşada milli ziyalılarımızın toplantısını təşkil edir və deyir: “Biz indiyə qədər rus hökumətinə sadiq olmuşuq. Bu sədaqətin, etibarın əvəzinə isə general Qoloşapov başda olmaqla ruslar erməni daşnakları ilə birləşib, bizə qarşı çıxdılar. Evlərimizi, məscidlərimizi dağıtdılar, şahzadələrin imarətlərini yandırdılar və bizim saray incilərimizi məhv etdilər, minlərlə müsəlmanı ac-susuz qoydular”. Elə bu toplantıda da “Difai”nin əsası qoyulur və azərbaycanlıların müdafiəsi təşkil olunmağa başlayır. Kitabda “Difai”nin möhtəşəm fəaliyyəti tarixi ştrixlərlə dəqiq təsvir edilir.
“Mehmandarovlar” əsəri vahid süjet əsasında nəsillərin bir-birini əvəzlənməsini təsvir etməklə bugünümüzə qədər baş verən hadisələri əks etdirir. Faktları təhlil edərkən 100 il əvvəlin məşhur “İrşad”, “Kaspi” kimi qəzetlərindən iqtibaslara istinadla jurnalistik mənbələrdən istifadə edilməsi tariximizin yazılmasında mətbuatımızın önəmli roluna nümunədir. Cəlil Məmmədquluzadənin, Mehmandarovlarla yaxın qohum olan Həmidə xanım Cavanşirin, o cümlədən kitabın həsr edildiyi böyük ailə üzvlərinin publisistik fəaliyyətlərinin işıqlandırılması bu əsərin mətbuatımızın 145 illik yubileyinə sanballı hədiyyə olmasını ehtiva edir.
Həyatın enişli-yoxuşlu yollarının çətin məqamlarında şəxsiyyətin psixoloji-dramatik halının bədii dillə tərənnümü, “Mehmandarovlar” əsərini oxucunun qəlbunə təlqin edən ədəbi məziyyətdir. Vasif Quliyev hələlik sonuncu olan bu kitabında elə bir tarixi-ədəbi irsi milli-mədəni sərvətimizə çevirib ki, onun mükəmməlliyini bir məqaləyə sıxışdırmaq çətindir. Buna görə də “Mehmandarov”ları oxumaq və öyrənmək vacibdir. Yalnız bu yolla oxucu bu kitabı milli informativ məlumat bazasının bəzəyinə çevirə bilər. Yeri gəlmişkən, kitab Azərbaycan və rus dillərində ayrı-ayrılıqda nəşr olunub. Bu da onun beynəlxalq elmi-ədəbi fikrin diqqətini cəlb etməsinə imkan yaradır.
Novruz NOVRUZOV