AXTAR

Mənasızlıq sindromuna bələnən televerilişlər

Reklamlar televiziyanın arxasınca qaçmaqdansa, televiziyalar reklamların arxasınca qaçır

teleekran

Cəmiyyətimizin mənəvi sifətlərini güzgüdə göstərsələr, onda orada gülməli, ağlamalı, vay-şivənli, söyüşlü məqamların çoxluğundan dəhşətə gəlmək olar. Ən pisi və acınacaqlısı isə televerilişlərimizin mənasızlıq sindromuna bələnməsidir. KİV-in gücü - cəmiyyətin inkişaf tendensiyasının yüksək mənəvi keyfiyyətlərini tamaşaçıya aşılamaqdadır. Mənəviyyatın yüksəkliyi və aşağılığı haqda rəylər auditoriyanın anatomiyası baxımından həmişə nisbi məna daşıya bilər. Ancaq dünyanın humanist-fəlsəfi bölümünün ümumilikdə qəbul etdiyi bir sıra şərtlər var ki, bunları inkar etmək olmur. Bütün verilişləri dünyagörüşümüzdə bir “tamaşa” olan televiziya üçün bu şərtlər personajların, danışıq tərzinin, hərəkətlərin, davranışın, hətta mimik ifadələrin harmonikliyini, plastikliyini, zehniyyətin qəbul etdiyi alilik səviyyəsinin qorunmasını tələb edir. Ola bilsin ki, böyük fransız filosofu Qustav Le Bonun adlandırdığı kimi “şüursuz” olan kütlə bu şərtlərin əhəmiyyətini görə bilməsin. Lakin o, bunları görməsə də instinkt olaraq mütləq onların arxasınca getməyə məcbur olacaq. Televiziyanın da vəzifəsi məhz bu amilə bağlıdır. Bəlkə kimlərəsə bu rəy direktiv göstəriş təsiri bağışlayar, ancaq qətiyyən elə deyil.
Çünki, söhbət verilişlərin mövzusundan, hansı sahəyə aid olmasından yox, aid olduğu hər bir hadisəni real və intellektual səviyyədə tamaşaçıya çatdırmaq problemi barədədir.
Mətbuatda televiziyaların ünvanına nə vaxt tənqid yazılırsa, dərhal pul söhbəti ortaya çıxır. Bəli, bu, böyük problemdir. Amma hər şeyi pulun boynuna atmaq da düzgün deyil. Digər tərəfdən pulu yeganə meyar sayan televiziya sahibindən və ya verilişin prodüserindən soruşmaq lazımdır: əgər pulun yoxdursa, niyə televiziya kanalı açırsan? Yaxud normal verilişin təminatını yarada bilməyən prodüser nə üçün bu işə girişir? Veriliş səviyyəli alınmayıbsa, nə üçün televiziyanın rəhbərliyi onu efirə buraxır?
Deyilən tənqidlər qarşısında tənqidçinin ünvanına dərhal əks sual verilir: əgər veriliş xoşuna gəlmirsə, niyə baxırsan? Yox, baxmırsansa, onda verilişin pis olduğunu hardan bilirsən? Bu isə, sadəcə, söz güləşdirməsidir, tənqidi dinləmək və səhvləri aradan qaldırmaq deyil. Çünki tənqid olunanlar vıziyyəti düzəltməyin ya yolunu bilmirlər, ya da nbunu istəmirlər. Çünki əziyyətə qatlaşmaq fikrindən uzaqdırlar.
Verilişlərə fikir verin: dəvət olunanlar arasında cəmiyyətə nümunə olacaq şəxslər olduqca azdır.
Əsasən çığır-bağır salıb ekranda görünmək xatirinə hər cür lağlağılığı qəbul edənlər mərkəzdə yer alırlar. Yaxud, kim sponsor tapıb pul gətirməyi bacarırsa, o, teletəşkilatın ən hörmətli işçisi, jurnalisti, siması adlandırılır. Halbuki, iki-üç kəlməni efirdə yüksək səviyyədə deməyi bacarmır.
Pul varsa, deməli veriliş əladır, yoxdursa, onda heç nə, bu verilişin “dəyəri” yoxdur.
Buna görə də ən reytinqli verilişlər belə zövqü oxşamır. Zaurun, Elgizin, Xoşqədəmin verilişlərində insanların həyatına təsir edən hadisələr yox deyil. Həm də bu verilişlərin maliyyəsi normaldır. Lakin keyfiyyət sarıdan axsayırlar. Hətta iştirakçı ekspertlərin seçilməsində də nöqsanlar çoxdur. Aydın görünür ki, həmin ekspertləri biliyinə, cəmiyyətdəki yerinə, intellektual səviyyəsinə və təcrübəsinə görə yox, qonorar verməmək üçün necə gəldi, haradan oldu tapıb gətirirlər.
Başqa bir nöqsan odur ki, verilişi hazırlayanlar unudurlar ki, hər necə olsa da, verilişdə tamaşaçı qismində iştirak edəınlər sonra kulisdə baş verənlər haqda dostlarına və onlar da dostlarına danışmaqla hər söhbəti cəmiyyətdə yayırlar. Məsələn, hamı bilir ki, Xoşqədəmin verilişində camaatı təkidlə ağlamağa məcbur edirlər ki, veriliş emosional alınsın. Bu isə istehzadan başqa heç nə deyil.
Telekanallarımızda keyfiyyətin artırılması üçün “az olsun, yaxşı olsun” prinsipi ilə hərəkət etmək gərəkdir. Təbii ki, azad cəmiyyətdə bunu inzibati qaydada həll etmək mümkün deyil.Lakin tələbləri yüksəltməklə məsələnin həllində irəliləyişə nail olmaq olar. Bayağılıqdan qaçmaq, televerilişlərin keyfiyyətini yüksəltmək üçün Azərbaycanda bütün imkanlar var. Maliyyə də, insan resursları da, bacarıq və qabiliyyət də. Çatışmayan prinsiplərdir. Bu isə qəbul edilmiş qaydalara əməl etmək üçün şəxsiyyətin şəxsi mənəvi və iş keyfiyyətlərindən asılıdır.
N.NOVRUZ

 

Oxşar məqalələr