AXTAR

Sevgililər (Hekayə)

Oğlan qızın əlindən tutmuşdu. Getdikcə artan qeyri-adi şirin hərarət bədəninin hər yerinə yayılır, onu məst edirdi. Bu şirinlik onun cəsarətini də artırırdı. İstər-istəməz oğlanın başı qızın boynuna tərəf əyilirdi. Qızın telləri oğlanın üzünə toxunur, onu daha da xoşhallandırırdı.

Birdən oğlan özünü düzəltdi, əlini qızın əlindən çəkdi. Səksəkə ilə fikirləşdi: “Görəsən görmədilər ki...Eh...kim görəcək, onsuz da tamam qaranlıqdır”.

Qəfil yanan işıqdan oğlan diksindi. Utancaq nəzərlərini qızın üzündə gəzdirdi. Qız şəhvət saçan gözlərini ondan yayındırdı. Başını aşağı saldı. Ürəyindən bir söz keçdi: “Fərsiz”.

Bayıra çıxdılar. Sahil bağına qədər heç biri dillənmədi. Hərəsi öz aləmində idi.
Oğlan: Eh...Yenə zəhmətim havayı getdi. Nə kinoya baxa bildim, nə də...
Qız: “Bu da adın oğlan qoyub, amma bir damcı cəsarəti də yoxdur. Görəsən, bu çoxmu davam edəcək”.
Oğlan qıza baxdı. Qız da oğlana. Bir xeyli beləcə baxışdılar. Hər ikisinin qəlbindən sevinc dolu bir fikir keçdi: “O da sevir”.
Dayandılar. Dənizə çatmışdılar. Qürub edən günəşin son şəfəqləri dənizdə əks edir, gümüşü ləpələr rəngbərəng işıqlar saçırdı. Körpə qığıltısını xatırladan oynaq ləpələrin şırıltısı istər-istəməz adamı özünə tabe edir, onu harasa uzaqlara, şirin duyğular aləminə çəkib aparırdı. Qız da, oğlan da dənizin vurğunu idilər. Qız gözlərini bir nöqtəyə zilləyərək nə haqdasa fikirləşirdi... Oğlan isə döyükür, danışmaq istəyir, lakin söz tapa bilmirdi. Birdən yadına düşən bir şerin ilk misrasını bəkdən dedi:
“Dənizi hədiyyə verirəm sənə”. Qız oğlana tərəf döndü. Gülümsədi. Yenidən dənizə baxdı.
-Mən dənizi sevirəm. Sonra qara, utancaq gözlərini oğlana çevirdi: -Sənin də gözlərin dəniz tək mavidir-dedi.

Oğlan özünü itirən kimi oldu. Bədənini tər basdı. Çaş-baş olmuş kimi o tərəf-bu tərəfə baxdı. Güclə özünü toplayıb, funikulyor tərəfi göstərərək:- Gedək- dedi.
Sakitcə addımlayırdılar. Oğlan əlini arxasına qoymuşdu. Kiminsə parka atdığı kibrit qutusunu ayağı ilə vururdu. Qız onun hər bir hərəkətini izləyirdi:
“Bir buna bax. Dünya vecinə deyil. Mən əzab çəkirəm, bu isə... Görəsən oğlan yaransaydım, mən də belə edərdim?” Qızın bu töhmətini eşidirmiş kimi oğlan da özünü danlayırdı:
-“Əşşi əfəlin biriyəm. Əvvəl qız deməz ha, oğlan deyər ki, “ay qız, səni sevirəm!” vəssalam. Görəsən, o qol-qola gedənlərdən birinci hansı ürəyini açıb? -Əlbəttə, oğlan. Bəlkə mən də bu gün deyim.
Oğlan qızın nəzərlərini öz üzərində hiss etdi. Onun baxdığını görəndə qızardı. Elə bildi, qız onun fikirlərindən xəbərdardı. Tez gözlərini ondan yayındırdı.
Gün batırdı. Dənizdən sərin meh əsməyə başlamışdı. Gündüzün istisindən sonra əsən bu meh adama ləzzət verirdi.
Oğlan iri, dairəvi hovuzun içərisindəki abidəni-qılıncını başı üzərində qaldıraraq ağzını ayırmış əjdahanın başına zərbə endirən anda təsvir edilmiş heykəli göstərərək:
-Nizaminin qəhrəmanı “Bəhram Gur”dur, -deyə dilləndi.
Qız sakitcə:- Bilirəm-dedi.
-Nizaminin əsərində göstərilir ki, Bəhram Gur dünyanın yeddi ölkəsinin şahzadə qızı ilə yaşayırmış.
-Çox nahaq. Ağıllı və namuslu adamlara biri də bəs eləyər.
Oğlan daha dinmədi. Fikirlər ondan əl çəkmirdi. Pilləkənlərlə dağüstü parka qalxırdılar. Oğlan fikrini dağıtmaq üçün pillələri saymağa başladı.
-Bir, iki, üç... on üç.
Artıq saymağa hövsələsi çatmadı. Yenidən fikirlərə qərq oldu.
-Nə fikirləşirsən? -qızın sualı onu diksindirdi.
-Heç nə.
-Ola bilməz. Fikirsiz də insan olar?
Bir neçə dəqiqə sakitcə baxandan sonra sakitcə:
-Olar dedi. Düzdür, bu məsələ də bütün hadisələr kimi nisbidir, ancaq hər halda fikirsiz insanlar var. Bilmirəm, Hötenin “Gənc Verterin iztirabları” nı oxumusanmı? Yox! Təəssüf... Orda gözəl fikirlər var.
Verter xoşbəxtlik haqda mühakimə yürüdür. Əvvəl deyir ki, xoşbəxt fikirsiz yaşayanlardır, yəni dünyanı vecinə almayanlar, yaşamağın mənasını yeyib-içməkdə görənlər, bayağı, meşşan həyat sürənlərdir. Sonra isə fikrini dəyişir. Həyatda xoşbəxt o kəsdir ki, daim narahatdır, həmişə nəyinsə, kiminsə haqqında düşünür. Bax, Verter bu insanları “fikirlilər” adlandırır.
-Ay allah, yenə də başladı fəlsəfədən danışmağa. Nə görüb bunda bilmirəm. Gül kimi şerləri qoyub, elə hey fəlsəfədən...-qız üz-gözünü turşutsa da, bunu hiss etdirməməyə çalışdı, başını aşağı dikib, laqeydliklə: Axmaq fəlsəfədir-dedi.
-Nə dedin? Necə... axmaq? -oğlan həyəcanlanmışdı- yüksək ideallarla, ulu duyğularla, az-az adamlarda olan hisslərlə yaşanılan ömür nə vaxtdan axmaqlıq sayılıb?
Qız, oğlanı cırnatdığından məmnun olmuşdu. Oğlanın əl-qolunu ölçərək fikirlərini çılğıncasına izah etməyi qıza çox xoş gəlirdi və belə anlarda qrupdaşına həmişə məftunluqla baxırdı.
-Aaayyy...! kömək e...!-nazik qadın səsilə qəfil çığırtı və sonra onun boğulması hər ikisini diksindirdi. Donuxub qaldılar. Hər ikisinin üzündə qorxu və təlaş vardı. Əvvəl oğlan özünə gəldi, yavaş-yavaş səs gələn tərəfə- sıx ağaclığa doğru addımladı.
Qız həyəcanla:
-Hara gedirsən? Dayan-dedi.
Oğlan qətiyyətlə:
-Yox, kömək etmək lazımdır- dedi və yerindən götürüldü.
Qız o yan-bu yana boylanıb adam axtardı, heç kəsi görməyib oğlanın getdiyi səmtə qaçdı. Ağaclığın ortasındakı kiçik talaya çatanda gözünə ilk sataşan gözləri bərələ donub qalmış gənc qadın oldu. Elə həmin andaca gördüyü mənzərə onu qəlbindən gələn dəhşətli bağırtı ilə irəli atılmağa və oğlanla süpürləşən bir nəfərin onu vurmaq üçün yuxarı qaldırdığı bıçağı tutan əlini qamarlayıb var gücü ilə dişləməyə məcbur etdi. Qız dişləri arasına keçmiş damarı elə sıxdı ki, caninin qolu keyidi və bıçağı əlindən yerə düşdü. O, sol əlilə qızı möhkəm itələdi, ancaq dərhal sağ qolunda kəskin göynərti hiss etdi. Qızın dişləri onun ətini parçalamışdı. Ancaq cani özünə gəlməmiş oğlan onun üstünə cumdu. Soyğunçu, peşəsinə rəğmən sövq-təbii anladı ki, vaxt ötür, belə getsə ilişə bilər. Ona görə də cəld oğlanı özündən aralayıb bir yumruqla yerə sərdi və qaçıb ağacların arasında yox oldu.
Qızla qadının köməyi ilə oğlan ayağa qalxıb üst-başnı çırpdı. İri boyunbağını əlində möhkəm tutan qadın necə təşəkkür edəcəyini bilmirdi:
-Vallah, nə təhər oldu, heç özüm də bilmirəm, elə onu gördüm ki, əlində bıçaq kəsib qabağımı. Çox sağ olun, köməyə gəlməsəydiniz... nə olacaqdı... nə bilim. Allah, sizi xoşbəxt eləsin... Allah, sizi arzunuza çatdırsın. Ömrünüz...
Oğlan qadını eşitmirdi, fikri qızda idi. Baş vermiş hadisə onunçun gözlənilməz idi. Bir də ki, yerə yıxıldığı üçün qızın yanında xəcalət çəkirdi. Ona görə də “bütün bunların borcları olduğunu bildirib”, tələm-tələsik qadından ayrıldı. Qızla birlikdə Nərimanov prospektinə tərəf addımladılar.
Toran qovuşmuşdu. Nədənsə adamlar tək-tük gəlib keçirdi. Oğlan hələ də qızdan nigaran idi, baş vermiş hadisə barədə onun rəyini bilmək istəyirdi. Soyğunçuya düz-əməlli qulaqburması verə bilməməsi onu pərt etmişdi. Bir yol tapıb vəziyyətdən çıxmaqda aciz idi. Ancaq danışmaq istəyir, qızla səmimi söhbətə can atır, lakin gücü yersiz döyükməkdən başqa heç nəyə çatmırdı. Elə buna görə də pərtliyini daha da artıran sözlərin ağzından necə çıxdığından özünün də xəbəri olmadı:
-Gərək idmanla məşğul olam.
Lakin bu sözlər qızı ayıltdı, oğlanın döyükməsinin səbəbini ona anlatdı.
-Ay dəli, gör nəyin dərdini çəkirsən, az qala səni... “öldürmüşdü” deməyə dili gəlmədi. Oğlanı istəklə süzüb qoluna girdi, məhrəmdiklə ona sığındı,- sən yanımdasan, elə bilirəm dünya mənimdir- dedi.
Novruz Novruzov
1985

Oxşar məqalələr