AXTAR

Müəllif gecəsi

(Hekayə)

Telefon zəng çaldı. Kamal yaxınlaşıb dəstəyi götürdü.
-Eşidirəm.
-Salam, Kam, bu mənəm-Natadır. Müsabiqə necə keçdi?
-Əla, hamının xoşuna gəldi.
-Oy, təbrik edirəm, sənin müvəffəqiyyətinə nə qədər şadam! Musiqiçilər kvinteti yaxşı-yaxşı ifa etdilərmi?
-Sağ ol, hər şey yaxşı oldu. Məncə, bu həm də sənin müvəffəqiyyətindir.
-Əgər sən belə hesab edirsənsə, onda mən razıyam. Kam, indi nə işlə məşğulsan?
-Heç nə. Qardaşım gəlib, sadəcə oturub söhbətləşirik.
-Qardaşın? Bəyəm sənin... Ah, bildim, yəqin rayonlu qohumunu deyirsən.
-Hə Nadir. Onun haqqında sənə danışmışdım.
-Hə, yadıma düşür. Di yaxşı, bir daha təbrik edirəm, sabah görüşərik, hələlik.
-Hələlik, sabaha qədər-Kamal xudahafizləşib dəstəyi asdı, Natadır- dedi.
-O da gələcək?- Nadir üzünə təbəssüm ifadəsi verərək, soruşdu.
-Özü istəyir, amma mən bilmirəm neyniyim, qorxuram birdən kişi görər.
-Bəs, konservatoriyada heç rastlaşmırsınız?
-Yox, kişinin iş cədvəlini əzbərləmişik, bilirik nə vaxt görüşürük. Amma kimsə xəbərləyir, ona görə də kişiynən son vaxtlar aramız bir balaca dəyib. O günü Səlimi öyrədib ki, Kamala de hərəkətinə fikir versin, yoxsa ki, qulağıma bəzi sözlər çatır.
-Hə, Camal dayı razılıq verməsə çətin olacaq. Nə isə... Deməli sabah yox, biri gün müəllif gecəsidir. Deyirsən, dirijorluğu da özü edəcək?
-Nə bilim... Deyəsən, cavanlığı yadına düşüb. Anam deyir, a kişi otur yerində, bu yaşda sən nə dirijorluq edəcəksən. Bilirsən, ona olmaz , tez həyəcanlanır. Ancaq deyir siz bilməzsiniz, bu ayrı bir hissdir, ürəyim istəyir. Yox də... biz də başa düşürük, sənətkar öz istəklərində sərbəst olmalıdır, amma hər halda sağlamlığı gözləmək lazımdır. Bilirsən, özü məni qoruyur?
-Hə, bilirəm- Nadir dedi, atadır, ürəyi dözmür, sənə bir şey olsa onun həyatı nə günə düşər, özün bilirsən. Keçən dəfə sizə gələndə bir balaca istiliyin vardı, Camal dayı elə həyəcanla danışdı ki, elə bil dünyanın axırıdı.
-Həmişə belə danışır, uşağam-zadam guya. Biz də ona bir söz deyəndə özündən çıxır.
Nadir astadan güldü:
-Yaxşı, yaxşı atandır, o hardasa haqlıdır, biz düzgün başa düşə bilmirik onu.
Dostlar bir az da gənclik sərgüzəştlərindən danışıb-söhbətləşdilər. Arada Kamalın anası Səmayə xala onları yeməyə dəvət etdi. Bu mehriban qadın Nadiri heç vaxt ac buraxmazdı, həmişə deyərdi ki, Nadir, bala utanma, nə vaxt ac oldun de. Məndən, Camaldan utansan, Kamala de. Amma Səmayə bilirdi ki, Nadir nə qədər ac olsa da bunu boynuna almaz. Nədənsə o düşünürdü ki, Camalın Qarabağdakı qohumlarından olan bu fəhlə oğlan həyatın istisinə-soyuğuna alışmış, bərkdən-boşdan çıxmış, hər işi bacaran adamdır. Buna görə də oğlunun onunla şəhərə çıxmasına (Kamal institut tələbəsi olsa da valideynlərinin ciddi təsiri altında idi) ürəklə icazə verirdi.
Yeməkdən sonra şahmat və nərd oynadılar. Camal dayı da onlarla iki tas nərd atdı, görünür özünün müəllif gecəsi qarşısında əhval-ruhiyyəsini qoruyub saxlamaq istəyirdi. Sonra söhbət hərlənib-fırlanıb müəllif gecəsinin üstünə gəldi. Səmayə xala dedi:
-Camal, bəlkə gülləri Nadirə həvalə edək. Sonra Nadirə tərəf döndü:- Nadir, bala, Camal dayının gecəsində axırda gül buketini ona verə bilərsənmi, belə iri, 25 manatlıq buketi.
Camal da Nadirə baxdı. Gözlərində həsrət qarışıq istəkli bir ifadə vardı. O çox istəyirdi ki, Nadir onun ailəsinə qaynayıb-qarışsın, iş-güclərinə yarasın. Yox, o Nadiri işlətmək, ondan istiafdə etmək fikrində deyildi. Bir ayrı hiss idi onu Nadirə çəkən. Bu gənc oğlanı görəndə böyüyüb boya-başa çatdığı yerlərin ətri gəlirdi burnuna. Oğlu Kamalı onunla tez-tez ürəyində müqaisə edir, həmişə də üstünlüyü Nadirə verirdi. Nadirdə istiqanlılıq, bəlkə də bir az ondan güclü, adamı doğma yurda çəkən nə isə bir hiss, hərəkətlərində, danışığında işlətdiyi kəlmələrdə məhrəmlik vardı.
Professor hərdən Nadirlə iş otağına keçər, uzun müddət söhbət edərdi. Sənətdən, ədəbiyyat və musiqidən, həyatdan, ictimai-siyasi hadisələrdən danışardılar. Hər dəfə də Nadirin çəkinə-çəkinə, amma tam aydın və aramla bildirdiyi cəsarətli fikirləri onda heyrət və inam oyadardı. Məsələn, mahnı janrına az meyl edən və bütün yaradıcılığı boyu cəmisi 5-6 mahnı bəstələyən bəstəkar bir dəfə müasir mahnılar haqqında söz salarkən Nadirin üzündə canlanma əmələ gəldi, gözlərində iti bir parıltı oynadı və “indi milli kökdə vətəndaş mahnılar az yaranır”-dedi. Sakit və inamla deyilmiş bu sözlər professoru həyəcanlandırdı, onda dərin təəssürat yaratdı. Professor güclü hissiyata malik idi və qəlbinin incə tellərini ehtizaza gətirən hər bir sözdən dərin hissiyata qapılırdı. “Milli kökdə vətəndaş vmahnılar çox az yaranır”- bu sözləri eşitcək bəstəkarəın gözləri önündə doğulub boya-başa çatdığı el-oba, qarış-qarış gəzdiyi dağlar, meşələr, daha sonra məhlələrinin camaatı gəlib durdu. Bəstəkar camaatın gözündə “vətəndaş mahnılar az yaranır” -sözlərini oxudu, oxudu bir də, bir də. Qəfil ayağa durub royalın arxasında oturdu. Barmaqları ağ-qara dillərin üzərilə oyan-bu yana gəzişdi. Sonra bir anlıq dayandı və yenidən nizamsız hərəkətə başladı. Barmaqların xaos gəzişmələri royalı dilləndirəndə xalq melodiyaları otağa yayıldı.
İndi müəllif gecəsindən söz düşəndə professor həmin sözləri bir də xatırladı, ürəyində fikirləşdi ki, görəsən Nadir mənim simfoniyalarıma qulaq assa bir şey anlayarmı?
Səmayə xala Nadirdən cavab gözləyirdi. O isə nə cavab verəcəyini bilmirdi. Ömründə səhnəyə çıxıb kiməsə gül verdiyi vaxt olmamışdı. Buna görə də bilmirdi nə cavab versin. Onun tərəddüdünü hamısı başa düşdü. Professor dedi:
-Yox, belə işlərin sərrafı Səlimdir. Sənsə oğul, Kamalla zəngləşərsən, birisigün axşam səkkizdə filarmoniyada olacaq, ora gələrsən. Gəlmək istəyirsənmi?
-Hə, hə, əlbəttə- Nadir tələsik cavabından qızardı.
-Ya evə gəl birlikdə gedək, ya da filarmoniyaya gəl, Kamal səni qarşılayar.
-Mən elə filarmoniyaya gələrəm.
XXX
Filarmoniyanın girəcəyindəki uzun dəhliz boyu bərq vuran çilçıraqlar bayırın soyuğundan büzüşmüş adamlara hərarət paylayırdı. Gecəyə toplaşanlar paltolarını çıxarıb, əlcəklərini və baş örtüklərini paltarsaxlayana verib, işığın daha gur olduğu yerlərə can atırdılar. Qadınların əksəriyyəti zərli paltarlar geyinmişdilər, işığın altında zümrüd quşu tək bərq vururdular. Kişilər də xanımları qədər olmasa da, səliqəli geyinib daranmışdılar.
Nadir vaxta on beş dəqiqə qalmış qapıya yaxınlaşdı. Nəzarətçi qadını görüb sakitcə dayandı. Gözlərilə içəridə Kamalı axtardı. Çox keçmədən Kamal gəlib çıxdı. Nəzarətçiyə dəvətnamə göstərib Nadiri içəri saldı. Onun gözlərində parıltı vardı, üzü gülürdü. Tələm-tələsik Nadirin qulağına pıçıldadı:
-Nata da burdadır, bax, sol tərəfdən üçüncü sütunun yanında iki qız dayanıb, ağ paltarlı odur.
Kamal ondan müsbət rəy gözləyirdi. Amma Nadir heç nə demədi, ürəyində fikirləşdi ki, zalım qızının yiyəsi yoxdu bəyəm, üzə bir belə də ənlik-kirşan sürtmək olar? Yox, deyəsən, Kamalın atılıb-düşməyi havayı söhbətdir. Camal dayı bu işə qol qoymayacaq. Ciddi baxmağından onun fikrini Kamal təxmini anladı və o da fikirləşdi ki, Nadir yaxşı oğlandı, amam heyf ki, rayondandı, geri qalıb.
Salona daxil olanda qabaq cərgədə oturmuş Səlim onlara əl elədi. Onun böyründəki oturacaqda incə zövqlə bağlanmış iri gül dəstəsi vardı. Əl tutanda Səlim Nadiri özünə tərəf çəkdi, marçıltı ilə üzündən öpdü. Nadir də onu öpməli oldu və bərk qızardı. Bu qədər qız-gəlinin içində, oğlanla olsa da öpüşməyi birinci dəfə idi. Ancaq fərqinə vara bilmədi ki, salonda əyləşənlər onlara heç fikir də vermədilər. Sonra Səlim onu orta cərgələrə tərəf çəkdi, öz anası Məxmər xanımla görüşdürdü. Professorun bacı-qardaşları ailələri ilə birlikdə orta cərgələrdə oturmuşdular. Hamısı təbəssümlə Nadirin kefini soruşub, rayondakıları xəbər aldılar. Nadir salonda xeyli tanış üzlər də gördü, onları tanımasa da, Camal dayıgildə və yaxud evlərinin həndəvərində tez-tez rastlaşardı. Parterdə boş yer qalmamışdı, lojalar isə boş idi.
Bəstəkarın sənət dostu Ömər Çinarlı onun yaradıcılıq yolu barədə təmtəraqsız, səmimi sözlər dedi. 10-12 dəqiqəlik nitqində Çinarlı yoldaş bəstəkarın 30 illik yaradıcılığını əhatə edə bildi və axırda da qeyd etdi ki, 60 yaşlı bəstəkarı irəlidə hələ nə qədər uğur gözləyir.
Konfransyenin elanından sonra bəstəkar yüngül addımlarla səhnəyə çıxdı. Salondakıların alqışlarına cavab olaraq gülümsünüb, başını azca əydi. Dərhal da pultun arxasına keçib, dirijor çubuğunu götürdü, bütün diqqətlərini toplayıb onun işarəsini gözləyən orkestr üzvlərini gözlərilə süzdü, başının hərəkətilə başlayıram-deyib əllərilə aşağıdan yuxarıya düz xətt cızdı, sonra yuxarıda kiçik bir dairə, daha sonra aşağı və yuxarıya doğru müxtəlif həndəsi fiqurlar yaratdı. Orkestr dərhal gurladı, müxtəlif milli və avropa musiqi alətlərinin yaratdığı səs-küy bir anda həzin melodiyaya çevrilib axdı, axdıqca da anbaan tamaşaçıların qəlbinə yol tapdı, onları xəyal aləminə çəkib apardı. İlk ifa olunan “Arzular” simfonik poeması imperializmin əzdiyi bir xalqın mübarizəsi haqqında lirik dastan idi. Musiqidə olan güclü emosionallıq, məhrəmlik hamıda xoş duyğular oyatdı. Əsərin ifası bitəndə salonda bir anlıq sükut yarandı. Camaat xəyaldan ayrılmamış qabaq cərgədə çəliyini əlində tutub oturmuş, saçı, qaşlarının və üzünün tükü ağarmış nurani qocanın nəfəsini dərindən çəkib dediyi: “Allah sənə rəhmət eləsin, Üzeyir” nidası salonda dalğalandı. Professor dahi bəstəkardan dərs almışdı. Buna görə də qocanın nidası onun yaradıcılığına verilən qiymət kimi səsləndi. Hərarətlə deyilmiş sözlərə sanki cavab olaraq alqış səsləri salonu bürüdü.
Axırıncı əsərin ifasından sonra tamaşaçılar bəstəkarı bir xeyli səhnədə saxladılar. O, bir az həycanlansa da təmkinini pozmadan gül dəstələrini və təbrikləri qəbul etdi. Alnında, üzündə yumrulanan tər damcıları səhnənin gur işığı altında parıldayırdı. Sonra o, sonuncu dəfə başını əyib, səhnədən çıxdı.
Paltar saxlanan yerdə basabas düşmüşdü. Hamı paltosunu geyinib marşrut avtobuslarının sonuncu reyslərinə çatmaq üçün tələsik adddımlarla qapıya yönəlirdi. Lakin bəstəkarın ən yaxın dost-tanışları, qohumları foyeyə toplaşıb onu gözləyirdilər. Bəstəkar foyedə görünən kimi təzədən təbriklər başladı.
-Pozdravlyayu, otliçno, prosto prelest-bunu uzun saçları olan yaşlı bir bəstəkar dedi.
-Pozdravlyayu, doroqoy moy, otkrovenno qovorya, ya ne jdal takoqo urovnya...-bu sözləri də gülə-gülə Çinarlı dedi.
Nadir bir kənarda dayanıb, şuxluq və təravətli sözlərlə ətirlənmiş bu mənzərəni sakitcə seyr edirdi. O, iki daş arasında qalmışdı. Bilmirdi Camal dayını necə təbrik eləsin. Ürəyində sözləri götür-qoy edirdi. Rusca bilmirdi. Amma ətrafdakı adamların hamısı rusca danışdığından qeyri-iradi təbrikini rus dilində demək istəyirdi. “Pozdravlyat tebya, dyadya Camal, jelat vam... ha çalışdı arxasını düzəldə bilmədi. Əvəzində ürəyində bir arzu baş qaldırdı, qaçıb burdan uzaqlaşmaq. Filarmoniyanın gur işıqlı çil-çıraqları da, bər-bəzəkli paltarların parıltısı da ona sönük və cılız görünürüd. Elə dönüb getmək istəyirdi ki, birdən gözləmədiyi hadisə baş vrdi. Bəstəkar elə bil Nadirin halını duyub, qəsdənmi, ya nədənmi qəfil ona sarı çöndü, yaxınlaşıb qabaq-qənşər dayandı. Üz-gözündən sevinc yağırdı. O bircə dəfə “Nadir?!”-dedi. Lakin suallı, həyəcanlı, həzin deyilmiş bu söz bəstəkarın gəncdən təbrik umduğunu hamının başa düşməsinə səbəb oldu. Qohum-qardaş, dost-tanış da yaxınlaşıb onları dövrəyə aldılar. Nadir çaş-baş qaldı. Özünün belə diqqət mərkəzində olacağını heç gözləmirdi. Karıxdığından lüzumsuz yerə gülümsəyirdi. Gözəlcə anlayırdı ki, onun təbriki Camal dayı üçün çox qiymətli ola bilər. Bu fikri bəstəkarın ona zillənmiş gözləri də deyirdi. Amma özünü ələ ala bilmirdi. Sağda dayanmış Kamal gözlərilə sütunların arasında Natanı axtarır, ürəyindəsə fikirləşirdi. Kişi heç hərəkətinin yerini bimir. Nadirdən nə tərif , axı rayonlu balası hara, simfoniya hara. Boq znayet teper şto dumayut lyudi. Özünü lap biabır elədi. Bəstəkar Nadirə qəfil yaxınlaşdığı kimi qəfil də qorderoba tərəf uzaqlaşdı. Hamı kimi Nadir də ayaqlarını onun arxasınca sürüdü.
Qapıdan çıxanda Nadir qarışıqlıqdan istifadə edərək dəstədən uzaqlaşdı. Pərtliyi keçib getməmişdi. Dayanacağa çatıb, dayandı. Hey özünü danlayırdı: yekə oğlansan, amma beş qəpiklik bacarığın yoxdu. Gərək gəlmiyəydin, gəlmisən, iki kəlmə sözü deməyə nə var? Yenə annamasan, qanmasan, deyərəm, əşi eybi yoxdu, fəhlə adamdı, başa düşmür. O, ikinci simfoniyanı çalanda sən öl damarlarımda qanım qaynayırdı. Nə təhər təsir eliyərmiş, ə, adama musiqi. Bircə bu kəlməni desəydim, camaatın içində, canım üçün hamısından yaxşı alınardı. Camal dayı da deyəsən elə belə bir kəlmə gözləyirdi. Neyniyəsən, adam qalır lap məəttəl bir heylə adamın içində təbrik demək olar, hamısı da nazlı-qəmzəli, findi-quruş, heyf...
Bayaqkı səhnə gözünün qabağından getmirdi. Professorun gözlərinin ifadəsi elə bil əbədilik qəlbinə həkk olmuşdu. Bu ifadə ona xəcalət verirdi. Bədənini üşütmə tutmuşdu. Avtobusun gecikdiyini görən camaat taksi gəldikcə iki bir-üç bir oturub getmişdilər. Üşütməsi keçsin deyin var-gəl etməyə, əl-qol atmağa başladı. Bir neçə dəqiqə sonra avtobus gəlib çıxdı. Sürücü maşını dayanacaqda saxlayıb, qapıları taybatay açdı. Nadir cəld yaxınlaşıb hündür səki daşından birbaşa salona atılmaq istədi. Ancaq birdən elə bil kimsə onu tutub saxladı, yerində mıxlanıb qaldı. Sürücü cavan oğlanın duruxduğunu, sonra birdən dönüb üzüaşağı, dənizə sarı addımladığını görüb qapıları bağladı. Avtobus yerindən tərpənib, irəli şütüdü. Bu, bəlkə də onun bu gün axırıncı reysi idi.
Novruz Novruzov
2008-ci il

Oxşar məqalələr