Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, Azərbaycanda çox gözəl investisiya iqlimi vardır və eyni zamanda, Azərbaycan xarici tərəfdaşlar qarşısında üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir. Xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulubdur. Bu, bizə imkan verdi ki, enerji sahəsində istədiyimizə nail olaq. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var.
Bu ilin əvvəlindən energetika sahəsində çox önəmli addımlar atılıbdır. Yanvar ayında bu sahədə məşhur olan, Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır, artıq 385 meqavat gücündə yaradılıbdır. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Bir çox dostlarımız var, onlardan biri də Birləşmiş Ərəb Əmirlikləridir. Bütün sərmayə maraqlarını, biznes maraqlarını nəzərə alaraq onu da bildirməliyəm ki, əgər iki ölkə arasında yaxın dostluq əlaqələri olmasaydı, yəqin ki, bu layihəni də biz görməzdik. Yəni, bütün bu amillərin vəhdəti çox gözəl bir imkan yaradır. Biz bu imkandan böyük səmərə ilə istifadə edirik və edəcəyik. Azərbaycan nəinki Avropaya ənənəvi enerji daşıyıcılarını, o cümlədən təbii qazını, eləcə də təmiz enerji mənbələri və hidrogen sayəsində istehsal olunan enerjini gələcəkdə ixrac edəcək.
İnşallah yaxın gələcəkdə Qaradağda Günəş Elektrik Stansiyasının açılışında qeyd edəcəyik.
Nazim İsrafilov
Masallı rayon Həsənli kənd sakini