Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə
Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji,
pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda
məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına
sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət
edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və
qəbridə Bakıda Fəxri xiyabandadır. S.S.Axundovun “Tamahkar”, “Dibdat bəy”,
“Türk birliyi”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”,
“Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Səadət zəhmətdədir”, “Eşq və intiqam”
kimi pyesləri var. Süleyman Sani Axundovun yaradıcılığında ideya məzmununa görə
seçilən əsərlərindən biri də “Nurəddin” hekayəsidir. Görkəmli yazıçısının «Qorxulu
nağıllar» silsiləsindən olan «Nurəddin» hekayəsində yazıçı yaxşılıqla yamanlığı,
xeyirxahlıqla bədxahlığı qarşılaşdırmışdır. Əsərdə hadisələrin inkişafının sonunda
xeyirxahlığın qələbəsini müşahidə edirik. Hekayədə təsvir olunan Nurəddin düzgün
tərbiyə nəticəsində nəcib, xeyirxah insan olmuşdur. Həyat onu nə qədər də çətinə
salsa, o bütün sınaqlardan insani keyfiyyətlərinin köməyi ilə çıxmağı bacarmışdır.
«Qorxulu nağıllar» silsiləsindən olan «Nurəddin» hekayəsində yazıçı "Yaxşılığa
yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir" sözününün təsdiqini
vermişdir. Əsərdə Nurəddinin başına gələn bəlaların aradan qalxmasında, problemin
həll olunmasında Sədinin kibrit qutusu irilikdə olan "Gülüstan" kitabının böyük rolu
vardır. Belə ki, Hacı Nəsir bir gün bazardan mənzilinə qayıdarkən, bir nəfəri körpü
üstündə başını aşağı sallayıb, ağlayan görür və onun oğurlanmış olan üç yüz manat
pulunu ona cibindən çıxardıb, verir. Rəhim isə bu yaxşılığın qarşılığında Hacı Nəsirə
Sədinin "Gülüstan" kitabını yadigar olaraq, verir. Hacı Nəsirinin vəfalı həyat yoldaşı
olan Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə yıxılır və
sətəlcəm azarından vəfat edir. Hacı Nəsir Nurəddinə analıq etsin deyə şəriki
İmamverdinin qızı olan Gülpəri ilə evlenir. Gülpəri qısaboylu, dolubədənli,
qarabuğayı, bədxasiyyət, iyirmi üç yaşında bir qız idi. Gülpərinin bəd xasiyyəti
Nurəddinin başına gələcək bəlaların səbəbi olacaqdı. Gülpəri gələn gündən ədəbli və
tərbiyəli uşaq olan Nurəddinin gününü qara eləmişdi. Gülpəri Nurəddini tez-tez söyər
və döyərdi. Gülpərinin zülmünün nəticəsində Hacı Nəsirin dükanda ürəyi partlayıb
vəfat etdi. Hacı Nəsirin ölümü Nurəddinin çox çətin günlərinin başlanğıcı idi. Atası
öləndən sonra Gülpərinin Nurəddinlə çox mehriban davranmasının yaganə səbəbi o
idi ki, Gülpərinin övladı yox idi və Hacı Nəsirin yeganə varisi Nurəddin idi. Buna
görə də hiyləgər qadın varisliyi ələ keçirmək niyyətində idi. Nurəddin çox ağıllı və
fərasətli uşaq idi. S.S.Axundov “Nurəddin” hekayəsində Nurəddin obrazı ilə ağılın və
tədbirliliyin uğurun başlanğıcı olduğu fikrini bir çox əsaslarla oxucuya çatdırmışdır.
Nurəddin faytonları sınanda əşyaları sınan faytonun dörd atına yükləyib, kəndə
çatandan sonra yolda qalan fayton sahibinə kömək göndərərik fikrini deyir və hamı
da bu ağıllı tədbir ilə razılaşır. S.S.Axundov “Nurəddin” hekayəsidə Nurəddin obrazı
ilə Gülpərinin əmisi oğlu olan Əmiraslan obrazını qarşılaşdırır. “Əmiraslan,
İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulunun
övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün böyütmüşdü.
Balaca Əmiraslan üçün “yox” kəlməsi yox idi. Hər xahişi ata-anası tərəfindən fövri
əmələ gəlirdi. Əmiraslan özgə uşaqda bir şey görsəydi, o saat gərək ona da alına idi,
yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmiraslan doqquz
yaşına çatdıqda atası ona heybə və çərəkə aldı. Təzə paltar geyindirib hədiyyə ilə onu
mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini cırıb
məktəbdən qaçdı. Ata-anası nə qədər yalvardısa da, bir şey çıxmadı. Əmiraslan
şkolada çox davam etmədi. Nadinc, söyüşkən bu doqquz yaşında uşaq, cəmi
müəllimləri təngə gətirmişdi. Heç bir gün olmazdı ki, Əmiraslan bir uşaqla savaşıb,
döyüşməsin. Bunun bəd əxlaqını düzəltməkdə müəllimlər aciz qalmışdılar. Axırda
yoldaşlarının birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric
etdilər. Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey
çıxmadı”.
S.S.Axundov “Nurəddin” hekayəsində Nurəddin obrazının elmə, biliyə olan
sevgisinə qarşı kitabdan, məktəbdən, təhsildən, elmdən uzaq olan Əmiraslan obrazını
yaradır. Yazıçı bu iki obrazı bir-birinə qarşı müqayisəli şəkildə yaratmışdır.
Əmiraslana Nurəddindən fərqli olaraq, atasından yaxşı mal-dövlət və pul qalmışdı.
Yazıçı əsərin əsas fikirlərindən biri kimi də yaxşı oğul nə edir ata malını, pis oğul zay
edər ata malını seçmişdir. Belə ki, pis oğul pulların hamısını kefə, qumara qoyub tələf
edir. Yazıçı Əmiraslanın xarakterini belə oxucuya çatdırır ki, “Əmiraslan arvadın
gətirdiyi dövləti tezliklə qumara və kefə qoyub özünü də boşadı. Pis yola öyrənmiş
Əmiraslan üçün pul lazım idi. Ona görə neçə dəfə həbsə düşüb çıxdı. O ətrafda bir
yolkəsmə, bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı”.
S.S.Axundov “Nurəddin” hekayəsində İmamverdi babanın sözləri ilə Güllücə
kəndinin tərifini vermişdir. “Gözəl hava, saf su, dağ, meşə insana başqa bir ləzzət
verir. Bu kənd dağın döşündə salınıb, gün çıxan tərəfində yaxşı meyvə bağları və
meşə, cənub tərəfində gözəl zəmilər və şimal tərəfində gözəl çəmənlər var idi.
Dağdan soyuq bulaqlar üzüaşağı kəndə sarı axırdı. Güllücənin dadlı meyvələri ətrafda
məşhurdu. Bu kəndin hər evinin qabağında bağdan əlavə, gözəl bağça da vardı. Bu
bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər. Kənardan baxanda dağ
döşündə salınmış bu kənd bir gülüstan şəklində görünürdü. Buna görə də Güllücə
adına sahib olmuşdu”.
Nurəddin əsər boyu Əmiraslanın onu öldürmək üçün qurduğu tələlərdən öz ağıl
və bacarığı ilə qurtula bilmişdir. Belə ki, Nurəddini öldürmək fikrinə düşən
Əmiraslan onu ata mindirib, noxtanın ucundanda özü yapışıb, atı lap çayın dərin
yerinə gətirib, qəflətən ipi elə çəkdi ki, at burxulub, Nurəddini üstündən çaya saldı.
Lakin Nurəddin suyun üzünə çıxıb üzməyə başladı. Nurəddinin belə gözəl üzməsi
Əmiraslanın bütün planlarını məhv etdi. Ona belə gözəl üzməyi İmamverdi baba
öyrətmişdi. Niyyətinə çata bilməyən Əmiraslan Nurəddini tələf etmək üçün təzə
hiylələr axtarmağa başladı. Əmiraslan Nurəddini çox uşaq görüb, onun özü kimi
dərrakəsiz olduğunu zənn edirdi. Əmiraslan yolda çəpər üstündəki gürzəni
Nurəddinin tutmasını istəyir. O, koramalın zəhərinin olmadığını bildirir. Ancaq ağıllı
uşaq Əmiraslana dərs keçir. Onun koramal yox, gürzə olduğunu bildirir. Əmiraslanın
məqsədi o idi ki, Nurəddini ilan vursun və o da ölsün. Beləliklə, bütün miras ona
qalsın. Əmiraslan niyyətinə çatmaq üçün hər yola əl atırdı. O gah Nurəddini uca
nazik budağa çıxardır ki, yıxılıb ölsün, gah da dərin suya atır ki, boğulsun, amma heç
birində Nurəddinə qalib gələ bilmir. Bütün yollara əlatan Gülpəri ilə Əmiraslan son
çarəni zəhər verməkdən görürlər. Əmiraslan Nurəddinin malına sahib olmaq məqsədi
ilə onu quyudan su çəkdiyi zaman daldan itələyib quyuya salmağı planlayır. Lakin
onların bu məkirli planlarını Nurəddin öz qulaqları ilə eşidir. Ələcsız qalan Nurəddin
meşə ilə Bahara çatmaq üçün qaçır. O, vəfalı qulluqçuları Baharı özünün tək
himayədarı hesab edirdi. S.S.Axundov “Nurəddin” hekayəsində “Yaxşılıq edəni Allah
unutmaz”, “Yaxşılıq eylə at dəryaya, balıq bilməsə, xaliq bilər”, “Bir tikə çörək on il
yadda qalar”, “Özgəyə kömək et ki, sənə də kömək etsinlər”, “Bir çörək özün ye,
birini də Allah yolunda ver”, “Yaxşılıq et – yaxşı olacaq” kimi atalar sözlərinin
həqiqiliyini faktlarla göstərmişdir. Belə ki, Nurəddinin atasının vaxtı ilə yaxşılıq
etdiyi Rəhim Nurəddini bilmədən faytonu ilə vurub yaralayır. Uşağın yarası
sağalandan sonra, Nurəddinin boynundakı parçaya dikilmiş kitab həqiqəti üzə çıxarır.
Aydın olur ki, bu balaca zavallı uşaq Rəhimin borclu olduğu Hacı Nəsirin oğlu
Nurəddindir. Boynundakı kitabda həmin o "Gülüstan"dır. Rəhim Nurəddinin atası
mərhum Hacı Nəsirdən aldığı puldan maya tutub ildən-ilə alış-verişinin dairəsini
artırmasını heç vaxt unutmadı. Bu maya sayəsində o dəri və ipək alış-verişinə
girişmişdi və beləliklə, işi rast gətirib, varlanmışdı. Nurəddin başına gələn bütün
əhvalatları tamamilə Rəhimə nağıl etdi. Məsələdən tamamilə agah olan Rəhim
Nurəddini Hacı Nəsirin ona etdiyi yaxşılıq müqabilində, borcunu qaytarmaq məqsədi
ilə övladlığa götürdü. Bu gündən Nurəddin üçün yeni bir həyat başlandı. Rəhim
Nurəddini edadi məktəbinə qoydu. Nurəddin bu gündən atasının sağlığında olduğu
kimi, hər gün dərsə getməyə başladı. O, həyatındakı bu dəyişikliklər üçün çox
sevinirdi. Bu zamandan on il keçdi. Rəhimin evində səhər tezdən böyük qonaqlıq
tədarükü görülürdü. Bu qonaqlıq, Nurəddinin edadi məktəbini birinci dərəcədə təhsil
edib qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Bugün Nurəddinin
həyatında ən xoş günlərindən biri idi. Həmin gün Nurəddin dilənçi bir qadının
əlindən tutub içəriyə gətirir və məlum olur ki, bu qadın, Gülpəridir.
S.S.Axundov Gülpərinin dedikləri ilə oxucuya çatdırır ki, zülm heç vaxt yerdə qalmır
və yetim malını axıra kimi yemək olmur. “Nurəddin, allah-taala sənə etdiyim zülmün
əvəzində məni bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm.
Sənin malına sahib olduqdan sonra bir-iki ilin ərzində Əmiraslan bütün varı qumarda
uduzub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf
etdi. Hər şey əldən çıxandan sonra Əmiraslan məni qovub özü də qaçaq dəstəsinə
qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub
asıldı. Məni də bir kişi alıb bu şəhərə gətirdi və bir azdan sonra məni atıb yox oldu.
İndi o gündən küçələrə düşüb dilənçilik edirəm”.
S.S.Axundov “Nurəddin” hekayəsində Rəhimin dediyi sözlər
ilə Nurəddinin əsl xarakterini göstərir. “Oğlum, indi rahat ola bilərəm, çünki sənə
verdiyim tərbiyənin meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük
bir hünər etmədim, çünki mən ancaq yaxşılıq etdim. Bu isə hər kişinin işidir. Amma
sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir”.
S.S.Axundov “Nurəddin” hekayəsi ilə Azərbaycan uşaq ədəbiyyatına forma,
məzmun, üslub yenilikləri gətirmişdir.
Həcər Atakişiyeva