AXTAR

Rus imperializminin Azərbaycanda torpaq siyasətinə dair

qarabag kendlisi kecmishde
Tədqiqatçı Vasif Quliyevin dövlət arxivindən üzə çıxardığı məhkəmə prosesinin materialları əsasında
Müstəmləkə ölkələri əsarətdə saxladıqları xalqlara daim ikiqat zülm etmiş, onların var-dövlətlərini əllərindən almış və koloniyalarda müxtəlif inzibati üsullarla istismar siyasətini həyata keçirmişlər. Azərbaycanda bu iş Rusiyanın təbəəliyinə (müstəmləkəsinə) keçəndən sonra özünü daha qabarıq göstərmişdir. Tarixi mənbələrdə Kremlin xalqımıza qarşı həyata keçirdiyi istismarçı siyasətə aid kifayət qədər material var. Bu yazıda biz konkret olaraq Qarabağ xanlığı ərazisində, həm də bu məkanda Pənahəli xan tərəfindən yaradılmış feodal dövlətdə xan əyanlarının mülkiyyətinə verilmiş torpaq sahələrinin rus məmurları tərəfindən “dövlət” adına necə mənimsənilməsindən və vergi ödəyicilərinin ikiqat zülm altına salınmalarından qısa ştrixlərlə, amma sənədlərdə təsbit olunmuş faktlarla bəhs edəcəyik.
1896-cı ildə İmperiya hökumətinin qərarı ilə yerlərdə torpaqların mərzlənməsi (ölçülməsi) prosesi başlayır. Bu vaxt ortaya çıxan nöqsanlar torpaq mülkiyyətçiləri arasında ciddi narazılıqlar doğurur və iddiaçılar məhkəməyə müraciət edirlər. Əldə etdiyimiz faktların ümumi mənzərəsi belədir ki, 1910-1916-ci illərdə həyata keçirilmiş 3 məhkəmə iclasında Qarabağda əsas torpaq mülkiyyətçiləri olan Cavanşir nəslinin bir qrup nümayəndəsi məhkəmə vasitəsilə özlərinin mülkiyyətçilik hüquqlarını bərpa etməyə çalışırlar. (bax: “Şuşa uyezdinin Baharlı I bağının mərzlənməsi zamanı dövlət və Kərbəlayı Ağa və digər Cavanşirlər arasında yaranmış mübahisə” işi. 30 dekabr 1910 cu ildə başlanmış, 27 sentyabr 1912-ci ildə qurtarmışdır. Dövlət arxivi № 200, Fond 402; Arxiv № 481, Fond 400). Lakin bu işə İsmayılbəyovlar nəslindən olan iki nəfər və dövlət nümayəndələri mane olmağa çalışırlar. Hər iki iddiaçı israr edir ki, torpaq onların mükiyyətindədir və həmişə belə olub. Üstəlik, Cavanşirlər arasında da torpaq bölgüsündən narazı qalanlar var və onlar da məhkəmənin qərarından appellyasiya şikayəti veriblər. Beləliklə, məhkəmə çəkişməsi 1916-cı ilə qədər çəkir və Cavanşirlərin mülkiyyətçilik hüquqlarının tanınması ilə nəticələnir.
İddiaçılar əsasən Qarabağ xanlığıının yaradıcısı Pənahəli xanın kiçik oğlu Talıb xanın törəmələrindən ibarətdir. Məhkəmə materialları arasında bu haqda aydın məlumat var və ardıcıllıqla onların hamısının adı çəkilir. Bunlar Talıb xanın 5 oğlu, onların övladları və nəvələridir. İddiaçıların müvəkkilləri isə o dövrün tanınmış vəkilləri Kələntərov, Qasım bəy Vəzirov və bir iddiaçının öz atasıdır.
Məhkəmə iclasının protokolundan çıxarış: “Palata üzvü Q.V.Kovtunovun işin vəziyyət haqda məruzəsi üzrə sərbəst vəkil Qasım bəy Vəzirov izah etdi ki, Cavanşirlərin mərzlənmə zamanı Baharlı bağlarının hamısına iddia etmələrinin səbəbi bundadır ki, bu bağ ayrıca mövcud deyil, belə ki, 6 dekabr 1846-cı il Ali reskriptinə görə Cavanşirlərin mülkiyyətinə verilmiş Yüzbaşılı bağlarının bir hissəsidir. Yüzbaşılı bağlarının işi üzrə sənəddə bu göstərilib. Eyni zamanda, bütün məsələlərin kökü ondadır ki, Baharlı həqiqətənmi Yüzbaşılı bağlarının bir hissəsidir. Bu məsələ üzrə Vəzirov Palataya Qarabağ Əyalət Məhkəməsinin 13 sentyabr 1839-cu il qərarının rus dilindən tərcüməsini və dövlət səlahiyyətlisinin də aldığının surətini təqdim etdi. Bu sənəd məhz mübahisəli əraziyə aiddir, ya dövlət bu mübahisəli ərazinin kəndlilərin istifadəsində olduğunu sübut edə bilmir, ya da onların öhdəsində olan Yüzbaşılı bağlarının digər hissəsidir. Vəzirovun fikrincə, bu sənəddən məlum olur ki, göstərldiyi kimi Baharlı bağları Yüzbaşılının bir hissəsidir və 1846-cı il ALİ reskriptinin (Reskript- Rusiya İmperiyası Qarabağın işğalını başa çatdırdıqdan sonra ali müsəlman silkinin hüquqlarının qaydaya salınması məsələsi ortaya çıxdı. Qəbul edilmiş əvvəlki qərarlara etitaz hakimiyyəti güzəştə getməyə vadar etdi. Uzun müddət davam edən hazırlıq işlərindən sonra sərəncam hazırlandı. Nəhayət 6 dekabr 1846-cı ildə I Nikolay bəy və ağaların hüquqları haqqında reskript imzaladı.
12 maddədən olan sərəncamda on maddə bəy və ağaların torpaq hüququna, iki maddə isə feodal-kəndli münasibətlərinə aid idi. Bu reskriptdəilk dəfə bəy və ağakara məxsus torpaqların irsi mülkiyyəti kimi qəbul edilirdi. Mülk, mülki-xalisə torpaqları ilə yanaşı tiyul torpaqlarıda rəsmən bəylərin mülkiyyəti elan olunurdu. İrsi istifadəyə verilən torpaqlar alqı-satqıya qoyula, bəxşiş edilə bilərdi. Lakin bəy və ağa torpaqları özgə silklərə keçə bilməzdi.
Bu reskript feodala kəndlilər arasında qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verirdi. https://az.wikipedia.org/wiki/B%C9%99y_v%C9%99_a%C4%9Falar%C4%B1n_h%C3%BCquqlar%C4%B1_haqq%C4%B1nda_1846-c%C4%B1_il_6_dekabr_reskripti) ardınca mübahisəli bağ Cavanşirlərə məxsusdur, onlar mərzləmə zamanı öz hüquqlarını bəyan edib və Vəzirov həmin şəxslərin hüquqlarını müdafiə edir. Dövlət tərəfindən əlavə sənəd kimi Vergi İnspektorunun protokolunu işə əlavə edib ki, bu sənəddə birbaşa deyilir ki, dövlətin mübahisəli bağa münasibətdə heç bir iddiası yoxdur. Bütün bu deyilənlərdən aydındır ki, mübahisəli bağ üzrə dövlət mübahisəli ərazinin əldə olunmasının hansısa qanuni üsullarını sübut etməlidir. Dövlətin irəli sürdüyü yeganə arqument budur: 1886-cı ildən 1900-cü ilə qədər Baharlı kəndinin sakinləri dövlət kəndliləri kimi yüksək vergi ödəyiblər. Lakin bu vergilər Cavanşirlərin xüsusi mülkiyyətinə təsir etməyib. Bu fakt dosyedə qeyd olunmayıb, əksinə, işdə olan Şuşa şöbəsinin Barışdırıcı Münsifinin protokolunda göstərilir ki, adı çəkilən sakinlərin tabeçiliyi barədə 1870-ci ilin sahibkar kəndlilərin məişət quruluşu Əsasnaməsində bu kəndlilərin bir neçə il ərzində fasiləsiz olaraq Cavanşirlərə normal ölçüdə vergi ödəmələri üzrə heç nə deyilmir. 50-ci illərdən 1886-cı ilə qədər normal sahibkarlıq miqyasında vergi tutulub; 1886-cı ildən verginin artırılmasında isə fiskal orqanların səhvi var. Əgər bu sübutlar Palatanı inandıra bilmirsə, onda Vəzirov xahiş etdi ki, bu halda kəndlilərin Cavanşirlərin xeyrinə ödədikləri barədə xatırlamaların ödəmə faktları qonşu şahidlərin dindiriməsi ilə aydınlaşdırılsın. Ağa bəy Cavanşirin yaxın qəyyumu Kələntərova qaldıqda, sərbəst müvəkkil Vəzirov bildirdi ki, o, Ağa bəyin ulu babası Talıb xanın nəslindən olduğunu inkar etmir, eyni zamanda təsdiqləyir ki, Ağa bəy Baharlı bağlarına görə irsi bölgü zamanı kompensasiya alıb, baxmayaraq ki, o mülkiyyət sahibi olmayıb. Bu da qonşuların dindirilməsi ilə sübut oluna bilər”.
Tarixdən məlumdur ki, Rusiya, Qarabağ xanlığının işğalını “təbəəlik” adı ilə 1828-ci ildə başa çatdırıb. Və bundan sonra Azərbaycan ərazisinin ən münbit torpaqlarında (Kür-Araz ovalığı – qaratorpaq zona) Rusiyaya tabe olan üsul-idarə yaradaraq varlıların (bəylərin) var-dövlətini əllərindən alıb, kəndlilərin isə istismarını gücləndirib. Təbii ki, o dövrdə Qarabağın dominant nəsli olan Cavanşirlərin torpaqlarının böyük hissəsi əllərindən çıxıb (zorla alınıb). Həmin dövrdən də onların mülkiyyətləri uğrunda mübarizələri başlanıb. Aydın məsələdir ki, bu mübarizə güc yolu ilə yox, iddiaların qüvvədə olan qanunların və bu qanunların başında duran məmurların şəxsi maraqlarının müxtəlif yollarla təmini müstəvisində həyata keçirilib. O dövrdə imperiya müstəmləkə torpaqlarından alınan gəlirləri uçota almaq üçün həmin torpaqların idarəçiliyi sahəsində Nzamnamə Qaydaları yaradıb. Lakin Baharlı I bağları bu qaydaların təsir dairəsinə salınmayıb. Buna görə də Qarabağ Əyalət Məhkəməsi həmin bağlar üzərində Nizamnamə Qaydalarının tətbiqi üçün 1939-cu ildə müvafiq qərar verib (“3-cü Mülki Departament üzrə Tiflis Məhkəmə Palatasının 1912-ci il 5-12 mart tarixində keçirdiyi açıq iclasının protokolundan”. Arxiv № 481, Fond 400 ). Lakin qərar yerinə yetirilməyib. Məntiqi olaraq belə bir sual doğur: - Niyə? Axı, Nizamnamə Qaydalarının tətbiq olunmadığı torpaqlar dövlətin torpaq reyestrindən kənarda qalmış sayılır. Məsələnin məğzi də bundadır. İmperiyanın idarəedici məmur təbəqəsi (məmur mafiyası) dövlətdən gizlədilmiş torpaqlardan alınan gəlirləri də gizlədiblər və həmin torpaqlardan yığılan vergilər xəzinəyə yox, şəxsi adamlara axıb, yəni mənimsənilib. Bu da ona dəlalət edir ki, dövlət əmlakının və ya vəsaitinin mənimsənilməsi metodları Azərbaycana Rusiya imperiyasının bəxş etdiyi vərdişlərdir.
Məhkəmə iclasının protokolundan götürülmüş fakt təsdiq edir ki, Qarabağ xanlığı işğal ediləndən sonra 1846-cı il 6 dekabr reskripti ilə Cavanşirlərin mülkiyyətinə torpaq sahələri verilib. Məntiqi surətdə yeni sual ortaya çıxır: Nə üçün Qarabağ xanlığını quran Cavanşirlər nəslinin nümayəndələrinə Çar Rusiyası torpaq sahəsi verir? Axı, bu xanlığın ərazisi əsasən bu nəsildən olanlara aiddir. Xüsusilə də Qarabağın düzənlik hissəsi, çünki, Pənahəli xanın ailəsi məhz bu ərazidə intişar edib. Demək, işğaldan sonra dərhal bütün torpaqlar Rusiyanın ərazisi kimi təsbit edilib və sonradan həmin torpaqların cüzi hissəsini sahiblərinə qaytarmaqla süni ədalət prinsipi formulunu yaratmağa çalışıblar.
Məhkəmə prosesində imperiya siyasətinin əsas məqsədini üzə çıxaran fakt 1886-cı ildən 1900-cü ilədək Cavanşirlərin mülkiyyətində olan torpaqları əkib becərən kəndlilərin əlavə olaraq dövlət vergisinə cəlb edilməlidir. Prosesdə bu hal fiskal orqanların səhvi kimi göstərilir. “Mübahisəli Baharlı I bağlarının mərzlənməsi zamanı bu bağ torpaqlarının faktiki sahibi, torpaqölçənin jurnalından göründüyü kimi, bu bağ torpaqlarında idarəçiliyi və şumlaması olan bəylərdir. Üstəlik, Yelizavetpol Quberniyasının kəndli işləri üzrə İdarəsinin 19 dekabr 1891-ci il 583№-li jurnalından (Məhkəmə i.v. 68-70) görünür ki, baxmayaraq ki, Barışdırıcı münsif Əsirbəyovun 13/14 mart 1888-ci ildə qərarı üzrə Baharlı I kəndi sahibkarlıq malikanəsi siyahısı üzrə şöbədə qeyd olunmayıb, halbuki barışdırıcı münsif (Rusiyada 1861-ci il kəndli islahatından sonra kəndlilərlə mülkədarlar arasında törəyən torpaq mübahisələrini qaydaya salmaq üçün yaradılan vəzifə-rusca-Azərbaycanca lüğət, II cild,1976-cıil) Baharlı sakinlərinin, onların yerləşdikləri torpaqların həqiqətən Cavanşirlərin mülkiyyəti olması və bu səbəbdən onlara gəlirin 1/10-i qədər vergi ödəmələri haqda izahatına baxaraq təsdiq edib ki, 1870-ci il kəndli əsasnaməsi ilə təsdiq edilmiş ALİ tabeçilikdə olan Baharlı I kəndi barışdırıcı münsifin bu qərarını Quberniyanın kəndli işləri idarəsi 14 dekabr 1891-ci ildə təsdiqləyib və sonra öz qərarını Yelizavetpol Quberniya İdarəsinin 1892-ci il 75 nömrəli 16 yanvar qərarına uyğunlaşdıraraq 1870-ci il əsasnaməsi üzrə Baharlı I sakinlərinə sahibkarlıq torpağında yaşayan kəndlilər kimi aşağı vergi tətbiq edilib. Daha sonra, İrəvan Dövlət Palatasının Yelizavetpol Torpaq İşləri və Dövlət Əmlakı İdarəsinin 22 yanvar 1910-cu il 3700 №-li rəyinin surətində göstərilir ki, 1894-1900-cü illərdə Baharlı I kəndinin kəndlilərinin dövlət torpağında yaşayan hissəsi 36 tüstü idi və tüstübaşı vergi öhdəliyi vardı; 1901-1905-ci illərdə bu kənd dövlət-sahibkarlıq subyekti kimi qeyd olunur, 1907-ci ildən isə Baharlı I kəndi “sahibkarlıq” subyekti kimi torpaq yığımı öhdəliyinə keçirilir. Bu yazılı aktlarla sübut olunur ki, Baharlı I kəndinin torpaqları sahibkarlıq torpaqlarına aiddir, dəqiqliklə bunun üzərində mübahisə edən və 1886-cı ildən 1900-cü ilə qədər dövlətin səhvi üzündən yüksək vergi ödəyən və dövlətin özü tərəfindən 1907-ci ildə həmin səhv düzəldilərək yüksək vergisi ləğv edilən bu torpaqlar Cavanşirov sahibkarlarına məxsusdur” (3-cü Mülki Departament üzrə Tiflis Məhkəmə Palatasının 1912-ci il 5-12 mart tarixində keçirdiyi açıq iclasının protokolundan).
Aydın görünür ki, dövlət Qarabağ bəylərinə aid olan dədə-baba torpaqlarını dövlətin adına keçirmək üçün əvvəlcə həmin torpaqlara “səhvən” yüksək dövlət vergisi təyin edir, yəni, bir tərəfdən yeli xalqın istismarını gücləndirir, digər tərəfdən bir müddət sonra həmin torpaqları dövlətə vergi ödədiklərinə görə dövlət torpaqları kimi rəsmiləşdirməyə çalışır. Həm də dövlətin (oxu: imperiyanın) kəndlilərdən aldığı vergi cahibkarların aldığı vergidən xeyli çox idi.
Niyə dövlət təyin etdiyi səhv vergini məhz 1907-ci ildə ləğv edib? Bu ona görə baş verib ki, Rusiyada 1905-1907-ci illərdə burjua inqilabı baş verib və təhkimçiliyin qalıqları ləğv olunub. Həmin dövrdə qəbul edilmiş bəzi yeni qanunlar kəndlilərin asılılığının nisbətən azaldılmasına yönəlib və bəzi vətəndaş hüquqlarının təmininə imklan yaranıb. Bu isə imkan verib ki, Cavanşirlər öz torpaqlarını əllərində saxlamaq üçün dövlətə qarşı iddia qaldırsınlar. Təbii ki, həmin iddia eyni nəsildən olan törəmələr arasında da iddiaların yaranmasına səbəb olub. Çünki, zaman keçdikcə ailələr böyüyür, mülkiyyətə vərəsəlik hüququ olanların sayı artır.
Məhkəmələrdə diqqəti çəkən faktlardan biri də məhkəmə sədrlərinin, katiblərinin, iclaslarda tərəf kimi iştirak edən dövlət səlahiyyətlilərinin hamısının rus millətinə mənsub olmalarıdır. Yalnız iddiaçılar və vəkillər yerli millətin nümayəndələridir. Sonda Cavanşirlər məhkəmə çəkişməsində qalib gəlir və torpaqlarına olan mülkiyyətçilik hüququnu özlərində saxlayırlar. Təccüblü deyil ki, Cavanşirlərdən olan və məhkəmədə qohumlar arasında qaldırılan iddialara nail ola bilməyən iddiaçılar cərimə olunur, lakin 14 il ərzində dövlətə yüksək vergi ödəyərək şiddətlə istismar olunan kəndlilərə kompensasiya ödənilməsi yada düşmür.
Baxmayaraq ki, artıq 30 ildən çoxdur ki, Azərbaycan və digər əsarətə alınmış xalqların bir çoxu müstəqillik qazanıb və müstəqil inkişaf yolundadırlar, Rusiyanın baş siyasi subyekti olan Kreml mənsubları keçmiş imperiya ambisiyalarından tam qurtara bilməyiblər. Nə demək olar, imperialistlər nə fikirləşirlər fikirləşsinlər, tarix öz işini görür və xalqlar növbə ilə azadlığın şirinliyini dadırlar.
Novruz Novruzov
Araşdırmaçı jurnalist

Oxşar məqalələr