Ulu öndərin doğum günü

h
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur.
Azərbaycan Sənaye İnstitunun memarlıq fakultəsində təhsil almışdır. 1941-1944-cü illərdə
Naxçıvan MSSR –də Daxili işlər Komissarlığında çalışmışdır. Heydər Əliyev 1944-cü ildən
dövlət təhlükəsizliyi orqanlarında çalışmağa başlamışdır. O, Leninqrad və Moskva
şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix
fakültəsini əla qiymətlərlə bitirmişdir.
Heydər Əliyev 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizlik Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsində çalışmışdır.
Heydər Əliyevin Azərbaycanda birinci rəhbərliyi dövrü 1969-1982-ci illəri əhatə etmişdir.
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilərək bu imkanından dövlətçiliyimizin
inkişafı üçün istifadə etmişdir. Belə ki, 1969-cu ildə 2000 hektardan çox Azərbaycan
torpağının ermənilərə verilməsi mərkəz tərəfindən razılaşdırılsa da lakin Heydər buna
imkan vermədi. O, Azərbaycan SSR-nın 1978-ci il qəbul edilmiş konstitusiyasında dövlət
dilinin azərbaycan dili olmasını təmin etmişdir. 1975-ci ildə Bakıda Məişət Kondisionerlər
zavodunu inşa etdirdi. Yeni – yeni iş yerlərinin açılması iqtisadiyyatımızın inkişafına şərait
yaratdı.
Heydər Əliyev 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edildi. 1987-ci ildə vəzifəsindən istefa verərək doğma vətəninə qayıtmışdır. O,1990-
cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün
(yanvarın 21-də) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək,
xalqımıza qarşı törədilmiş cinayətkarların cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq
Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinə dəfələrlə
məlumat vermişdir. Lakin mərkəz bu məsələyə əhəmiyyət vermədiyi üçün 1991-ci ildə
Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Heydər Əliyev 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri
olmuşdur. 1993-cü ilə qədər orada çalışmışdır. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan
Partiyasını yaradaraq, onun sədri seçilmişdir. Ozamankı iqtidarın Naxçıvanı blokadaya
saldığı dövürdə Heydər Əliyev 1992-ci ildə Türkiyə ilə Sədərək-Dilucu ümüd körpüsünün
açılmasına nail olmuşdur.
1993-cü ilin ortalarında Gəncədə Surət Hüsynovun başçılığı ilə prezident Əbülfəz
Elçibəyə qarşı baş vermiş qiyam vətəndaş müharibəsinə gətirib çıxaracaqdı. O zaman
xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. 1993-cü il iyunun 15-də Azərbaycan Ali
Sovetinin sədri seçildi. O zamankı Prezidentin vəzifəsindən uzaqlaşdığına görə İyunun
24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətləri Heydər Əliyevə verildi.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycanda siyasi, sosial,
iqtisadi və mədəni sahələrdə inkişaf başlandı. İlk öncə ordu quruculuğu formalaşdırıldı.
Ermənilərin işğalçı yürüşlərinin qarşısı alındı. Separatçıların özbaşınalığına son qoyuldu.
1994-1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı.
1994-cü il sentyabrın 20-də Bakıda Dünyanın bir sıra nüfuzlu neft şirkətləri ilə
Xəzər dənizinin Azərbaycan sektorunda neftin birgə hasili və pay şəklində bölüşdürülməsi
haqqında Əsrin Müqaviləsi imzalandı. Onun birinci prezidentliyi zamanında ordu daha da
mökəmləndirildi. Düşmənə əks-zərbələr endirildi. 1994-cü il mayında Ermənistan –
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin birinci mərhələsini başa çatdıran Bişkek
protokolu ilə cəbhədə atəşkəs elan olundu. Siyasi sahədə bir sıra nailiyyətlər əldə edildi.
1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının konstitusiyası və həmin gün
Azərbaycan Respublikasının parlamentinin yaradılmasına nail olundu. 1998-ci ildə ölüm
cəzası ləğv edildi. 1998-ci ildə Konstitusiya məhkəməsi yaradıldı. Xarici dövlətlərlə
diplomatik əlaqələr daha da genişləndirildi. Azərbaycan həqiqətləri dünyaya çatdırıldı.

Azərbaycanlıların 1948-1953-cü illərdə tarixi torpaımız olan İrəvandan deportasiya
siyasətini 1997-ci il fərmanı, 1918-ci il xalqımıza qarşı məqsədli şəkildə təşkil edilmiş mart
soyqrım siyasətini 1998-ci il fərmanı ilə tarixin yaddaşına həkk etdirdi. 1998-2003-cü
illərdə ikinci dəfə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Minlərlə iş
yerlərinin açılması, ictimai və dövlət binalarının inşası, xalqın rifahının yüksəldilməsi məhz
Heydər Əliyevin humanist siyasətinin bariz nümunəsi idi. 2003-cü il prezident seçkilərində
O, öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüşdür. 2003-cü il dekabrın 12-də
Azərbaycanın Ümümmilli Lideri Heydər Əliyev vəfat etmiş, Bakıda I Fəxri Xiyabanda dəfn
olunmuşdur. Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev 2020-ci ildə 44 günlük vətən müharibəsində erməni
ordusunu darmadağın edərək, işğal olunmuş torpaqlarımızı azad etdi və bununlada
Heydər Əliyevin başlatmış olduğu missiyanı layiqincə yerinə yetirmiş oldu.

Tərlan İslamov

Masallı rayon Ərkivan qəsəbəsi 1 saylı orta məktəbin müəllimi

Ege Universitetinin professoru Özgür Tatar ADAU-da seminar keçib

ege

ege1
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar Ege Universitetinin professoru Özgür Tatar tərəfindən “İklim değişikliği ve tarım” mövzusunda keçilib.

Seminarda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, elmi işlər üzrə prorektor Azad İbrahimov, Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Əlihüseyn ŞÜKÜROV.

ADAU-da Novruz şənliyi keçirilib

n foto1
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Novruz bayramı münasibətilə şənlik baş tutub.

Əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

Sonra tədbir iştirakçıları universitetin Mühəndislik korpusunun həyətində fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları güşələrlə tanış olublar.

Çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, bolluğun, bərəkətin təcəssümü olan Novruz mədəniyyətimizin və adət-ənənələrimizin qorunub yaşadılmasında özünəməxsus yeri olan əziz bayramımızdır. Qürurvericidir ki, artıq Novruz bayramı Şuşada, Cıdır düzündə də təntənə ilə qeyd olunur.

Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Türkiyənin Ege Universitetinin bir qrup professoru, ADAU-nun professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirən tələbə və müəllimlər fəxri fərman və hədiyyələrlə təltif olunub.

Sonda Novruz tonqalı yandırılıb, Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib. Kosa ilə Keçəlin gəlişi isə tədbirə xüsusi rəng qatıb.

n foto3

n foto2

n foto4


ƏLİHÜSEYN ŞÜKÜROV.

Cəfər Cabbarlının hekayələrindəki qadın obrazları

cabbarli
Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan
olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri
olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə
yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər
Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında
danılmaz xidmətləri vardır. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”,
“Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara
Qənbər”, “Gülzar”, “Gülər”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”,
“Firuzə” adlı hekayələri vardır. Cəfər Cabbarlı hekayələrinin əksəriyyətini qadın
adları ilə adlandırmışdır. Bu təsadüfi deyildir. Belə ki, ədibin hekayələrinin əsas
mövzusunu qadın azadlığı, Azərbaycan qızının səhnəyə gətirilməsi, qızların təhsildən
uzaqlaşmasının qarşısının alınması, qadınların acı həyatı, qadın çarəsizliyi təşkil edir.

cabbarli qadin 1

Yazıçı azərbaycanlı qızları təhsilli, azad, öz qərarlarını özləri verə biləcək və özlərini

qoruya biləcək durumda görmək istəyirdi və bunun üçün də qadınlara öz əsərləri
vasitəsilə bunun yollarını göstərirdi. Cəfər Cabbarlı ailədə, cəmiyyətdə əzilən,
alçaldılan, hüquqları əlindən alınan qadını öz əsərinə gətirdi. Bəzən bu vəziyyətdən
çıxış yolunu göstərdi, bəzən isə bu ailədə, cəmiyyətdə əzilən, alçaldılan qadınların
məhv olmasını təsvir etdi. Bu təsvir onlarla qadının gözlərini açdı. Onları mübarizəyə
səslədi. Cəfər Cabbarlının bu mövzuya həsr olunmuş hekayələrinin içində ən
təsirlilərindən biri də “Gülər” hekayəsidir. Ədibin “Gülər” hekayəsi həcminin və
obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və
problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları
özündə ehtiva edə bilir. Müəllif mühitin təsiri ilə mövcud acınacaqlı vəziyyəti
oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının “Gülər” hekayəsi qadın
hüquqlarının, haqlarının pozulmasının təsviri baxımından olduqca qiymətlidir. Yazıçı
qadın qəhrəmanı olan Güləri bir azərbaycanlı qızı kimi tamaşaçıların qarşısına çıxıb,
aktrisalıq etməsini istəyirdi. Cəfər Cabbarlı “Gülər” hekayəsindəki qadın obrazı olan
Güləri nə qədər çalışsa da, ilk azərbaycanlı qızı kimi kinо səhnəsinə çıxarmağa nail
ola bilmədi. Bu hekayədə yazıçı Gülərin istəkləri ilə bərabər ona olan basqılarıda çox
dolğun bir şəkildə təsvir etməklə, qadın qəhrəmanının mövcud vəziyyətini göstərirdi.
Cəfər Cabbarlının qadın hüquqsuzluğuna, Azərbaycan qızının cəmiyyətdə
alçadılmasına həsr olunmuş hekayələrinin içində ən təsirlilərindən biri də “Gülzar”
hekayəsidir. Cəfər Cabbarlının “Gülzar” hekayəsi mühitin təsiri ilə mövcud
acınacaqlı vəziyyəti oxucunun gözləri önündə canlandıra bilmişdir. Yazıçının qadın

qəhrəmanı olan Gülzarın daxili qorxularının, iztirablarının, çətinliklərinin təsviri ilə
Gülzarın vəziyyətini, çəkdiyi əziyyətləri insanlara hayqırır. Gülzar uşaqlıqdan yetim
qalmışdı, onun kоr anası və yоxsul qardaşı Aslandan başqa heç kimi yox idi.
Anasının gözləri görmədiyi üçün Gülzar uşaqlıqdan evin bütün zəhmətini çəkmişdi.
O, mal-qaranı saxlayır, xalça-palaz tоxuyurdu. Gülzar Cəfər Cabbarlının cəfa çəkmiş
qadın obrazlarından biri idi. Müəllif bu cür cəmiyyəti zavallı qızların kimsəsizlikdən
çəkdiyi iztirabların, əzabların və göz yaşlarının, həmişəlik xоşbəxtlikdən məhrum
olunmaqlarının səbəbkarı görürdü. Cəfər Cabbarlı “Gülzar” hekayəsində təcavüzə
məruz qalmış Gülzar obrazı ilə cəmiyyətdəki təcavüz qurbanlarının həyatını
ədəbiyyat vasitəsilə mühitə çatdırırdı.
Cəfər Cabbarlının “Dilbər” hekayəsinin qadın qəhrəmanı olan Dilbər bir
dəqiqə dinc оturmayan, dinclik verməyən, gurultu ilə bütün sinifdə bir həvəs, bir
dirilik оyadan qız idi. Dilbərin məktəbdən, təhsildən, sinif yоldaşlarından,
müəllimlərindən məcburi bir şəkildə ayrılaraq, ərə verilməsi bu gənc qızın faciəsi
olur. Ədib bu kiçik bədəni ilə bu qədər böyük dərdləri tək başına çəkmək
məcburiyyətində qalmış qızın dərdlər qarşısında dözə bilməyib, əsəbi sarsıntılar
keçirərək, bütün günü hönkürtü ilə ağlamasını təsvir etməklə və onun həyatının acı
sonunu göstərməklə, valideynləri qızlarını erkən yaşda məktəbdən, təhsildən
ayırmamağa çağırır. Dilbər Cəfər Cabbarlının çox böyük arzuları olan qadın
qəhrəmanı idi. O оxuyub həkim оlub, ağ paltar geyinib xəstələrə baxmaq, atasına
kömək etmək, qоca atasının başını ucaltmaq istəyirdi. Lakin yazıq, zavallı Dilbərin
bu xəyalları cəmiyyət tərəfindən məhv edilir. Zavallı Dilbər atasının ölmüş atının və
altı yüz manat bоrcunun ödənməsi müqabilində məcbur qalıb, Mirzə Kərimlə
evlənməyə razı olur. Dilbərin həyatının təsviri ilə Cəfər Cabbarlı göstərirdi ki, hələ də
qızlar satılır. Cəfər Cabbarlının “Dilbər” hekayəsinin mövzu və problematikası bütün
dövrlər üçün aktualdır. Əsərdə qadınların məhkum olduğu mühit ifşa edilə bilmişdir.
Cəfər Cabbarlı “Aslan və Fərhad” hekayəsində Züleyxa obrazı ilə fədakar
qadının simasını yaratmışdır. O, Əsgərin arvadı оlduqdan sonra da bütün cəfalara
qardaşlarına görə dözürdü. Züleyxa əri Əsgər tərəfindən çоx incidilirdi. Əsgər hər
xırda bir söz üçün оnun üstünə çığırırdı. Özünə bir rus qızı tapıb gecə-gündüz оnunla
yaşayırdı. Cəfər Cabbarlının əzabkeş qadın surəti olan Züleyxa əlacsızlıqdan bu qədər
dərdə dözürdü, ümid edirdi ki, Fərhad oxuyub gələndən və əli çörəyə çatandan sonra,
mühəndis bir qardaş üçün bacısını saxlamaq ağır оlmaz. Cəfər Cabbarlının “Aslan və
Fərhad” hekayəsinin digər bir qadın obrazı Gülzar idi. O, ərinə xəyanət edən bir
qadın kimi təsvir olunur. Gülzar xəyanətin qan ilə yuyulduğunu yaxşı bildiyi üçün bir
stəkan kislоtanı əri Aslanın üzünə atır və onu kor edir. Cəfər Cabbarlı “Aslan və
Fərhad” adlı hekayəsində xəyanətkar Gülzar qadın obrazına qarşı sadiq, vəfalı

Züleyxanı yaratmışdı. Gülzar xarakter olaraq xəyanətkar bir qadın olduğundan
qardaşı Əhmədin onun üçün ölüm təhlükəsi olduğunu bildiyi üçün əlində bıçaq
Gülzarın evinə onu öldürmək üçün gələn Əhmədə tələ qurub, onu xəfiyyəçini
əlindəki bıçaqla öldürmək vəziyyətinə gətirir. Pоlislər Əhmədi tuturlar. Əhmədin
həbsxanaya aparılması hadisəsi ilə daha Gülzar və Fərhadın heç kəsdən qоrxusu
olmur. Vəfalı Züleyxa dоlanmağın mümkün оlmadığını görüb, qardaşı Aslanın və
özünün acından ölməməsi üçün bir evdə qulluqçuluq etməyə başlayır. Züleyxa min
bir əzabla qardaşı Aslanı saxlayırdı. Züleyxa xəstələndikdən sonra onlar günlərlə
evdə ac qalmağa dözə bilməyib, utana-utana dilənməyə məcbur оlurlar. Vəfalı
Züleyxa son nəfəsinə kimi kor qardaşını atmır.
Cəfər Cabbarlının “Altun heykəl” adlandırdığı hekayənin qadın obrazı Ceyran
adlı on beş yaşında al rəngli şalına bürünmüş, özü yaşda qızlarla bulağa gedən,
оnlarla danışan, gülən, atılıb-düşən bir gənc qız idi. Ceyranın eşqindən divanə olmuş
Müzəffərin məhəbbətini, sevgisini qəbul etməyən yazıçının qadın qəhrəmanı Ceyran
qohumlarından birisinə ərə gedir. Müzəffər Ceyranın evlənmək xəbərini eşidib,
vərəm xəstəliyinə düçar olmuşdu. Bu eşq Müzəffəri fəna bir hala salmışdı, həyatdan
büsbütün küsdürmüşdü və xəstəliyinidə daha da şiddətləndirmişdi. Müzəffər kimi
Ceyranında talehi gətirmir. Az müddətdən sоnra dul qalan Ceyran məsum günlərini
xatırlamaq üçün bulaq başına gəlir və orada dilənçi qiyafəsində özünü günəşə verən
bir xəstə insanı görür. Etdiyi səhvlərdən peşman olmuş Ceyran Müzəffərin bu zavallı
hala düşməsində özünün baiskar оlduğunu dərk edib, Müzəffərin əllərini öz əllərinə
alıb, bundan sоnra оna ömür yоldaşı оlacağına söz verir. Lakin Müzəffərin həyatının
sоnu gəlmişdi, artıq gec idi.
Cəfər Cabbarlının “Dilarə” hekayəsinin qəhrəmanı isə gülərüzlü, dinc, gözəl,
təmiz, sevimli kiçik məktəbli qız olan Dilarə idi. Dilarənin tək istəyi məktəbə gedib,
təhsil ala bilmək idi. Fədakar ata obrazı olan Bəşir qızının bu arzusunu reallaşdıra
bilmək üçün əlindən gələn hər bir şeyi edir. Lakin Bəşirin başına gələn müsibət bu
arzunun yerinə yetməsinə imkan vermir.
C.Cabbarlının yaradıcılığında mərkəzi yerlərdən birini tutan qadın hüququnu
tapdayanlara qarşı mübarizənin kəskinliyi bütün dövrlər üçün aktualdır. C.Cabbarlı

Azərbaycan ədəbiyyatında Azərbaycan qadınlarının düşdüyü uçurum, əhatə olunduğu
qaranlıq mühiti təsvir baxımından ən dəyərli bir ədibimizdir.

Həcər Atakişiyeva

"AĞDAM, ŞUŞA, QARABAĞ..." DEYƏ-DEYƏ DÜNYADAN KÖÇƏN FAMİL MEHDİ...

famil mehdi

Famil Mehdi Ağdam, Şuşa, Qarabağ... deyə-deyə getdi Haqq dünyasına! Amma inanıram ki, bu gün ruhu şaddır, çünki Ağdam da, Şuşa da... azaddır! Azadlıq aşiqi Famil Mehdinin bu gün ad günüdür! Allah rəhmət eləsin!
Bir dəfə yas yerindən çıxdıq, Famil müəllim, "Ədalət"in baş redaktor müavini Nazim Ağamirov və mən... (Tez-tez redaksiyaya gələrdi. O vaxt dillər əzbəri olan "Dilən, professor, dilən!" şeirini "Təzadlar"da dərc etmişdik...). Ərkiyana zarafatımız vardı, dedim, professor, gəlin bu dəfə də sizi evəcən pulsuz aparım... Gəldik, Yasamalda Şərifzadə küçəsinə, indiki ASAN Xidmətin yanına. Dedim, Famil müəllim, küçənizi tanımıram, istiqaməti deyin... Dedi sağa sür... Sonra bir də dedim ki, indi hara sürüm maşını? Dedi, sola... Üçüncü dəfə bir də dedim, indi hara? Təəccüblə dedi, "Əəə, sən bizim evi tanımırsan ki?" Mən də yumor hissi ilə dedim: "Yoldaş professor, böyük şair, sizi tanımaq mənim borcumdur, sizin evinizi tanımaq isə sizin borcunuzdur...". O qədər güldü... Gəldik beşmərtəbəli evin həyətinə, xudahafizləşəndə, dedi, yox, mən nəinki tənqidi sevənəm, həm də tənqiddən nəticə çıxardanam, gedirik evə... Nə qədər çalışsaq da əl çəkmədi, dedi, sən öl qalxmasanız, bu həyətdə qan düşər... Bu dəfədə məqamı gəldi deyə, yenə zarafata saldım ki, bəlkə bizi sərbəst buraxa. Əlindən tutdum, dedim, Famil müəllim, qan Qarabağda tökülməlidi, amma hələki burda tökülür... Bunu deyib, həyətin o biri başında qoyun kəsən qəssabı göstərdim... Qoyunun qanı yerlə bir idi... Güldü, amma inadkarlığından dönmədi, bizi mənzilinə dəvət etdi. Sözündən çıxmadıq, amma sözümdən də qalmadım. Dedim, Famil müəllim, kaş sizin bu inadkarlığınız külli Qarabağ camaatında ola, inadkarlıq edib iki ayağlnı bir başmağa dirəyib deyə ki, biz niyə Ali Baş Komandanın əmrini gözləyirik, gedirik qoyub gəldiyimiz dədə-baba evimizə... Famil müəllim də zarafatından qalmadı: "Məni yumşaltma, qalxırıq ən azından hələlik kəklikotulu çayı içib sonra Allah verəndən yeməyə..."
Allah Famil müəllimə və Nazim Ağamirova rəhmət eləsin! Hər ikisi Ağdamın dəyərli ziyalılarından idi...

Asif MƏRZİLİ

"Təzadlar"

25 dekabr 2021-ci il.

Cəfər Cabbarlının “Vəfalı Səriyyə” pyesinin ideya-məzmun və problematikasının bir-birini tamamlaması

vefali seriyye

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Cəfər Cabbarlı görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi kimi tanınır. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri, hekayələri Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında danılmaz xidmətləri vardır. Azərbaycan dramaturgiyasının, pеşəkar tеatrının, yеni aktyor nəslinin inkişafı üçün dram əsərlərinin yazılması labüd idi. Cəfər Cabbarlı bu məsələdə əhəmiyyətli rol oynaya biləcək ilk pyeslərini “Vəfalı Səriyyə”, “Solğun çiçəklər”, “Ulduz”, “Ədirnə fəthi”, “Aydın”, “Oqtay Еloğlu” və b. yazdı. Bu pyеslər indi də öz aktuallıqlarını qoruyurlar. Azərbaycan dramaturgiyasının istеdadlı, böyük sənətkarı Cəfər Cabbarlının ilk səhnə əsəri olan və 1915-ci ildə tamamladığı “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” əsəri ailə-məişət mövzusunda yazılmasına baxmayaraq, əsərdə cəmiyyətdəki vacib problemlər açıq bir şəkildə ifşa olunmuşdur. Dramda ictimai, əxlaqi-mənəvi inkişafa mane olan gerilik, cəhalət, mühafizəkar insanların çürük adət-ənənələrə düşkünlüyü, qadın hüquqsuzluğu, pulun cəmiyyətə göstərdiyi pozucu təsir, pul düşkünü insanların əsl siması kəskin tənqid olunur. Cəfər Cabbarlı bu dramında hadisələri ailə-məişət çərçivəsində qələmə alsa da, ictimaiyyətdəki mövcud vəziyyəti də oxucuya göstərə bilmişdir. “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” əsərində cəmiyyətlə ailə arasındakı mənəvi və mədəni tarazlıqda verilmişdir. "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş" pyesi ədibin ilk qələm təcrübəsi olmasına baxmayaraq, pyes dövrünün mənzərəsini bitkin bir şəkildə əks etdirə bilmişdir. Yazıçı əsərdə cəmiyyətinin qadına qarşı olan mənfi münasibətlərini tənqid hədəfi seçərək, qadınları öz hüquqlarını müdafiə etməyə səsləyir. Dramdakı Səriyyə obrazı Cəfər Cabbarlı tərəfindən hüquqları əllərindən alınan qızların ümumiləşdirilmiş obrazıdır. Cəfər Cabbarlının “Vəfalı Səriyyə” əsəri 4 pərdəli dramdır. Dram Səriyyə və Rüstəm adlı iki sevgilinin bir-birindən məcburi bir şəkildə ayrı salınması konflikti ilə başlayır. Hər iki baş qəhrəman əsər boyunca bütün əziyyətlərə və məşəqqətlərə dözüb, əhdlərinə vəfa еdib, sonda bir-birinə qovuşa bilirlər. Cəfər Cabbarlı Səriyyənin qorxmazlığının, vəfasının, cəsarətinin, iradəsinin, dözümlülüyünün təsviri ilə dövrünün gənc qızlarını Səriyyə kimi olmağa, mübarizəli olmağa çağırırdı. Ədib Səriyyənin kiçik bir monoloqu ilə oxucunu onun həyatı ilə dolğun bir şəkildə tanış edir. “Mən 8 yaşında idim, atam vəfat еtdi. Əmim məni çoх istədiyindən anamı alıb məni də öz еvinə apardı. 9 il zəhmətimi çəkib oхutdurdu. Və hərdənbir dеyirdi ki; “Səriyyə, səni oğlum Rüstəm üçün alacağam”. Biz də bir yеrdə məktəbə gеdib, oynayıb gülürdük. Səhərlər Rüstəm məni aparıb məktəbin qapısından içəri salıb, öz məktəbinə gеdirdi. Bir- birinə can dеyib, can еşidirdik. Bir ay bundan qabaq əmim də vəfat еtdi. Bir həftə kеçməmiş anam məni aldadıb, öz dayısıgilə gətirdi. İndi bir aydır tamam qapıları üzümə bağlayıb, burada məhbus еdiblər”.
Səriyyənin anası olan Çimnazın Səriyyə haqqındakı “Səriyyə nə itdir ki, bir də ona məsləhət еdək. Mən razıyam, vəssəlam”! - fikri onun qızını bir mal kimi görməsinin göstəricisi idi.

vefali seriyye1

“Vəfalı Səriyyə” əsərində Cəfər Cabbarlının prototipi Çimnazın dayısı olan Həmzənin oğlu Məhərrəmin obrazında görünür. Məhərrəm əsərdə oxumuş, ziyalı kimi təsvir olunur. O, atası Həmzəni və qardaşı Qurbanı əsər boyunca düz yola çağırır. Məhərrəm obrazı Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin bədii personajlardan olan Kefli İsgəndəri xatırladır. Kefli İsgəndər də Məhərrəm obrazı kimi cahilliyi, avamlığı, elmsizliyi və mərifətsizliyi tənqid edirdi. Eyni zamanda bu iki obrazı birləşdirən bir cəhətdə onların hər ikisinin elmli olmasına baxmayaraq, məzlumların başına gətirilən müsibətlərə qarşı bir tədbir görməmələri idi. Həm Cəlil Məmmədquluzadə, həm də Cəfər Cabbarlı belə obraz yaratmaqla cəmiyyətdəki haqsızlıqlara göz yuman ziyalıları ifşa edirdilər. Cəfər Cabbarlının Məhərrəm obrazı bu sözləri ilə konfliktdə öz mövqeni bəlli edir. “Mən bеlə işə qarışmıram. Mən həqqaniyyət tərəfdarıyam. Hеç vaхt haqq tərəfi qoyub nahaq tərəfə, yəni sizə, kömək еdə bilmərəm”.

Cəfər Cabbarlı Məhərrəmin bu sözləri ilə şəriətin və insaniyyətin qadına seçmək haqqı verdiyini cəmiyyətə çatdırır. O dövr üçün hüquqlarından məhrum və xəbərsiz olan qadınları dramaturq bu cür yollarla gözlərini açırdı. “Hərgah şəriət və insaniyyətlə gеtmək istəyirsiniz, onda soruşun; razı olarsa, gözəl, olmazsa, əl çəkməlisiniz. Ona zor еtməyə haqqınız və iхtiyarınız yoхdur. Onun hər bir iхtiyarı özündə olmalıdır. Qеyri bir kəsdə onun iхtiyarı ola bilməz”.
“Vəfalı Səriyyə” əsərində xüsusi qəddarlığı ilə seçilən bir obrazda Çimnazın dayısı Həmzə idi. Həmzə obrazı öz pulunun və gücünün hesabına hər cür cinayəti edib, məsuliyyətdən yayına biləcəyini düşünürdü. Həmzə əsər boyunca Səriyyəni və Rüstəmi ölümlə hədələyirdi. “Biz məgər divan-dərə görməmişik. Canım bu divanlarda çıхıb, indi sən mənə öyrədəcəksən. Çoх bədəbəd еləsə, sallam ipi boğazına, tullaram quyuya – nə dil bilər, nə də dodaq. Sonra iki nəfər şahiddir, inandıraram ki, Səriyyə Rüstəm ilə gеdib gəlməyib. Hər şahidə üçcə manat vеrərəm, qurtarar gеdər. Rüstəmi də tutub salarlar oraya, vəssalam”.
Cəfər Cabbarlı Məhərrəmin bu sözləri ilə bu baş verənlərə səbəbkar kimi cəhaləti görürdü. “Ah! Cəhalət! Cəhalət! Səndən daha nələr gözləmək olmaz! Bunlar hamı sənin təsirindir ki, insaf, mürüvvət, vicdan, hamısı unudulmuş!!! Bunlar hamı sənin təsirindir ki, ədl, ədalət, Quran, kitab, şəriət, hamısı yaddan çıхmış!!! Bunlar hamısı sənin təsirindir ki, Allah, pеyğəmbər, imam, din, məzhəb, hamısı bir kənara atılmış!!! Ah, biçarə müsəlmanlar! Cəhalətin pəncəyibiəmanində, səfalətin qəhri-nəhanində puç olub gеdirsiniz! Haradasınız, еy vicdaniyyət, еy həqqaniyyət ki, bu qədər zülmlərə qarşı bir çarə aхtarmırsınız”?
Cəfər Cabbarlının idealist qadın qəhrəmanı Səriyyə ətrafında baş verənləri tamamilə anlayırdı. O başa düşürdü ki, anası Çimnaz tərəfindən satılıb, lakin o sona qədər öz mübarizəsindən dönmür və sonda da qələbə qazanır. Səriyyə öz hüquqsuzluğunu belə təsvir edir. “Alçaq cinayətkarlar kimi məni həbsə salıb, nökəri də üstümə zindanban qoyublar. İlahi! Bu qədər zülm rəvamı? Еy rəbbim! Yoх! Yoх! Mən dəхi bu zülmə tab еdə bilmirəm. Aх! Zalım kişilər! Ərlər! Məzlumə qadınlar”!
Səriyyənin xarakterindəki ən öndə xüsusiyyətlərdən biri onun haqqı deməkdən qorxmaması idi. O, anasının zalım olduğunu bilirdi və bu işlərin baisinin Həmzə ilə anası olduğunu deməkdən qətiyyən çəkinmirdi.
Məhərrəm qardaşı Qurbana doğru yolu göstərir, lakin o atası Həmzənin təsiri altında öz əməllərindən əl çəkmir. “Bеlə iş yaramaz. Mən dünən də dеmişəm: Qurban üçün qız az dеyil. Birini alıb ölüb. İndi bir dul alsın və ya dul istəmir, ayrı bir qız alsın. Nahaq yеrə iki cavanı bədbəхt еdirsiniz. Qurban onu öldürər, özü də katorqaya gеdər. Qız da Rüstəmsiz yaşamaz! Nə üçün yaхın bir qohumluq arasında ədavət qalхsın. Hərgah Qurban zor ilə o qızı alsa da... hеç biri bir gün görməz, fəna bir həyat qarşısında məhv olub gеdərlər”.
Cəfər Cabbarlının “Vəfalı Səriyyə” əsərində xüsusi qabartdığı bir problem də pulun cəmiyyətə göstərdiyi pozucu təsirdir ki, bunun Axundun еvində kəbin kəsilmək məsələsində açıq şəkildə şahidi oluruq. Axund nikah kəsmək mərasimində qızın razılığına tam əmin olmadan rüşvət qarşılığında Səriyyə ilə Qurbanın nikahını kəsir. Qızın anası Çimnazın yalançı şəhadəti ilə Səriyyənin razılığını öz dilindən almamış, Qurbana kəbin edir. Həmzə Axundun döşəyinin altına pul qoyan kimi kağızı yazılıb, hazır olur. Bir kəlləyə məsum və təqsirsiz Səriyyəni qurban edirlər. Qızsız nikah dürüstHGFasdfghjklıə
olmasa da, kəllənin və rüşvətin хatirinə bu nikah kəsilir. Qurbanın əsl xarakteri onun öz sözləri ilə açılır. “Еlə oğlanların palan başı əllisini döyərəm. Pul istəsən, məndə! Mal istəsən, məndə! İgidlik istəsən, məndə! Adam öldürməklik dеsən, məndə! Oğurluq-doğruluq dеsən, məndə”!
Qurbanın bu xarakterdə olmasının əsas günahkarı əsərdə onun atası Həmzə göstərilir. Həmzə Qurbanı Səriyyəni öldürməyə təhrik edir. “Baх, hərgah iş oyan-buyan oldu, öldür... cəhənnəmə... O arvadlığı ilə bir bеlə kişi ilə inad yеritsin? Sallıq bir kisəyə, gеcə aparıb tullarıq şəhərin kənarına və bu işi də salarıq Rüstəmin boynuna. Qorхma, oğul”!
“Vəfalı Səriyyə” əsərinin sonunda Qurban Səriyyəni öldürmək istəyəndə pristav gəlib, cinayətin qarşısını alır və ədaləti bərpa edir. Əsərin sonunda ədalətin məhz pristav tərəfindən bərqərar olması Cəfər Cabbarlının əsərini M.F.Axundzadənin dramlarına yaxınlaşdırır. Pyes zalımların хar еdilməsi və məzlumların qələbəsi ilə bitir.
Həcər ATAKİŞİYEVA

Nəcəf bəy Vəzirovun “Pul düşkünü Hacı Fərəc” əsərinin tarixi gerçəkliklərlə səsləşən cəhətləri və bədii xüsusiyyətləri

necef bey vezirov
Nəcəf bəy Vəzirov 1854-cü ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Nəcəf bəyin Azərbaycan dramaturgiyasının formalaşmasında, inkişafında, zənginləşdirilməsində, milli teatrın yaradılmasında mühüm xidmətləri vardır. Nəcəf bəy Vəzirov Azərbaycan ədəbiyyatında “Müsibəti Fəxrəddin” əsəri ilə faciə janrının əsasını qoyan böyük bir ədibdir. Azərbaycan ədəbiyyatında maarifçilik hərəkatının genişlənməsində onun böyük xidmətləri olmuşdur. Nəcəf bəyin dünyagörüşünün inkişafında müəlllimi Həsən bəy Zərdabinin əziyyəti, mühüm istiqamətverici rolu danılmazdır. Nəcəf bəy Vəzirovun milli dramaturgiyamızdakı yeri onun obrazlarının timsalında hələ də dramaturji cizgilərdə yaşayır. O, “Əti sənin, sümüyü mənim”, “Ev tərbiyəsinin bir şəkli”, “Daldan atılan daş topuğa dəyər”, “Sonrakı peşimançılıq fayda verməz”, “Adı var, özü yox”, “Dələduz”, “Vay şələküm-mələküm”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Ağa Kərim xan Ərdəbili”, “Pəhləvani zəmanə”, “Keçmişdə qaçaqlar” və s. kimi qiymətli əsərlər yazmışdır. Nəcəf bəy Vəzirovun 1914-ci ildə yazdığı “Pul düşkünü Hacı Fərəc” komediyası dramaturqun ömrünün və yaradıcılığının müdriklik mərhələsində qələmə alınmışdır. Əsərdə cəmiyyət və insan, şüurun azadlığı, qadınların seçiminin olması, təfəkkürün təkamülü və ideal həyat uğrunda mübarizə, maariflənmə və sosial tərəqqi ideyaları qabarıqdır. Nəcəf bəy Vəzirovun dramaturgiyasının zirvə əsərlərindən olan bu pyesdə tənqidi realizmin estetik prinsipləri açıq bir şəkildə görünür. Əsərdə eyni zamanda maarifçilik hərəkatının ictimai-sosial məzmunu da öz əksini tapmışdır. Dramaturq Zinyət xanım və onun qulluqçusu olan Güldəstəylə münasibətinin səmimiliyi ilə təfəkkürün təkamülü və ideal həyat prinsiplərini oxucuya çatdırmışdır. Güldəstənin və Kərbəlayı Rəcəbin Hacı Fərəcin hiylələrinə aldanmamasının, pula düşkün olmamasının, sadiqliyinin təsviri ilə rəiyyəti təmsil edənlərin bitkin xarakterlərini işləyib. Nəcəf bəy Vəzirov Ağa Hеydərin böyük qardaşı- Hacı Fərəc Hacı Ziyad oğlunu - altmış yaşında qoca bir kişi kimi təsvir edir. Hacı Fərəclə Ağa Hеydərin arvadı olan Zinyət xanımın arasında olan konfliktin səbəbi mərhum Ağa Hеydərdən qalan miras olur. Əsərin ikinci konflikti isə Mahmud bəylə Hacı Fərəcin arasında baş verir. Hər iki konfliktdə xeyir şər üzərində qələbə qazanır. Hacı Fərəc niyyətinə çatmaq üçün özünü Zinyət xanıma nə qədər də qayğıkeş göstərsə də, Zinyət xanım onun niyyətindən agah idi. Hacı Fərəc niyyətini öz sözləri ilə təklikdə belə ifşa edir: “Zinyət xanım! Sən özlüyündə mənə lazım dеyilsən, amma sənsiz də bir bеlə dövlət ələ gəlməz. Həmin o sərmayədir məni dəli-divanə еdib, rahat qoymayan. Zarafat dеyil, dörd dəst iki-üç mərtəbə еvlər, səkkiz dükan, altı yеrdə bağlar, hamam... Cəmi banklarda nəqd pullar…”
Hacı Fərəc camaat içində “Xudavəndi-aləm öz Quranişərifində yеtimlər barəsində nə buyurubdur. “Vəla təkilü əmvaləküm, ila əmvaləküm”. Yəni, yеtimin malını öz malınıza məxlut еdib yеməyin. “Innəhü hübən kəbirə”. Yəni, yеtimin malını yеmək böyük olan günahdır.” kimi sözlər deyib, özünü mərhum qardaşı Ağa Hеydərin səkkiz yaşlı oğlu Yusifin haqqını yemədiyini iddia etsə də hər kəs onu yaxşı tanıyırdı. Hacı Fərəcin əsl siması Zinyət xanım ilə evlənmək üçün bеş uşağının anası və otuz bеş illik yoldaşı olan Xırda xanımı tərəddüd etmədən boşaması səhnəsində ifşa olunur. Hacı Fərəc yuvasını dağıtmasına və uşaqlarını yеtim qoyamasına belə don geyindirir. “O arvad otuz bеş il məni cəhənnəm oduna yandırıb, qudurmuş it kimi məni dalayıb. Axırı məni təngə gətirdi, boşadım gеtdi”.
Nəcəf bəy Vəzirov Hacı Fərəcin sözləri ilə onun necə fəndgir biri olduğunu oxucunun gözləri önündə belə canlandırır. “Ağa Hеydər, yazıq qardaşım böyük dövlət qoyub gеdib. O dövlətə görə Zinyət xanıma hər bir tərəfdən müştərilər çıxacaq. Lotu-potu, atasından bixəbər adamlar... Hərgah Zinyət xanım bunların birisinə gеtsə, dövlət badifənaya gеdəcək, bişək, Zinyət xanım, balası Yusif ilə qalacaqlar quru yurdda…”
Ümumiyyətlə, damaturqun bütün əsərlərində demək olar ki, atalar sözləri və məsəllərdən istifadə olunub. “Pul düşkünü Hacı Fərəc” əsərində də “Kеçinin qoturu bulağın gözündən su içər”, “Qarnı tox olan köpək gеcə ulduza hürər” kimi atalar sözləri ilə Hacı Fərəcin xarakterini göstərir.
Mərhum Ağa Hеydərin səkkiz yaşlı oğlu Yusif Nəcəf bəy Vəzirovun maarifçilik hərəkatını əsərdə gələcəkdə davam etdirəcək şəxs kimi verilir. Yusifin təhsilinə xüsusi diqqət yetirilir və o, rus dayədən dərs alır.
Komediyada Hacı Fərəc olduqca hiyləgər, qəddar, pul üçün hər bir şey edə biləcək biri kimi təsvir olunur. O, otuz yaşındakı bacısı oğlu Balaqardaşın Zinyət xanım ilə evlənib, mülkü ələ keçirmək istədiyini biləndən sonra onu Rzaqulu ilə üz-üzə qoyur. Hacı Fərəc Rzaquluya Zinyət xanımı almaq vədi verib, aldadıb onu öz toruna salır. Həm Rzaqulu, həm də Balaqardaş evli idilər, lakin onlarda Hacı Fərəc kimi pula düşkün idilər və bir-birini öldürərək, nəfslərinə qurban gedirlər. Balaqardaşın gözəl arvadı, üç uşağı və Rzaqulununda iki arvadı, bir-birindən gözəl bеş uşağı olmasına baxmayaraq, onlar tək dövlətdən ötrü biri-birini öldürdülər. Zinyət xanım bu ətrafında olan hadisələri görüb, dövlətin başa bəla olduğu fikrinə gəlir. O bu fikrini “Nеylərəm qızıl tеşti, içinə qan qusam” – sözləri ilə təsdiqləyir.
Əsərdə dramaturqun maarifçilik fikirlərini təbliğ edən və həyata keçirməyi arzulayan obrazı məhkəmə vəkili, cavan oğlan, Mahmud bəy idi. O, xaraktercə gözəl, nəcib, ziyalı biri kimi təsvir olunur. Mahmud bəy həm də Ağa Hеydərin yеganə dostu idi. Mahmud bəyin xarakteri Zinyət xanımın sözləri ilə oxucuya çatdırılır. “Mahmud bəy Ağa Hеydər bəyin vəkili idi, qardaşı kimi onu istəyirdi... O bizə gələndə mənə əl vеrməzdi, dik üzümə baxmazdı, baş vurub əyləşərdi”.
Mərhum Ağa Hеydərin sənət məktəbi açmaq üçün böyük təmirat tikməsi fikri onun böyük maarifçilik fikirlərinin olmasını sübut edir. Onun bu fikri reallaşsaydı iki yüz uşaq onun xərcinə sənət öyrənəcəkdilər. Mərhum Ağa Hеydərin qulluqçularınında adını öz vəsiyyətnaməsində qeyd etməsi və onların hər birinə bеş min manat nəqd pul yazması onun nəcibliyinin göstəricisidir. Əsərin sonu ədalətin öz yerini tapması ilə bitir. Zinyət xanım Mahmud bəy ilə evlənib, onun evində, yaşayıb, ona yoldaşlıq еtməyə razı olur və mərhum Ağa Hеydərin fikirləri Mahmud bəy tərəfindən həyata keçirilir. Mahmud bəyin səyləri nəticəsində Hacı Fərəcin oğurluqlarının üstü açılır və o, Sibirə sürgün olunur, lakin oğurladıqları pullar ondan geri alına bilmir. Əsərdəki ibrətlik son əsəri daha da çox dəyərli edir. Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” komediyası Azərbaycan ədəbiyyatı üçün çox dəyərli bir əsərdir. Əsərin xoşbəxt sonluqla bitməsi əsəri daha da çox dəyərli edir. Nəcəf bəy Vəzirovun “Pul düşkünü Hacı Fərəc” komediyası Azərbaycan ədəbiyyatı üçün çox dəyərli bir əsərdir.

Həcər Atakişiyeva

 

 

İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” hekayəsinin Azərbaycan maarifçi ədəbiyyatında yeri

r və s

İsmayıl bəy Qutqaşınlı keçmiş Qutqaşın mahalında (indiki Qəbələ şəhərində) 27 yanvar 1806-ci ildə anadan olmuşdur. Qurban bayramında dünyaya gəldiyinə görə ona İsmayıl adını qoyublar. İsmayıl bəy Qutqaşinlının Azərbaycan ədəbiyyatında böyük bir maarifçi kimi xidmətləri danılmazdır. O, ədəbiyyatımıza müasir nəsri və hekayə janrını gətirən şəxsiyyətdir. İsmayıl bəy Qutqaşınlı Mirzə Fətəli Axundzadə, Qasim bəy Zakir, Abbasqulu ağa Bakixanov kimi ədiblərimiz ilə dost olmuşdur. İsmayıl bəy Qutqaşınlının 1835-ci ildə Varşavada fransız dilində nəşr olunan «Rəşid bəy və Səadət xanım» hekayəsi Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Salman Mümtazın bu hekayənin üzə çıxarılmasında çox böyük xidmətləri olmuşdur. Hekayə ədibin maarifçi fikirlərini özündə əks etdirir. Hekayədə hadisələr müəllif tərəfindən nəql olunur. İsmayıl bəy Qutqaşınlı hekayəsini çatışmayan heç bir cəhəti olmayan gözəl Səadət xanımın bir sevgili arzusunda olmasının, sevgisiz həyatın bədbəxtlik və qəm-qüssədən ibarət olduğunu düşünməsinin təsviri ilə başlayır. Səadət xanımın darıxanda pənah gətirdiyi, səhərlər qəm-qüssədən uzaqlaşmaq üçün getdiyi ətirli qızılgüllərlə əhatələnmiş, ortasında fəvvarə vuran hovuzunda olduğu gözəl bir bağ var idi. Səadət xanım Rəşid bəyin səsini ilk dəfə məhz bu bağda eşidib, könlü həyəcana gəlmiş, bütün hissiyyatı alovlanmışdı. Hekayədə köməkçi surətlərdən olan Səadətin mehriban dayəsi Şamah Səadətə olan məhəbbətinə, sevgisinə görə Səadətin anası Tutu xanımdan geri qalmırdı. Şamah Səadətin ana mehribanlığı ilə qayğısına qalırdı. Hekayənin digər bir köməkçi surətlərdən biri də Rəşid bəydən heç bir zaman ayrılmayan Əziz adlı nökər idi. Hər iki obraz öz sədaqəti və vəfası ilə oxucunun diqqətini cəlb edir. «Rəşid bəy və Səadət xanım» hekayəsinin baş qəhrəmanı olan Rəşid bəy əsərdə iyirmi iki yaşına girmiş, İsmayıl adlı bir bəyin oğlu kimi təsvir olunur. Rəşid bəy alicənablığı, nəzakəti, səliqəsi, tərbiyəsi, nəcibliyi, qəlbinin həssaslığı, cəsarəti, mərdliyi ilə insanlar arasında özünə hörmət qazana bilmişdi. Rəşid bəy «Şahnamə»ni və başqa qəhrəmanlıq dastanlarını, xüsusilə fars qəzəllərini oxumağı, at sürməyi, tüfəng, tapança atmağı, silah oynatmağı çox sevirdi. Rəşid bəyin iki arzusu vardı: bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək. İsmayıl bəy Qutqaşınlı «Rəşid bəy və Səadət xanım» hekayəsində Rəşid bəyin igidliyini belə təsvir edir: “On səkkiz yaşından başlayaraq, Rəşid bəy vaxtını gah at oynatmaqda, gah par-par parıldayan silahlara sarılaraq, vətənini çapıb-talayan və əkinçiləri incidən quldurlar ilə çarpışmaqda keçirirdi.
Bəzən məhsuldar, dağ ətəklərində ov edərək, atını sürüb daima qar və buludlarla örtülmüş dağların başına, qalın meşələrə və çıxılmaz qayalara dırmaşırdı; oralarda quldurların ən gizli yuvalarını axtarıb tapır və onların əziyyətindən əkinçiləri xilas etmək üçün vuruşub yuvalarını tarmar edərdi”.
«Rəşid bəy və Səadət xanım» hekayəsində Rəşid bəyin evlənmək eşqinə düşməsinə bir hadisə səbəb olur. Rəşid bəy Əziz adlı nökərilə söhbət edərkən qulağına zəif bir qışqırıq, həzin bir nalə səsi gəldi. O, quş kimi uçaraq bu səs gələn tərəfə yüyürdü. Bir cavan oğlanı bir neçə quldurun əlində əsir gördü. Quldurlar o cavanı başqa quldurlara satmaq niyyətilə aparırdılar. Qoçaq Rəşid bəy atını Əzizə tapşıraraq, xəncərini sıyırıb quldurların üzərinə atıldı. Onlardan ikisini xəncərlə vurub öldürdü, başqaları isə əsir oğlanı buraxıb meşəyə qaçdılar. Qaçan quldurların da bir neçəsi Rəşid bəyin zərbəsindən xilas olmadı. Vuruşma qurtardıqdan sonra rəhmdil Rəşid bəy tələsik cavan oğlanın köməyinə yüyürdü; cavan yaralanmışdı. Yarasını qurşağı ilə sarıyıb, yaxın bir evə gətirmək üçün onu Əzizin atına mindirdi. Bir kəndə yetişər-yetişməz, onları bir dəstə qadın ağlaşma ilə qarşıladı. Əziz bunun səbəbini dərhal anlayıb ağasının göstərdiyi igidliyi onlara söylədi. Rəşid bəy bir neçə saat əvvəl quldurların əlində əsir olmuş Mərdanı xilas etmişdi. Gənc Mərdanın anası, arvadı və bacıları qollarını açıb Rəşid bəyin ayağına yıxıldılar və onun dizlərini öpməyə başladılar. Sonra Rəşid bəyi evə apardılar. Mərdanın gənc arvadı Rəşid bəyin paltarının qanını yudu, plov üçün düyü hazırladı və Rəşid bəyə bir tafta qurşaq bağışlayıb ona «qardaş» dedi. Rəşid bəy evin daxili həyatını, bu gənc ər-arvad arasında olan nəzakət və zərif mehribançılığı görüb, evlənib ailə sahibi olmaq fikrinə düşür. Mərdanın arvadındakı nəzakət və ərinə olan mehribanlıq hissi Rəşid bəyə müsbət cəhətdən çox təsir edir. O, özünün yalqız olduğunu hiss edib, onu ürəkdən sevən, yorğun və təhlükəli zamanlarda ona təsəlli verə biləcək bir həyat yoldaşının olmasını istəyir. Rəşid bəy bu niyyətini
Əzizə deyir. Əziz Rəşid bəyə uşaqlıqdan ata-anası tərəfindən ona deyikli olan gözəl əmisi qızı ilə evlənməyi məsləhət edir. Rəşid bəy gözəl əmisi qızı ilə evlənib, onu təxtisəltənətdən məhrum etmək istəmir. Buna görə də əmisi qızı ilə evlənmək fikrini bəyənmir. Əziz ona qonşu bəylərindən birinin böyük sərvətinin və yeganə bir qızının və həmin qızında Rəşid bəyə ərə getməyi arzu etdiyini söyləyir. Lakin bu şərt ilə ki, Rəşid bəy ata-anasını və rəiyyətini atıb onların evində yaşamağı qəbul etsin. Rəşid bəy tanımadığı, bilmədiyi bir qızdan ötrü canından əziz tutduğu və pərəstiş etdiyi mehriban atasını, gözəl vətənini və vəfalı rəiyyətlərini atıb, qonşu bəyə xidmət edə bilməyəcəyini söyləyir. Əziz Rəşid bəyin ağlına birdaha şahid olandan sonra Səadət xanım adlı qəşəng və gözəl bir qızın sorağını eşitdiyini deyir. Səadət xanımın bir o qədər sərvətli olmadığını, ancaq gözəlliyi və rəhmdilliyilə şöhrət tapdığını, Qəbələ xanlarının nəslindən olduğunu, öz anası ilə bərabər yaşadığını söyləyir. Rəşid bəy Səadət xanımın sorağın alan kimi üzünü Qəbələ tərəfə çevirib Səadətə qovuşmağa can atır. Rəşid bəy Tutu xanımın qızı Səadətin gözəlliyindən, həya və ismətindən, xasiyyətindən qoca qarılar vasitəsilə məlumat toplayır. Onların gətirdikləri məlumatlar Rəşid bəyin sevgisini daha da alovlandırırdı. Rəşid bəy verilən məlumatları yoxlamaq üçün Səadəti öz gözü ilə görmək niyyətində idi. Lakin müsəlmanların evlənənə qədər, gələcəkdə onların həyat yoldaşları olacaq qadınları görməkləri qadağan olduğu üçün Rəşid bəy bir bağban paltarı geyib Səadətin hər gün gəlib gəzdiyi qonşu bağa bağban oldu. Yüksək bir hasar o iki bağı bir-birindən ayırırdısa da, Rəşid bəyə Səadətin nəğmələrini dinləməyə mane olmurdu. Rəşid bəyin atası Səadəti anasından istəmək üçün Qəbələ şəhərinə elçilər göndərdi. Elçilər rədd cavab xəbəri gətirdilər. Səadətin anası öz qızını o yerin varlı bir xanına vermək niyyətində imiş. Bu xəbər Rəşid bəydə və onun atasında çox böyük kədər doğurur. Tutu xanımın sərvəti və rütbəni Rəşid bəyin alicənablığından üstün tutması Rəşid bəy və atası üçün böyük bir təhqir idi. O, oğluna bir daha o qızın adını çəkməsini qəti qadağan etdi. Lakin Rəşiddə eşqin hücumuna müqavimət göstərmək imkanı qalmadığından gizlincə Qəbələyə qayıtdı.
İsmayıl bəy Qutqaşınlı «Rəşid bəy və Səadət xanım» hekayəsində Səadət xanımın xarakterindəki mərhəmətlilik hissini yoxsul və dilənçilərə qarşı olan münasibətində göstərir. Səadət xanım yoxsullara çoxlu ehsan verərdi. Onun yanına dilənçilərdən başqa kimsənin yolu yox idi. Ona görə Rəşid bəy Səadət xanımın yanına bir yol tapıb eşqini ona bildirmək üçün dilənçi paltarı geyinib, sədəqə almaq üçün Səadətin yanına gəlir. Rəşid bəy Səadət xanımı ilk dəfə bağda görmüşdü, lakin Səadət xanım onu şəhərdə bir bayram büsatında, cavanlar tüfəng, tapança, ox atmaq və qılınc oynatmaq məharətlərini göstərəndə görmüşdü. Səadət Rəşid bəyi at belində görüb, onun igidliyinə və gözəlliyinə vurulur. Lakin o, çarəsiz idi. Çox yaxın bir zamanda öz nəcabəti və sərvətilə Tutu xanımın razılığını alan Əsgərağanın arvadı olacaqdı. Səadət xanım ondan yaşca çox kiçik olan bir uşağa ərə getməkdən narazı olsa da əlindən heç nə gəlmirdi. Şamah Tutu xanıma Səadətin Kazımxanın azyaşlı oğluna ərə getmək istəmədiyini desə də Tutu xanım Əsgərağanın əmisinin onun üçün gətirdiyi qiymətli paltarları, çox böyük cehizi, yataq otağının avadanlıqlarını, qızıl və gümüşləri tükənməz bir səadət, tərifəgəlməz bir qadın xoşbəxtliyi hesab edirdi. Səadət isə onun həyatı barəsində başqalarının qərar verməsinə icazə verməyib, bütün qadağalara və təhlükələrə baxmayaraq, Rəşid bəyin sevgisini seçir. Səadət Rəşid bəyin onunla qaçmaq təklifini qəbul edib, Şamah ilə vidalaşıb, Rəşid bəylə gedir.
İsmayıl bəy Qutqaşınlı «Rəşid bəy və Səadət xanım» hekayəsini fransız dilində yazdığına görə, o, hekayədə qərb oxucunuda diqqətdən kənar qoymur. Müəllif çox yaxşı anlayırdı ki, Şərq adət-ənənələri ilə tanış olmayan bir oxucuya Səadətin tərifini uzaqdan eşitməklə Rəşid bəyin bütün dünyanı tərk etməyə hazır olması, özünü bağban və dilənçi surətinə salması və nəhayət, ikinci dəfə görüşdükdə onu qaçırması uydurma və imkandan xaric bir şey kimi görünəcəkdir. Buna görə də İsmayıl bəy Qutqaşınlı Rəşid bəyin hərəkətlərinə haqq qazandıraraq, qərbli oxucuya müraciətlə yazır: “Siz ki, bütün həyatınızı qadınlar məclisində keçirirsiniz, onların zərif səslərini, lətif söhbətlərini dinləyirsiniz. Şərq ölkələrində bir qadının ancaq bir baxışının, hətta ancaq qadın adının cavan oğlanlara nə dərəcədə təsir etdiyini bilmirsiniz. Bu cavanlar üçün qadınların səsində nə qədər lətafət olduğunu və onların dodaqlarından qopan ilk sevgi kəlməsinin cavanların bütün hissiyyatını nə dərəcədə qaplamasını təsəvvürünüzə gətirə bilməzsiniz!
Bu halları anlamaq və hiss etmək üçün bu ölkələrdə doğulmaq və ya bir neçə il bu ölkələrdə həyat sürmək lazımdır”.
Bundan sonra İsmayıl bəy Qutqaşınlı hekayəni oxuyub, gənc Səadətin ata-anasının əmrindən boyun qaçırıb bir zəngin və nəcib xana ərə getməyi rədd etdiyinə və Rəşid bəyin uzaqdan tərifini eşidib özünü də yalnız bir dəfə görməklə ona qoşulub qaçmasına təəccüblənən və Səadətin bu davranışını heç cür anlaya bilməyən qərbli xanımlara müraciət edir: “Siz Şərq aləmindən bixəbərsiniz. Sizə xoş görünməyə var qüvvəsilə çalışan dəstə-dəstə gənclər daim sizin ətrafınızı bürüməkdədirlər. Onlar sizin külək vurmuş rübəndləriniz kimi ətrafınızda qalxıb-düşürlər, məclislərdə sizə pərəstiş edənlərdən başqa kimsə görmürsünüz. Müsamirələrdə şəninizə minlərlə mədhlər söyləyirlər. Şərq qadını isə, öz ata və qardaşlanndan başqa heç kəsi görmür. Əlbəttə, belə bir şəraitdə yaşayan qadının bu qədər asanlıqla atəşli bir sevgiyə düşməsi sizin təsəvvürünüzə sığmaz. Ah! Əgər siz bu qadınların yerində olsaydınız, onlar kimi daim dörd divar arasında, pərdə altında yaşasaydınız, o zaman Səadətin bizim qəhrəmana qoşulub qaçmasını, ümidvaram ki, anlayarsınız”.
Səfər zamanı Rəşid bəy xəbər alır ki, Kazımxan Rəşid bəy və Səadət xanımın arxasınca silahlı dəstə göndərib. İşi belə görən Rəşid bəy Səadət xanım və Əziz ilə bərabər qalın meşəli bir dağa tərəf getməyə məcbur olur. Onlar meşəyə yeni girmişdilər ki, birdən-birə hava dəyişilir, göydə gurultu-nərilti qopur, yağış şırhaşır tökülməyə başlayır, şimşəklər çaxır, ildırımlar şaqqıldayır. Bu çətinliklərin heç biri Səadətin və Rəşid bəyin sevgisini zərrə qədər də olsa azalda bilmir. Bir müddət sonra göy təmizləndi, hava açıldı, günəşin isti şüaları Səadətin göz yaşlarını qurutmaq üçün parladı. Rəşid havanın dəyişməsindən çox şad olub harada olduqlarını düşünməklə və bir yol izi axtarmaqla məşğul oldu. Bu məqsədlə bir təpənin üstünə çıxdı. Orada gözünə bir ceyran sataşdı, vurmaq istədi, birdən bir güllə səsi eşitdi, ceyran yıxıldı, bir ovçu ağacın dalından çıxıb ceyrana tərəf yüyürdü. Rəşid yol sorağı üçün ovçuya yaxınlaşdı. Böyük bir sevinclə Rəşid Tikanlı kəndinin kəndxudası Mərdanı tanıdı! Mərdan da, bir vaxt onu quldurların əlindən xilas edən Rəşid bəyi tanıdı. Yüyürüb onun əllərini duz kimi yaladı və onun hər bir xidmətinə can-başla hazır olduğunu söylədi. Onlar atlarına minib Mərdanın kəndinə yola düşdülər. Vəfalı Mərdan elə bir ehtiyat göstərdi ki, kənddə heç kəs bu əziz qonaqların gəlməsini bilmədi. Arvadı canla-başla qonaqlara xidmət edirdi. Əziz atları yaxşıca rahatladı və onları, gəldiklərindən də uzun bir səfərə hazırladı. Rəşid bir neçə saat istirahət etdikdən sonra Səadətin yanına gəlib iki günlüyə evə getmək niyyətində olduğunu ona xəbər verdi. Evə getməkdə məqsədi atasından icazə alıb Səadəti onun evinə gətirmək olduğunu söylədi. Səadət xanım mehriban dayəsi Şamah üçün çox darıxırdı və onu görməyi çox arzulayırdı. Şamah isə Səadətin qoşulub qaçmasına kömək etdikdən sonra, ağalarının gözünə görünməkdən qorxub, xəlvət şəhərdən çıxdı və ailəsi yaşayan Tikanlı kəndinə getdi.
Sübh tezdən Tutu xanım Səadətin və dayəsinin evdə olmadıqlarından təşvişə düşüb, şəhərdə yaşayan bütün qohumlarına adam göndərdi ki, bəlkə Səadət onların evinə getmiş ola. Səadəti heç bir yerdə tapa bilmədilər. Tutu xanımın bütün təşəbbüsləri nəticəsiz qaldıqda qorxusu daha da artdı. Günorta vaxtı Rəşid bəyin gecə ağaca bağladığı şəxs Tutu xanıma qızının igid Rəşid bəy ilə qaçdığını xəbər verdi. Tutu xanım bu əhvalatdan məyus olsa da, bir az təskinlik tapdı, çünki Rəşid bəyin tərifini o, hər yerdə eşitmişdi və bilirdi ki, qızı onunla xoşbəxt yaşaya bilər. Əsgərağanın atası Kazımxan bütün qoşunun toplayıb, sübh tezdən İsmayıl bəyin mülk və mahalının sərhədinə yeridi.
Həmin sərhəddə Rəşid çoxdan bəri öz müttəfiqlərindən yardım qüvvəsi gözləyirdi. Atası onu bağışlamışdı və düşmənə qarşı göndərdiyi əsgəri qüvvənin sərkərdəliyini də ona tapşırmışdı. Rəşid bəy qoşunun bir hissəsilə Kazımxana yaxın yerdə gözəl bir səngər tutmuşdu. Lakin Rəşid bəy öz xəyalında Kazımxana qan tökməmiş qələbə çalmaq üçün bir yol axtarırdı. Birdən onun başına bir fikir gəldi və tez bu fikri həyata keçirməyə qərar verdi. Rəşid bəy yerindən qalxıb ən igid nökərlərindən dörd nəfərini seçdi və özü ilə bərabər getmələrinə əmr verdi. Gün batar-batmaz onlar kimsəsiz bir cığır ilə Ərəş şəhəri tərəfə yola düşdülər. Rəşid bəy Əsgərağanı qaçırdıb, Kazımxana bir sülh təklifi yazıb məktubu Hacı İbrahimlə göndərdi. Ata bircə oğlunun qaçırılmasını eşidib, sülh təklifini qəbul edir. Rəşid bəy Səadət xanımı ata yurduna gətirib, çox şad ömür keçirdirlər. İsmayıl bəy Qutqaşınlı «Rəşid bəy və Səadət xanım» hekayəsi xeyirin qələbəsi və xoşbəxt sonluqla bitir. Əsərin qəhrəmanları bir çox çətinliklərə məruz qalsalar da onlar heç bir zaman məyus olmurlar və bu çətinliklərdən çıxış yolunu tapırlar.
Həcər ATAKİŞİYEVA

Mədəniyyətimizin inkişafında Mehriban xanım Əliyevanın rolu

mehriban xanım

Mehriban Əliyevanın siyasi-ictimai və sosial-mədəni fəaliyyət dairəsi o qədər genişdir ki, bu barədə nə qədər danışsaq da bitməz. Hər şeydən öncə Azərbaycan və eləcə də dünya ictimaiyyəti Mehriban Əliyevanı böyük xeyriyyəçi, qayğıkeş vətəndaş kimi tanıyır. Hələ 2004-cü ildə Heydər Əliyev Fondu yaranarkən insanlara qayğı və təmənnasız xidmət amalını prioritet elan edən Mehriban Əliyeva öz səylərini əhalinin zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara, qocalara kömək göstərilməsinə yönəldir. Son dövrlərdə geniş vüsət alan məktəb və xəstəxana tikintisində, uşaq evlərinin və bağçalarının, internat məktəblərinin yenidən qurulmasında, tarixi və dini abidələrin bərpasında Mehriban Əliyevanın əzmkarlığını, təhsilimizin inkişafına, milli genefondumuzun qorunmasına xidmət edən əsl vətəndaşlıq missiyasını görürük.

Yüksək yaradıcılıq və təşkilatçılıq qabiliyyəti sayəsində Mehriban xanım fəaliyyətinin mühüm sahəsini nümayiş etdirərək xalqımızın mədəniyyətini dünya ictimaiyyətinə tanıtmaq naminə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratmışdır. Ölkənin birinci xanımının indiyədək rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu Azərbaycan xalqının mədəni dəyərlərinin dünya mədəniyyətinə inteqrasiya olunması, yeni beynəlxalq əlaqələrin yaradılması baxımından həyata keçirdiyi ideyalarını özündə cəmləşdirir. Artıq Fond faydalı tədbirlərin sosial institutuna çevrilmiş, beynəlxalq səviyyəli tədbirlər – festivallar, konsertlər, sərgilər təşkil etməklə əslində mədəniyyətimizin mükəmməl təbliğatçısı olmuşdur.

Azərbaycan Mədəniyyətinin Dostları və Heydər Əliyev fondlarının xətti ilə sənəti və mədəniyyəti himayə edən Mehriban xanım Əliyeva çağdaş Azərbaycandan əski çağlara cığır açdı. Mehriban xanım 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə dünyanın ən nüfuzlu və önəmli beynəlxalq qurumlarından olan YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxlu sayda tədbirlər keçirilir. YUNESKO-nun baş katibi Koişiro Matsuuranın iştirakı ilə Azərbaycanla təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib. Bakıda Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın bu ecazkar, əlçatmaz musiqisinin, mədəniyyət incisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Azərbaycanın qədim musiqi növlərindən olan əsrarəngiz Muğam, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb. Mehriban xanımın rəhbərliyi muğam ustalarının valehedici ifalarının toplandığı Qarabağ Xanəndələri albomu hazırlanıb. Azərbaycanın dünyanın ən qədim yaşayış məskənlərindən biri olduğunu açıq şəkildə göstərən Qobustan abidələrinin YUNESKO-nun dünya mədəni və təbii irsinin qorunması siyahısına daxil olmasında da onun böyük xidmətləri, əməyi vardır. Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biri də bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni abidələrin bərpasıdır.Maddi mədəniyyət abidələrinin qorunması və bərpası işində Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsləri əvəzsiz vətənpərvərlik nümunəsidir. Fondun dəstəyi ilə Gəncənin sonuncu xanı Cavad xanın qəbri üzərində gözəl məqbərə tikilmişdir. VII əsrdən Gəncədə öz xeyirxahlığı ilə məşhur olan Comərd Qəssabın məzarında və məzarüstü türbəsində bərpa işləri, Görkəmli yazıçı və pedaqoq Abdulla Şaiqin ev-muzeyində əsaslı təmir-bərpa işləri aparılmışdır. Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir bina tikilmiş, kitab fondu zənginləşdirilmiş, kompyuter avadanlığı ilə təchiz edilmişdir.

Ermənistan tərəfindən təcavüzə məruz qalan və işğal altında olan ərazilərdə vandalizm aktları ilə qarşılaşan Azərbaycanın, Versal Sarayının parkındakı mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti şöbəsinin, Berlin Qəsrinin, Romada Kapitoli muzeyindəki “Filosoflar zalı”nın və digərlərinin bərpasında fəal iştirakı haqqında informasiyanı hazırda bütün dünyada məmnunluq hissi ilə qarşılayırlar.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondunun fəaliyyəti çoxşaxəli və rəngarəngdir. Bütün fəaliyyəti ilə uğurlara imza atan Mehriban xanım Əliyevanın məqsədli amalı, fədakarlığı, ictimai mövqeyi onu hər kəsə örnək edib.Bu gün dünyanı bürüyən koronavirus pandemiyası (COVID-19) ilə əlaqədar dövlət başçısı tərəfindən iqtisadiyyatımızı, o cümlədən insanlarımızın sosial həyatını qorumaq üçün çox mühüm qərarlar verilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti xüsusilə qeyd olunmalıdır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alınması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir.

Təhmasib Məcidov

Masallı rayon sakini

Üç çinarın tarix dolu kiçik hekayəti

ağac5
Ağdamın Zəngişalı kəndində, kəndlilərin pay torpaqlarının arasında öz möhtəşəmliyi ilə nəzəri cəlb edən 3 çinar ağacı var. Kənd özü qədim olsa da, inkişaf tarixi bu ağacların yaşına tən gəlir. Nədəndir ki, XIX əsrin ortalarından etibarən bu kəndin idarəçiliyi Qarabağ xanlığının məşhur hökmdarı İbrahim xanın 8-ci oğlu Səfiqulu ağanın böyük oğlu Hüseynqulu ağanın öhdəsinə veriləndən sonra Zəngişalının büsatlı günləri başlayıb. Hüseynqulu ağanın rəhbərliyi altında kənddə qazılan çoxsaylı quyulardan çıxarılan su torpağı cana gətirir, əhalinin əkin-biçinini bərəkətli edir, kəndlilərin sosial vəziyyəti yaxşılaşır. Vaxtilə Zəngişalını ağ günə çıxarmış bu işlər haqda kənd əhalisinin zəngin xatirələri var.
Hüseynqulu ağa Cavanşirin minbir əziyyətlə 10 hektarlıq ərazidə saldırdığı bağ öz çoxnövlü meyvə ağacları və ümumiyyətlə, dünyanın bir çox ölkələrindən gətirilərək becərilən bitki növləri ilə məşhur olub. İş burasındadır ki, həmin bağ müstəqillik illərinə qədər qalırmış, ancaq respublikamız “öz əli, öz başı” olandan sonra kəndlilərə pay torpaqları verilən zaman həmin bağ da ümumi əraziyə aid edilib və kənd sakinləri arasında bölünüb. Kəndlilər də 100-150 il yaşı olan ağacları dibindən çıxarıb, sahəni əkin yerinə çevirib.
Vəziyyətin belə olduğunu görən kənd bələdiyyəsi əlli tərpənib və bağda yanaşı olan 3 çinar ağacına da 5 sot torpaq ayıraraq kəndin və kəndlilərin yaddaşında iz salmış tartixi yaşatmağa çalışıb. Hazırda yeganə də olsa, bu çinar ağacları tarixi yaddaşımıza böyük hörməti təcəssüm etdirir. Lakin.., tariximizə nə qədər hörmət-izzət, onu yaşatmağa arzu-istək olsa da, maliyyəsi olmayan yerli orqanlar vizual olaraq heç nə edə bilmirlər. Yəni, bu ağaclar sadəcə tarlaların arasında təsadüfi bitmiş yad varlıqlar təsiri bağışlayır. Ətrafında nə bir hasarı var, nə də haqqında xırda bir lövhə. Necə deyərlər, “nə gələnu var, nə gedəni, nə baxanı nə də qoruyanı”. Haqq üçünə, camaatın başı qarışıb dolanışığın dərdini çəkməyə, onlar çinar-tarix haqda düşünməyə macal tapmırlar. Kənd sakini Nahid Əliyevin ölçmələrinə görə, ağaclardan ən böyüyünün gövdəsinin aşağıdan çevrəsinin uzunluğu 4,7 metr, ikincisi 4,4 metr, üçüncüsü isə 3 metrdir. Ölçülərdən göründüyü kimi bunlar həqiqətən nadir ağaclardır.

ağac7

ağac10
Mən bu haqda 10 il əvvəl də yazmışdım. O vaxt hansısa bixəbər cavan ağaclardan birinin gövdəsini balta ilə çaparaq adının baş hərfini həkk etmişdi. 10 il ərzində ağac öz-özünü müalicə edərək yarasını sağaldıb. Amma izi hələ də qalır. Tariximizin bu zərrəciyini sağaltmaq və qorumaq isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, habelə AMEA-nın müvafiq strukturlarının, üstəlik də Azərbaycan Turizm Agentliyinin öhdəsinə düşür. Niyə?

Birincisi, Zəngişalı kəndi məhz regionda Qarabağ xanlığı mövcud olan dövrdə inkişaf yoluna qədəm qoyub. Bu faktın hazırkı ictimai-siyasi şəraitdə tarixi dəyəri yüksəkdir.
İkincisi, çinarlar “Ağalıq bağı” adlanan və sovet hakimiyyətindən əvvəl rəiyyətin yaşadığı yerdən bir neçə yüz metr aralı olan, habelə o dövr üçün möhtəşəm sayılan ikimərtəbəli, 12 otaqlı malıikanədən ibarət ərazidə yerləşir və XIX əsr Azərbaycan feodal həyat tərzini müzey şəklində canlandırıb turistləri cəlb etmək üçün gözəl məkandır.
Üçüncüsü, gəlin unutmayaq ki, yazıçı Süleyman Sani Axundov sovetləşmədən əvvəl Ağdamda yaşadığı dövrdə Hüseynqulu ağa ilə dost olub, dəfələrlə onun malikanəsinə qonaq gəlib və yazdığı “Qaraca qız” hekayəsinin süjetini də burada baş vermiş real hadisədən götürüb. Sadəcə, o, hekayənin ilk variantında Hüseynqulu ağanın həqiqi alicənab, insanpərvər, rəhmdil, rəiyyətin qayğısını çəkən və Qaraca qız kimi kasıbları öz övladı kimi himayə edən surətini yaratsa da, sonradan sosialist realizminin və fəhlə diktaturasının tələbi ilə hekayədəki surətlərin xarakterində dəyişiklik edərək, keçmiş varlıları mənfi surətə çevirməyə məcbur olub.
Səbəblərin sayını artırmaq olar, ancaq bundansa, çinarlara qayğı göstərməyə başlamaq daha faydalıdır. İşin gedişində o qədər maraqlı və zəruri faktlar meydana çıxacaqdır ki...
Novruz NOVRUZOV

Cəfər Cabbarlının “Firuzə” hekayəsindəki yenilikçilik meyli

firuzə

Cəfər Cabbarlı 20 mart 1899-ci ildə Xızıda yoxsul kəndli ailəsində anadan olmuşdur. Onun Azərbaycan ədəbiyyatının zənginləşməsində çox böyük xidmətləri olmuşdur. Cəfər Cabbarlının yaradıcılığı çox zəngindir. Onun şeirləri, pyesləri ilə yanaşı hekayələridə Azərbaycan ədəbiyyatı üçün olduqca qiymətlidir. Onun “Mənsur və Sitarə”, “Əhməd və Qumru”, “Parapetdən Şamaxı yoluna qədər”, “Müfəttiş”, “Çocuq”, “Altun heykəl”, “Qara Qənbər”, “Gülzar”, “Dilarə”, “Aslan və Fərhad”, “Papaq”, “Dilbər”, “Gülər” adlı hekayələri vardır. Cəfər Cabbarlının “Firuzə” hekayəsi qadın azadlığına, Azərbaycan qadınının cəmiyyətdəki mövqeyinə, azad söz haqqına, təhsil almaq hüququna toxunub, dəstəkləmə mövqeyi tutmaq cəhətindən müəllifin digər hekayələrinin içində ən təsirlilərindən biridir. Cəfər Cabbarlının “Firuzə” hekayəsi həcminin və obrazlarının sayının azlığına baxmayaraq, Azərbaycan ədəbiyyatı üçün mövzu və problematika baxımından çox böyük əhəmiyyətə malikdir. Bu əsər çox dərin mənaları özündə ehtiva edə bilir. Müəllif əsərində mühitin təsviri ilə bədii təzad yaratmışdır. Cəfər Cabbarlı mühitin təsiri ilə mövcud vəziyyət ilə əvvəlki acınacaqlı vəziyyəti oxucunun gözləri önündə canlandıra bilir. Cəfər Cabbarlının “Firuzə” hekayəsi qadın hüquqlarının, haqqlarının qadınlar tərəfindən pozulmağa imkan verilməməsi və müdafiəsi baxımından olduqca qiymətlidir. Yazıçının “Firuzə” hekayəsinin qadın qəhrəmanları “Gülzar”, “Dilbər”, “Gülər” hekayələrinin qadın qəhrəmanları kimi çarəsiz, avam, kölə ruhunda deyildilər. Onlar bir azərbaycanlı qadını kimi tərəqqiyə çatmışdılar. Cəmiyyətdə söz hüququna, təhsil almaq hüququna malik idilər. Cəfər Cabbarlının “Firuzə” hekayəsi sovet hakimiyyətinin yenidənqurma siyasətinin təntənəsinə həsr olunmuşdur. Hekayədə Bakının əvvəlki vəziyyəti ilə sovet hakimiyyətinin işğalından sonrakı vəziyyəti qarşılaşdırılır. Müəllif yeni nəslin tərəqqisini, inkişafını yeniliyə məruz qalan, dəyişilən mühitdə görür. Müəllif “Firuzə” hekayəsində eyni dövrün tələblərinə cavab verən sovet Bakısına, sovet sisteminə vurğunluğunu açıq bir şəkildə göstərir. Cəfər Cabbarlı sözlə portret yaratmaqda çox mahir idi. O, Firuzənin portretini oxucunun gözləri önündə canlandıra bilir. “Firuzə gözəl, girdəsifət gənc bir qızdı; şərqli qızlara məxsus qara, dərin, atəşli gözləri, qələmlə çəkilmiş kimi, qara qaşları, incə dоdaqları vardı”.
Cəfər Cabbarlının “Firuzə” hekayəsində hadisələr dоsent-prоrektоr vəzifəsində fəaliyyət göstərən bir dоktоr tərəfindən nəql olunur. Firuzə dördüncü kursda oxuyanda öz istəyi ilə dərsdən sonra dоktоra xəstələrə baxmaqda köməklik edirdi. Əsərdəki əsas hadisələr Firuzənin həyat yoldaşının Bakıya gəldikdən sonra, öz evlərini tapa bilməyib, dоktоrdan yardım almaq üçün onun yanına gəlməsi ilə başlayır. Cəfər Cabbarlı oxucunu məhz Məmmədin sözləri ilə keçmiş Bakının hər bir küçəsi, hər bir döngəsi, hər bir dalanı ilə tanış edir. “Çоx yaxşı yadımdadır: Çənbərəkənddə, əyri-üyrü küçələr və xarabalıqlar arasında bir оtaqdan ibarət kiçik bir evimiz vardı. Evimizin damı dal tərəfdən əyri bir döngə ilə bərabərdə idi, bu döngə həmişə peyinlə dоlu оlardı. Evimizdən iki yüz addım о yanda böyük, köhnə bir qəbiristan vardı. Böyük, köhnə qəbiristanın о biri tərəfi bоş bir çöl idi, оrada Şah Abbasın оvdanı vardı. Yağış suyu bu оvdana axırdı. Pillə ilə оraya düşür, su içirdilər, əl-üz, bəlkə ayaq da yuyurdular”.
Məmməd ailəsinin kasıbçılığını, atasının kənkan olmasını, acından ölməmək üçün arpa əkməsini acı xatirələr kimi xatırlayır. Məmməd atasının ölümünü köksünü ötürərək, qəmə bataraq, xatırlayırdı. “Mən lap uşaqdım. Bir gün atam məni də iş üstə apardı. Mən quyunun yanında оturdum, о isə cırıldayan əl çarxına sarınmış uzun kəndirin bir ucunu belinə bağladı və quyuya düşdü. Çarx hərləndi və getdikcə kəndir açıldı. Bir azdan sоnra durumla dоlu bir vedrə çəkdilər və vedrəni yenə quyuya sallatdılar. Bu dəfə durum yerinə atam özü çıxdı. О sapsarı saralmışdı”. Məmməd atası ilə xоzeyinin arasında keçən danışıq ilə dövrün aşağı təbəqəsinin acınacaqlı vəziyyətini oxucuya çatdırırdı. Məmmədin atası nə qədər xоzeyinə yalvarıb, qazın onu bоğduğunu, quyu fantan vursa, onu öldürəcəyini dedisə də xоzeyin onun sözlərinə məhəl qoymadı. Ona- “Bir ildir işləyirsən, bir aləm pul qоymuşam. İndi iş bir az çətinə düşəndə qaçırsan. Quyunun asan yerlərində işləmisən, indi buraya kim girər”?- deyib, onun üzünə şillə vurdu…
Xоzeyinin bu şilləsinin üstündən illər keçsə də, Məmməd atasının uşağının gözləri önündə vurulduğu zaman utanmasını heç cür unuda bilmirdi. Övladının gözündə hamıdan qüvvətli və qоçaq olan bir atanın qüruru sarsılmışdı, o bu sarsılmış etibarını övladının gözlərində yenədən bərpa olunduğunu görmək üçün məcbur qalıb quyuya girməyə razı oldu. Xоzeyin işi belə görüb, atasını vurduğu əli ilə övladının başını tumarlayıb, cibindən kağız pullar çıxarıb ona verir. Yazıq ata öləcəyini bilə-bilə quyuya düşdü. Biraz sonra kənkanı hissiz bir halda çəkib çıxartdılar. Onun gözləri açıqdı, amma üzü, dоdaqları gömgöy, dəniz kimi idi. Xоzeyinin gözlədiyi neft quyusu guruldadı və qara neft quyudan şiddətlə fantan vurub, çarxı havaya sоvurdu. Neftin fantan vurduğunu görən xоzeyin meyitə məhəl qoymayıb, şadlığından bilmirdi nə etsin. O, tez qоyun kəsdirib, əmrlər verməyə başladı. Bu şadlıq içində təkcə neft selləri altında yatan kənkanın bir dəyəri yox idi. Baxmayaraq ki, bu neft onun sayəsində fantan vurmuşdu. Xоzeyinin əmri ilə işçilər kənkanın ayaqlarından yapışıb kənara sürüdülər. Meyiti köhnə bir arabaya qоyub, üstünü cır-cındırla örtdülər və şəhərin kənarı ilə evinə gətirdilər. Cəfər Cabbarlı “Firuzə” hekayəsində sovet hakimiyyətinin yenidənqurma siyasətindən əvvəl Bakıda neftin bu cür çıxarıldığını, xоzeyinlərin bu qədər qəddar olduğunu qələmə alaraq, əslində mühiti ifşa edirdi. Cəfər Cabbarlı “Firuzə” hekayəsində sovet hakimiyyətinin yenidənqurma siyasətindən sonra Bakını belə təsvir edir. “Bizim həmişə tоzlu- tоrpaqlı, qışda isə bоğaza qədər palçıq оlan əyri-üyrü küçəmizin yerində geniş və yaxında döşənmiş bir küçə gördüm. Şəhərin bu başından о başına qədər göz işlədikcə görünən bir küçə. Tramvayların ardı kəsilmirdi, zəng səsləri küçəni dоldurmuşdu. Evimizin dalında, həmişə peyinlə dоlu оlan döngədə gözəl beşmərtəbəli bir ev yüksəlirdi. Bütün köhnə, böyrü üstə əyilmiş Çənbərəkəndi yоx оlmuşdur. Qəbiristandan оnun köhnə hasarından, çala-çuxurundan, sökülmüş köhnə qəbirlərin açdığı uçurumlardan bir əsər görmədim. Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş xiyabanlı, qəşəng bir park əmələ gəlmişdir, atamın qəbri yerində isə bir çiçəklik salınmışdır. О dar, sürüşkən cığırın yerində asfaltla döşənmiş, minik və yük maşınlarının, avtоbusların aramsız hərəkətindən qara ayna kimi parlayan geniş bir yоl gördüm. Mənə elə gəldi ki, burada bir zəlzələ оlmuş, vulkan köhnə və qaranlıq Çənbərəkəndini batıraraq, əvəzində yerin dərinliklərindən təmiz evli, geniş küçəli, gözəl, yaşıl parklı, əlvan çiçəklərlə gülümsəyən, bahar nəşəli yeni bir şəhər çıxarmışdır. Neftə bulaşmış adamlara çоx çətin rast gəlmək оlur. Hamı tərtəmiz geyinib, elə bil ki, tоya gedəcəkdir. Bir kranı və ya vinti burmaqla kоmpressоrların və ya mоtоrların işini nizama salırlar. Köhnə, tоzlu yоllar, arabalar və drоklar da yоx оlmuşdur. Hər yerdə parlaq asfalt və sürətlə yürüyən maşınlar! Demək оlar ki, bütün mədənlərə tramvay və dar dəmiryоl xətti çəkilmişdir”.
Cəfər Cabbarlı “Firuzə” hekayəsində neft işçilərinin dünənini və bugününü belə dəyərləndirir. “Bir parça çörək üçün özü qazdığı quyuya girərək, ağanın şillə və yumruğu altında işləyən, özünü zəhərli qazların, ölümün qara ağzına atan işçi, indi öz bacarıq və talantını göstərməyə imkan tapmış, indi ixtiraçı оlmuşdur”.
Məmmədlə Firuzə uzun ayrılıqdan sonra görüşəndə Məmməd başa düşdü ki, onun yaşadığı küçə, ev, şəhərlə yanaşı onun doğmalarıda dəyişilmişdir. Lakin Məmməd bu dəyişiklikdən çox məmnun idi. Firuzənin şəhərdə maşın sürmək üçün vəsiqəsinin olması, təkbaşına maşını sürməsi Məmmədi həm sevindirirdi, həm də çox heyrətləndirirdi. Məmməd birmərtəbəli köhnə evlərin sökülməsini yerində gözəl bir parkın salınmasını, yolların asfaltlanmasını, ağacların əkilməsini çox böyük sevinc hissi ilə qarşılayırdı. Cəfər Cabbarlı “Firuzə” hekayəsində Quba meydanının keçmiş halı ilə indiki halını müqayisəli təsvir etməklə sovet hakimiyyətinin yenidənqurma siyasətini dəstəklədiyini göstərirdi. “Burası, vaxtilə Şərq mədəniyyətsizliyinin ən nümunəvi bir mərkəzi idi. Burada daima nərildəyən dəvələr yığıncaq qurardı. Uzun və qısa saqqallı dəllallar о tərəf- bu tərəfə yüyürərdi, dərvişlər dişsiz ilanlarını оynadaraq, imamın şücaətindən və sahibəzzamanın uzunqulağa suvar оlaraq zühur edəcəyindən danışardı. Dünən isə nə gördüm... Bütün о şərq köhnəliyi aradan qaldırılmış, оnun yerində təzə və təmiz bir bağ salınmışdır. Buradan yüzlərlə maşınlar, tramvaylar, avtоbuslar ötüb keçir. İnqilabdan qabaq tiryək alveri və tiryək çəkməyə məxsus küçələri ilə məşhur оlan birmərtəbəli Xanım karvansarası xarabalığı yerində yeddimərtəbəli böyük bir bina yüksəlmişdir”.
Məmmədin bu illər ərzində varlığından xəbərsiz olduğu Əsgər adında bir oğlu olmuşdu. Firuzə oğlunu gələcəkdə dоktоr оlmasını istəyirdi. Cəfər Cabbarlının “Firuzə” hekayəsinin digər qadın qəhrəmanlarıda Firuzə kimi özlərini təkmilləşdirmiş qadın surətləri idi. Züleyxa, Balaxanım xala müəllifin yaratmış olduğu belə qadın surətlərindən idilər. Məmmədin arvadı Firuzə ilə yanaşı onun bacısı Züleyxa da çox dəyişilmişdi. Züleyxanın qəhqəhə ilə gülərək, Məmmədə tərəf yüyürüb, оnun bоynuna tullanması, onu bərk-bərk qucaqlaması, Məmmədin qucağından çıxmaması, əri Aslana “gedək zaqsa, bоşanaq” deməyə cəsarətinin olması Məmmədi bir xeyli təəccübləndirdi. Züleyxanın Aslana onun icazəsi və xəbəri olmadan ərə getməsi Məmmədi çox heyrətləndirmişdi. Bunun səbəbini soruşduqda Züleyxa ona- “Qardaşım, о sənin işin deyil. Bu nə köhnəpərəstlikdir? Harada, haçan, kimə ərə getmək istəsəm, gedə bilərəm”, – deyir.
Dünənə qədər ağzından süd qоxusu gələn Züleyxa riyaziyyat müəlliməsi idi. Züleyxa kimi Məmmədin anası Balaxanım xala da çox dəyişilmişdi. O artıq kişilərdən çəkinmirdi. Sözünü çəkinmədən uca səslə hər yanda deyirdi. Məmməd bu dəyişilmələri əsərin sonunda belə dəyərləndirir. “Köhnə Bakı nə idi, indi nə оlmuşdur! İqtisadiyyatda inqilab, həyatda inqilab, məişətdə inqilab, insan şüurunda inqilab. Bu inqilab təbiətin köhnə qanunlarını belə dəyişdirir. Çılpaq, qumlu düzləri iki gün içərisində yaşıl, çiçəkli bir bağa döndərir. Оnun sayəsində ölü qəbiristan belə canlanır, mədəniyyət və istirahət parkına çevrilir”.
Həcər ATAKİŞİYEVA

 

4 -dən səhifə 9

Oxşar məqalələr