C.Nəzərov. Honkonqdan Bişkekə uçan Türkiyə aviasiya şirkətinə məxsus "Boeing 744" yük təyyarəsi Qırğızıstan paytaxtındakı "Manas" hava limanına eniş edərkən qəzaya uğrayıb.
SalamNews-un xəbərinə görə, bu barədə RİA “Novosti”yə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətləri idarəetmə mərkəzinin rəsisi Muhammad Svarov məlumat verib.
“Honkonqdan uçan Türkiyə aviaşirkətinə məxsus yük təyyarəsi əlverişsiz hava şəraiti səbəbilə Qırğızıstan paytaxtındakı "Manas" hava limanına eniş edərkən qəzaya uğrayıb. Düşmə rayonunda bağ evləri sahəsində yerləşən iki ev yanır.”, - Svarov söyləyib.
Hava gəmisinin düşdüyü yerdə insanların olub-olmadıqları məlum deyil.
Qəza Bakı vaxtı ilə 05:41-də baş verib. Hazırda hadisə yerində bütün xidmətlər fəaliyyət göstərir. Heyət üzvlərinin taleyi hələlik məlum deyil.
Svarovun sözlərinə əsasən, təyyarədə iki pilot və texniki işçilər tərkibli “ştat sayına uyğun” heyət üzvləri olublar.
“Təyyarə qərbdən şərqə eniş etməyə cəhd göstərib, lakin hansısa səbəbdən bunu edə bilməyib və çox güman ki, ikinci dövrə etmək istəyib. Qəza anında hava limanı rayonunda əlverişsiz hava şəraiti hökm sürüb.”, - xilasetmə idarəsinin nümayəndəsi bildirib.
Hazırda 28 yerli sakinin öldüyü məlumdur. Onlar arasında altı uşaq və dörd heyət üzvü var. 8 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
09:39
Son məlumata əsasən, təyyarə qəzasında 32 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.