Bu ölkənin terrora dəstəyi onun nüfuzuna ciddi zərbədir
Lap bu yaxınlarda ABŞ rəsmiləri beynəlxalq səviyyədə elan etdilər ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə Rusiya ilə birgə iş aparırlar. Amma bu bəyanatlardan cəmi bir neçə gün sonra Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma “DQR”in “baş naziri” Araik Artünyan ABŞ Konqresində peyda olub və hətta çıxış da edib. Separatçı “baş nazir” çıxışını əsasən, Azərbaycana ittiham üzərində qurub.
İş burasındadır ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini aparan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Konqresdə separatçı rejimin “baş nazir”inin çıxış etməsi Amerikanın elan etdiyi xarici siyasət xəttinə ziddir. Bu, faktiki olaraq, erməni terrorçularını dəstəkləməkdir. Görünür, bu günlərdə ABŞ-ın postunu tərk etməkdə olan prezidenti Barak Obamanın İŞİD terror qruplaşmasının təşəkkülündə oynadıqları rolu etiraf etməsi, bu dövlətin ümumiyyətlə, terroçuları dəstəkləməsi kimi anlaşılmalıdır. İndi məntiqi surətdə soruşula bilər ki, nədən ABŞ belə bir addım atır? Nədən terrorçuları şirnikləndirir? Axı, bu hal həmsədr kimi onun fəaliyyətinə və supergüc dövlət imicinə kölgə salır!
Bu sualın cavabını tam almaq üçün tarixin səhifəsinə bir neçə anlıq nəzər salmaq lazımdır. Əvvəlcədən qeyd etmək yerinə düşər ki, cavab Qərbin əsrlər boyu türklərə qarşı qurduğu xain planların tərkib hissəsi ilə bağlıdır. Tarixi faktlar göstərir ki, Azərbaycan və Türkiyəyə qarşı müxtəlif güc mərkəzlərinin xain planları hələ 100 il öncə - XX əsrin əvvəllərindən mövcud olub. Bu planın arxasında dayananlardan biri də Vudro Vilsonun rəhbəlik etdiyi Amerika və ingilis nümayəndələri idi. Onların qurduğu plana görə, I Dünya Müharibəsinin nəticəsi olaraq Osmanlı İmperiyası dağılmalı, torpaqları bölüşdürülməli idi. “Böyük Ermənistan” xülyasının bir hissəsi də məhz Türkiyədən qoparılan ərazilərdə və Azərbaycan torpaqlarında yaradılmalı idi.
Vilsonun 1918-ci ilin 28 mayında Əlimərdan bəy Topçubaşovun Paris sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınması təklifini rədd etməsinin səbəbi də bu olub. Amerikalı siyasətçi həmin vaxtlar icad etdiyi “yeni dünya xəritəsində” Azərbaycana yer verməyib. Xəritədə Türkiyənin Ərzurum, Trapezund, Van və Bitlis bölgələri Ermənistana verilib. Bu plan baş tutmayıb və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması bu planların təxirə düşməsi ilə yanaşı, ermənilərin də bölgədə soyqırımı siyasətinin qarşısını müəyyən qədər alıb. Lakin AXC Naxçıvanı qoruya bilmədiyi üçün ermənilər buranı hədəf seçib. Həmçinin, İrəvanda və Qarsda türk-müsəlman əhaliyə divan tutulmağa başlanıb.
Zaqafqaziya Federativ Demokrat Respublikasının dağılmasından sonra yaradılan Ermənistan Demokratik Respublikasının fərqli adlarla tanınması da diqqət çəkir: “İrəvan respublikası” və “Ararat respublikası”. Birinci adda onlar Azərbaycan torpaqlarına iddia edir, ikincidə isə qədim olduqları iddiasını irəli sürürdülər.
100 il öncə bu bölgədə gedən qanlı savaşların əsas hədəfini belə xarakterizə etmək olar: Türkiyə və Azərbaycan torpaqlarında “Böyük Ermənistan” yaratmaq. Lakin bu ssenarilərə qarşı Azərbaycan Xalq Cümhuriyyət və Türkiyə iki plan işə salıb və nəticədə Amerika planı baş tutmayıb. Görünür, indi də ABŞ siyasətçiləri arasında o dövrün ab-havası ilə yaşayanlar var ki, bu cür ikiüzlü siyasət yeritməyi özlərinə rəva bilirlər. Üzdəniraq “DQR”in “rəsmi” şəxsinin ABŞ Konqresində çıxışda bulunması heç bir siyasi-etik çərçivəyə sığmır. Həmin şəxs isə fürsətdən yararlanaraq Azərbaycan Ordusunun aprel ayında işğal olunmuş ərazilərin müəyyən qismini azad etməsini tənqid edib. Təbii ki, bu zaman o, Azərbaycan ərazilərini Ermənistan torpağı kimi təsbit edib və əslində, ölkəmiz əleyhinə təbliğat aparıb. Bu da öz növbəsində ABŞ dövlət katibi Con Kerrinin bir müddət əvvəl verdiyi böhtançı “tərəflər sülhə hazır deyillər” bəyanatının ardı sayıla bilər.
Lakin Azırbaycan bütün bu hadisələrə seyrçi münasibət sərgiləmir. Bu günlərdə Prezident İlham Əliyev cəbhə bölgəsində Ağdam rayon sakinlərilə görüşündə deyib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir. Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər”.
İKSmedia.az