AXTAR

Azərbaycan-İsrail münasibətləri genişlənir

az is

 

 

İki xalqı birləşdirən humanist-tolerant dəyərlər

Azərbaycanın yəhudi millətindən olan 30 min vətəndaşı var. Dünyanın hər yerinə yayılmış yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Adətən ölkəmizə səfər edən əcnəbilər burada müxtəlif inanclı və etnik mənsubiyyətə məxsus insanların heç bir dini və milli problem olmadan dinc-yanaşı yaşamalarını əvvəl təəccüb, sonra isə alqışla qarşılayırlar. Dünya yəhudilərinin vətəni sayılan İsraillə Azərbarbaycan arasında yaranmış dostluq tellərinin bağlandığı dirəklər da qeyd etdiyimiz dəyərlər üzərində qərarlaşıb. Bu əlaqələr həyatın bütün sahələrini əhatə etsə də, kökündə insani dəyərlər və milli-dini tolerantlıq durur.
Rəsmi şəxslər bu haqda danışanda iki ölkə arasında münasibətlərin güclü, ciddi və qarşılıqlı hörmət əsasında qurulduğunu bildirirlər. Artıq bu əlaqələr dərin siyasi və iqtisadi əməkdaşlığa çevrilib.
Dünyada geosiyasi və konfessiyalararası gərginliyinin yayıldığı dövrdə Azərbaycanla İsrail arasında dostluq əlaqələrinin genişlənməsi beynəlxalq aləmə bir mesaydır. Artıq bu ölkələrin strateji müttəfiqliyi barədə də danışmaq mümkündür. Enerji və hərbi sahələrdəki əlaqələr xüsusilə əhəmiyyətlidir. İki ölkə arasındakı əlaqələrin dərin inam əsasında qurulduğuna misal olaraq, Azərbaycan prezidentinin sərəncamı ilə İsrail vətəndaşlarına vizanın bu ölkənin hava limanlarında verilməsini göstərmək olar. Azərbaycan çox az ölkələrə belə şərait yaradıb. İsrail də həmin ölkələrdən biridir.
Hazırda iki ölkə arasında təhlükəsizlik, enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar, tikinti, suvarma, tibb və turizm sahələrində qurulmuş əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr 1990-cı illərdən etibarən yaranıb və son 10 ildə İsrail Azərbaycanın dünyada beşinci ən böyük ticarət tərəfdaşına çevrilib.
Hazırda İsrailin neftə olan tələbatının təxminən 50%-ni Azərbaycan təmin edir. Həmçinin Azərbaycan İsrailin hərbi müdafiə texnologiyalarına ciddi maraq göstərir və təhlükəsizliyini təmin etmək üçün onları alır.
Gələn ay İsrailin baş naziri Netanyahu ilk dəfə Azərbaycana səfər edəcək. ABŞ-da prezident dəyişikliyi dönəmində və ümumiyyətlə İsrail-Azərbaycan münasibətlərinin gələcək perspektivində bu səfərin böyük rol oynayacağı gözlənilir. Çünki, dünyanın supergüc dövlətinin idarəçilində yəhudilərin ən güclü rola malik olduqları heç kimə sirr deyil. ABŞ-ın siyasəti xeyli dərəcədə onlar tərəfindən yönləndirilir. Bu mənada Birləşmiş Ştatların Cənubi Qafqaz siyasətinin yeni çalarlarında açıq rənglərin üstün mövqe qazanmasında yəhudi dostlar təsirli rol oynaya bilərlər. Digər tərəfdən İsrail Rusiya və türk dövlətləri ilə əməkdaşlığa həmişə isti münasibət bəsləyib. İndi bu münasibətlərin genişlənməsində Azərbaycanın vasitəçiliyi və əməkdaşlığı xeyirli olar. Bir tərəfdən də ikitərəfli əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycanın çəkdiyi TAP, TANAP qaz magistral kəmərlərindən istifadə etməklə İsrail qazının Avropaya ötürülməsinin perspektivləri də vacib məsələlərindəndir.
Ancaq güman ki, Azərbaycan üçün daha çox dost ölkənin müasir hərbi texnologiyaları aktuallıq kəsb edir. Çünki, Rusiya Ermənistan birgə qoşun birləşmələrinin yaradılması və ermənilərin daxil olduğu qoşunda “İsgəndər-M” taktiki-raket sistemlərinin olması buna qarşı tədbir görməyi tələb edir. Təl-Əvivdə isə bu cür hərbi qurğulara qarşı dayana biləcək silahlar var.
Beləliklə, İsrail baş nazirinin Azərbaycana səfərinin qarşılıqlı faydalı olacağına və qarşıda yeni perspektivlər açacağına ümid bəsləməyinə dəyər.

IKSmedia.az

Oxşar məqalələr