Donald Trampın Qafqaz siyasəti necə olacaq

ABŞ-ın yeni administrasiyası və Azərbaycan

Prezident İlham Əliyev noyabrın 22-də Amerika Birləşmiş Ştatları dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini xanım Bridcet Brinki qəbul edib. Dövlət başçısı bu ilin yayında Bridcet Brinklə ikitərəfli münasibətlər və regional məsələlərlə bağlı apardıqları geniş müzakirələri xatırlayaraq ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Xanım Brinkin Azərbaycana səfəri maraq doğursa da, hesab olunur ki, yeni ildə postu tərk edəcək köhnə administrasiyanın vida səfəri olub. Çünki, yeni prezident Donald Tramp hələlik öz komandasını tam formalaşdırmayıb və üstəlik vəzifəsinin icrasına bilavasitə başlamayıb.
İlkin olaraq demək lazımdır ki, ABŞ kimi supergüc dövlətin prezidenti dəyişsə də xarici siyasətin ümumi konturlarında heç də həmişə ciddi dəyişikliklər baş vermir. Belə dəyişikliklər adətən müharibələr, ciddi iqtisadi böhranlar və s. bu kimi fövqəladə hadisələr zamanı baş verir. Amma dövlətin 1 nömrəli şəxsin şəxsi mqabiliyyətini və ideyalarını da nəzərdən silmək olmaz. Tramp işləyib pul qazanan insandır. Onun iqtisadi layihələrə və əlaqələrə maraq göstərəcəyini artıq bir çox ekspertlər qeyd ediblər. Azərbaycan isə həm böyük dövlətlərin geostrateji maraqları dairəsində, həm də iri beynəlxalq iqtisadi layihələrin və əməkdaşlığın orbitində yer alır. Bu mənada Azərbaycanın Donald Trampın diqqətini cəlb etməsi üçün kifayət qədər əsas olduğunu düşünürük.
Digər kontekstən yanaşsaq, ilkin əlamətlərə görə Tramp Rusiya ilə münasibətlərinə fərqli yanaşma sərgiləmək arzusundadır. Yəni, çox ola bilsin ki, qarşıdakı 4 ildə ABŞ-Rusiya münasibətləri qarşıdurmadan əməkdaşlığa doğru referans etsin. Belə olacağı təqdirdə Amerikanın Qafqaz siyasətində də dəyişikliklərin olması qaçılmazdır. İlk növbədə bu həssas bölgədə hər iki dövlətin münasibətləri və maraqları çərçivəsində yeni əməkdaşlıq telləri yarana bilər. Bu əməkdaşlıq yalnız iqtisadi məqsədlərlə kifayətlənməyəcək, həm də siyasi çalar alacaq, başqa sözlə, Qarabağ münaqişəsinin nizamlanması məsələsini də əhatə edəcək. Artıq bunun ilk simptomları görsənməkdədir. Minsk Qrupunun həmsədrlərindən olan ABŞ-ın köhnə administrasiyadan olan nümayəndəsi Ceyms Uorlikin vaxtından əvvəl istefası da, güman olunur ki, bununla bağlıdır.
Yeni dönəmdə ABŞ-ın Cənubi Qagqaz siyasətində Azərbaycan üçün səmərəli nə ola bilər? İlk növbədə Ermənistanın regionun heç bir beynəlxalq layihəsində iştirak etməməsi və özəllikılə Rusiyanın forpostu rolunu oynaması bu ölkəni Donald Tramp administrasiyasının diqqətindən kənarda saxlayacaq. Çünki, Tramp Ermənistanla əlaqədar bütün məsələləri Rusiya ilə, yəni dolayısı həll etməli olacaq. Bu isə iqtisadi əlaqələrdə uduzmaq deməkdir. İşgüzar adamlar adətən birbaşa ticarətə meyil edirlər, çünki gəlir kənara getmir. Siyasi cəhətcə Ermənistanın regionda ciddi bir fəaliyyəti olmadığından bu tip əlaqələrdən danışmağına dəyməz. Üstəlik, ABŞ-Türkiyə münasibətlərinin də yeni səviyyəyə qalxması gözlənilir ki, bu da yenə Azərbaycana münasibətdə müsbət rol oynayacaq. Beləliklə, iki ay da səbr etsək, bütün bu narahatlıqlara aydın cavab alacağıq. Ümidvarıq ki, cavablar pronozlaşdırdığımız istiqamətdə ölkəmizin geosiyasi maraqları ruhunda olacaq.
Iksmedia.az

125 -dən səhifə 133

Oxşar məqalələr