AXTAR

AZƏRBAYCAN EPİSTOLYAR İRSİ VƏ ÜZEYİR HACIBƏYLİ, MÜSLÜM MAQOMAYEV MƏKTUBLARI

epistolyar

Azərbaycan epistolyar irsinin inkişaf etdirilməsində Üzeyir Hacıbəylinin və Müslüm
Maqomayevin məktublarının xüsusi xidmətləri danılmazdır. Hər iki ədib çoxəsrlik ədəbi mədəni
irsimizin inkişafında əvəzolunmaz xidmətlər göstərərək məktubları vasitəsilə Azərbaycan ədəbiyyatını
zənginləşdirmişdirlər. Ədiblərimiz müntəzəm olaraq, bir-biriləri ilə məktublaşdıqlarına görə
Azərbaycanın epistolyar irsi olduqca zəngindir. Görkəmli Azərbaycan mütəfəkkirləri məktublarında
həyatlarından, mühitdən, bədii-fəlsəfi məsələlərdən, əsərlərindən, ədəbi-elmi ictimaiyyətdən bəhs
etdiklərinə görə epistolyar irs özündə olduqca zəngin məlumatları saxlayır. Məhz bu xüsusiyyətlərinə
görə ədəbiyyatşünaslar Azərbaycan epistolyar irsinin araşdırılıb, tədqiq edilməsində olduqca
maraqlıdırlar. Epistolyar irsi ədəbiyyatşünaslar ictimai-ədəbi mühiti araşdırmaq baxımından
Azərbaycan ədəbiyyatşünaslıq elminin ən etibarlı və zəngin mənbələrindən biri kimi qiymətləndirirlər.
Azərbaycan ədəbiyyatının bir çox mərhələləri haqqında məhz epistolyar irs vasitəsilə dolğun məlumat
alırıq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları sayəsində yaşadıqları dövrün,
görkəmli şəxsiyyətlərin, onların xasiyyətlərin, yaradıcılıq və fəaliyyətlərin, başqa şəxsiyyətlərlə
münasibətlərin öyrənmiş oluruq. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin bir- birinə yazdığı
yaxın dostluqdan doğan məktubları Azərbaycan ədəbiyyatında elmi mənbə rolunu oynamış, görkəmli
şəxsiyyətlərin həyat yolu haqqında məlumatların əldə edilməsində ciddi mənbə olmuşdur.
Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub Azərbaycan epistolyar irsinin
inkişaf etdirilməsi baxımından olduqca böyük əhəmiyyətə malikdir. Dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin Azərbaycanın opera müğənnisi, aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti Hüseynqulu Sarabskiyə yazdığı məktub özündə dövrün siyasi motivlərini əks etdirir. Üzeyir
Hacıbəylinin Hüseynqulu Sarabskiyə 1913-cü il iyulun 30-da tələbə olarkən Peterburqdan yazdığı
məktubun mövzusu dövrün siyasi gedişləri və siyasi rəhbərlərin bir-birinə olan rəftarlarıdır. Qeyd
olunan məktub ilk dəfə 1939-cu ildə “İnqilab və mədəniyyət” jurnalının 3-cü nömrəsində dərc
olunmuşdur. Üzeyir Hacıbəyli Hüseynqulu Sarabskiyə yazdığı məktubda ictimai vəziyyəti belə analiz
edir. “Mən dəxi bu halda bir tərəfdən dərs oxumaqda və bir tərəfdən də “Arşın mal alan”ı
yazmaqdayam. Amma çox qəribə operetta olacaqdır. İnşallah sentyabrda göndərərəm ki, əvvəlcə onu
qoyarsınız. Amma “Əsli və Kərəm”i gündüz oynamaqda böyük səhv edibsiniz, mən bu barədə
Müslümə dəxi yazmışam. O ki, qaldı pul işinə o barədə mənim işim yaşdır, çünki göndərdiyin pulun
yarısı müəllimə və dərs işlərinə gedib, qərəz bu halda pula böyük ehtiyacım vardır. Sən görünür ki,
pulun hamısını bir yerdə göndərə bilməzsən, elə olan surətdə çox təvəqqə edirəm ki, yəni iki yüz
manatını indi və iki yüz manatını da avqustda. Amma bir də artıq təvəqqə edirəm ki, bu iki yüz manatı
mümkün olsa kağız alan günü göndərəsən ki, pulun gec gəlməsi dərsimə xələl yetirməsin. İnşaallah
mən konservatoriyaya girəndən sonra Bakıya gəlib işlərə bir baş çəkmək fikrim dəxi vardır. Onda işlər
hamısı asan olar və onu da bil ki, sənin zəhmətin mənim yadımda heç vaxt hədər getməz, çünki hər
halda biz bir-birimizə lazım olan adamıq və mənim də bu qədər əlləşməyim odur ki, gələcəkdə teatr
işini elə bir hala salaq ki, nəinki təkcə bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə və hər bir şəhərdə
teatr verməyə imkanımız olsun” [4, s.5].
Üzeyir Hacıbəyli və Müslüm Maqomayev sənət yoldaşları ilə yanaşı ailə üzvləri ilə də
məktublaşırdılar. Onların bu məktublarında dövrün ictimai-siyasi vəziyyətləri və həqiqətləri öz əksini
tapırdı. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktublar Azərbaycan epistolyar
irsinin inkişaf etdirilib, zənginləşdirilməsinə xidmət edir. Üzeyir Hacıbəylinin qardaşına yazdığı
məktublarda bir-birindən ayrı düşmüş iki dahinin, iki qardaşın həsrət dolu fikirləri və ürək sözləri öz
əksini tapır. Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyliyə yazdığı məktubların mövzuları olduqca
zəngin idi. Belə ki, o, məktublarında Xoyski hökumətinin istefasından, Nəsib bəyin yeni kabinə
qurmasından, Bakıda çıxan qəzetlərdən, Qarabağ və Lənkəran məsələlərinin ölkənin xeyrinə
bitdiyindən, Şimaldan gələn təhlükədən, ermənilərin “Arşın mal alan”a sahib çıxmaq cəhdlərindən,
ermənilərin Zəngəzur iddiasından, ailə üzvlərindən, yaxın qohumlardan, uzun həsrətindən, məsafənin
böyüklüyündən, ümidlərindən, konservatoriya açmasından, orada iki yüzdən artıq şagirdin
oxumasından, yarısının qadın, yarısının kişi, qadınların arasında çadralıların da olmasından,
konservatoriyanın açılışında Nərimanovun iştirakından, Nərimanovla birlikdə komissarlara çay
qonaqlığı verməsindən, hökumətin ona dəstəyindən, “Arşın mal alan”ın fransız dilinə tərcümə
olunmasından, Parisə gəlməsi üçün Nərimanovun Moskvadan dönməsini gözləməsindən geniş bir
şəkildə bəhs edir. Ceyhun Hacıbəylidə müntəzəm olaraq, qardaşı Üzeyir Hacıbəylinin məktublarına
cavab yazırdı. O, məktublarında Avropada yaşamağın bütün sıxıntılarından, vətənindən, ailəsindən
uzaq olmasından, güllələnməkdən və ya sürgün olunmaq qorxusundan yazırdı. Ceyhun Hacıbəyli nə
qədər çətin həyat tərzi yaşasa da, məktublarında bu çətin vəziyyətini Üzeyir Hacıbəyliyə bildirmirdi.
Məktubların əksəriyyətində o, dolanışığındakı çətinliklər ilə bağlı heç bir şey yazmırdı. Üzeyir
Hacıbəylinin qardaşına olan məktubunda onun təyyarəçi oğlu Ceyhunun (məktublardakı Ceyçik) 23
yaşında II Dünya müharibəsində almanlarla savaşda həlak olmasından doğan kədər və böyük sarsıntı
öz əksini tapır. Ceyhun Hacıbəylinin Azərbaycana dönməsi üçün əlindən gələn hər şeyi edən Üzeyir
Hacıbəyli bütün sıxıntılarına, vətənindən, ailəsindən uzaq olmasına baxmayaraq, qardaşını vətənə
gətirtməyə nail ola bilmir.

Üzeyir Hacıbəyli “Bayrağımız sarsılmaz” kitabında onun qardaşı Ceyhun Hacıbəyliyə yazdığı
məktublar öz əksini tapmışdır. “Salam-duadan sonra necə ki, sizə bildirirəm sizin buraya qayıtmaq
məsələnizi qəti surətdə həll etmişik. Əlbəttə, tezlik ilə buraya qayıtmağınız yaxşıdır. Bu xüsusda
Zülfüqar sizə müfəssəl məktub yazıbdır, yəqin ki, alıb oxumuşsunuz. Əlbəttə, öylə edərsiniz, yəni
SSSR səfarətxanəsinə müraciət edib, Azərbaycana qayıtmağa izn istərsiniz ora dəxi buradan əhval bilib
sizə cavab deyəcəkdir. Buradan isə necə ki, Zülfüqar yazdırır, məsul yoldaşlar tərəfindən izn verilir. O
xüsusda arxayın ola bilərsən. İzn aldıqdan sonra haçan çıxmaq istədiyinizi bizə məktub ilə bildirərsən.
Məncə, Moskva təriqi ilə gəlməyiniz daha yaxşı olar. Moskvadan Bakıya sürət qatarı vardır ki, çox
rahatdır. Pul lazım olduğu cəhətdə bizə məlum edərsən, Pulu Moskvada istəsəniz də mümkündür. Yəni
Parisdən Moskvaya qədər gəlməgə xərciniz çatarsa, Moskvadan bildirsəniz tel vasitəsilə oraya pul
göndərmək daha asan olur. Qərəz tezlik ilə çalışın ki, soyuqlar sizə əziyyət verməsin. İnşallah, buraya
gələndən sonra qulluq barəsində heç fikir yoxdur. Qərəz o məsələni burada danışarıq. Vacib budur ki
gələsiniz” [5, s.375].
Üzeyir Hacıbəylinin sənət yoldaşı və qardaşı Müslüm Maqomayevə yazdığı məktublarda imza
atdığı ilklərdən, sənət uğurlarından, bəstələrindən, əsərlərindən, Peterburqda yaşamağından,
konservatoriyadakı fəaliyyətindən, konservatoriyanın qaydalarından, yaşayışından, ailəsindən bəhs
edir. Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin məktubları vasitəsilə həyat və yaradıcılıq
bioqrafiyaları, zəngin ömür salnamələri, dəyərli bəstəkarlıq, dirijorluq, musiqişünaslıq, ictimai xadim
fəaliyyətləri haqqında dolğun məlumat əldə edirik. Üzeyir Hacıbəyli və Müslüm Maqomayev
məktublarında ictimai-ideoloji və fərdi-psixoloji vəziyyətləri olduqca geniş bir şəkildə analiz etmişdir.

Həcər Atakişiyeva

Ədəbiyyat:
Həsənova T. Oxşar taleli bəstəkarlar : Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin adları
xalqımızın mədəniyyət tarixinə əbədi həkk olunub // Kaspi. – 2016, 17-19 sentyabr,- №146, səh7.
Hümbətova A. Azərbaycan xalq mahnılarının bəstəkar yaradıcılığında təzahür formaları / A.
Hümbətova // Mədəniyyət.az. - 2018. - № 320. - S. 53-55.
Qafarova Z. Azərbaycan professional musiqisinin klassiki : görkəmli bəstəkar Müslüm
Maqomayevin 130 illiyinə // Mədəniyyət. - 2015. - 18 sentyabr. - № 72. - S. 12.
Üzeyir Hacıbəylinin Hüseynqulu Sarabskiyə yazdığı məktub // İnqilab və mədəniyyət jurnalı //-
1939. - № 3. - S. 5.
Üzeyir Hacıbəyli // Bayrağımız sarsılmaz // Bakı, “Avrasiya Press”, 2011, s. 426.

Oxşar məqalələr