AXTAR

Sarkisyanın “vida çıxışına bərabər” korazehinliyi

serj 2

 

Ermənistanda hakimiyyətin taleyi dalana dirənib
Bu günlərdə Ermənistanın hakim Respublikaçılar partiyasının 16-cı qurultayı keçirilib. Qurultayda çıxış edən partiyanın başçısı, prezident Serj Sarkisyan Azərbaycanın ünvanına heç vaxt səsləndirmədiyi və bütün bölgədə qan və müharibə qoxusu yayan hədələr dilə gətirib. Qəribədir, hər yandan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə bəyanatların verildiyi bir dövrdə Serji bu cür korazehin davranışa sövq edən nədir? Axı, onun böhtanlarına heç öz vətənində də inanan yoxdur. Təsadüfi deyil ki, erməni KİV-də onun gülünc çıxışını təqdir edən bir məqalə belə yoxdur.
Sarkisyan deyib: “Biz Azərbaycana düzəldilməsi mümkün olmayan ziyan vura bilərik”. Onun reallıqdan bu qədər uzaq olan ifadələr işlətməsi bəzi gümanlara yol açır. Məsələn, ehtimal etmək olar ki, Serjin hakimiyyət komandası, başqa sözlə, sadəcə bandası artıq hakimiyyətdə qalmağı bacarmır. Bilirlər ki, onların vaxtı çatıb, getməlidirlər, ölkədə onları əvəzləyəcək daha güclü komanda formalaşıb. Lakin dövlətdəki ən yüksək kreslonun öz alibi var. Nə qədər ki, orada əyləşmisən, sənə dəyib dolaşan olmur, elə ki, oradan uzaqlaşdın, buraxdığın səhvlər göz deşir. Sarkisyanın ozünün və komandasının üzərində isə cinayət əməlləri kifayət qədərdir. Bu səbəbdən komanda hakimiyyətinin ömrünü uzatmaq üçün istənilən vasitəyə əl atır.
Lakin partiya sədrinin çıxışı yalnız hərbə-zorbalardan ibarət deyil. Sarkisyan səsləndirdiyi bir çox fikirlərlə əslində özünü ifşa etmiş olur. O bildirir ki, bu vaxta qədər və bundan sonra Ermənistanda və Dağlıq Qarabağda müharibəni başlamaq üçün heç bir səbəb yoxdur. Onun belə düşünməsinə səbəb qorxmağıdır. Bəli, o, Azərbaycanın ünvanına hərbə-zorba gəlsə də daxildə qorxur. Çünki, Ermənistanda hamı gözəl başa düşür ki, müharibəni başlamaq üçün Azərbaycanın əlində “Ermənistanın işğal etdiyi torpaqları əsarətdən qurtarmaq” kimi tutarlı səbəb var. Azərbaycan Ordusunun hazırlıq səviyyəsi də düşmənə yaxşı bəllidir. Aprel döyüşləri zamanı yaxud ondan xeyli əvvəl Azərbaycan əsgəri Mübariz İbrahimovun təkbaşına 27 nəfər erməni əsgərini məhv etməsi yaddaşlarda möhkəm kök salıb. Düzdür, Sarkisyan aprel döyüşlərinə “ordumuz qarşısında düran döyüş vəzifəsini yerinə yetirdi” kimi özünəməxsus avantürist qiymət verir. Amma fakt faktlığında qalır. Qarşısında duran vəzifəni erməni əsgəri necə yerinə yetirib ki, işğal etdikləri ərazinin 2 min hektarını aprel döyüşlərində geri qaytarmağa məcbur olub. Bu faktı xarici ekspertlər də təsdiqləyib.
Partiya sədri və prezident məsuliyyət hissini itirdiyindən çıxışının sonunda pafosundan da qalmayıb. Bildirib ki, onların resursları qarşılarına qoyduqları vəzifələri yerinə yetirməyə bəs edir, həlledici anlarda erməni əsgəri öz son sözünü deyir. “Ermənistan silahlı qüvvələri ən yaxşılardan olmalıdır” şüarı ilə qürrələnən Sarkisyan, görünür gərginlikdən unudur ki, Azərbaycan Silahlı Qüvvələri artıq çoxdan regionda “ən güclü ordu” statusunu qazanıb və düşmənin nə silahları, nə də canlı qüvvəsi onun qarşısında davam gətirə bilir.
Ermənistan prezidentini bu cür avantüristr çıxışa şirnikləndirən başqa bir səbəb Kremlin göstərişi əsasında Rusiya-Ermənistan birləşmiş ordusunun yaradılması faktı ola bilər. Ancaq untmaq lazım deyil ki, aydın düşünməyi bacaran hər bir kəs üçün bu, qarışqanın fillə dostluğuna bənzəyir. Filin yerişini qarışqa yeriyə bilərmi? Yəni, rus ordusunun yerini ermənilər verə bilərmi? Siyasətdə bu düşünmək sadəlövhlük yox, korazehinlik adlanır. Sarkisyan da bunu bilir. Amma özünü belə aparmağa məcburdur. Forpost hakimiyyətin vəzifəsi budur.

IKSmedia.az

Oxşar məqalələr