Azərbaycana məxsus TANAP və TAP qaz kəmərlərinin daxil olduğu “Cənub Qaz Dəhlizi”nin tikintisi layihə üzrə qrafikə uyğun şəkildə gedir. İşlər müasir səviyyədə, yüksək texnoloji əsaslarla aparılır. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bu günlərdə Trend-in sorğusuna cavab olaraq bildirib ki, “Cənub Qaz Dəhlizi”nin həyata keçirilməsi ABŞ-ın maraqlarına uyğundur”.
Layihə üzrə ilk qazın Türkiyəyə 2018-ci, Avropaya isə 2019-2020-ci illərdə çatdırılacağına diqqəti çəkən departament rəsmisi qeyd edib ki, ABŞ hökuməti bu strateji layihəyə dəstək verməkdə davam edir: "Cənub Qaz Dəhlizi”nin mühüm xüsusiyyətlərindən biri də layihənin miqyasının artırılması imkanının olmasıdır. İlkin mərhələdə bu dəhliz üzrə ildə 16 milyard kubmetr qaz tədarük etməyin mümkün olacağına baxmayaraq, onun buraxılış qabiliyyəti Azərbaycan və ya İraq, Türkmənistan, Şərqi Aralıq dənizi kimi digər mənbələrdən əlavə qaz həcmləri hesabına artırıla bilər”.
ABŞ-ın bu layihəyə marağının yüksək olması başadüşüləndir. Əvvələn, Avropa ilə sıx tərəfdaşlıq tellərinə malik Birləşmiş Ştatların siyasi mövqeyi ilə da üst-üstə düşür. İkincisi, Qafqaz və Orta Asiya dövlətləri ilə münasibətlərin inkişafında bu kəmər əhəmiyyətli rol oynaya bilər. Üçüncüsü, Amerikanın yeni prezidenti Donald trampın siyasəti iqtisadiyyat sahəsində daha geniş spektrə malik olacaq ki, bu da kəmərlər taktikası ilə uyğun istiqamətdir.
Məsələ burasındadır ki, bəzi ekspertlər “Rusiya və Türkiyə arasında çəkilməsi planlaşdırılan “Türk axını” layihəsinə diqqəti cəlb edərək bunun “Cənub Qaz Dəhlizi”nə rəqib olacağı anlamında mülahizələrini bildirirlər. Bu minvalla “Türk axını” daha güclü olması etibarı ilə gündəmə gətirilir. Lakin bir məsələni unutmaq lazım deyil ki, mavi yanacağa istənilən ölkədə istənilən qədər daimi tələbat var. Bu mənada məhsulun şəxələnmiş xətlərlə göndərilməsinin qorxusu yoxdur. Avropa isə inkişaf etmiş ölkələrin məkanıdır. Bu ölkələrin ödəmə qabiliyyəti yüksəkdir. Türkiyədən keçib Avropanı dolaşan bu iki kəmərin rəqabətindən danışmaq bir də ona görə yersizdir ki, Rusiya-Azərbaycan-Türkiyə regionda yeni əməkdaşlıq tandeminin üzvləridir.
Beləliklə, Avropanın Azərbaycanın məhsuluna və daşıyıcı-tranzit roluna ehtiyacı var.
Ümumiyyətlə, bir sıra layihələrin həyata keçirilməsi və bəzilərinin də tikintisiniz getdiyi Azərbaycan ərazisi artıq tək Avropada deyil, bütün dünyada qovşaq mərkəzi roluna yiyələnib. Yüzlərlə ölkə bu torpaqdan keçən enerji daşıyıcılarından istifadə edir yaxud edəcək. Bu isə eyni zamanda ölkənin beynəlxalq aləmdə mövqeyini müəyyənləşdirən amillərdəndir. “Cənub Qaz Dəhlizi” bu layihələr içərisində xüsusi çəkiyə malikdir. Çünki, Avropa Birliyinin Rusiya Federasiyası ilə münasibətlərinin gərginləşdiyi bir dövrdə həyata keçirilir. Müstəqil siyasətin bir növ açarına çevrilmiş bu kimi layihələrin işə düşməsi ilə Azərbaycanı virtual olaraq avroməkana inteqrasiya olunmuş saymaq olar.
IKSmedia.az