AXTAR

Aİ üzvləri bir-bir niqablarını çıxarır

avst.azad part

 

Hakimiyyət uğrunda mübarizədə əllərində tutarlı dəlillər olmayan avropalı siyasətçilər gözlərində gün eynəyi səbəb axtarışına çıxıblar. Böyük Britaniyanın ittifaqı tərk etməsinə özlərini etinasız göstərsələr də, bu fakt onları xeyli dərəcədə sarsıdıb və hər il “funt-sterlinq”dən gələn subsidiyalardan əlləri çıxdığına görə mədələrinin acısını dillərinə ötürüblər. Amma kələfin ucunu itirdiklərindən uzun illər ərzində üzlərindəki niqabı çıxarmaq məcburiyyətində qalıblar.
Həqiqətən Avropa İttifaqını Brexit qalmaqalı ilə tərk edən Böyük Britaniya ittifaqın digər ölkələrini saxlamaqdan bezmişdi. Hələ Toni Bleyerin baş nazir olduğu dövrdə London rəsmiləri Avropa İttifaqının daxılına ödədikləri vəsaitin mənasız olması barədə çıxışlar edirdilər. Yəni, bu avropalılar “düzlükdən dəm vura-vura başqalarından kələklə pul qoparmaq” yolunu tutmuşdular. Axır ki, ingilislər təngə gəlib “həmfikirlər”inin ikiüzlülüyündən qurtardılar. Amma onların bu gedişi köhnə qitənin əlindən canı boğazına yığılanlar üçün presedentə çevrilə bilərdi. Çünki, Avropanın bir sıra ölkələrindəki bəzi siyasi qüvvələr artıq Aİ-nin öz ömrünü başa vurduğu barədə düşünməyə başlamışdılar. Buna görə də siyasi hiylələrə əl atmağa girişdilər. İlk çıxış edən Avstriyanın millətçi siyasi rəhbərliyi oldu. Onlar ittifaqın sıralarını tərk etməmələri üçün Türkiyənin ittifaqa üzvlüyünün dondurulmasını şərt kimi irəli sürdülər. Bu ilk belə şərt deyil. Bundan əvvəl növbəlilik əsasında Yunanıstan, Almaniya, İspaniya, Portuqaliya, Fransa, İsveçrə və digər ölkələr Türkiyəyə qarşı bu missiyanı yerinə yetiriblər. 9 milyonluq əhalisinin 1,6 faizi türk olan Avstriya tək özünün yox, həm də ümumavropa missiyasını davam etdirir.
“Türkiyə Avropa İttifaqına üzv olarsa, Avstriyanın quruma üzvlük məsələsini referenduma aparacağam” Avstriya prezidentliyinə namizəd, Avstriya Azadlıq Partiyasının lideri Norbert Hoferin dediyi bu sözlər bir siyasətçi kimi onun zəifliyinin bariz ifadəsidir. Prezidentlik yolunda Yaşıllar Partiyasının namizədi Aleksandr Van Der Bellenlə teledebata çıxan Norbert Hofer əlavə edib ki, şəxsən Avstriyanın Avropa İttifaqından çıxmasını istəmir. Avstriya parlamenti bundan üç gün əvvəl Türkiyəyə silah satışı sahəsində embarqonun tətbiq edilməsi ilə bağlı qərar layihəsini yekdilliklə qəbul edib. Yaşıllar Partiyasının təqdim etdiyi layihəni parlamentdəki 6 partiya dəstəkləyib.
Hakimiyyət uğrunda mübarizədə seçicilərin gözünü müsəlmançılıqla qorxutmaq çoxdan qərb siyasətçiləri arasında dəbə çevrilib. Müxtəlif gizli xidmətlərin əli ilə müsəlmanları dünyaya fundamentalçı qismində təqdim etmək yolu ilə öz ölkələrində siyasi idarəetməni həyata keçirən partiyalar həqiqətin üzərindən qara xətt çəkməklə özlərini aldatmış olurlar. Amma gücləri yalnız buna çatır. Əslində onlar qorxurlar. Qorxurlar ki, əsrlər boyu siyasət və müharibələrlə sındıra bilmədikləri hər hansı müsəlman dövləti iqtisadiyyatı və mədəniyyəti ilə onların başı üzərinə qalxar. İslam inanclılarının yüksək mövqe qazanması digərlərinin sınmasına səbəb olar. Qərb yetkililəri bu tarixi faktdan bərk qorxur və artıq bunun çoxdan baş verdiyi fikrini qəbul etməyi bacarmırlar. Bununla da özlərini təcrid etməyə doğru gedirlər. Lakin səhv edirlər və bunu da bilirlər.
Bu günlərdə avropalıların, yumşaq desək, “naz-qəmzəsindən” yorulan Türkiyə üzünü şimala və şərqə çevirəcəyini bəyan edib. Bu, əslində avropalıların ikiüzlülüklərinə sanballı cavabdır. Bunun ziyanını onlar zaman-zaman görəcəklər. Türkiyə səviyyəsində tərəfdaşı itirməklə Aİ-ı böyük ölçüdə şərqdəki nüfuzunu da itirəcək.
Beləliklə, qərbin müsəlman-türk intişarı qarşısında dar çərçivədən çıxış edərək səhvlərə yol verməsi onu içəridən yeyən çürüməni yalnız gücləndirəcək.

IKSmedia.az

Oxşar məqalələr