AXTAR

Qarabağ münaqişəsi Rusiya-Türkiyə münasibətlərinin orbitinə çıxa bilər

 

 

 

 

XİN başçılarının görüşündə nələr müzakirə olunacaq

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib ki, Rusiya XİN başçısı dekabrın birində Türkiyəyə səfər edəcək. Məqsəd Cənubi Qafqazdakı vəziyyəti türkiyəli həmkarı ilə müzakirə etməkdir. Amma eyni zamanda gələn il keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq da müzakirə mövzusu olacaq. Cənubi Qafqazdakı vəziyyət və Yüksək Əməkdaşlıq Şurasının iclasının gündəliyi bir-birinə bağlı məsələlər olduğu üçün birlikdə xatırladırıq.
Məsələ burasındadır ki, YSƏŞ-in iclası bir il əvvəl keçirilməli idi. Lakin keçən il Türkiyə-Suriya sərhəddində rus hərbi təyyarəsinin vurulması ilə iki ölkə arasında münasibətlər pozuldu və Rusiya tərəfinin səyi nəticəsində görüş baş tutmadı. Lakin o vaxtdan xeyli sayda gözlənilməz siyasi təbəddülatlar baş verib və indi regionda daha gərgin və qüvvələr nisbətində əsaslı dəyişikliklər yaranıb. Söhbət Qərb qruplaşmasında baş verən “fikir parçalanmasından” və Şərqdə yeni güc birliyinə doğru irəliləyən diplomatik taktikadan gedir.
İlk növbədə sürətli Türkiyə-Rusiya yaxınlaşması diqqəti cəlb edir. Uzun bir dövrdə Qərblə birlikdə olan lakin onun ikili standartlarından əzab çəkən Türkiyə nəhayət özündə güc tapıb yeni müttəfiq axtarışına çıxıb. Qərblə mübarizədə koalisiya yaratmağa can atan Rusiya dərhal onun çağırışına müsbət cavab verib.
İndiyədək Cənubi Qafqazda ən çox söz sahibi olan Rusiya indi səlahiyyətini Türkiyə ilə bölüşmək arzusundadır. İlk növbədə regionda liderliyi ələ alan Azərbaycana vurulmuş işğal “yarasının” sağalması məsələsidir. Bu, Türkiyə üçün prioritet, Rusiya üçün əlavə təsir vasitəsidir. Buna görə də dekabrın 1-də nazirlərin görüşündə Qarabağ münaqişəsinin nuzamlanması bir nömrəli mövzu olacaq. Güman ki, əsas vəzifələrdən biri deqradasiyaya uğramış Minsk Qrupunun işində keyfiyyət dəyişikliklərinə nail olmaqdır. Belə ki, Türkiyənin 4-cü həmsədr vəzifəsinə təsbit edilməsi yaxud buna bərabər iştirak formatı müəyyənləşəcək. İndi həm qərbdə, həm də şərqdə əmin olublar ki, onların beynəlxalq yox, məhəlli statusda yanaşdıqları Qarabağ münaqişəsinin həllində kənar qüvvələrin iştirakı mənasızdır. Rusiya isə eyni zamanda həm Azərbaycan, həm də Ermənistan üçün yaxşı ola bilməz. Bu, siyasətin aksiomasıdır. Sadəcə, diplomatik həll üçün stol başında Rusiya Ermənistanla, Türkiyə isə Azərbaycanla yanaşı oturmalı və ümumi razılığı əks etdirən saziş bağlanmalıdır. ABŞ-ın yeni prezidenti Donald Tramp və Avropa İttifaqının qeyri-rəsmi iki rəhbər dövlətindən biri olan Fransa da bu istiqaməti dəstəkləməlidir. Çünki, Fransada gələn ilki prezident seçkilərində qalib gələcəyi proqnozlaşdırılan Fğansua Fiyon da daha çox iqtisadi məsələlərə diqqət yetirəcək. Güman olunur ki, o da Rusiya ilə münasibətlərin sağlamlaşdırılması yolunu tutacaq.
Belə bir beynəlxalq şəraitdə, üstəlik Suriyada böyük maraqların toqquşması fonunda müharibənin şiddətlənməsi Qarabağ münaqişəsinin həllində məhəlli güclərin həlledici rol alacağını şərtləndirir. Bu isə danışıqlar prosesinin intensivləşdirilməsi xətti ilə sülhə aparan yolun qısalması deməkdir. Çünki, prosesə qoşulan tərəflərin sayı azaldıqca onun həll olunmasına olan inam və iş artır. Ümumiyyətlə, dünya siyasətində iqtisadi layihələrinin rolunun güclənməsi ilə müşayiət olunan hazırkı dönəmdə Ermənistanın özündə də xalqın yaşayışının yaxşılaşması uğrunda çalışanların sıraları genişlənir. Bu prosesin başlanması üçün ilkin şərtlərdən biri ölkə rəhbərliyinin işğalçı siyasətdən əl çəkməsidir. Rusiya və Türkiyə bu yolda Cənubi Qafqaz regionunun ölkələrinə ən simsar dövlətlərdir.
Beləliklə, Türkiyə şərq və şimal istiqamətində qarşısında açılan inteqrasiya imkanlarından uğurla istifadə edir. Rusiya Türkiyə ilə birlikdə Avrasiya məkanında güclənməklə supergüc statusunu qoruyub saxlayır və artırır. Hər iki dövlət birlikdə regiondakı münaqişələri, konkret, Qarabağ münaqişəsini həll etməyə başlayırlar. Hansı proqram üzrə gedəcəklər, bu Azərbaycan və Ermənistanın iştirakı ilə baş verməlidir. Amma ümumi qənaət budur ki, münaqişənin həllində Türkiyə Rusiya ilə bərabər səviyyədə iştirak edəcək və Azərbaycan tərkibində ermənilərə müxtariyyət statusu verməklə ölkənin ərazi bütövlüyü bərpa olunacaq. Proses, adətən olduğu kimi bir neçə ilə başa çatacaq.

IKSmedia.az

 

Oxşar məqalələr