AXTAR

Şərq-Qərb nəqliyyat dəhlizinə Azərbaycan yeni partnyor cəlb edir

nportret 1
Bu günlərdə Azərbaycanla Tacikistan arasında bağlanmış bir sıra dövlət sənədləri Qədim İpək yolunun müasir marşrutu üzrə yaranmış beynəlxalq nəqliyyat qovşağına yeni qolun əlavə olunmasına əsaslar yaradıb. Sovetlər dönəmindən bu dövlətlər arasında yaranmış iqtisadi bağlar müstəqillik illərində bərabərhüquqlu iqtisadi əməkdaşlığa çevrilib. Lakin dağılmaq və yenidən qurulmaq prosesi ağır şərtlər altında baş verdiyindən bu vaxtadək mövcud imkanlardan tam istifadə etmək mümkün olmayıb. Azərbaycanın dövlət başçısı İlham Əliyevin Tacikistana səfəri və bu ölkənin rəhbəri İmoməli Rəhmonla görüşləri iki dövlət arasında münasibətlərin daha yüksək səviyyə qalxmasında həlledici rol oynamalıdır. Belə ki, Azərbaycan dövlətinin xarici siyasətinin təməl daşı qarşılıqlı fayda əsasında səmərəli əməkdaşlığa söykənir.
Cənubi Qafqazda və Orta Asiyada yerləşmiş dövlətlər qonşu olmaq etibarı ilə bir-birlərinə qırılmaz tellərlə bağlıdır. Üstəlik, etnik və mənəvi dəyərlərin ümumiliyi bu bağlılığı inkaredilməz zərurətə çevirir. Bundan başqa, Azərbaycanın siyasətində daim ədalətli mövqe sərgilənməsi, dövlətlərin müstəqilliyinə və inkişafına dəstək göstərilməsi prioritet istiqamətə çevrilib. Bu yaxınlarda Qoşulmama Hərəkatının Bakıda keçirilmiş bir sıra müstəmləkə dövlətlərinə göstərilən havadarlıq buna sübutdur. Bu baxımdan beynəlxalq aləmdə öz iqtisadi imkanları ilə zəif ölkələr üçün donor dövlət sayılan və regional liderə çevrilən Azərbaycanın tarixi köklərlə bağlı olduğu ölkəyə əlverişli iqtisadi əlaqə təklif etməsi tamamilə anlaşılandır.
Tacikistanla imzalanmış dövlət sənədləri torpaq münasibətləri, coğrafi informasiya, daxili işlər nazirlikləri arasında, gömrük, iqtisadiyyat, xarici siyasət, mədəniyyət və sairə sahələrdə əməkdaşlığı ehtiva edir. Münasibətlərin belə intensiv inkişafının məqsədi, aydındır ki, ilk növbədə beynəlxalq nəqliyyat qovşağının yeni qolunun yaradılmasına xidmət edir. Ancaq iş bununla bitmir. Tacikistanın ən yaxın və tarixən əlaqələri olan qonşu dövlətlər Türk Dövlətləri Təşkilatının üzvləridir. Bu da o deməkdir ki, bu dövlətlərin tam açılq olan iqtisadi inteqrasiya yolu Tacikistan üçün də inkişafın üfüqlərini göstərir. Təsadüfi deyil ki, hazırda Azərbaycanın ali hərbi məktəblərində 50 tacik kursant hərbi quruculuğun sirlərinə yiyələnir. Azərbaycan ordusu isə dünyanın ən güclü ordularından biri sayılan Türkiyə ordusunun modeli əsasında qurulub. Demək, Tacikistanın TDT ilə münasibətlərinin inkişafında Azərbaycan ilə əlaqələri mühüm rol oynayır.
Azərbaycanla münasibətlərin yeni səviyyəsi Tacikistanın Avropa ölkələrinə yolunu açır. Bu ölkənin kənd təsərrüfatının əsas məhsullarından olan pambığın inkişaf etmiş bazarlara Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə birbaşa çıxışının təmin edilməsi böyük iqtisadi əhəmiyyətə malikdir. Sözsüz ki, Tacikistanda bunu başa düşür və qiymətləndirirlər. Aydın görünür ki, Azərbaycanın Cənubi Qafqazdan kənarda daha bir ölkə ilə dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi prosesi uğurla davam edir.
Novruz Novruzov
Azad Vətən Partiyası Siyasi Şurasının sədri

Oxşar məqalələr