AXTAR

İqtisadi inkişaf və mənəvi tənəzzül

nportret2
Ölkəmiz müstəqillik qazanandan sonra dağılmaq aksioması ilə güc-bəla nəfəs çəkən sovet iqtisadi sistemindən bizim üçün tamamilə yeni olan bazar iqtisadi sisteminə keçmək yoluna çıxdı. Ötən əsrin 90-cı illərinin iqtisadi və sosial vəziyyəti hamımıza məlumdur. Əsas ərzaq məhsulları talonla satılır, maaşla dolanan əhali ayı birtəhər başa vururdu. Həmin illərdə dövlət də, xalq da, mütəxəssislər də kapitaliszmə məxsus bazar iqtisadiyyatının formalaşmasını həsrətlə gözləyirdi. Mərhum Heydər Əliyev 1993-cü il oktyabrın 10-da Azərbaycan Respublikası Prezidentinin Andiçmə mərasimindəki nitqində demişdi: “On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın”. Bəli, ölkənin rəhbəri başda olmaqla xalq yaxşı yaşamaq üçün güclü iqtisadiyyat arzulayırdı və bazar iqtisadiyyatını bunun ən məqbul yolu sayırdı.
Azərbaycan tədricən bazar iqtisadiyyatına keçməyə başladı. Ancaq necə? Keçidin əvvəlində ölkədə elə bir xaos yarandı ki, hökumət məcbur olub yeni iqtisadiyyatın Azərbaycan variantını tətbiq etməyə başladı: Tənzimlənən bazar iqtisadiyyatı. Yeni iqtisadi sistemdə dövlət öz dominant rolunu saxlamaqla yanaşı sahibkarlığını tənzimlənməsi strategiyasını da hazırlamaq məcburiyyətində qaldı. Çünki, vətəndaşlarımız müstəqil fəaliyyətə hazır deyildilər, hər bir işdə dövlətin işə qarışmasını istəyirdilər. Amma dövlətin tənzimlədiyi sistemdə əsas rolu məmurlar yerinə yetirirdi, başqa sözlə, vəzifədə oturanlar şəraitdən istifadə edərək özləri biznes və istehsalla məşğul olurdular. Baxmayaraq ki, bu, qanunla qadağan idi. Bizim bazar iqtisadiyyatının əsas mənfi cəhəti də bu hal idi. Çox keçmədən məmurlar dövlətin vəsaitini öz şirkətlərinə yönəldərək hədsiz dərəcədə varlandılar və bununla da biznesmenə yox, oliqarxlara çevrildilər.
Azərbaycanın tənzimlənən bazar iqtisadiyyatında maraqlı və lazımlı dövr təxminən 15 il əvvəl-iqtisadi islahatlara keçidlə başladı. 80-90 faiz neft və qazdan asılı olan ölkə iqtisadiyyatı qeyri-neft sektoruna qoyulan investisiyalar sayəsində genişlənməyə başladı. Ötən əsrin 90-cı illərində neft və qazın iqtisadi dominantlığı normal sayılırdı, ayrı gəlir mənbəyi yox idi. Amma, XXI əsrin əvvəllərindən iqtisadi şaxələndirmə strategiyasının hazırlanması qeyri-neft sektorunun canlanmasına, geniş əhali təbəqəsinin sahibkarlıq fəaliyyətinin güclənməsinə səbəb oldu. Yəni, bacarıqlı insanların dövlətdən sosial asılılığı aradan qalxdı. Üstəlik, sahibkarlar özlərini təmin etməklə yanaşı dövlətə vergi verdilər və işsizliyin azalmasına yardım etdilər.
Bu gün Azərbaycan iqtisadiyyatı aydın proqrama malik ardıcıl inkişaf yolundadır. Ancaq nöqsanlar da çoxdur. Monopolizm, fürsətçilik, dövlət vəsaitlərinin mənimsənilməsi, korrupsiya, daha dəqiq desək, mənəvi tənəzzül kifayət qədər geniş yayılıb. Bu vəziyyətin başında məmurlar dayanır. Bu cür məmurların cəmiyyətə təsiri nəticəsində isə sıravi vətəndaşlardan ibarət böyük fırıldaqçı təbəqə meydana çıxıb. 2020-ci ildə ölkədə baş verən cinayətlərin 50 faizi məhz fırıldaqçılığa bağlıdır.
Hər bir halda, hesab edirik ki, gələcəyə nikbin baxmaq lazımdır. Çünki, dövlətin siyasi rəhbərliyi neqativ hallara qarşı sərt mübarizə tədbirlərini ildən-ilə gücləndirir. Məhkəmələrdə baxılan işlərin xronikasını izləyəndə bu proses aydın görünür.

Novruz Novruzov

AzVP-nin Siyasi Şurasının sədri

Oxşar məqalələr