İKSmedia.az Axar.az-a istinadən rus politoloq Sergey Markovla müsahibəni təqdim edir:
– Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 7-si Tehrana rəsmi səfər edəcək. İrana sanksiyaların tətbiq olunduğu bu günlərdə sözügedən dövlət ilə yaxınlaşma Türkiyəyə nə vəd edir?
– Türkiyənin İranla yaxınlaşması rəsmi Ankaraya regionda nüfuzunu artırmağa kömək edir. Hazırda Türkiyə prezidentinin qarşısında duran əsas vəzifə ölkəsi və hakimiyyəti uğrunda mübarizə aparmaqdır. ABŞ faktiki olaraq bilavasitə Türkiyədəki dövlət çevrilişi cəhdini dəstəklədi. Çünki bunu edən hərbçilər ABŞ dəstəyinə sahib idilər.
– İran və Rusiyayla yaxınlaşma Türkiyənin bir növ ABŞ-dan bu hadisənin qisasını almaq üçün atdığı addım kimi dəyərləndirilə bilərmi?
– Baş verənlərdən sonra Rəcəb Tayyib Ərdoğan yeni hərbi və siyasi ittifaqlar axtarmağa məcbur oldu. Bunun qarşısını almaq üçün ABŞ Türkiyəyə sanksiyalar tətbiq etməyə başladı. Buna görə də Türkiyə tərəfi ona sanksiya tətbiq etməyən dövlətlərlə – İran və Rusiya ilə ittifaq qurmaq qərarına gəldi. ABŞ-ın sanksiya tətbiq etdiyi digər iki dövlətlə müttəfiq olmaq olduqca məntiqlidir. Bu da ABŞ-ın xarici siyasətinin qüsurlu və qeyri-dəqiq olduğunun göstəricisidir.
– ABŞ-la Türkiyə arasında yaranan qarşıdurma həm də F-35-lərə təsir göstərdi...
– Əlbəttə. Amerika razı olmadığı dövlətləri öz davranışları ilə düşməninə çevirməyə adət edib. Belə ki, ABŞ “Patriot” sistemlərini Türkiyəyə satmaqdan imtina etdikdən sonra Türkiyə Rusiyanın S-400 raketlərini almaq qərarına gəldi. ABŞ isə öz səhvlərindən düzgün nəticə çıxarmaq əvəzinə başqa bir səhvə yol verdi. Pulunun Türkiyə tərəfindən ödənilməsinə baxmayaraq, öz F-35 qırıcı təyyarələrini də satmaqdan imtina etdi. Halbuki o, Türkiyəyə bu sistemləri satmaq üçün müəyyən şərtlər qoya və istədiklərinə nail ola bilərdi, lakin açıq şəkildə imtina etdi. Bu düşünülməmiş addımlar Türkiyəni başqa ittifaqlar qurmağa təhrik edir. Əgər Türkiyə ilə İran arasında dayanıqlı və hərtərəfli müttəfiqlik yaranarsa, bu, region üçün gözəl perspektivlər açar.
– ABŞ-la münasibətlərin soyuması, İranla yaxınlıq Türkiyənin Suriyadakı mövcudluğuna necə təsir edə bilər?
– Hazırda Suriyada İran və Türkiyə arasında üstüörtülü qarşıdurma, hətta deyərdim, mübarizə gedir. Əgər Türkiyə və İran Rusiyanın vasitəçiliyi ilə Suriyada ortaq məxrəcə gələ bilsə, bu, bölgədə uzunmüddətli sülh və sabitliyin bərqərar olmasına gətirib çıxaracaq.