Hakimiyyət uğrunda mübarizə kəskinləşir
Ermənistanın hakim Respublika Partiyasının sədr müavini, keçmiş baş nazir Ovik Abramyan partiyadan istefa verib. Respublika Partiyasının sədri Ermənistan prezidenti Serj Sarkisyandır. O. Abramyan Sarkisyanın sərəncamı ilə ötən il istefaya göndərilib. Onun yerinə “Qazprom”un əməkdaşı Karen Karapetyan gətirilib.
Siyasi müşahidəçilərin fikrincə, K.Karapetyanın baş nazir təyin olunması çətin ki, Sarkisyanın oyunlarının tərkib hissəsi olsun. Belə ki, Rusiyanın forpostu sayılan Ermənistanda hakimiyyətdə kimin olması yalnız Kremlin təlimatları əsasında baş verir. Vəzifəyə təyin olunandan sonra Karen Karapetyanın müstəqil qərarlar qəbul etməsi, tabeliyində olan yüksək çinli məmurları istədiyi kimi dəyişməsi cəmiyyətdə onun arxasının möhkəm olması qənaətini yaradıb. Bu isə o deməkdir ki, Moskva onu İrəvana xüsusi missiya ilə göndərib və ona lazımi dərəcədə inam bəsləyir. Təsadüfi deyil ki, bu günlərdə o, Rusiyanın baş naziri Dmitri Medvedyevi İrəvana dəvət edib. Siyasi konteksdə bu, apreldə keçiriləcək parlament seçkiləri ərəfəsində Karapetyanın nüfuz və mövqeyinin artırılmasına yardımçı olmalıdır. Adətən, Moskva öz forpostunun yüksək vəzifəli məmurlarını Kremlə dəvət edir. Amma indi əks görüntülü oyunun məqsədi, çox güman ki, mərkəzində K.Karapetyanın olduğu yeni komanda formalaşdırmaqdır.
Konstitusiya dəyişikliklərinə əsasən bu il Ermənistanda parlament idarəetmə üsuluna keçiləcək. Bu, parlament seçkilərindən sonra baş verəcək. Demək, prezidentin səlahiyyətləri minimuma endiriləcək. Ölkənin taleyüklü məsələləri baş nazir çiyninə düşəcək. Güman edilir ki, Karen Karapetyanın baş nazir postuna gətirilməsi bu ildən etibarən Kremlin ona güvənəcəyi ehtimalına bağlıdır. Bu tərəfdən Ovik Abramyanın Ermənistan Respublika Partiyasından istefa verməsi siyasi gübdəmə yeni çalarlar gətirib. Çünki, O.Abramyan vəzifə ambisiyası baxımından heç də digərlərindən geri qalmır. İndi o, necə deyərlər, karyerasının çiçəkləndiyi bir vaxtda vəzifədən götürülməyini çətin ki, sakitcə həzm edə bilsin. Bu tərəfdən də ölkənin hakim partiyasından istefa... Yox, görünür, bu işdə gizli məqsəd var. Bu, nə ola bilər? Məsələ burasındadır ki, vəzifə istəyən şəxs sədri prezident olan partiyadan istefa verməz. Yox, əgər istefa verirsə, demək, o, partiyasız şəxs qismində vəzifə uğrunda yarışacaq. Bu isə hazırkı situasiyada prezident kürsüsüdür. Çünki, parlament idarə üsuluna keçdikdən sonra Ermənistan prezidenti yalnız bitərəf namizəd ola bilər. Buna görə də Ovik Abramyanın bir neçə ay sonra prinsipial hüquqlardan məhrum ediləcək Ermənistan prezidenti vəzifəsində oturması gözləniləndir.
Bəs, Moskva necə, bu layihəyə yaşıl işıq yandıra bilərmi? Hadisələrin inkişafı göstərir ki, layihə elə Kremldə hazırlanıb. Belə ki, yeni qaydalara əsasən, seçkilərdən sonra artıq prezidenti seçmək hüququ xalqdan parlamentə keçəcək. Demək, əsas məsələ deputat qruplarını ələ almaqdadır. Respublika Partiyasının yenidən parlamentdə üstünlük qazanması hələlik şübhə doğurmur. Partiya sədrinin Serj Sarkisyan olmasına baxmayaraq, Ovik Abramyanın bu partiyada nüfuzu kifayət qədər yüksəkdir.
Prezidentliyini itirəndən sonra Serjin də baş nazir olmaq ehtirası yəqin ki, qaynayır. Hər hansı digər vəzifəyə onun iddialı olması ağlabatan deyil. Ya baş nazir, ya da heç nə! Belə olan təqdirdə Karen Karapetyanla Serj Sarkisyan arasında komanda mübarizəsi kəskinləşəcək. Ovik Abramyan təbii ki, Karapetyanın yanında yer alacaq. Beləliklə, yazazğı havalar qızdıqca Ermənistanda da vəzifə ambisiyaları qızışacaq və qrupların mübarizəsi gündəmin əsas mövzusuna çevriləcək.
IKSmedia.az