AXTAR

Qərbin siyasətində tərəfdaşlıq, bərabərlik və demokratiya

pyd terror

 

Yaxın Şərqdə vəziyyət düzəlmək bilmir. İraqı və Suriyanı qan gölündə boğan qüvvələr sanki yarışa giriblər. Təəccüblü odur ki, region ölkələri qalıb kənarda, minlərlə kilometr uzaqdan gələn qüvvələr bu bölgədə özünün “həyati mənafeyi” uğrunda vuruşur. Nədir bu “həyati mənafe?” Bu yaxınlarda meydana çıxan məlumatlardan biri də o olub ki, Amerika Birləşmiş Ştatlarının İraq İslam Şam Dövləti adlandırılan terrorçu qrupların düşərgələrini bombalayanda nədənsə neft buruqları həmişə hədəfdən kənarda qalır. Xeyli vaxtdır mətbuatda İŞİD-in nəzarətində olan ərazilərdə neftin çox ucuz qiymətə satıldığı haqda xəbərlər yayılır. Bu iki fakt arasında uyğunluq olmaması haqda düşünməmək sadəlövhlük olardı. Yaxın Şərqdə müharibə başlayandan bu tipli “səhvlər” barədə kifayət qədər fakt mövcuddur. Lakin bir neçə il ərzində belə faktlar ya gizlədilir, ya da inkar edilirdi.
Bu yaxınlarda isə prezident postunu tərk etməli olan Barak Obama ABŞ-ın Yaxın Şərq siyasətində səhvlərə yol verdiklərini dilə gətirib. Konkret olaraq hansı səhvlərin edilməsi barədə ortada fikir olmasa da təxminən bunu müəyyənləşdirmək yaxud bu haqda bəzi fikirlər söyləmək mümkündür. Məsələn, çoxsaylı insan qırğınları, ənənəvi tərəfdaşlarla münasibətlərin soyuması, Avropa ölkələrinə qaçqınların kütləvi axınının yaratdığı problemlər və sairə. Bəla burasındadır ki, bütün bunların fonunda son məqsədə doğru heç bir addım atılmayıb. Əksinə vəziyyət daha da kəskinləşib. ABŞ regiondakı əvvəlki nüfuzunu xeyli dərəcədə itirib.
Bu dairədə Türkiyə ilə əlaqələrin zəifləməsi də ABŞ administrasiyasının siyasətindəki boşluqların nəticəsi sayıla bilər. Türkiyənin terrorçu saydığı qruplaşmalara, PKK-nın Suriya qanadı olan PYD və YPG-yə ABŞ silah yardımını artırır. Bu da iki NATO ölkəsi arasında narazılığı yüksəldir. Hadisələrin bu yöndə inkişafı Birləşmiş Ştatların özünə də ziyandır. Əvvələn, bu ölkə Türkiyənin simasında regiondakı mövqeyini zəiflədir, ikincisi onun partnyorluq missiyasının etibarlılığına dünyada şübhə doğurur. Buna görə də haqlı sual yaranır: ABŞ nədən bu terrorçu qruplaşmalara silah yardımından əl çəkmir və niyə bilərəkdən Türkiyə ilə münasibətlərinə zərər vurur və onu daha çox Rusiya ilə yaxınlaşdırır?
Bizcə, hər şey Amerika Birləşmiş Ştatlarının dünyadakı hegemon mövqeyi kontekstində izah olunmalıdır. Dünyanın bugünkü mənzərəsi hegemonluq uğrunda qütbləşmiş beş qrupun mübarizəsini ehtiva edir. 1. ABŞ. 2. Rusiya. 3.Avropa Birliyi. 4.Çin. 5. Ayrı-ayrı müstəqil və güclü dövlətlər. İlk 4 qrup öz ətrafında dövlətləri birləşdirməklə gücünü artırmağa çalışır. 5-ci qrupa daxil olanlar isə hansısa qrupa qoşulmaqla onu və özünü gücləndirir və dinamik fəaliyyətə sahib olur. Türkiyə Yaxın Şərqin ən güclü dövləti olduğundan hər kəs onu yanında görmək istəyir. Lakin məsələ burasındadır ki, Qərb dünyası yanında görmək istədiyi dövləti müstəqil kimi yox, forpost qismində qiymətləndirir. Türkiyə isə müstəqilliyini nə satmaq, nə də girov qoymaq fikrindədir. Bu prosesdə Aİ və ABŞ Türkiyəni mənən məhv etmək yolunu seçib. Lakin heç cür buna nail ola bilmirlər. Terrorçu qrupları silahlandırıb və təlimat verib Türkiyənin üzərinə göndərmək də bu planın tərkib hissəsidir. Ancaq göründüyü kimi Türkiyə bütün təhdidləri önləyir və nəticədə ona dost deyənlərin əsil məqsədlərinə rəğmən onlardan uzaqlaşır.
Bəs, ABŞ niyə bu mənzərəni kənardan seyr etməklə kifayətlənir? Bu, sadəcə belə görünür. ABŞ-ın son illərdəki səhvləri indi yeni administrasiyanın öhdəsində yük kimi qalacaq. Donald Trampın komandası bu yükü hansə tərəfə çəkəcək, məlum deyil. Amma məlum olan odur ki, respublikaçıların xarici siyasəti demokratların siyasətindən köklü surətdə fərqlənəcək. Yeni siyasi ab-hava ABŞ-Türkiyə münasibətlərinə hansı yeniliyi bəxş edəcək, bunu zaman göstərəcək.

İKSmedia.az

Oxşar məqalələr