Azərbaycan Gəncləri Günü
Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Ümummilli lider Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bütün dünyaya nümunə olacaq daha bir addım atmış - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir. Buna misal olaraq prezident fərmanları, sərəncamları və dövlət proqramlarını qeyd etmək olar. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib
Qoşqar Əliyev - Təzə Alvadı kənd sakini