6 ayda 60 insan alveri qurbanına yardım göstərilib

 

woman 0807

 

 

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2017-cı ilin yanvar-iyun aylarında 60 nəfər şəxsə müxtəlif növ yardımların göstərilməsini təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  İKSmedia.az-a verilən məlumata görə, onlardan 45 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları təşkil edib. Qalan 15 nəfər isə potensial insan alveri qurbanlarından, yəni insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdən ibarət olub.

Qeyd olunan 60 nəfərin əksər qisminə ehtiyacları nəzərə alınmaqla sosial reabilitasiya olunmaları məqsədilə eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. Ümumilikdə Mərkəz 30 nəfərə hüquqi, 25 nəfərə psixoloji, 22 nəfərə tibbi yardımlar göstərilməsini təmin edib. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə birgə 11 nəfərin münasib iş yerləri ilə təmin olunmaları, 4 nəfərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün müvafiq işlər görülüb. Müvafiq şəxslərdən 10 nəfəri isə ehtiyaclarına uyğun olaraq, sığınacaqla təmin ediliblər. Aparılan işlər nəticəsində insan alveri qurbanlarının əksər hissəsinin sosial reabilitasiyasına nail olunub, digər şəxslərlə işlər isə davam etdirilir.

Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, ölkənin ayrı-ayrı bölgələrində insan alveri ilə bağlı ictimai məlumatlandırma tədbirləri də davam etdirilib. Belə ki, Biləsuvar, Masallı, Astara, Siyəzən, Şabran, Qusar və digər rayonlarda daha çox gənclərin iştirakı ilə “İnsan alverinə “Yox!” deyək” mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə Mərkəzin əməkdaşları tərəfindən insan alveri və insan alverinə qarşı mübarizə, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və s. barədə məlumatlar verilib.

Azərbaycanda 92 markalı benzin idxal rüsumundan azad edildi

 

Benzin 080113

 

Azərbaycanda 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

İKSmedia.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

Yeni dəyişikliklərə uyğun olaraq, Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.
Bu qərar lar 90 gün müddətində qüvvədə olacaq.

Ermənilər minaatanlardan istifadə etməklə atəşkəsi 138 dəfə pozdu

 

minomet 130516

 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 138 dəfə pozub.

Müdafiə Nazirliyindən İKSmedia.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan 78 ölkə arasında 15-ci yerdədir

 

trend baku city spring 270415 01 1

 

 

49-cu Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərin qazandıqları uğura görə Azərbaycan 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.

Təhsil Nazirliyindən İKSmedia.az-a verilən məlumata görə, beləliklə, Azərbaycan bu uğurla Böyük Britaniya, İtaliya, Almaniya, Kanada, Finlandiya, Estoniya və İsrail kimi inkişaf etmiş ölkələri geridə qoyub.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb. Bu mötəbər elm yarışında Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şəffaf və obyektiv seçimlər nəticəsində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.

Üç ölkənin XİN rəhbərləri Bakıda görüşəcək

 

fd

 

 

18-19 iyul 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək.

Bu barədə XİN-dən İKSmedia.az-a daxil olan məlumatda bildirilir.

18-19 iyul 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü keçiriləcək. Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.

Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 26 may 2014-cü ildə Bakıda keçirilib. Bunun ardınca həmin ilin 5 iyun tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti cənab Abdulla Gül və Türkmənistan Prezidenti cənab Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

29 yanvar 2015-ci ildə Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

28 avqust 2015-ci ildə Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü keçirilib. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 9 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

76 -dən səhifə 136

Oxşar məqalələr