AXTAR

6 ayda 60 insan alveri qurbanına yardım göstərilib

 

woman 0807

 

 

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2017-cı ilin yanvar-iyun aylarında 60 nəfər şəxsə müxtəlif növ yardımların göstərilməsini təmin edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  İKSmedia.az-a verilən məlumata görə, onlardan 45 nəfərini Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzə yönləndirilmiş insan alveri qurbanları təşkil edib. Qalan 15 nəfər isə potensial insan alveri qurbanlarından, yəni insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdən ibarət olub.

Qeyd olunan 60 nəfərin əksər qisminə ehtiyacları nəzərə alınmaqla sosial reabilitasiya olunmaları məqsədilə eyni vaxtda bir neçə növdə yardımlar göstərilib. Ümumilikdə Mərkəz 30 nəfərə hüquqi, 25 nəfərə psixoloji, 22 nəfərə tibbi yardımlar göstərilməsini təmin edib. Nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə birgə 11 nəfərin münasib iş yerləri ilə təmin olunmaları, 4 nəfərin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün müvafiq işlər görülüb. Müvafiq şəxslərdən 10 nəfəri isə ehtiyaclarına uyğun olaraq, sığınacaqla təmin ediliblər. Aparılan işlər nəticəsində insan alveri qurbanlarının əksər hissəsinin sosial reabilitasiyasına nail olunub, digər şəxslərlə işlər isə davam etdirilir.

Azərbaycan Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, ölkənin ayrı-ayrı bölgələrində insan alveri ilə bağlı ictimai məlumatlandırma tədbirləri də davam etdirilib. Belə ki, Biləsuvar, Masallı, Astara, Siyəzən, Şabran, Qusar və digər rayonlarda daha çox gənclərin iştirakı ilə “İnsan alverinə “Yox!” deyək” mövzusunda tədbirlər keçirilib. Tədbirlərdə Mərkəzin əməkdaşları tərəfindən insan alveri və insan alverinə qarşı mübarizə, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları, İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin fəaliyyəti və s. barədə məlumatlar verilib.

Oxşar məqalələr