AXTAR

Serj Sarkisyanın “etirafı” və hiyləsi

Ermənilərin höcətçiliyi öz başlarında çatlayacaq

Ağdam

Bir vaxtlar özündənrazı ermənilər azərbaycanlıları nəzərdə tutaraq bir məsəl quraşdırmışdılar: “Müsəlmanın sonrakı ağlı məndə olaydı”. Bu o vaxtlar idi ki, arxalarını Moskvaya dayayan ermənilər sanki hamıya “ağıllı” məsləhətlər verirdilər. Onlar Qarabağda işğalçılıq fəaliyyətinə də rus ordusunun köməyi sayəsində təşəxxüslə başlayıblar. Sonra bir sıra qərb ölkələri də onların tıərəfdarlarına çevrilib. Amma sonralar Azərbaycan güclənməyə başladıqca vəziyyət dəyişilməyə doğru inkişaf edib. Ermənilərin köpü yatmağa başlayıb. Bir gün gələcək onlar Qarabağda yaşayan ermənilərdən ötrü azərbaycanlıların yaratdıqları şəraitdən imtina etdikləri üçün öz ağıllarına nifrət edəcəklər.
Bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyanın “Rusiya bu gün” agentliyinə verdiyi müsahibə ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Hərçənd, Sarkisyan bütün fikirlərində Qarabağ münaqişəsinin həlli üçün erməni maraqlarının təmin olunmasını vurğulayıb. Ermənistan mediası isə Sarkisyanın dolayısı ilə əraziləri qaytarmağa hazır olduğunu açıqladığından bəhs edir. “Lragir” saytı Kremlin Dmitri Kiselyovu Sarkisyana təzyiq etmək üçün göndərdiyini yazıb: “Kiselyov Sarkisyanı küncə sıxışdırır və ondan eşitmək istədiklərini almağa çalışırdı. Hər şeydən əvvəl o, Sarkisyandan İlham Əliyevlə görüşməyə hazır olduğu fikrini aldı, lakin məcbur edirdi ki, Serj təkliflə çıxış etsin. Sarkisyanın müqaviməti isə çox zəif idi və nəticədə, onun müqaviməti qırıldı. Sarkisyan “Kazan düsturu”na (Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması nəzərdə tutulur) razı olduğunu etiraf etdi və Kiselyov qismən də olsa, öz hədəfinə nail oldu”.
Müsahibəyə görə İrəvanda belə hay-küyün düşməsi təəccüb doğurur. Axı, ermənilər özləri həmişə yaşadıqları ölkəınin Rusiyanın forpostu olduğunu təsdiqləyiblər. Belə olan halda indi niyə Rusiyanın göstərişi ilə oturub-durmağı həyəcanla qarşılayırlar? Bu onu sübut edir ki, ümumiyyətlə, erməni cəmiyyətində reallıq hissi itirilib və hələ də xülyalarla yaşayırlar. Sarkisyan ona diqtə olunanları etməyə məhkumdur. Əks təqdirdə, onu Petrosyanın aqibəti gözləyir. Amma heç bütün bunlarsız da ortada işğalçılıq faktı var. 25 il əvvəl “arxasız köpək qurd basar” aforizmi ilə bir qrup dövlət birləşib Ermənistanı Azərbaycanın üstünə göndərdilər. Torpaqlarımız işğal edildi. Amma zaman keçib və Azərbaycan həqiqəti dəstəkləyənlərlə birlikdə haqqını geri qaytarmaq gücünə çatıb. Bunun üçün hərbi güc və tarixi şərait əldə olunub. İndi Sarkisyanı bu amillər “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” deməyə məcbur edir. Moskvanın Sarkisyana təzyiqi barədə danışmaq isə vəziyyətdən xəbərdar olanlar üçün çox ritorik səslənir. Bunlar hamısı bir-birinə bağlı məntiqi məsələlərdir.
Yaxşı olar ki, erməni siyasətçiləri Sarkisyanın müsahibəsindəki sətiraltı mənalara diqqət etsinlər. Ermənilərin başçısı elə danışıb ki, sanki Qarabağın dağlıq hissəsinə daxil olan ərazinin Azərbaycana aidiyyəti yoxdur. Bir müddət əvvəl Azərbaycanın dövlət başçısı Rusiya mətbuatına verdiyi müsahibədə münaqişənin həlli yolları barədə aydın təsəvvürlər bildirib: “Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi. Onların hamısı oradan qovulub. Onların evləri ya zəbt edilib, ya da dağıdılıb. İndi onların evlərində başqaları yaşayırlar. Buna son qoymaq lazımdır. Dağlıq Qarabağın erməni əhalisi orada necə yaşayırdısa, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Bəs Ermənistan bu münaqişədən nə qazanıb? Bəli, bir milyon azərbaycanlıya əzab-əziyyət verilib. Lakin məgər onlar özləri buna görə daha da xoşbəxt olublarmı? Məgər orada vəziyyət daha təhlükəsiz, daha firavan olub? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, fikirləşəcəklər ki, birdən nə isə ola bilər. Biz regionda sülh istəyirik və bizim mövqeyimiz kifayət qədər konstruktivdir. Lakin biz öz ərazilərimizi istəyirik. Ermənistan sülh istəyir, amma o, özgə ərazilərini qaytarmaq istəmir. Fərq, bax, bundadır”.
Biz qeyd etdik ki, münaqişənin sülh yolu ilə həlli üçün tarixi şərait yetişib. Əgər Ermənistan rəhbərliyi “yola gəlməsə”, hansısa qüvvələrin təsiri altında işğalı davam etdirməkdə israrlı olsa, onda təkcə Azərbaycan tərəfindən yox, Rusiya və ola bilsin qərb tərəfindən də təzyiqlərə məruz qalacaq. Sarkisyan bunları nəzərə almadan danışmamalıdır. Çünki, yetişmiş şərait Azərbaycan üçün həm də məsələnin silah gücünə yoluna qoyulması imkanını istisna etmir. Bu isə nəinki Qarabağın, hətta vaxtilə işğal edilmiş digər Azərbaycan torpaqlarının da azad olunmasına səbəb olar. Nəticəni təsəvvür edirsinizmi? Ermənistan adlı dövlət yox ola bilər.

İKSmedia.az

Oxşar məqalələr