“Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi Azərbaycanın ən mühüm nailiyyətlərindəndir”
Azərbaycan dünya coğrafiyasında elə bir mövqedə, iqtisadi və mənəvi inkişafın elə bir səviyyəsindədir ki, o, öz üzərinə bir neçə müxtəlif istiqamətdə daşıyıcılıq missiyası götürməyə borcludur. Bu, bir ölkənin dünya qarşısında vəzifəsi anlamına da gələ bilər. Fərəhli hal odur ki, Azərbaycan üzərinə düşən vəzifə və missiyaların öhdəsindən layiqincə gəlir.
Nüfuzlu beynəlxalq media qurumlarının iştirakı ilə Azərbaycanda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasının birgə tədbirində çıxış edən Prezident İlham Əliyev deyib: “Qarşılıqlı maraq üzərində qurulmuş geniş regional əməkdaşlığın yaradılması istiqamətində tərəfimizdən böyük səylər göstərilir. Xüsusilə də enerji və nəqliyyat sahələrində. Bizim təşəbbüslərimiz artıq öz bəhrəsini verir. 1990-cı illərin ortalarında Azərbaycan tərəfindən irəli sürülmüş enerji layihələri regionumuza firavanlıq gətirib. Biz Xəzərin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkə olmuşuq. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi Azərbaycanın ən mühüm nailiyyətlərindəndir”.
Dövlət başçısının diqqəti cəlb etdiyi proses bu gün dünya mеdiasında ölkənin tutduğu mövqeyə əyani nümunədir. Əməksevərliyi ünsiyyətcilliyin dərin fəlsəfi mahiyyəti ilə bağlayan açıq fəaliyyət insanları dialoqa, qarşılıqlı anlaşmaya və əməkdaşlığa sövq edir. İlk baxışda hər şey sadədir. Amma bu sadəliyin həyata keçirilməsi mexanizmi kifayət qədər mürəkkəb və əziyyətli prosesdir. Bütün bunlara rəğmən çətinlikdən qorxmayıb işə başlayandan sonra isə hər şeyin yenə də nə qədər sadə olduğu üzə çıxır. Azərbaycan çətin sınaqlardan üzüağ çıxıb. Dünya birliyində özünəməxsus olan yeri və haqqı qazanıb. Fikir verin, biz “qazanıb” deyirik. Heç kim dövlətimizi çağırıb yuxarı başa keçirməyib. Dövlətimiz öz zəhməti, gördüyü işlər, qazandığı uğurlar sayəsində yerini müəyyənləşdirib.
Xəzər-Qara dəniz-Aralıq dənizi formatında əməkdaşlıq və tərəfdaşlıq missiyasının özülü Bakı-Ceyhan neft boru kəməri vasitəsilə qoyulub. Bu kəmər təkcə neft yox, məcazi mənada həm də ideyalar daşıyıcısına çevrilib. Kəmərin keçdiyi xətt boyunca xidmətlər yaradılıb, son məntəqədə emal müəssisələri işə salınıb. Sonradan kəmərə paralel TAP və TANAP qaz kəmərlərinin tikintisi layihələri meydana çıxıb. Bütün bunlar İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin tərkib hissəsidir: “Biz enerji əməkdaşlığını ölkələri yadlaşdıran deyil, birləşdirən sahə hesab edirik”. Bu sözlər bu gün Azərbaycanın həyata keçirdiyi siyasətin, yerinə yetirdiyi vəzifələrin ana xəttini təşkil edir.
Qədim İpək yolunun bərpası ilə Qərblə Şərqi, Rusiya və İranın dəmiryol xətlərinin əlaqəsini təmin etməklə Şimalla Cənubu birləşdirmiş olan Azərbaycan iqtisadi əlaqələrin mənəvi bağlarla möhkəmləndirilməsinin necə vacib olduğunu önə çıxarıb. Məsələ burasındadır ki, Azərbaycan görülən işlərə həm sərmayə yatırır, həm də bu layihələrin icrası üçün digər tərəfdaşlarına hərtərəfli dəstək verir. Məqsəd regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi mənfəət və qarşılıqlı inşafdır. Çünki niyyətlər bir olmasa, adı çəkilən layihələrin icrası mümkün olmaz.
Iksmedia.az