AXTAR

Kür-Araz, Ararat, gözəldir bu həyat, qardaş olur Hayastan-Azərbaycan (?)

11 yanvar bəyanatı

 

 

10 noyabr bəyanatından sonra Moskvada keçirilən üçtərəfli görüşdən tərəflərin gözləntiləri olduqca fərqli idi. Erməni müxalifəti Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün daha çox şantaj xarakterli çıxışlar edir və onun Azərbaycana satıldığı iddiasını irəli sürürdü. Azərbaycanlılar qalibiyyətin siyasi qanadının irəliləməsini, yəni Xankəndidə Azərbaycan bayrağının dalğalanmasını istəyirdi. Rusiya isə regionda möhkəmlənməsi üçün görüşün əhəmiyyətini vurğulayırdı. Görüş baş tutdu və hakimiyət uğrunda mübarizədən, vətənpərvərlik duyğularından fərqli qərarlar verildi. Bu, ilkin baxışdan çıxarılan nəticə idi. Lakin dərindən fikirləşib siyasət nöqteyi-nəzərindən yanaşanda, olduqca perspektivli görünən fikirlərin gündəmə gətirildiyi aydın görünür.
Təbii ki, hər bir azərbaycanlı, dövlət başçısından tutmuş ən sıravi vətəndaşlarımıza qədər hamımız üçün ərazi bütövlüyümüzün tamlığı, erməni işğalına birdəfəlik və qəti son qoyulması ən gözəl və ədalətli arzudur. Lakin istər Qarabağın işğal təcrübəsi, istərsə də indiyədək olmuş bu tipli tarixi hadisələrin xarakteri göstərir ki, birmənalı qərarların dərhal qəbul edilməsi mümkün olan iş deyil.
Azərbaycan əsas məsələni həll edib, qalıb onun təfərrüatlı həlli yolunun təsbit edilməsi. Ancaq, gəlin, unutmayaq ki, biz ermənilərlə tetatet mübarizə aparmırıq. Qarşımızda olduqca güclü və təcrübəli opponentlərimiz var. Onlar bizim həm dostumuz, həm də düşmənimizin tərəfdaşı qismində çıxış edirlər. Reallıqda isə geostrateji maraqlarını güdürlər. Siyasətdə yalnız maraq prinsiplərinin olması tezisini hamımız qəbul edirik və yaxşı olar ki, məsələyə, konkret olaraq 11 yanvar Moskva bəyanatının məzmununa da bu qəbildən yanaşaq.
İlk baxışda elə görünür ki, biz yenə də məşhur mahnıda deyildiyi kimi, “qardaşlıq” nəğməsi oxumalıyıq. Əslində isə yox, bəyanat siyasət nəğməsidir və hazırkı şəraitdə ən doğru istiqaməti müəyyənləşdirir. Yadınızdadırsa, vaxtilə Qorbaçovu lənətləyə-lənətləyə onun SSRİ-ni dağıtmağa yönəlmiş fəaliyyətinə görə tarixə düşəcəyini deyirdik. Vətən müharibəsinin başlanması üçün dünya ictimaiyyətində ədalətli təsəvvürlərin yaranmasına görə erməni siyasi hakimiyyətinin destruktiv fəaliyyətinin də xeyli dərəcədə rolu olub. Əsas məsələ Azərbaycanın dövlət başçısının lazımı anda, yaranmış siyasi situasiyada dəqiq və konstruktiv qərarlar qəbul etməsindədir. 11 yanvar üçtərəfli sənədində Prezident İlham Əliyev “Bu gün imzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir, ona görə ki, hərbi əməliyyatların dayandırılmasının yekunlarına dair bəyanatın bir bəndi nəqliyyat kommunikasiyalarının bərpasına aid idi. Bu sahə regionun inkişafına böyük dinamizm gətirə, təhlükəsizliyi möhkəmlədə bilər. Ona görə ki, nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar. Biz bundan sonra da qısa müddətdə səmərə verən və nəticəyə yönəlmiş fəaliyyət sahələrini tapmağa çalışmalıyıq” bəyanatını verib. Bu sözlər müharibə zəfərindən sonra görülməli işlərin dəqiq məzmununu ifadə edir.
Ötən il dekabrın 10-da Bakıda keçirilən zəfər paradında Prezident İlham Əliyev qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğanla söhbətində olduqca humanist və siyasi uzaqgörənlik kimi Cənubi Qafqazda “altılıq formatında” əməkdaşlıq təklifini irəli sürmüşdü. Bundan bir ay sonra keçirilən Moskva görüşündə verilmiş bəyanat həmin təklifin reallaşması yolunda olduqca səmərəli rol oynayacaq.
Düzdür, sənəddə nüanslar da var. Paşinyanın statusdan, Minsk qrupundan danışması heç yerinə düşməyən arzudur. Amma, düşünürəm ki, bu, daxili auditoriyaya və Fransa kimi “dost”lara yönəlmiş mesajlardır. Paşinyana bu saat hakimiyyətdə qalmaq və müəyyən dərəcədə möhkəmlənmək lazımdır. Bunun üçün xalqa çörək və iş lazımdır. Əgər, Ermənistan nəqliyyat kommunikasıyalarına qoşulsa və bəyanatda göstərilən digər istiqamətlər canlansa, o, bunu asanlıqla edəcək. Və, Azərbaycandan müəyyən dərəcədə iqtisadi asılılığa düşəcək. Zaman-zaman isə ermənilər Azərbaycana inteqrasiya məcburiyyətində qalacaqlar. Təbii ki, bu, bizə lazım deyil. Amma ermənilərə lazımdır və onlar buna nail olmağı bacaracaqlar. Bizim qazancımız isə bayrağımızın Xankəındidə dalğalanması, iqtisadi inkişafımızın daha da artması, regiondakı liderliyimizin daha da möhkəmlənməsi, Türkiyə ilə inteqrasiyanın güclənməsi və Orta Asiyanın Cənubi Qafqazla möhkəm tellərlə bağlanması demək olacaq. Yəni, yaşasın Türk Birliyi! Azərbaycan maraqları çərçivəsində hərəkət edir.
N.NOVRUZ

Oxşar məqalələr