10 noyabr bəyanatından sonra belləri qırılan ermənilər vəziyyətlərinin necə acınacaqlı olduğunun fərqindədirlər. Əgər indiyə qədər onlar Rusiyadan və xaricdəki erməni diasporundan asılı idilərsə, artıq indi Azərbaycandan da asılı vəziyyətə düşüblər. Təbii ki, bunu sözdə boyunlarından atırlar, amma işdə gözlərini dikiblər Azərbaycanın qalib prezidentinin ağzına. Dövlət başçımızın səsləndirdiyi hər bir söz qarşı tərəfdə qıcıq yaradır və başlayırlar həmin sözün ətrafında fəaliyyətlərini tənzimləməyə. Çünki, bilirlər ki, bu sözlər danışıq xatirinə yox, iş xatirinə deyilir və deyilibsə, demək, yerinə yetiriləcək.
11 yanvar Moskva bəyanatı zamanı Prezident İlham Əliyevin dediyi “Bütün bunlar belə əminlik yaradır ki, Vladimir Vladimiroviçin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”. Bu sözlər nikbinlik içərisində inkişaf və perspektivlər haqda düşünən dövlət başçısının əməli fəaliyət göstərdiyinə sübutdur. Üstəlik, Rusiya prezidentinə istinad edilməsi bir gedişlə iki hədəfi vurmaq deməkdir:birincisi, “ay ermənilər, sizin ağanız da belə düşünür”, ikincisi, “əziz Putin, verdiyin sözə əməl etmək gərəkdir”. Belə ki, 44 günlük müharibə dövründə Rusiya prezidenti Vladimir Putin bir neçə dəfə “Qarabağ Azərbaycan torpağıdır”, hətta ayrıca olaraq “Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub” tarixi mesajlarını verib. Bu fikirlər xəyallar aləmindən qopa bilməyən Ermənistan tərəfdə ciddi təbəddülat yaradıb. Qarabağ münaqişəsi kimi işğalçıların Azərbaycan ərazisində yaratdıqları qondarma respublikanın qondarma qalıqları dərhal özlərini dağıtmağa başlayıblar. Vaqram Poqosyan adlı sözü heç yanda ciddi sayılmayan birisi “Arsax məsələsi, təbii ki, keçmişdə qala bilməz, çünki Arsaxın statusu üzrə yekun qərar verilməyib” –deyə, dad döyür.
“Qarabağ münaqişəsini hazırda həll etmək məsələsinə gəldikdə isə, yox, faktiki olaraq Azərbaycanın udduğu müharibədən sonra bunu həll etməyi gözləmək olmaz. Onlar heç nəyi imzalamayacaqlar”-deyə, İsgəndəryan özü üçün nəticə çıxarır və bu nəticə ilə özünü təkzib etmiş olur. Əgər, Azərbaycan qalibdirsə və öz ərazisində tam hakimdirsə, Qarabağın dağlıq hissəsinə nə üçün status verməlidir? Situasiyanı qaliblər diktə edirlər. Bu, qanunauyğunluqdur. Bunu qəbul edirsənsə, statusun olmayacağını da qəbul etməlisən.
Bu gün Ermənilər İrəvandan Qarabağa qayıdırlar. Bəs, sabah respublikanın müxtəlif rayonlarında məcburi köçkün kimi yaşayan azərbaycanlılar Qarabağa qayıdanda necə olacaq? Məsələn, Xankəndinin lap ortasında yerləşən Kərkicahan qəsəbəsinin 15 minlik sakini öz evlərinə qayıdacaqlar. Bu, sual doğurmayan məsələdir. Çünki, əhali öz dövlətinin ərazisində yurduna qayıdır. Yaxşı olar ki, həm qondarmalar, həm də İsgəndəryanlar bu haqda yerli və beynəlxalq qanunların, hüquq və normaların müstəvisində düşünsünlər. Ona görə ki, Azərbaycan rəhbərliyi vaxtında xəbərdarlıq edib ki, əgər bir də təxribat olsa, onda Ermənistana daha ağır zərbə vurulacaq.
N.NOVRUZ