Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində cəmiyyətimizi narahat edən bir sıra mühüm problemlərə toxunub və xatircəmlik yaradan məlumatlar verib. Əslində həmin məlumatları görülən işlər, aparılan siyasət barədə hesabat da adlandırmaq olar. Bu cür iş prinsipi Azərbaycan Prezidentinə xas olan keyfiyyətlərdən biridir və daim xalqla ünsiyyət qurub qarşılıqlı fikir mübadiləsi aparmağa şərait yaratmaq dövlətimizin idarə edilməsinin bir qoluna çevrilib. Bu isə vətəndaş məmnunluğunun yüksəlməsinə müsbət təsir edən amildir.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın sürətli inkişafı müasir dövrün ən önəmli məsələsidir. Bu aspektdə Cənubi Qafqazın liderinə çevrilmək isə beynəlxalq aləmdə nüfuz və imicimizin göstəricisidir. Təbii ki, bütün bunlar sevindiricidir və gələcək inkişafımızın zəmanətidir. Lakin bunlarla yanaşı daxili həyatda məmur özbaşınalığının cəmiyyətimizə gətirdiyi fəsadlar da var və bu ictimaiyyəti həmişə həyəcanlandırır. Təbii sərvətlərimizə, ekologiyamıza qarşı biganəlik, mənəvi dəyərləri hesaba almamaq, ən çox da dövlət vəzifəsindən şəxsi mənafe üçün istifadə etmək, ümumi sərvəti mənimsəməyə çalışmaq əhalinin mənfi münasibəti ilə qarşılaşır və ümumiyyətlə, sosail ədalər prinsipini pozur.
Xəzər dənizinin ətrafının oliqarxlar tərəfindən zəbt edilməsi, ən yaxşı istirahət zonalarında əlçatmaz monopoliya yaratmaq təkcə bir qrup şəxsin əksəriyyətdən fərqli olaraq olduqca varlı, başqa sözlə desək, harınlamış həyat sürməsi cəmiyyətin deqradasiyası ilə bərabər dövlətimizin sosial mahiyyətinə də xələl gətirir. Müstəqilliyin ilk illərində bu cür hallara qarşı səmərəli mübarizə aparmaq çətin idi. Ancaq indi, dünyanın bütün guşələrində inkişafı və müasirliyi ilə tanınan, ərazi bütövlüyünü bərpa edən Azərbaycan dövləti ümumi mənafeyə ziyan vuran halların qarşısını almaq üçün hər cür imkana və səmərəli idarəetmə üslubuna malikdir.
Prezident İlham Əliyev müsahibədə “əsirlikdən azad” edilmiş, amma işğalçıların bərbad günə saldığı Şuşamızın bərpası barədə nə deyir: “Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra “xruşşovkalar”la bağlı, indi qabaqlamaq istəmirəm, mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir, ancaq bunu yenə də mən sadəcə olaraq öz fikirlərimi bölüşürəm, amma necə olacaq, onu mütəxəssislər deyəcək, memarlar, tarixçilər, şuşalılar özləri, onlar necə bu şəhəri görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, işlər, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bax bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək. Mən indi o biri məsələni də demək istəyirəm. Mən indi müvəqqəti idarəetmə strukturu yaratmışam. Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz”.
Xalq da bu sözü deyir, fürsətçiləri həmişə qınayır və onların əməllərinə dözümsüzlük göstərir. Eyni sözü dövlət başçısının dilindən eşitmək ölkəımizin inkişafı prosesində millətimizin millət kimi böyük təkamül yolu keçdiyinin bariz göstəricisidir. Prezident İlham Əliyev işğalçıları torpağımızdan qovub çıxardan zaman xalqa müjdələr verəndə yumruğunu bərk sıxaraq xalqın birliyini fəxrlə “dəmir yumruq” adlandırırdı. Və bir dövlətin birinci şəxsi ilə sıravi vətəndaşı ümummilli məsələlərdə eyni cür düşünür və hərəkət edirsə, bu, milli təfəkkürün ən yüksək fazası deməkdir və dəmir yumruğun düşüncə birliyini ehtiva edir. Məsələnin səmərəli toxumu, məhz, budur.
Dövlət başçısının Qarabağın məmurlara yox, xalqa məxsusluğunu bu cür izah etməsi isə yüksək mənəvi meyarların praktiki tətbiqi faktıdır.
N.NOVRUZ