AXTAR

Əhməd bəy Ağaoğlunun “Zərdüşt belə deyirdi” adlı məqaləsi

Ahmad bey Aghaoghlu
Əhməd bəy Ağaoğlunun Novruz bayramı münasibətilə yazdığı “Zərdüşt belə deyirdi” adlı məqaləsində onun Zərdüştlük dininə münasibəti, fikirləri öz əksini tapmışdır. Əhməd bəyin bu məqaləsi 9 mart 1903-cü ildə “Kaspi” qəzetinin 956-cı nömrəsində rus dilində dərc edilmişdir. O, “Zərdüşt belə deyirdi” adlı məqaləsində Zərdüştlük dininin tarixinin beş min il əvvələ qədər olduğunu və Zərdüştlük dininin peyğəmbəri olan Zərdüştün nəfsini, hisslərini ram edə bilmək, tərəddüd və ziddiyyətlərinin əzablarını aradan qaldıra bilmək üçün Midiya dağlarına çəkildiyini yazırdı. Əhməd bəy Zərdüştlük dinində təbiətlə birləşmənin, təbiətin bir hissəsinə çevrilmənin, təbiətdəki ən zəif səsi belə eşitməyin bütün bunları dərk edə bilmənin bu dinin ecazkarlığının və heyrətləndiriciliyinin sübutu olduğunu bildirirdi. O, Zərdüştün qəlbini və şəxsiyyətini çox yüksək qiymətləndirirdi. Zərdüştün amalının “Həyat, həyat, sən nə gözəlsən” deyiminə uyğun olduğunu, ona peyğəmbərliyin midiya dağlarında verildiyini, müqəddəs kitabla mükafatlandırıldığını qeyd edirdi. Zərdüştün çox hörmət edilən bir peyğəmbər olduğunu, iranlıların dəstə-dəstə onun görüşünə getdiklərini, onun danışığındakı həqiqətləri anlamağa çalışdıqlarını yazırdı. Zərdüştlük dinində mərhəmətliliyin, xeyirxahlılığın, xeyirin qələbəsinə inam, onun sonda şərə qalib gələcəyinə ümid vardır. Zərdüştlük dinində xeyir tanrısı Hörmüzd, şər tanrısı kimi isə Əhriman qəbul olunmuşdur. Zərdüşt insanlara daim xeyir işlər görməyi tövsiyə edirdi. Zərdüştlük dinində günəş həyat rəmzi və xeyirin təcəlli etdiyi surət hesab olunurdu. Zərdüşt insanlara günəşə doğanda da, batanda da xeyir-dua oxumağı, yazın gəlişini həmişə xeyirxahlıqla qarşılamağı məsləhət edirdi. O, Novruzun gəlişini günəşin soyuq, ölüm, xeyirin şər üzərində təntənəli qələbəsi kimi dəyərləndirirdi.

 

ZƏRDÜŞT BELƏ DEYİRDİ (Novruz bayramı münasibətilə)
Alimlərin dediyinə görə çox qədim zamanlarda, bizim dövrümüzdən beş min il əvvəl fars müdriki Zərdüşt Arazın o sahilindəki Midiya dağlarına çəkildi ki, insanlardan, hissləri şirnikləndirən meyllərdən uzaqda təbiətin uzun, əzablı sükütunu kəssin. O, seyrə daldı. Onun gah aydın, gah tutqun çöhrəsi, alnının qırışları daxili: tərəddüd və ziddiyyətlərinin əzablarını ifadə edirdi. Fikirlər coşmuş dənizin dalğaları tək onun başında cövlan edir, solğun, üzgün çöhrəsində dərin şırımlar açırdı. Bəzən onun xəstə xəyalı qarşısından parlaq bir sürət ötüb keçirdi və o tamam dəyişərək, sevinclə titrək əllərini uzadırdı; lakin bir anda gözəl surət qeyb olur və yenə də ətrafda ziddiyyətlərin ağır dalğaları qalxıb enirdi. O, elə fikrə dalmışdı ki, artıq ətrafında nə baş verdiyini dərk etmirdi. Şirlər və bəbirlər onun ayaqlarını yalayır, ilanlar və zəhərli həşəratlar boynuna və qollarına dolanır, ahular qorxmadan onun ətrafında qaçışırdılar. O, təbiətlə birləşmişdi. O, təbiətinin bir hissəsinə çevrilmişdi. O, təbiətin əsrarəngiz səsini eşidir, onun dilini başa düşür, danışığını dərk edirdi. Meh əsməsindən budaq titrədimi, yarpaq başını çiçəyə doğru əydimi, meşəlikdə quş cəh-cəh vurdumu, vəhşi heyvan mağarasında nərildədimi və ya əjdahanın dəhşətli səsi uzaq dağlarda əks-səda yaratdımı - o, ecazkar lal nəğməni başa düşürdü. Lakin başa düşərkən o, heyrətlənmir və heyran olmurdu, təqdir etmir və etiraz da bildirmirdi. Onun fikirləri daha uzaqlarda, görünən və dərk olunandan “o tayda dolanırdı. “Oraya”, o taya necə keçməli”! Bu möcüzəni yaradanı necə tapmalı? Nəğmə gözəldir, müqayisə edilməzdir: lakin bəstəkarın özü hardadır? Onun iradəsi nədir? Nə üçün o məni, insanı seçib- ayırıb? İnsan necə də böyük və gözəldir. Özünün “o taya” keçmək arzusunda da, tərəddüdlərində də, ağlının əzablarında da o, Allahdır! Lakin o, necə də yazıq və köməksizdir! Nə üçün ona “dərk etmək yox, əzab çəkmək qismət olub”? Bu suallar Zərdüştün qəlbini parçalayırdı. O, bu sualların məngənəsində, leysanın titrətdiyi quş kimi çapalayırdı. O, yoruldu, yuxuya getdi.

Oyandıqda o, mat qaldı. Onun gözləri qarşısında sehrli bir mənzərə canlandı. Günəş doğurdu. Onun qızıl şəfəqləri səmanın ətəklərini alqırmızı əbaya büruyür, saçaqları dağların, ağacların, qayaların başlarına döşənirdi. Bütün təbiət doğan günəşi vəsf edirdi, meşədən min cür ahəng gəlirdi, yarpaqlar və otlar acgözlüklə səhər şehini udurdu, qızıl şəfəqlərlə oynayan quşlar öz səslərini gözəl bir nəğməyə birləşdirirdi, dağlar minlərlə almaz kimi parlayan qarlı başlarını qaldıraraq sankı gnəşi qucaqlayırdı; düzlər şəhvətlə zümrüd sinələrini ona açırdılar. Budur, şahinlər də uçur — ora, günəşli ənginliklərə baş vurub cövlan edirlər, fərəhli qışqırıqlarla səhər allahına xeyir-dua verərək cəld geni qayıdırdılar.
Və birdən Zərdüştün qulaqlarına sehrli qışqırıq çatdı: o qulaq asdı və ardınca eşitdi: “Həyat, həyat, sən nə gözəlsən!” Zərdüştün alnı açıldı, üzü güldü, o özündə yeni, görünməmiş qüvvələrin yarandığını hiss etdi. “Bəli, həyat, həyat, sən necə gözəlsən!” - deyə o da təkrar etdi. Zərdüşt əlində müqəddəs kitabın lövhələri midiya dağlarından endi. O, Mərvaya, böyük fars padşahı Qistasinın yaşadığı yerə gedirdi. Çəmənləri daim yaşıl olan, ağacları çiçək açan, bülbülləri oxuyan “ari cənnəti” ölkəsinin sakinləri həyat peyğəmbərini sevinclə qarşıladılar. Lakin Arazın mavi dalğaları onu cəlb edirdi, müqəddəs çaya yaxınlaşaraq dedi: - “Dalğalar, aralanın” və dalğalar aralanıb yol verdilər, o, coşğun çayı piyada keçdi. Həyat peyğəmbəri haqda xəbər ondan tez çatdı. İranlılar dəstə-dəstə onun pişvazına çıxırdılar ki, peyğəmbərdən gizli həqiqətləri eşitsinlər. Həyat haqqında təlim onunla birgə gedirdi. Şah Qistasi bunu eşitdikdə bərk qəzəbləndi. “O mənim təbəələrimin sakinliyinı pozmağa və əcdadlarımızın dininə əl qaldırmağa cəsarət edir! Ona ölüm!” - deyə hirslə bağırdı. Lakin şahın vəliəhdi alicənab İsfəndiyar saray adamlarının həyəcanlı sükutunu kəsərək belə bir nitqlə irəliyə çıxdı: “Ey şahlar şahı, hirsini bas, hirs pis məsləhətçidir. Əvvəl Zərdüştün dediklərinə qulaq asaq, sonra sənin hökmün bizim üçün müqəddəs olacaq”. Qüdrətli şah razılaşdı, tacdar başını aşağı endirdi:

— Sən deyən kimi olsun, İsfəndiyar, - deyə o səsləndi - Əmr et, bütün saray yığışsın. Mən peyğəmbəri təntənəli surətdə dindirmək istəyirəm.
— Mərhəmətli, xeyirxah Kşatra Verida allahının təcəssümü, Xeyir ruhu Hörmüzdün müdrik oğlu şahənşaha təzim, - deyə Zərdüşt şah və bütün saray qarşısında sözə başladı “Mən sənə həyat haqqında xəbər gətirmişəm. Uzun müddət insan haqqında, onun nə olduğu haqda, nə üçün ona dərk etmək deyil, fikirləşmək, görmək deyil, baxmaq qabiliyyəti verilməsi haqda düşünmüşəm. Və nəhayət, gizli olandan eşitmişəm: “Get, yaşa”. Hər iki başlanğıc sənin özündədir. Onlar varlığın bütün adamlarına, bütün kainata nüfuz edirlər. Biri “Yaşa”, digəri “öl” deyir. Birincisi xeyir - Hörmüzd, ikincisi isə şər-Əhrimandır. Ey insanlar, yaşayın, yaşayın, xeyir işlər görün və siz görəcəksiniz”. Zərdüşt belə deyirdi və hamı ona heyranlıqla qulaq asırdı.
“Günəş həyat rəmzidir, xeyir surətidir. Doğanda da, batanda da ona xeyir-dua oxuyun” - deyə o davam etdi, “Görün o bizim yanımıza qayıtdıqda hər şey necə də canlanır. Yazın gəlişi ilə o, öz nemətlərini necə xeyirxahlıqla bütün varlıqlara paylayır. Bu ona görə baş verir ki, o, həyatın mənbəyidir, - O - xeyirdir”. Heyran qalmış Qistasi peyğəmbərin sözünü kəsdi. “De görək, ey müdrik, onun təntənəsi hansı gün başlayır, mən öz dövlətimin bütün hüdudlarında onu bayram etməyi əmr edim”?
— Kaxenabazdan sonra (9 mart) Novruzdur - “həyatın, günəşin soyuq, ölüm, xeyirin şər üzərində təntənəsinin başlanğıcıdır”.
Zərdüşt belə deyirdi və o vaxtdan insanlar hər il həyat rəmzi olan xeyiri bayram edirlər.
Əhməd bəy Ağaoğlunun “Zərdüşt belə deyirdi” (“Tak qovoril Zaratustra”) başlıqlı yazısını rus dilindən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Rəna Mayılova tərcümə etmişdir.
Həcər ATAKİŞİYEVA

Oxşar məqalələr