Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və qəbri Bakıda Fəxri xiyabandadır. S.S.Axundovun “Tamahkar”, “Dibdat bəy”, “Türk birliyi”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Səadət zəhmətdədir”, “Laçın yuvası” kimi pyesləri var. Süleyman Sani Axundovun yaradıcılığında ideya məzmununa görə seçilən əsərlərindən biri də 1921-ci ildə yazdığı “Eşq və intiqam” pyesidir. “Eşq və intiqam” pyesi beş pərdəli, yeddi şəkildə faciə janrında yazılmış bir əsərdir. Süleyman Sani Axundov “Eşq və intiqam” realist faciəsində xaraktercə çox müxtəlif olan obrazları oxucuya təqdim edə bilmişdir. Quldur dəstəsinin atamanı olan Əlimərdan, onun yoldaşı olan İbad, Piri baba, Əlimərdanın arvadı Yasəmən, Piri babanın arvadı Xalisə nənə, Həcər xanım kimi obrazlar xarakterlərindəki ziddiyyətlərlə oxucunun yaddaşında dərin iz qoya bilmişdir.
Əsərdə hadisələr Piri babanın komasında Yasəmənin dünyaya bir qız uşağı gətirib, əri Əlimərdanın bu körpəni qəbul etməyib, öldürəcəyi qorxusu ilə başlayır. Yasəmən əri Əlimərdanın “Yasəmən, qız doğsan öz əlimlə, qədim ərəblər tək, boğub atacağam” sözlərini yadına salıb, qəmə batırdı. Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesindəki qadın obrazlarından biri də əsərdə obraz kimi birbaşa iştirak etməyən, lakin özündən tez-tez bəhs olunan Həcər xanımın xalası Züleyxa xanım idi. Züleyxa xanım haqqında Piri babanın söylədikləri bu xanımın əsərdəki mövqeyini oxucuya tam aydın bir şəkildə göstərə bilir. “Həsənqulu ağa da oğul həsrəti çəkirdi. Allahtaala ona qızı Züleyxanı verdi. Mən bu sinnə çatmışam, amma atanın qıza elə məhəbbət bağladığını görməmişəm, eşitməmişəm. Bax, bu evi Həsənqulu ağa qızı üçün tikdirmişdir. Ağa burada həftələrlə ov edəndə, Züleyxa xanım da qaravaşları ilə burada yaşardı. Xalisə onun istəkli qulluqçularından biri idi. Ağanın ondan başqa övladı olmadı. İndi bu meşənin sahibi həmin Züleyxa xanımdır”.
Yasəmənə Piri baba və Xalisə nənə hər cür köməklik edirdilər. Lakin o, əri Əlimərdanın bu körpəni qəbul etməyib, öldürəcəyindən çox qorxurdu. Yasəmən xanım kimi Həcər xanım da bir körpə sahibi olmuşdu. Amma bu körpə onun məcbur ərə verildiyi Şahbaz bəydən yox, sevdiyi, söz verdiyi Nadir bəydən idi. Nadir bəy kasıb olduğu üçün borcu boğazına çıxmış, mülkü, evi Şahbaz bəyin yanında girovda olan Həcər xanımın atası Həcər xanımı Nadir bəyə yox, Şahbaz bəyə ərə getməyə məcbur edir. Həcər xanım gözləri yaşlı Şahbaz bəyin evinə gəlin köçür. Süleyman Sani Axundov Həcər xanımın sözləri ilə Şahbaz bəyin əsl simasını oxucuya göstərir. “Şahbaz bəy evimi qumarxanaya döndərib, çəngilər ilə kef etməyə başladı. Nadir mənim göz yaşıma dözə bilməyib baş götürüb bu vilayətdən getdi. Axırda Şahbaz bəyin binamusluğu bir dərəcəyə çatdı ki, öz süd bacısı, qardaşı Əlimərdanın bacısı Qəmərin namusuna toxundu”.
Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində qadınların bir-birinə dəstəyi yazıçı tərəfindən çox böyük ustalıqla təsvir olunmuşdur. Həcər xanım Şahbaz bəy Parisə gedəndən sonra, sevdiyi Nadir bəylə birlikdə eşq atəşində yanırlar və Nadir bəylə Həcər xanımın bir oğulları olur. Şahbaz bəydən boşanıb Nadir bəylə evlənmək niyyətində olan Həcər xanıma Nadir bəyin xəstə düsüb şam kimi əriyib, ölməsi çox böyük zərbə olur. Həcər xanım körpəsini Yasəmənə verib, hamıya əkiz doğmuşam, deməsini və bu sirri aralarında ömür boyu saxlamağını istəyir. Piri baba ilə Xalisə nənə Züleyxa xanımın xatiri üçün bu sirri heç kimsəyə açmamağa razı olurlar. Yazıçı Yasəmənin Həcər xanımın oğlunu öz oğlu kimi sevib, böyütməsinin timsalında böyük qəlbli bir ana siması yaratmışdır. Piri baba və Xalisə nənə çağaları böyütməkdə Yasəmənə ən böyük dəstəkçi olurlar. Əlimərdan və İbad əsərdə namus üstündə qaçaq düşən obrazlardır. Əlimərdan qaçaqlıq etsə də, kəndlinin, məzlumun qoruyucusu idi. Yasəmənin qardaşı İbadda bu haqq işində Əlimərdanın silah yoldaşı idi. İbad nişanlısı Qəmərin intiqamını düşməndən alacağına özünə söz vermişdi. Piri baba dünya görmüş, müdrik bir qoca idi. O, Əlimərdana bu işdən əl çəkməyi, su sənəyinin axırda suda sınacağını, bu düşmənçiliyi bitirməyi bir böyük kimi məsləhət görürdü. Süleyman Sani Axundov “Eşq və intiqam” pyesində Əlimərdanın öz sözləri ilə onun mübarizəsinin amalını oxucuya çatdırır. “Mənim qorxumdan hökumət qulluqçuları cürət edib kəndliləri incidə bilmirlər. Mənim üç düşmənim var: hökumət, bəylər, tacirlər də pulları ilə mənə tövçü verirlər. Mən kəndliləri onların zülmündən saxlayıram”.
Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesində gənc nəslin nümayəndələri olan - Qəmər, Çingiz, Zöhrə xanım, Şəmsi bəy ata və babalarının düşmənçiliyinə qarşı bir düşüncədə tərbiyə aldıqlarına görə onlar bu düşmənçiliyi davam etdirmək fikrində deyildilər. Yeni nəslin nümayəndələri yazıçının sülh idealarının davamçıları idilər. Yeni nəslin nümayəndələrinin bu ədavəti davam etdirmək istəməmələrinində səbəbkarı onların anaları olan Həcər xanım və Yasəmən idi. Həcər xanım və Yasəmən də bu ədavətə qarşı mövqedə idilər. Yazıçı Həcər xanımın öz sözləri ilə onun nə qədər əzab çəkdiyini oxucuya çatdırır. “İyirmi ildir ki, mən bədbəxt ana, oğlum Çingiz üçün göz yaşı tökmüşəm. Sən Yasəmənə həsəd aparmışam ki, Çingizi bağrına basıb əzizləmisən, ona süd vermisən, oğlum demisən. Amma mən yad kimi kənardan baxmışam. Ah, ana üçün dünyada bundan artıq əzab olarmı”?
Süleyman Sani Axundov “Eşq və intiqam” pyesində gənc nəslin nümayəndələri olan - Qəmər ilə Şəmsi bəy və Çingiz ilə Zöhrə xanım arasında güclü və saf sevginin təsviri ilə oxucuda bu obrazlara qarşı ehtiram hissi yaradır. Lakin Çingiz və Zöhrə xanım bu böyük sirrdən xəbərsiz idilər. Onlar bacı-qardaş olduqlarından xəbərsiz bir şəkildə bir-birilərini təmiz, saf bir məhəbbətlə sevirdilər. Süleyman Sani Axundovun “Eşq və intiqam” pyesi Çingiz ilə Zöhrə xanımın saf eşqinin, Həcər xanım və Yasəmənin analıq hislərinin, Qəmərin bacılıq duyğularının faciəvi sonluğunun təsviridir. Həcər xanım, Yasəmən, Piri baba və Xalisə nənə 20 il bu sirri gizlətdilər, lakin faciənin qarşısını ala bilmədilər. Bir-birini saf bir məhəbbətlə sevən Çingiz ilə Zöhrə xanımın saf eşqinin qarşısında aciz qalan Həcər xanım və Yasəmən Çingizi həqiqətləri öyrənmək üçün Piri babanın yanına göndərirlər. Piri baba Çingizin Zöhrə xanımın eşqindən əl çəkməyəcəyini başa düşəndə, məcbur qalıb ona bütün həqiqətləri söyləyir. Çingiz öyrəndiyi bu həqiqətlər qarşısında çox böyük sarsıntı keçirir və mənəvi olaraq çökür. Süleyman Sani Axundov Çingizin bu sözləri ilə mühitin bütün eybəcərliklərini, səhvlərini ifşa edir. “Məni öz bacıma aşiq etdirməkdən fikrin nədir, ey çərxifələk? Məcnun kimi səhrayi-biyabanlara salmaq? Məni Fərhad kimi dağdaşları gəzdirmək? Budur məqsəd? Məni divanə edib çöllərə salmaq? Bundan nədir hacət? Xalq gördükdə desin, bax, bax, budur gəldi, həmşirisinə eşq-məhəbbət yetirən aşiq. Yox, yox, mən sərsəri olmaram, divanəlik acizlər, zəiflər işidir. Çingizlər ondan azaddır. Bacım, Zöhrə, indi bil mən Çingizəm, atam Nadirdir, anam Həcər. Əlvida, ey ümidsiz xəyalım. Eşqin uğrunda Çingiz canını fəda edir’’...
Süleyman Sani Axundovun “Eşq və intiqam” realist faciəsində Çingizin tapança ilə özünü öldürməsi bütün ailənin faciəsi idi. Həcər xanım Çingizin ölümünə dözə bilməyib, özünü bütün olanlarda günahkar gördüyü üçün ölmək istəyir. “Oğlum, Çingiz, nə etdin? Mən müqəssir ananı öldürün, sizə yalvarıram, öldürün, məni bir gülləyə qurban ediniz. Niyə durmusunuz”?
Yazıçı isə əsərin sonunda Piri babanın sözləri ilə həqiqi günahkarların kim olduğunu göstərir. “Ey zor ilə qızları özlərinə arvad edən ərlər, budur tutduğunuz əməlin nəticəsi”.
Həcər ATAKİŞİYEVA