Əhməd bəy Ağaoğlu tənqidçi, şərqşünas alim, publisist, yalnız Azərbaycanda deyil, həmçinin Yaxın və Orta Şərqdə, mərkəzi Rusiya və Qərbi Avropada tanınan bir şəxsiyyət, ictimai xadim idi. Əhməd bəy Ağaoğlunun ədəbiyyatşünaslığa dair əsərləri Azərbaycan ədəbiyyatına və eyni zamanda dünya ədəbiyyatına töhvə verəcək səviyyədə yazılıb və daim tədqiq olunmaqdadır. Əhməd bəy Ağaoğlu yaradıcılığında rus ədəbiyyatına və onun nümayəndələrinə daim yer vermişdir. Onun rus ədəbiyyatına həsr olunmuş monoqrafiyası və onlarla məqaləsi var. Azərbaycan ədəbiyyatında Əhməd bəy Ağaoğlu ilə yanaşı Ə.Hüseynzadə, S.Hüseyn, A.Sur, N.Nərimanov, M.Ə.Rəsulzadə, F.Köçərli, Ü.Hacıbəyli kimi ədiblərimiz də rus ədəbiyyatına daim diqqət göstərmiş, rus klassiklərini mütaliə etmişlər. Əhməd bəy Ağaoğlunun “Rus ədəbiyyatının ümumi səciyyələri’’ adlı əsəri ədəbiyyatımız üçün çox qiymətlidir. Əhməd bəy rus ədəbiyyatının əhəmiyyət və qiymət əldə etdiyini, məşhur rus ədiblərinin demək olar ki,hamısının Avropa dillərinə tərcümə edildiyini və oxunduğunu öz fikirlərində dönə-dönə qeyd etmişdir. Rus ədiblərindən Tolstoy, Dostoyevski, Qorki kimilərin Avropada, Amerikada məktəb yaratdıqların bildirmişdir. Məşhur rus yazıçısı olan Tolstoyun haqqında əcnəbi dillərdə yazılmış olan əsərlərin böyük bir kitabxana yaratdığını qeyd edirdi. Rus ədəbiyyatının beynəlmiləl mahiyyəti daşıdığını bildirirdi. Əhməd bəy Ağaoğlu başqa millətlərin ədəbiyyatı ilə rus ədəbiyyatını müqayisə edərkən, “heç bir millətdə ədəbiyyat ruslarda olduğu qədər həyatla sıx bir şəkildə verilməmişdir” fikirlərinə gəlmişdir. Ədəbiyyatın həyatla bağlılığı rus zehniyyətinə o qədər uyğun gəlmişdir ki, rus ədəbiyyat nəzəriyyəçiləri ədəbiyyatı tərif edərkən, ümumiyyətlə onu həyatın və mühitin aynası deyə səciyyələndirmişlər. Və həqiqətdə rus ədəbiy-yatının tarixi rus mədəniyyətinin tarixidir. Zamanın bütün cərəyanları, mühitin bütün lövhələri ədəbiyyatda əks olunmuşdur: siyasi, ictimai, fəlsəfı, bədii, fıkri və hissi cərəyanları ədəbi əsərlərdə təqib etmək mümkündür. Mühitin təqdim etdiyi lövhələr, rus çölləri, kəndləri, kəndliləri, fəhləsi, kəndli və fəhlənin həyatı, rus burjuaziyası, şəhərləri, şato və saray həyatı hamısı o əsərlərdə özünə yer tapmışdır. Bu sayədə rus ədəbiyyatı rus milli vicdanını təşkil edən amillər sırasında birinci yerdə gəlir. Rus ədəbiyyatı tarixini mütaliə edərkən rus milli vicdanını tədricən təşkilini həqiqətən görmək imkanı hasil olur. Puşkinin qəhrəmanları ilə Qorkinin qəhrəmanları arasında məsafə bu milli vicdanın Lermontovlardan, Qoqollardan, Dobrolyubovlardan, Turgenevlərdən, Tolstoylardan keçərək qət etdiyi mərhələləri göstərir.
Məkanı təsvir xassəsi rus ədəbiyyatını digər tərəfdən təbiətçi etmişdir. Naturalizm rus ədəbiy-yatının fərqləndirici, seçmə xüsusiyyətidir. Təbiətin saf və möhtəşəm gözəllikləri önündə rus ədibləri möhtəşəm əsərlər yazmışlar. Lermontovun, Qoqolun, Turgenevin şah əsərləri təbiətdən alınmışdır. Rus çölləri, rus çayları, rus meşələri və rus fəsillərinin müxtəlif rəng və şəkilləri rus ədəbiyyatında canlanıb yaşayır. Elə bir rus məktəblisi yoxdur ki, bu lövhələrdən bir neçəsini öz yaddaşında tutmasın. Lermontov, Puşkin, Tolstoy öz əsərlərində Qafqazı, Krımı Qafqasiyanın səmalara qədər yüksələn qorxunc zirvələrini, Krımın zərif sahillərini tərənnüm etmişlər. Bu məhkum və kədərli məmləkətlərin əski xərabələrin altında qalmış əfsanələrini bulub “Qafqaz əsiri”, “Bağçasaray çeşməsi” kimi ölməz əsərlərində yaşatdırmışlar.
Təbiət sevgisi rus ədəbiyyatşünaslarının ümumi və ortaq bir sifətidir. Kənd həyatı isə rus ədi-blərinin üstün tutduqları bir mövzudur, Tolstoy kimi bir çox rus məşhurlarının ömürlərinin son-larındaverdikləri yekun qərardır. Əhməd bəy rus ədəbiyyatının dahisi olan Dostoyevskinin yaradıcılığına nə mənfi, nə də ki, müsbət cəhətdən toxunmamışdı. Dostoyevskinin əsərlərinə dair Əhməd bəyin fikirlərinə heç bir yerdə rast gəlmirik. Lakin buna baxmayaraq, onun Puşkinin, Ler-montovun, Qoqolun, Qorkinin, Andreyevin, Çexovun əsərlərini oxuyub öz tənqidi məqalələrində qiymətləndirdiyini görürük. Rus ədibləri yer kürəsində rus qadınlarından bir qadın idealı təşkil etmiş, bütün tərbiyə, təlim və arzularını bu ideala doğru yönəltmiş və nəticədə ideal yekuna gəlmişlər. Puşkinin Tatyanası, Qriboyedovun Sofiyası, Turgenevin Sonyası, Tolstoyun Anna Kareninası rus xalqının qəlbində yer tutmuşdur. Onlar rus qadınının tipikləşmiş əlamətlərini daşımışlar.
Rus ədəbiyyatını təqlidçilik əsarətindən qurtararaq nəsr və nəzmdə ona müstəqil bir istiqamət vermiş olan Puşkin dilini, mövzusunu xalq həyatından aldığı kimi, ahəng və vəzn qaydalarını da rus dilinin öz mahiyyətindən çıxarmışdır. Puşkin dilinin rus ədəbiyyatına qədəm qoyduğu vaxtdan rus ədəbiyyatı xalqçılığı özü üçün bir yol seçmişdir. Bu da rus ədəbiyyatına qəribə bir mistisizm rəngi vermişdir. İstər Tolstoy kimi kübar və əsilzadə aləmini təsvir edən, istər Ostrovski kimi burjua həyatını mövzu seçən, istər Qorki kimi yurdsuz və səfilinsanları tərənnüm edən ədiblərhamısı o süni, zahirən parlaq, lakin həqiqətdə boş, hər cür saflıq və səmimiyyətdən uzaq olan kübar aləminə daim rus kəndlisinin, rus işçisinin saflıq və səmimiyyətini onlara qarşı qoymuşdu. Rus ədibləri “gözəlliyi, yaxşılığı məhz saflıq və səmimiyyətdə tapmaq olar” düşüncəsində idilər.
Rus tənqidçiləri və ədəbiyyat tarixçiləri rus ədəbiyyatı tarixini üç böyük dövrə ayırmışlar: Birinci dövr rusların xristianlığı və xristianlıqla bərabər ilk yazını qəbul etdikləri zamana qədər, yəni X əsri - miladiyyəyə qədər davam edir.
İkinci dövr X əsrdən XIX əsrin ibtidalarına, yəni Puşkinin zühuruna qədər davam edir. Üçüncü dövr də Puşkindən zamanımıza qədər davam edir. Fonvizinin “Nedonosl” komediyası o zamankı rus əsilzadələri ilə məmur mühitinin cəhalətlərini və bu cəhalətlə bərabər gülünc qürur və təkəbbürlərini öldürücü bir istehza ilə meydana qoyurdu. Eyni zamanda Novikov, Radişşev əsarəti, məhkəmələrdəki ədalətsizliyi, rüşvətxorluğu, rus camaatını istila edənzülm və qabalığı bir-bir ifşa edirdi. Lomonosov dövrünün son nümayəndələri rus ədəbiyyatında başqa, ciddi, əzəmətli və möhtərəm bir cığır açırlar. Əslində bunlar şəkil etibarı ilə yeni təqlidçilərdir, yenə Avropanın, Avropadakı hakim qaydaların əsiridirlər. Bu yolu təqib edərək rus ədəbiyyatı dühasını Puşkində tapacaq və artıq özünü o şəkil əsarətindən tamamilə qurtaracaqdır. Lakin Puşkinə çatmaq üçün Karamzin dövrünü keçmək lazımdır. Karamzin dövrü də öz növbəsində çox məhsuldar bir dövr olmuşdur. Sentimentalizm məktəbi Rusiyaya Karamzindən əvvəl daxil olmağa başlamışdı. O zaman Avropada sentimentalizm tərzinin başında dayanan Riçardson, Stem, Russo və Hötenin şah əsərləri ruscaya tərcümə edilmiş və rus ədibləri arasında özünə tərəfdarlar tapmışdı. Əhməd bəyin qeyd edir ki, Krılov çox güclü komediya və əfsanə yazmağı bacarır. Qriboyedov isə yeganə və lakin indiyə qədər rus səhnələrini bəzəyən bir şah əsərin müəllifidir. Krılov öz dühasını tapmazdan əvvəl başqa sahələrdə öz qələmini sınamışdı. Komediya, tragediya yazmışdı, qəzetçiliklə məşğul olmuşdu. 1806–cı ildə nəşr etdiyi “Palamut və çub” əfsanəsiilə dühasının yolunu tapdı. Bu əfsanəni Krılov Lafontendən tərcümə etmişdir. Fəqət tərcümə o qədər mükəmməl, rus şivəsinə o dərəcə uyğun idi ki, Krılovu tədqiq edən Pletnyovadlı müəllif haqlı olaraq deyir ki, Rusiya üçün Krılov yalnız bu əsərin nəşri günü doğulmuşdur. Növbəti il Krılov 16 əfsanəni əhatə edən məcmuə nəşr etdi və o vaxtdan Krılovun şöhrəti bütün Rusiyanı bürüdü və o “Baba Krılov" ləqəbi ilə hər yerdə məşhurlaşdı. Rusiyada bir tək daxma yoxdur ki, Krılov oraya girməmiş olsun, bütün ibtidai məktəblərdə Krılov başdan-ayağa qədər əzbərdən öyrədilir. Bu qədər şöhrətin səbəbləri, təbii ki, Krılovun əsərlərinin tərbiyələndirmək xüsusiyyətidir. Krılov tamamilə bir rus kimi görür, hiss edir. Krılovu Rusiyada hər sinifəhali anlayır, ondan zövq alır. Çünki o, rus kimi duyur, rus kimi düşünürdü. Dili də, dilinin şivəsi də tamamilə rus dili, rus şivəsidir, Krılov qədər heç kim xalq dilinə müraciət edərək ondan Krılov qədər istifadə etməmişdir. Krılov ilk yazıçıdır ki, ədəbiyyata canlı xalq dilini daxil edir və o dilin şivəsini olduğu kimi mühafizə etməyə müvəffəq olur. Canlı dildən alınmış tərkiblər, istiarələr, təşbehlər və hətta zərbməsəllər Krılovun yazılı dilinə başqa bir ciddilik, təzəlik, canlılıq verir. Artıq rus ziyalıları ilə əhali arasındakı uçurum aradan qalxmışdı. Milli ədəbiyyat dili təşəkkül etmişdi. Krılovun ən əsas xüsusiyyətləri onun həqiqətçi və fərqləndirici olmasıdır. Əfsanələrindəki heyvanlar insanların timsallarıdır. Bunların əhvali-ruhiyyələrini, həyatlarını təsvir edərkən Krılov ifrata varmayır, həqiqəti olduğu kimi canlandırır. Məhz buna görə, Krılov rus ədəbiyyatında realizmin həqiqi banisi hesab olunur. Krılov tərəfindəninsanların təbiətləri və xüsusiyyətləri tülkünün, ayının, qurdun, qarğanın, aslanın və s. əfsanə qəhrəmanlarının üzərinə çox böyük məharətlə köçürülürdü.
Qriboyedov yalnız bir tək əsər yazmışdır. Lakin “Ağlın bəlası” adını daşıyan bu komediya rus ədəbiyyatında dərin bir iz buraxmışdır və bu gün də yaşayır.
Puşkinin şöhrəti “Ruslan Və Lyudmila” əsəri ilə daha da genişləndi. Baxmayaraq ki, bu əsər Puşkinin ən zəif əsərlərindən biridir. Əsərin əksər yerləri süni və qeyri-təbiidir. Fəqət dil nöqteyi-nəzərindən əsər mükəmməldir. Üslub sadə və gözəl, nəzm ahəngdar, təsvirlər canlı və parlaqdır. “Ruslan və Lüdmila”dan sonra Puşkin daha üç dastan yazmışdır: “Qafqaz əsiri”, “Baxçasaray çeşməsi” və “Çingənə” Bu üç dastanı Puşkin Bayronun təsiri ilə yazmışdır. Bu əsərlərdə bayroniz-min təsirləri aydın bir şəkildə görünür. Puşkin “Qafqaz əsiri”, “Baxça saray çeşməsi” adlı das-tanlarında o zamankı Qafqaz və Krım həyatından, ənənələrindən bəhs etmişdir. Puşkin bu ölməz əsərlərində Qafqasiya və Krımın təbii gözəlliklərindən əbədi abidələr yaratmışdı. Əhməd bəy Ağaoğlu öz yaradıcılığında rus ədəbiyyatına yüksək qiymət vermişdir. Azərbaycan ədəbiyyatı ilə rus ədəbiyyatı arasında olan bağlılığın, qarşılıqlı əlaqənin daha da inkişaf etməsi üçün tərcümə sənətinin təkmilləşdirilməsini əsas yol kimi görmüşdür.
Həcər ATAKİŞİYEVA