AXTAR

Ermənistan üçün işıq dalanın sonunda yox, əvvəlindədir

pashinyan hokumeti

 

Paşinyan hökuməti Qərbin əlində oyuncağa çevrilə bilər

İrəvanda fəaliyyət göstərən “1in.am” saytına açıqlamasında ukraynalı analitik Vitali Portnikov bildirib ki, Ermənistanın korrupsiya, klanların təsiri və digər problemlərdən qurtulmasının iki yolu var: “Birincisi, Rusiyanın təsirindən azad olması, ikincisi, Qarabağ konfliktinin təcili həll edilməsi. Əgər bu problemlər həll edilməsə, Ermənistan cəmiyyəti yenidən küçələrə axışacaq”.
V.Portnikov sözünə davam edərək təəssüflə bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə bəyan etdi ki, Ermənistanın xarici siyasətində heç bir dəyişiklik olmayacaq. Bu o deməkdir ki, Ermənistan Avrasiya İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməyə davam edəcək. Bu layihələrin hər birində Rusiya mühüm rol oynayır. Moskva Ermənistanın Rusiyanın təsir dairəsində qalacağına şübhə etmir. Bu inam Ermənistanın gələcəyinə inqilabdan öncəki zaman kimi təsir göstərə bilər. Təəssüf ki, Ermənistan hələ də xarici siyasətin subyekti deyil, Ermənistan hələ də xarici siyasətdə obyekt olaraq qalır. Ermənistanın öz qonşuları – ilk növbədə Azərbaycan, daha sonra Türkiyə ilə problemləri var. Bu problemlərin həlli onun Rusiya ilə münasibətlərinə bağlıdır”.
Portnikov Rusiyanın Ermənistandakı davranışının Paşinyanın addımlarından asılı olacağını söyləyib: “Biz Maydana başlayanda deyirdik ki, geosiyasi dəyişikliklər yox, AB ilə assosiativ üzvlük haqqında müqavilə önəmlidir. Bu cür sənəd Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın zamanında da hazırlanmışdı. O zaman İrəvanda Kiyevdəki kimi bu sənədin imzalanmalı olduğu deyilir və bu sənədin Ermənistanın Rusiya ilə münasibətlərinə təsir göstərməyəcəyi bildirilirdi. Erməni siyasətçilər Ukrayna hərəkatının Qərbin xeyrinə olduğu və buna görə də Rusiya ilə müharibənin başladığını, Ermənistanda belə şeylərlin təkrarlanmayacağını düşünməməlidirlər. Bu doğru deyil”.
Ukraynalı analitikin şərhini qulaqardına vurmaq erməniləri çətin vəziyyətə salar. Belə ki, bu ölkənin əhalisi öz absurd xəyalları ilə çoxdan çuxurda çabalayır. Məsələ burasındadır ki, bu ermənilərin heç vaxt “öz əlləri, öz başları” olmayıb. Hərdən “əl” onların olsa da “baş” rolunu başqaları oynayıb. Özləri isə səmalarda dolaşıb. Bunun nəticəsidir ki, ermənilər müstəqil hərəkət etməyi yadırğayıblar. Nəticədə daim onun bunun tumarı altında nəvazişlənib və praqmatiklikdən uzaqlaşıblar. Bəli, indi ermənilər çıxışı olmayan dalana dirəniblər. Dalanın sonunda işıq görünmür və heç vaxt da görünməyəcək. Onların axtardıqları işıq qoyub gəldikləri 1988-ci ildə, yəni düşdükləri dalanın lap əvvəlində qalıb: Azərbaycanın tərkibində “muxtar vilayət” statusu ilə əksər regionlardan yaxşı yaşadıqları illərdə. İndi zaman ağıl istəyir ki, həmin işığa qayıtmağı bacarsın. Portnikovun gəldiyi nəticə də bunu diktə edir.
Uzun müddət Moskvanın göstərişlərindən bir addım da kənara atmayan Ermənistanda indiki hakimiyyət Qərbə meyillənmək yolunu tutub. Bu işdə xaricdəki erməni diasporunun əli var. Ancaq əksər ekspertlərin dediyi ki, bu hal vəziyyəti daha da gərginləşdirəcək. İanə ilə yaşayan dövlət nə vaxta qədər davam gətirə bilər. Ermənistana müstəqillik lazımdır. Bunun üçünsə əvvəlcə onun əsaslarını yaratmaq gərəkdir. Bu da iqtisadiyyata bağlı məsələdir. İqtisadiyyat da çöküb, çünki Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə görə məhz Azərbaycanın iqtisadi blokadası ilə Ermənistan aöır duruma düşüb. Azadlıq arzusu, ərazi bütövlüyü Azərbaycanın dövlət siyasətinin tərkib hissəsidir, bundan ölkə heç vaxt geri çəkilməyəcək. Ən əsası isə ölkə ərazi bütövlüyünü təkbaşına bərpa etməyə qadirdir. Ermənistan üçün ən yaxşı siyasət özünün qabağa durub təşəbbüs göstərərək əraziləri azad etməsidir. Bu, çətin olsa da, ən səmərəli yoldur və elə bir situasiya yetişib ki, bu addımı atanın çəkisi Ermənistanın özündə qiymətə minəcək. Çünki, oradakılar da çıxış yolunun hardan olduğunu bilirlər, sadəcə, bunu etiraf etməyə cəsarətləri çatmır.
N.NOVRUZ

Oxşar məqalələr