Bu günlərdə Cocuq Mərcanlı kəndində “Azərbaycan Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı Azərbaycan-Rusiya birgə konfransı keçirilib. Konfransda deputatlar və ictimai xadimlər iştirak edib. Tədbirin iştirakçıları cəbhə xəttində Lələtəpə strateji yüksəkliyini ziyarət ediblər. Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev, ictimai xadim Maksim Şevçenko və məşhur hərbi ekspert İqor Korotçenko bu mövqelərdə xidmət göstərən Azərbaycan SQ şəxsi heyəti ilə görüşüblər, hərbi növbətçilik şəraiti ilə tanış olublar, hərbçilərin kazarmalarına baş çəkiblər. Rusiya siyasi elitasının məşhur nümayəndələri, Dövlət Dumasının deputatları Cəbrayıl rayonunun 2016-cı ilin aprel müharibəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini gəziblər.
Konfransda Rusiyadan gəlmiş iştirakçıların Qarabağ münaqişəsi barədə həqiqəti ifadə edən bəyanatlar səsləndirməsi çox təqdirəlayiq haldır və cəbhənin hər iki tayında ciddi fikirlər yaradır və mövcud münasibətlərin xarakterini açıb göstərir. Konfransda çıxış edən Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duginin fikrincə, avrasiya hərəkatı hələ bir neçə il öncə Rusiya-Azərbaycan əlaqələrinin sürətlə inkişafını sezib və bu prezidentlər Putinlə Əliyevin şəxsi etimad əsasında formalaşan münasibətləri fonunda Qarabağda, ön cəbhə xəttində belə bir konfransın keçirilməsi ideyası yaranıb. Dugin bəyan edib ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və onların burada olmağı onu göstərir ki, Rusiya həm ictimaiyyət, həm də dövlət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Rusiyalı politoloq Maksim Şevçenkonin sözlərinə görə Qafqaz siyasəti Rusiya üçün çox vacibdir və bunsuz ölkəsi marginallaşar.
RF Dövlət Dumasının komitə sədri müavini Dmitri Savelyev deyib ki, Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş yeddi rayon Ermənistan tərəfindən azad edilməli və heç bir əlavə şərt irəli sürülmədən Azərbaycana qaytarılmalıdır: “Bu gün Ermənistanda həm Rusiya, həm də Azərbaycan üçün qətiyyən gözlənilməz siyasət yeridilir. Böhran (Ermənistan-Azərbaycan) ATƏT MQ-yə daxil olan amerikalıların mövqeyi, həmçinin ABŞ-da, Kanadada və Avropa mövcud olan nüfuzlu erməni diasporlarının mövqeyi nəzərə alınmaqla daha da kəskinləşə bilər. Qayıq çox möhkəm silkələnməyə başlayacaq. Rusiya hər zaman bəyan edir – böhran sülh yolu ilə həllini tapmalıdır. Qarabağ və yeddi rayon Azərbaycana hər hansı əlavə şərt irəli sürülmədən qaytarılmalıdır”.
Konfrans iştirakçısı, Rusiya “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko isə bildirib ki, Azərbaycanın güclü prezidenti var və biz İlham Əliyevin özünü təmin edə bilən suveren dövlətin möhkəmləndirilməsi üzrə səylərini alqışlayırıq: “Biz Azərbaycanın ordu quruculuğu prosesini diqqətlə izləyirik. Rusiya Azərbaycanı silahla təchiz edir. Rusiya ölkənizin ordusunun möhkəmlənməsində maraqlıdır. Bizi regionda ABŞ-ın fəallaşması da narahat edir. Qoy eşitsinlər – bizə burada Sem dayı lazım deyil. Rusiya Azərbaycanın hərbi-hava məkanını örtməlidir. Rusiya Cənubi Qafqazın bu çiçəklənən bölgəsinin müstəqilliyinin və sabitliyinin qarantı ola bilər”.
İki ölkə arasında cəbhə bölgəsində belə bir konfransın keçirilməsi Qarabağ münaqişəsinin həlli yolunda uğurlu addım kimi səciyyələndirilə bilər. Bu münaqişənin yaranmasında və indiyədək davam etməsində Kremlin necə bir rol oynadığı hamıya yaxşı məlumdur. Onun həlli məsələsinin əsas ağırlıq mərkəzi də Moskvanın boynuna düşür. Bəs niyə Rusiya infiyədək belə açıqlamalar vermirdi?! Bəyanatlardan göründüyü kimi, ABŞ-ın erməni diasporunun simasında Ermənistanda əməlli-başlı dəyişikliyə can atması Kremli təşvişə salıb. Gürcüstandan sonra Ermənistanın da Qərbin təsiri altına düşməsi Rusiya kimi böyük dövlət üçün ciddi məğlubiyyət olar. Üstəlik, 3 ölkədən ikisində amerikalılar ağalıq edəcəksə, onda Azərbaycanın da təsir altına düşməsi ehtimalı yaranır. Düzdür, İrəvanda Kremlin ağalığına son qoymaq asan məsələ deyil və bu dilemmanı siyasətçilər gözəl anlayırlar. Amma hətta təsirin cüzi olaraq əks tərəfə meyil fonunda zəifləməsi də yolverilməzdir. Buna görə də rusiyalı rəsmilərin açıq-saçıq bəyanatlarını başa düşmək olar.
Birmənalı şəkildə bu bəyanatların çözümü ikimənalıdır. Çünki, bəyanat sadəcə sözdür, iş deyil. Buna görə də Rusiya rəsmilərinin dilindən səslənən bu bəyanatları ilk növbədə Azərbaycan diplomatiyasının uğuru kimi səciyyələndirmək düzgün olar. Bakını balanslı və müstəqil siyasəti belə bir vəziyyətin yaranmasını şərtləndirir. İkincisi, ABŞ-ın bölgədə təsirinin artması, xüsusilə də Rusiyanın forpostu vasitəsilə, beynəlxalq aləmdə Kremlin nüfuzuna vurulan böyük zərbədir. Buna görə Ermənistanın cəzalandırılması vacibdir. Təbii ki, Bakının əli ilə və bu məsələdə Qarbağ münaqişəsinin həllində ədaləti müdafiə etmək ən güclü silahdır. Çünki, İrəvanın forpostluğu məhz Qarabağın işğalı ilə bağlıdır.
Lakin bu bəyanatların özündə də ziddiyyətlər var. Məsələn, Dmitri Savelyevdən fərqli molaraq “Vahid Rusiya” hakim partiyasından Dumanın deputatı Aleksey Yezubov bildirib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb: “Putin, Sarkisyan və Əliyev tərəfindən hazırlanmış yol xəritəsinə müvafiq olaraq, Ermənistan işğal edilmiş beş rayonu Azərbaycana qaytarmalıdır. Putin bildirib ki, bu, Rusiyanın dəyişməz mövqeyidir”. Bunu necə başa düşmək olar, biri tam həlldən söhbət edir, digəri 5 rayondan danışır. Yəni, verilən bəyanatlar təbliğati xarakter daşıyır. Amma bu anlamda indi Azərbaycanın da əlində ciddi təbliğati material var. Qarabağ münaqişəsinin həlli istiqamətində yaranmış hazırkı durumda bu çox vacib məqamdır. Çünki, bütün siyasi variantlar tükənib və həlledici addım atmaq vaxtı yetişib. Azərbaycan əsgərinin barmağının tətikdə olduğu an belə təbliğat işin yarısı ola bilər.
N.NOVRUZ