AXTAR

Nökər ağasının üzünə ağ olmağa çalışır

pashinyan i putin

 

Bu ölkədə baş verənlər ermənisayaq həyata keçirilsə də, Qərbə yönəlik addımların reallığı açıq görünür

Bu gün Ermənistanda baş verənlərin, prinsipcə, Azərbaycana aidiyyəti olmazdı, əgər Qarabağı işğal etməsəydi. Bu ölkə özünün baş himayədarı Rusiyaya arxalanaraq Azərbaycanın beynəlxalq hüquq çərçivəsində rəsmi olaraq tanınan ərazisinin 20 faizini işğal edib və yenə də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri qulaqardına vuraraq işğala son vermir. Uzun illər hakimiyyətdə olmuş kriminal dəstə üzvləri builki təbəddülatlar sayəsində siyasi hakimiyyətdən getməyə məcbur olub. Əvəzinə “demokratik” qanadın nümayəndəsi sayılan Nikol Paşinyan adlı Ermənistan vətəndaşı hakimiyyətə gəlib. Gözlənilirdi ki, bu adam əvvəlki prezident Serj Sarkisyanın cinayətkar dəstəsindən fərqli olaraq bölgədə daha konstruktiv mövqe sərgiləyəcək və rasional addımlar atacaq. Lakin Paşinyanın ilkin fəaliyyəti onun da həlli vacib məsələlərə qərəzli mövqedən yanaşaraq, populist çıxışlarla yerini möhkəmlədib işğal faktını legitimləşdirməyə yönəlib.
Paşinyan öz ampluasında olsun, bunu o özü və ətrafındakı ermənilər bilər, amma beynəlxalq münasibətlərin və ümumiyyətlə, siyasətin özünəməxsus qanunları var ki, bunu yüz Paşinyan da gəlsə, dəyişdirə bilməz. Bu arzuda bulunsa isə başı və ölkəsi bəlalara düçar olar.
Ermənistanın hazırkı dönəmində baş vermiş və baş verməkdə davam edən olaylar sübut edir ki, bu ölkənin məqsədi sayəsində dövlət statusu əldə etdiyi Rusiyadan üz çevirməkdir. Təbii ki, bunu sözlə ifadə etmək bir an məsələsi olsa da həyatda uzun çəkən prosesdir.
Məsələni qəlizləşdirən ən mühüm amil isə Rusiyanın bu məsələyə hansı mövqedən yanaşmasıdır. Düzdür, ərazi baxımından Ermənistan nəhəng Rusiya ilə müqayisədə mənasız bir qüvvədir. Lakin cögrafi mövqe sarıdan onun ərazisi Kremlin Qafqaz və Cənubi Avropa istiqamətində siyasətinin mərkəzi malikanəsidir. Tarixi nöqteyi-nəzərdən Ermənistan dövlətinin yaradılması Rusiyanın ən məşhur çarlarından olan I Pyotrun vəsiyyətinə borcludur. O, vəsiyyətnaməsində bildirmişdi ki, Avropanı fəth etmək üçün Rusiya Qafqazda möhkəmlənməlidir. Bu arzunun yerinə yetirilməsi çox qanlı hadisələrə səbəb olsa da, axır məqamda Ermənistan dövləti Rusiyanın əli ilə yaradılan və hazırda Cənubi Qafqazda son hərbi qalası olan yeganə subyektdir. Bu qalaya görə Moskva az göz yaşı axıtmayıb. İndi bunu Paşinyana görə əldən vermək.., heç ağlabatan deyil. Əvvəl-axır nə vaxtsa ola bilər, indi isə heç cür mümkün deyil.
Amma Paşinyan Qərblə sız əlaqədə yeni planlar cızmağa başlayıb. Onun təyin etdiyi yeni müdafiə nazirinin Naxçıvanla sərhədə gəlməsi və bundan sonra Azərbaycan əsgərinin sərhəddə erməni gülləsindən həlak olması yerli plana oxşamır. Bu cəsarət xarici təsirin nəticəsidir. Məsələ aydındır və Ermənistan törətdiyi təxribatın cavabını Azərbaycandan lazımınca alacaq. Lakin əsas məsələ iki Qafqaz ölkəsinin sülhə gəlməsidir. Belə görünür ki, Paşinyan sülhü yalnız öz baxış prizmasından görməyi bacarır və Qarabağın Azərbaycandan qoparılması iddiası ilə yaşayır. Bu isə heç vaxt olmayacaq, ona görə ki, həqiqəti əks etdirmir və bir dövlətin digər dövlətin torpağnın işğalına haqq qazandırır. Beynəlxalq ictimaiyyət və qanunlar da bunun əleyhinədir.
İndi diqqətlər Rusiyaya yönəlib. Qarabağ münaqişəsinin açar ölkəsinin başında duran Kreml siyasətçiləri daim “dost”, “strateji tərəfdaş” adlandırdıqları Azərbaycanla münasibətləri necə quracaq, forpostu olan Ermənistanla bundan sonrakı əlaqələri necə olacaq? Rusiyanın Ermənistanın cilovunu buraxmaq ehtimalı real yox, köməkçi rol oynaya bilər, yəni olsa-olsa İrəvan hakimiyyəti Qərbdın aldığı maliyyə köməyi sayəsində Rusiyanın təsirini və təbliğini zəiflədə bilər. Digər tərəfdən isə Azərbaycan Ermənistanın blokadasını gücləndirəcək və bu ölkəni daim müharibə təhdidi qarşısında gərgin vəziyyətdə saxlayacaq. Şübhəsiz ki, ələ düşən ilk imkanda Azərbaycan Ordusunun əraziləri terrorçulardan azadetmə əməliyyatına başlaması labüddür. Amma bu da əlverişli vaxt amili ilə bağlı yenə bir müddət uzana bilər. Davamlı təhdidlər fonunda isə Ermənistan müstəqil inkişaf göstəriciləri əvəzinə Rusiya ilə yanaşı Qərbin də xaltasını boynuna keçirməli olacaq. Və iki adaxlısı olan “qız” kimi mövqeyini daha da dolaşdıracaq. Nəticə etibarı ilə ölkədə xaos situsiyası artacaq və əvvəlki cinayətkar hökumətin vaxtındakından üstün cəmiyyət formalaşmayacaq.
İKSmedia.az

Oxşar məqalələr