“Dad yarımçıq əlindən” məsəli erməni baş nazirini yaxşı xarakterizə edir
Ermənilərin özlərinin yazdığı kimi indi məlum olur ki, Ermənistanda inqilab-filan baş verməyib, sadəcə, Qarabağın işğalı ucbatından çıxılmaz vəziyyətə düşmüş ölkənin siyasiləri xaricdəki erməni diasporu ilə birlikdə, guya, vəziyyəti öz xeyirlərinə dəyişmək üçün növbəti oyunlarına başlayıblar. Küçələrdə inqilab maskaradı oynayan Nikol Paşinyanın hakimiyyəti sakit və nümayişkaranə ələ keçirməsi onsuz da elə həmin günlərdə ekspertlərdə şübhə doğururdu. Çünki, onun inqilabçılığı tarix elminin müəyyənləşdirdiyi qanunauyğunluğa uyğun gəlmirdi. Həyatı təzəcə anlamağa başlayan uşaq, adətən, istəklərini ağlamağı ilə stimullaşdırır və bu hal valideynlərin zəhləsini tökdüyündən istədiyini verməyəndə dərhal şantaja keçir: bax, ağlayaram ha... Paşinyan da elə baş nazir kürsüsünə bu yolla gəldiyindən inqilabçıdan çox ərköyün uşaq təsiri bağışlayır. Bir balaca tərsə düşəndə, opponentlərini “bax, mitinq edərəm ha...” hədəsi ilə qorxudur. Maraqlı odur ki, o, bununla istədiyinə nail olur. Buna isə inqilab deyilmir, çünki inqilab oyuncaq və uşaq şıltaqlığı ilə tərs mütənasib məqsədlərə malikdir.
Yaxşı, deyək ki, bu erməni inqilabıdır və forpost millətdəm artıq nəsə gösləmək absurdizmdir. Amma dərindən diqqət edəndə açıq görünür ki, əsas məsələdə Nikol Paşinyan Serj Sarkisyandan heç nə ilə fərqlənmir və bəlkə də onu üstələyir. Bu, Qarabağ münaqişəsinin həllidir və Azərbaycanın, regionda sülhün marağı ilə yanaşı Ermənistanın özünə də hava-su kimi lazımdır. İrəvandakı dəyişiklik bu məsələnin həllində konstruktiv yanaşma sərgiləməyi qarşısına məqsəd qoyubmu? Təəssüf ki, “inqilabçı” baş nazir Paşinyan ilk addımları ilə sülhdən uzaq müharibə carçısını xatırladır.
Mayın 8-də vəzifəni ələ keçirən Paşinyanın “hökmdarlığı” dövründə Ermənistan silahlı qüvvələrinin Qarabağdakı işğalçı birləşmələrlə birlikdə mayın 14-dən 19-na qədər Füzuli-Xocavənd istiqamətində hərbi təlimlər keçirib. Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən Ermənistan silahlı qüvvələrinin təlimləri zamanı guya taktiki və ordu aviasiyasından istifadə edilməsi ilə bağlı Ermənistan mətbuatının şişirdilmiş məlumatlar yaysa da Azərbaycan Müdafiə Nazirliyi bu yalanı üzə çıxarıb və müvafiq məlumat yayıb: “Təlimlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus yalnız iki Mi-24 tipli helikopter və iki Su-25 tipli təyyarə mayın 16-sı və 17-də uçuşlara cəlb olunub. Helikopterlər mayın 16-da saat 08.45-də Erebuni aerodromundan qalxaraq Vardenis-Zod istiqamətində və geriyə uçuşlar həyata keçiriblər. Təyyarələr isə mayın 17-də saat 09.44-də Ermənistanın Gümrü aerodromundan qalxaraq Sisian istiqamətində uçuş keçirib və dönmə manevri edərək saat 10.45-də Erebunu aerodromuna eniş ediblər. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanında hərəkət edən bütün aviasiya vasitələrini izləyir və onların uçuş marşrutları barədə məlumatlar dərhal HHQ-nin Komanda Məntəqəsinə avtomatik rejimdə ötürülür”.
Azərbaycan vəziyyəti nəzarətdə saxlamaqda davam edir. Ermənilər isə təxribatlarından əl çəkmək fikrində deyillər. Qarabağdakı təlimlərin ardınca yeni baş nazirin təyin etdiyi Ermənistanın yeni müdafiə naziri Naxçıvanla sərhədə təşrif buyurub və nazirin iştirakı ilə təxribat törədilib. Nəticədə Azərbaycan Ordusunun əsgəri şəhid olub. Düzdür, düşmənin təxribatının genişlənməsinə imkan verilməyib, qarşısı alınıb. Amma bu fakt artıq onu deməyə əsas verir ki, Paşinyan da Serj Sarkisyan kimi sülh arzusunda deyil. Bəlkə də hakimiyyətini möhkəmləndirmək üçün cəbhədə yeni işğal hücumu hazırlayır. Bəs, bu cəsarət onda hardandır? Artıq məlum olub ki, o, Soçidə Vladimir Putinlə Qarabağ münaqişəsi barədə müzakirə aparıb. Üstəlik, Rusiya Ermənistana lap bu günlərdə 170 milyon dollar dəyərində ən yeni silahlarından satıb. Bu məbləğin 100 milyon dolları Ermənistanın əl-qolunu bağlayan kredit toru hesabınadır. Demək, Paşinyan yalnız Qərbin yox, həm də Rusiyanın ənənəvi ikiüzlülüyünə arxayındır. Bununla Rusiyanın və Paşinyanın qılafı yırtılıb və əsl simalarını həyasızlıqla nümayiş etdirməyə başlayıblar.
Erməni xalqı isə Paşinyandan bunu yox, sülhü və çörəyi gözləyir. Gümrüdən olan seçicinin mətduatda yer alan fikirləri buna gözəl nümunədir. Məryəm Səfəryan adlı zəhmətkeş kəndçi qadın yeni baş nazirə müraciətlə deyir: “Biz sədəqə xahiş etmirik, yalnız itirdiklərimizin qaytarılmasını istəyirik: Gümrülülüər Paşinyan hökumətinə böyük ümidlər bəsləyir”. 52 yaşlı Məryəm Azərbaycana qarşı təcavüzkarlıq planının işə salındığı 1988-ci ildən üzü bəri gecəqonduda yaşayır. 3 oğlu Azərbaycan torpağının işğalında iştirak edib. Lakin bu işğal onlara bədbəxtlikdən başqa heç nə gətirməyib. İndi onların üçü də qazanc dalınca Rusiyaya gedib. Yeganə qızı isə körpə uşağı ilə qonşuluqdakı gecəqonduda yaşayır. Ailənin aylıq gəliri həmyerlilər cəmiyyətindən aldıqları 5 dollardır.
Xalqın bu iztirablarını Paşinyan, belə görünür ki, sözdə anlayır, işdə isə... Onun xəyalları ağalarının tapşırıqlarına əsaslanır. Əvvəlki hakimiyyət də belə hərəkət etdiyindən bir yana çıxa bilmədi. İndiki hakimiyyət də belə getsə bir uğur qazana bilməyəcək. Azərbaycan isə bütün bunları diqqətlə izləyir və müvafiq planlarını görür.
İKSmedia.az