26 fevral 2003-cü il. Moskva şəhəri. Xocalı soyqırımı qurbanlarının xatirəsinin anıldığı gün rinqə çıxan keçmiş döyüşçü, Qarabağ müharibəsi iştirakçısı Azad Məmmədov qarşısında erməni idmançısı Sergey Karavesyanı görür. Rəqib həm də düşməndir. Döyüş də qaydasız.
Erməni idmançı həm boyca, həm çəkidə Azaddan üstün olduğundan, onun Azada qalib gələcəyinə əmin olan rəqib tərəf şərt kəsir ki, uduzan öz ölkəsinin bayrağını təslim etsin. Bununla da Azada intiqam almaq üçün necə gözəl bir şans verdiklərini özləri də bilmirlər.
Rəqib həm də düşmən olanda...
Döyüş başlayandan iki-üç dəqiqə sonra Azad rəqibinin qolunu sındıraraq onu yerə çırpır. Erməni rəqibi üzərində qələbəyə görə bütün əvvəlki uğurlarının hamısını qurban verməyə hazır olan Azad bu döyüşdə qalib gəlir və düşmənin bayrağını qənimət götürür. Sonradan ermənilər nə qədər dil töksələr də, ona pul və avtomobil təklif etsələr də, Azad şərti xatırladaraq qənimət götürdüyü bayrağı geri qaytarmır. Bu hadisəyə münasibət bildirən rəhmətlik Heydər Əliyev 2002-ci ildə əlini Azadın çiyninə qoyub demişdi: "Bu adam başqalarının on-on beş ilə edə bilmədiyini bir saata edə bilib".
Sonradan həmin möhtəşəm uğurunu, yaşadığı eyforik hissləri belə xatırlayırdı: "Mən həmişə çalışmışam ki, xalqımın, millətimin, ölkəmin adına layiq olum. Həmin döyüşə çıxanda özümü bir idmançı kimi yox, bir əsgər kimi hiss etdim. Bu qəzəb, bu nifrətlə rəqibə qalib gəldim. Ən böyük arzum da bayrağımızı qalib bir əsgər kimi Xankəndində qaldırmaqdır. Düzdür, idmançı kimi bayrağı qaldırmaq da şərəflidir. Ancaq mənim fikrimcə, qalib əsgər kimi bayraq sancmaq daha şərəflidir. Mən bu gün qalib bir idmançıdan daha çox qalib bir əsgər kimi öyünmək istəyirəm. Bu, mənim ən böyük arzumdur".
Azad Məmmədov 1974-cü il təvəllüdlüdür. Ali təhsillidir - Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsini bitirib. Qaydasız döyüş üzrə dəfələrlə dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısıdır. 1992-ci ildə tələbə ikən hərbi xidmətdən möhlət hüququna malik olmağına baxmayaraq, könüllü cəbhəyə yollanıb. Ağdərə, Qubadlı istiqamətində və digər qaynar nöqtələrdə odlu-alovlu döyüşlərdə iştirak edib, dəfələrlə ölümlə üz-üzə gəlib. Vətən darda olanda onun imdad səsinə biganə qala bilməyib.
Ayaq tutub yeriyən yalanın qurbanı
Amma nə yazıq ki, çoxlarına örnək ola biləcək belə bir şəxs 2009-cu ildə aralarında tanımadıqları olan bir neçə şəxsin şikayəti əsasında həbs edilib, fırıldaqçılıqda ittiham olunaraq Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Azadın verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməyib. O vaxt qohum-əqrəba, dost-sirdaş, Azadı yaxşı tanıyan hamı onun günahkar olduğuna inanmasalar da, məhkəmənin çıxardığı qərardan sonra bəzilərinin ürəklərində bəlkə də şübhə toxumu cücərmişdi, "ocaq yanmasa, tüstü çıxmaz" deyənlər də olmuşdu.
Həyatın çox qəribəlikləri var. Günahsız bir insan həbsə atılır, suçu olmadığını sübuta yetirə bilmir, yetirsə də ona inanan olmur. O isə qovrula-qovrula bütün bu ədalətsizliklərə, bu ağ yalanlara dözmək məcburiyyətində qalır. "Bir gün haqq yerini tutar" deyə ümidlə dişini dişinə sıxıb dözür. Zarafat deyil, Azad kimi çılğın bir insan nahaqdan həbsxanada cəza çəkməyə necə dözür? Allah ona necə səbr, dözüm verdi - təəccüb qalmalı işdir. Çünki o, haqsızlığa həmişə dözümsüz olub. İstər özünə qarşı edilənə, istər başqalarına qarşı edilənə.
Azad təbiətcə çılğın, eyni zamanda mərd, cəsarətli, sözübütöv, dostluğa sadiq bir insandır. Kimsə ona qarşı xəyanət etməzsə, ömründə ondan xəyanət görməz. Dosta görə hər şey edən Azada indi dostları heç bir kömək edə bilmirlər. Onu günahsız yerə düşdüyü dəmir barmaqlıqlar arxasından çıxarmaqda aciz qalıblar. İstər-istəməz burada başqa səbəb axtarmalı olursan. Bu barədə bir az sonra...
Film kimi reallıq
Düzəlməyən işləri zamanın ixtiyarına buraxmaq lazım gəlir. Bəzən zaman özü hər şeyi yoluna qoyur. Azadı azadlığından məhrum edən hadisənin üstündən bu qədər vaxt keçəndən sonra düyün yavaş-yavaş açılmağa başlayıb. Səkkiz il öncə günahsız olduğuna sübut yox idisə, nə qədər tanımadığı insan onu ittiham edirdisə, indi təqsirsizliyinə dəlalət edən kifayət qədər sübutlar ortaya çıxır. Vaxtilə onun üzünə duran həmin o şəxslər ya Allahdan qorxduqlarındanmı, ya vicdan əzabı çəkdiklərindənmi, hər nə səbəbdənsə yığılışıb əsl cinayətkarı məhkəməyə veriblər. Səhv etdiklərini, aldandıqlarını, günahsız bir insanın həbsə düşməyinə səbəbkar olduqlarını səmimi etiraf ediblər.
Bəzən insanlar bir əhvalata qulaq asaraq "belə şeylər yalnız kinolarda olur" deyirlər. Azadın başına gələnlər kinoya bənzəsə də, acı reallıqdır. Həqiqət var yalana bənzər, yalan var həqiqətdən seçilməz. O vaxt bu həqiqətəbənzər yalan ayaq tutub yerimişdi. İndi həqiqət üzə çıxmışkən, niyə bu insan nahaqdan həbsdə çürüməlidir?
Azad müharibə veteranıdır, bizi vaxtilə o da qoruyub. Üstəlik, ölkəsinə dəfələrlə şərəf gətirmiş idmançıdır. Təhsil aldığı universitet Azərbaycanda ən nüfuzlu ali təhsil ocağıdır. Azadlıqda olsa, nə qədər işlər görə, ölkəsinin çiçəklənməsinə töhfə verə bilərdi...
Azadın həbsində qaranlıq qalan çox məqamlar var. Deyilənə görə, onun həbs edilməsi yüksək postlardan birini tutan bir məmurun sifarişidir. Səbəb isə budur ki, onu həbsə atdıran adam həmin məmura Azadın vaxtilə onun ailə üzvlərindən kimisə döydüyünə inandıra bilib. Əgər doğrudan da qaydasız döyüş ustası Azad cəmiyyətin yaşam qaydalarını pozub qolunun gücünü rinqdən kənarda adam döyməyə sərf edibsə, heç o məmuru qınamağa dəyməz. Ancaq Azad heç vaxt belə iş tutmaz. Etdiyini isə bıçağı boğazına qoysan belə danmaz. Həmin məmur kaş Azadı başqa bir zamanda, başqa bir məkanda tanıyaydı, ona başqa prizmadan baxaydı. Onda küləyin hansı səmtdən əsdiyini başa düşərdi. Nə edəsən ki, ədalət məhkəməsini inandırmağa nail ola bilən bir kəs üçün bir məmuru aldatmaq da çətin olmayıb?! Deyim var, şər yolka budağına bənzər, bəzənib düzənər, əks halda ona inanan olmaz. Eynilə Azadı şərləyənin bəzəkli yalanı kimi.
Azad həbs olunanda uşaqları lap balaca idilər. İndi, maşallah, böyüyüblər. Oğlu da hətta həqiqi hərbi xidmətdədir, özü də ön cəbhədədir. Bilmək olmaz, onlar gələcəkdə hansı mənsəbə yiyələnəcək və atalarını şərləyən insanların övladlarının bir gün onlardan hansı işləri keçəcək. Daşı atanda gərək elə atasan ki, qayıdıb öz başına düşməsin. Qəzəbdənmi, ya acıq üçünmü, hər nədənsə bu işi tutan insanlar bir az da Allah haqda düşünsəydilər, yaxşı olardı. Fikirləşməliydilər ki, hər halda, onlar öz-özünə yaranmayıblar. Onları Yaradan var. Bu Yaradan isə bir gün hər kəsdən hesab soracaq.
Qanun şahdırsa...
Azərbaycan sürətlə inkişaf edir, demokratiya yolu ilə gedir, insan və vətəndaş hüquqlarının qorunduğu ölkə kimi, möhtərəm Prezidentimiz isə ən humanist dövlət başçısı kimi tanınır. İnsanlar öz işlərində məsuliyyətliliyi, vəzifələrini layiqlə yerinə yetirmələrilə dövlətə dəstək olurlar. Demokratiyanın əsas göstəricilərindən sayılan mətbuat, media hakimiyyətin dördüncü təkəridir. Üç təkərlə maşın necə hərəkət edə bilməzsə, mətbuatsız, mediasız dövlət də bərqərar ola bilməz. İnsanlar bir məsələnin həllində aciz qalanda, çıxılmaz vəziyyətə düşəndə, haqsızlıqla üzləşəndə və səsləri eşidilməyəndə televiziyalara, kütləvi informasiya vasitələrinə üz tutur, problemlərini ictimailəşdirməyə çalışırlar. Azadsevərlər də KİV tribunasından birbaşa dövlət başçısına - cənab İlham Əliyevə müraciət edərək xahiş edirlər ki, bu düyünün açılmasında yardımçı olsun. Azad özü də bu qənaətdədir ki, ölkə rəhbəri bu məsələdən xəbərdar olsaydı, ədalətin zəfər çalmasını təmin edərdi.
Əlimizdə vaxtilə Azad Məmmədovun üzünə duraraq yalanşı şahidlik etmiş şəxslərin etirafları vardır. Onlar son illərdə bu barədə Baş Prokurorluğa, Ali Məhkəməyə müraciətlər etmişlər. Yazırlar ki, Azadı ilk dəfə məhz məhkəmədə görmüşlər, əsl günahkar başqasıdır. Ona görə də işə yenidən baxılmasını və ədalətli qərar çıxarılmasını istəyirlər. Azadın vəkili Osman Kazımov həmin gerçək təqsirkar tərəfindən aldadılaraq onun üzünə durmağa təhrik edilmiş şahidlərin ərizələrini ümüumiləşdirərək Ali Məhkəmənin Plenumuna müraciət edib. Müraciətnamədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 461-ci maddəsinə istinad olunub, göstərilib ki, şahidin bilə-bilə yalan ifadə verməsi məhkəmənin hökm və qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsas hesab olunmalıdır. Çifayda!..
Şərəf məsələsi
Əlbəttə, bir çoxları düşünə bilər ki, Azad səkkiz il həbsxana həyatı yaşayıbsa, daha iki il də dözə bilər. Yeni açılmış hallar üzrə başlanacaq məhkəmə prosesləri də qalan iki ilin xeyli hissəsini ala bilər. Deyə bilərlər ki, bundan ötrü özünün və yaxınlarının imkanlarını səfərbər etməyə, stressləri sınamağa dəyməz. Söz yox, xilas edə biləcəyi bir-iki il Azadın itmiş gəncliyini özünə qaytarmayacaq. Amma o, əlbəttə ki, bəraət almaq istəyir, şərəfini, cəmiyyət arsında nüfuzunu tam mənada bərpa etmək istəyir. Çünki azadlığa çıxandan sonra cəmiyyət həyatına inteqrasiya etmək niyyətindədir. Çünki həbsxana həyatı yaşayan bir çoxları kimi düşkünlüyə qapılmayıb, cismi məhbus olsa da, fikri, düşüncəsi azad olub. Məruz qaldığı maddi məhrumiyyətlər onun iradəsini qırmayıb, əzmini sındırmayıb. Özündə güc hiss edir, inanır ki, lazım gəlsə, cəbhəyə qayıdıb ikinci Qarabağ savaşına da qatıla bilər, yenidən rinqə çıxıb dövlətin himnini də səsləndirə bilər, tərəqqipərvər vətəndaş kimi zəhmətə qatlaşıb əmək cəbhəsində ölkəsinə, ailəsinə fayda verə bilər.
Nüşabə Əhmədova