AXTAR

İkili standartların yol açdığı faciələr

sehra fizuli 2

 

“Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”

İyulun 4-də Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri təcavüzkar əməllərinə davam edərək növbəti dəfə beynəlxalq humanitar hüquq normalarınının tələblərini kobud surətdə pozublar. Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazisindən Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış yerlərini qəsdən məhv etmək məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti təxribat törədib. Düşmənin açdığı atəş nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alıb, yaşayış yerlərinə külli miqdarda zərər dəyib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən iki yaşlı Quliyeva Zəhra Elnur qızının faciəsi ilə bağlı dünya ictimaiyyətinə müraciət edib. Müvafiq paylaşım dövlət başçısının rəsmi Facebook səhifəsində yerləşdirilib: “Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”. Müraciət Azərbaycan, rus və ingilis dillərində dərc olunub.
Dünya ictimaiyyəti qəsdən törədilmiş faciənin günahkarlarını lənətləyir. Məhşur rusiyalı publisist, ideoloq Aleksandr Proxanov “Moskva-Baku” portalına açıqlamasında Alxanlıda baş verən hadisələrə münasibət bildirib: “Mən Moskvadan bu zavallı qızcığaz və onun nənəsi qarşısında baş əyirəm. Bədii şəkildə desək, onları güllə və mərmilərdən qorumağa çalışıram. Lakin bu kömək etmir. Bu gün baş verənlər Azərbaycan, elə erməni xalqları üçün də böyük bədbəxtlikdir. Uşaqlar güllədən ölürlər. Bu güllələrin qurbanları sovetlərin və Qorbaçov rəhbərliyinin doğru olmayan siyasətinin qurbanlarıdır. Bu qurbanlar Qorbaçovun iyrənc, vəhşi əməlləri nəticəsində dağılan Böyük Qırmızı Çarlığımızın qurbanlarıdır. Bu dağılmadan təkcə azərbaycanlılar və ermənilər yox, digər xalqlar da əziyyət çəkir. Azərbaycanda körpənin ölümü məni çox qəhərləndirib”.
Məlum olduğu kimi, iyulun 11-də Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilməlidir. Ekspertlər və politoloqlar tərəfindən fikirlər səsləndirilir ki, mülki əhalinin qətlə yetirilməsi fonunda dünya təşkilatları, o cümlədən BMT, ATƏT, Avropa Şurası Ermənistana qarşı konkret addımlar atmalı, yeni qətnamələr qəbul etməli, sanksiyalar tətbiq etməlidirlər. Bu, dünya birliyinin düşündüyü tələblərdir. Bəs, adı çəkilən təşkilatlar, onlardan gözlənilən vəzifələri icra edəcəklərmi? Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə indiyədək gedən danışıqların məzmununa görə indidən demək olar ki, yox, bu təşkilatların məqsədi hər hansı problemi həll etmək yox, həmin problem üzərində öz mənafelərini güdməkdir. Bunun sübutu da var. Belə ki, tərətdiyi cinayət əməllərinə görə beynəlxalq təşkilatlar tərəfindən indiyədək hər hansı təzyiqə məruz qalmayan Ermənistan yenə öz ampluasında hərəkət edir. İyulun 11-də, nazirlərin görüşü keçirilən vaxt İrəvan işğal altında olan Azərbaycan ərazilərinə parlament nümayəndələrinin böyük qrupunu göndərəcək. Bu haqda Ermənistanda çıxan “Qrapark” qəzeti məlumat yayıb. Erməni siyasi rəhbərliyinin bu həyasızlığı beynəlxalq təşkilatların, xüsusilə Avropanın ikili standart mövqelərinə çox uyğun gəlir.

IKSmedia.az

Oxşar məqalələr