AXTAR

Minsk Qrupu yenə qətiyyətli mövqe sərgiləyə bilmədi

zehra fizuli

 

Nə qədər ki, müharibə “dondurulmuş münaqişə” kimi qələmə veriləcək, sülhə nail olmaq mümkün olmayacaq
Qarabağda mülki əhali növbəti dəfə erməni işğalçıları tərəfindən atəşə tutuldu və cinayət baş verdi. Bu hadisəni qınayanlar çox oldu. Lakin necə? Yalnız ümumi ibarələrlə. Məsələn, fotofaktlarla sübut edilir ki, ermənilərin kəndə atdığı mərmidən dinc sakinlər həlak olub. Amma bəyanat verənlər bu faktın üstündən keçərək ümumi şəkildə deyirlər ki, dinc sakinlərin öldürülməsi yaxşı deyil, atəşkəsi pozmaq olmaz, sülh danışıqları aparmaq lazımdır və s. Heç kim “xarici işlər nazirlərinin görüşü ərəfəsində ermənilərin dinc sakinləri qətlə yetirməsi” ifadəsini işlətmir və bununla da ikili standartlardan çıxış edirlər. Həm də bunlar sadə söhbətlər deyil. Hamısında sətiraltı diplomatik mənalar gizlənib. Müharibənin ləğvi, sülhün bərqərar olması üçün yalnız Azərbaycanın açıq, məsələnin mahiyyəti üzrə danışması kifayət etmir.
Həmsədrlər guya təcili bəyanat verərək, cəbhədə atəşkəsə əməl etməyə çağırıblar. Kimə lazımdır bu bəyanat? Ümumi sözlərlə nəyəsə nail olmaq mümkün deyil. Bunu həmsədrlər də, onların təmsil etdikləri dövlətlərin mənsubları da gözəl bilirlər. İrəliləyiş o zaman olardı ki, onların bəyanatında Ermənistanın vəhşiliyi ciddi qınaq obyektinə çevriləydi və bu fakta görə erməni qoşunlarının Azərbaycan ərazisindən təcili surətdə çıxarılması tələbi irəli sürüləydi. Lakin bu olmadı və əslində həqiqət ört-basdır edildi. Belə bir situasiyada hadisələrin gedişatını necə proqnozlaşdırmaq olar?
Əvvələn, dinc sakinlərin qətlə yetirilməsi düşünülmüş addımdır. Məqsəd iyulun 11-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin gözlənilən görüşünü pozmaqdır. Ən azından görüşün nəzərdə tutulan mövzusunu dəyişdirməkdir. Çünki, Azərbaycanın bu görüşə razılıq verməsinin bir əsas şərti vardı: danışıqlar substantiv olmalıdır. Budur, cəbhədə növbəti qətl törədilib və bütün tərəflərin diqqəti bu insidentə yönəlib. Müzakirə predmeti də, təbii ki, bu olacaq. İkincisi, əgər danışıqlar baş tutacaqsa, onda sülhün mahiyyətindən danışmaq əvəzinə Ermənistan başlayacaq yenə cəbhədə, başqa sözlə, “sərhəddə” müşahidə cihazlarının yerləşdirilməsindən danışmağa, yəni əsas mövzudan yayınmağa. Ön cəbhədə müşahidə cihazlarının yerləşdirilməsi əslində Azərbaycanın işğal edilmiş ərazisinin erməni torpağı kimi tanınmasına razılaşması deməkdir. Ermənistana qəyyumluq edən Minsk qrupunun həmsədr dövlətləri də bu təklifi dəstəkləyir. Bu isə açıq-aşkar danışıqların substantiv mahiyyətini kölgədə qoyur.
Üçüncü bir istiqaməti də real proqnozlar cərgəsinə aid etmək olar. Cinayət heç vaxt cəzasız qalmır. Əgər azərbaycanlı nənə və nəvənin erməni qatillər tərəfindən qətlə yetilməsinə görə beynəlxalq hüquq daxilində beynəlxalq təşkilatlar tərəfindən cəzalandırılması baş verməsə, onda Azərbaycan özü cinayətkarları cəzalandırmaq məcburiyyətində qalacaq. Yeri gəlmişkən, cinayət hadisəsi Azərbaycan ərazisində baş verdiyinə görə ölkəmizin baş prokurorluğu artıq müvafiq cinayət işi açıb və təhqiqatlara başlanılıb. Azərbaycan Silahlı Qüvvələri isə ələ düşən ilk imkandan istifadə edərək cavab zərbəsi endirib, zorakılığa zorakılıqla cavab verəcək. Çünki, bu, artıq birinci cinayət hadisəsi deyil ki, ermənilər törədir. Bir də məsəl var, deyirlər, “sənin üstünə bıçaqla gələni qılıncla qarşılamasan, məğlub olacaqsan”.
Baş vermiş barbarlığa Qarabağ müharibəsinin real durumu kontekstində yanaşsaq, deməliyik ki, mülki əhalinin qətlə yetrilməsi münaqişənin dondurulmuş olmadığını bir daha dünyaya göstərdi. Münaqişənin bu şəkildə davam etməsi yolverilməzdir və onun təcili həlli lazımdır. Bunda isə dünyanın siyasi iradəsinin obyektivliyinə ehtiyac var. Görəsən, hansı yol seçiləcək, siyasi iradə, yoxsa müharibənin alovlanması? Hələlik, işıqforda sarı işıqdır. Qırmızı və yaşıl işıqlar arasında müzakirə gedir.
IKSmedia.az

Oxşar məqalələr