Dünya cinayəti qınayır, amma qarşısını almaq üçün tədbir görülmür
İyulun 4-də yaşayış məskəninin atəşə tutulması ilə mülki insanların qətli fonunda Ermənistan bütün dünyaya açıq şəkildə nümayiş etdirdi ki, Azərbaycan xalqına qarşı etnik təmizləmə, terror siyasətindən əl çəkməyib. İndki dövrdə belə siyasət Azərbaycan yox, dünya üçün də təhdiddir. Çünki, birincisi, terrorçunun cəzasız qalması terrorun stimullaşdırılması deməkdir və buna görə də onun yayılmasına münbit şərait yaranır. İkincisi, konkret halda, Ermənistan işğal etdiyi Azərbaycan ərazisini terrorizm mərkəzinə çevirib ki, burada da digər bölgələr üçün terrorçu qruplar hazırlanır. Bu işdə maraq doğuran acınacaqlı məqam odur ki, nə üçün bu təhdidə qarşı əməli addımlar atılmır?
2011-ci ilin martında Ağdamın Orta Qərvənd kəndində 9 yaşlı Fariz Bədəlov erməni snayper tərəfindən öldürülmüşdü. Həmin vaxt Azərbaycan hökuməti “Azərbaycanlı uşağı qəsdən öldürməklə Ermənistan bir daha göstərdi ki, insanlığın mənəvi və etik prinsipləri onlara yaddır” deyə, bu qətl haqda bütün dünyaya, nüfuzlu beynəlxalq təşkilatlara məlumat verdi, təcavüzün qarşısının alınması, regionda sülhün bərqərar olması barədə çağırışlar etdi. Hökumətin BMT Baş katibinə, təşkilata üzv dövlətlərin nümayəndəliklərinə göndiyi məktubda yazıлыrdı: “Martın 8-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində, Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperi Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlova atəş açıb. O başından yaralanıb və xəstəxanaya aparılarkən dünyasını dəyişib. Biz dəfələrlə bildirmişik ki, ermənilər mütəmadi olaraq atəşkəs rejimini pozaraq təkcə Azərbaycan əsgərlərinə deyil, həm də cəbhəyanı bölgələrdə yaşayan dinc sakinlərə hücum edir, onları öldürür”.
Qeyd etmək lazımdır ki, azərbaycanlı uşaq Rusiya prezidentinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentlərinin martın 5-də Soçidə tərəflər arasında dialoqu davam etdirmək məqsədilə keçirilən görüşündən üç gün sonra öldürülmüşdü. Bu işğalçı Ermənistan ordusu tərəfindən müdafiəsiz insanlara qarşı törədilmiş qanlı hadisə idi. Ümumilikdə, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında razılaşma əldə edildikdən sonra 33 uşaq terrora məruz qalıb. Onlardan 14-ü dünyasını dəyişib 19-u isə yaralanıb.
Budəfəki növbəti terrorun qurbanı iki yaşlı qızcığazdır. Dünya ictimaiyyəti bu hadisəni lənətləyir. Minsk qrupunun həmsədr dövlətləri qəti tədbirlər görməyə çağırılır. Fransalı jurnalist Anri Furkadis “Mediapart” qəzetində dərc etdirdiyi “Zəhra: Azərbaycan və Ermənistan arasında münaqişənin yeni qurbanı – Irəvan müqəssirdir” sərlövhəli məqaləsində yazır ki, təxribatları davam etdirən Ermənistan iki yaşlı azərbaycanlı qızın və onun nənəsinin ölümündə məsuliyyət daşıyır. A.Furkadis qeyd edir ki, beynəlxalq hüquq normaları çərçivəsində sanksiyalar olmasına baxmayaraq, Ermənistan heç bir cəza almadan fəaliyyətini davam etdirir: “ATƏT tərəfindən edilən ittihamlara baxmayaraq, Yerevan Dağlıq Qarabağı “erməniləşdirməyə” davam edir və regionda Azərbaycan irsinin izlərini silməklə etnik təmizləmələr aparır”. Jurnalistin çıxardığı nəticə tamamilə məntiqidir: “Fransa Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə məcbur etməlidir”.
Bu, ictimai rəy və mülahizələrdir. Bəs, rəsmilər nə işlə məşğuldur. ATƏT-ın Minsk Qrupu bu hadisə üzrə verdiyi birinci bəyanatının beynəlxalq ictimaiyyətin rəyi yanında vecsiz olduğunu görərək özünün varlığını göstərmək üçün ikinci bəyanat da verib və yüngül olsa da İrəvanın günahına işarə edib. Amma bu təsirsizdir. Farizin qətlində verilən bəyanatlar kimi bugünkü bəyanatlar da söz olaraq qalacaqdır. Burada söhbət qisasdan yaxud “qana-qan” tezisindən getmir. Söhbət sülhdən, əmin-amanlıqdan, bütöv xalqların dinc yanaşı yaşamasından gedir. Amma təcavüzkar dinc oturmursa, hamı tərəfindən razılaşdırılmış beynəlxalq hüquqlara məhəl qoymursa, onda onu məcbur etmək lazımdır. Bəyəm, jurnalistlərin başa düşdüyü həqiqəti siyasətlə məşğul olan rəsmilər bilmirlər? Əsrimizin əvvəlində İraq ordusu Küveyti zəbt edəndə ABŞ necə hərəkət etmişdi? Müttəfiqləri ilə birlikdə öz qoşununu İraq ordusunun üzərinə yeritməmişdimi? Bəs indi niyə Ermənistan dövlətinə siyasi təzyiq göstərib təcavüzdən çəkindirmir. Bu iradlar birbaşa olaraq ATƏT-in Minsk Qrupuna da aiddir. Hanı sanksiyalar?
IKSmedia.az